Modern.az

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   

13 Noyabr 2018, 18:24

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il büdcə müzakirələri ilə bağlı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib.

Modern.az xəbər verir ki, Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti  1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb:

“Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. 

Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb. 

“Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var”.


Millət vəkili Q.Paşayeva seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. O, ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını deyib, çünki bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur.

“Ona görə də yaxşı olardı ki, təhsil haqqı hissə-hissə ödənilsin.  Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər.

Millət vəkili deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir.

Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir.

 “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.


Qənirə Paşayeva “2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasını da istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir