Modern.az

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE

Ölkə

16 Noyabr 2018, 10:26

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev tutduğu vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Amma əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad olunan İdris İsayev işsiz qalmayıb. Belə ki, Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.


Bununla da Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun müavinlərinin sayı 3-ə çatıb.

Modern.az təhsil nazirinin yeni müavininin tərcümeyi-halını təqdim edir.

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib.

 

1993-2005-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 

 

24 yanvar 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 

 

2014-cü il 31 oktyabr tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.


İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Azərbaycan prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.  

O, 2014-cü ilin fevralında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 

Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu