Modern.az

Aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa... - Ailə PROBLEMİ  

Aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa... - Ailə PROBLEMİ   

14 Noyabr 2018, 15:19

Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir.

Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır. Təkcə bu ilin 8 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Rəsmi statistika göstərir ki, daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyublar.

İki gəncin bəzən ani və keçici hislə qurduğu ailə, elə eyni minvalla da sonlandırılır. Olan isə taleyi ata və anasının münasibətlərindən asılı qalan körpələrə olur...

Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir. Aliment məbləği necə müəyyən olunur? Əgər aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa, alimenti kim verməlidir?

 

Modern.az təqdim etdiyi yazıda bu suallara aydınlıq gətirir.

 

Aliment öhdəliklərinə nələr daxildir?

 

Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

 

Sabit aliment məbləği

 

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.

1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ  Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər. 

Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.

 

Dövlət Komitəsinin alimentlə bağlı mövqeyi

 

Məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir:

 

“BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən,  uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaəsən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir”.

 

Aliment öhdəlikləri dünya təcrübəsində

 

Rəsmi məlumatda bildirilib ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür:


“Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.

Rusiya Federasiyasında uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilib.

Belə ki, Rusiya prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə “2012-2017-ci illər üzrə uşaqların maraqları naminə fəaliyyətin milli strategiyası təsdiq edilib. Qeyd olunan Milli Strategiyada uşaqların saxlanılması üçün kifayət edən alimentlərin mütəmadi ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən dövlət aliment fondunun yaradılması vasitəsi ilə aliment öhdəliklərinin icrası nəzərdə tutulub. Rusiya prezidenti yanında Milli Strategiyanın icrası üzrə Kordinasiya Şurası yaradılıb.
Latviya Respublikasında alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviya Respublikasının Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyət başlayıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir