Modern.az

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

Aktual

17 Noyabr 2018, 11:20

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun bu gün doğum günüdür.

 

Akademik Əhliman Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırıb. 

 

Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinin nəticələri 4-5 dəfə yaxşılaşmışdır. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilmiş, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr edib.

 

“Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülmüş, bu  sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirib.

 

Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 500-dək elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir. Onun rəhbərliyi altında 55 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 43 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilib.Fəaliyyəti dövründə 20000-ə yaxın cərrahiyyə əməliyyatı icra etmişdir.

 

Akademik Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərmişdir. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olmuş, Universitetin maddi-texniki bazası və Beynəlxalq əlaqələri genişləndirilmiş, 4 klinikası yaradılıb və uğurla fəaliyyət göstərir.

 

Akademik Ə.T.Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlıdır.

 

O, 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkəmizdə biologiya və tibb elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, elmi işlərin təşkili və modernləşdirilməsində aparıcı rol oynayır, tədqiqatların ən müasir metodlarla aparılmasına, beynəlxalq əlaqələrinin intensiv inkişafına, yeni elmi qurumların yaradılması, müvafiq sahələrin maddi-texniki bazalarının durmadan yaxşılaşdırılması işlərinə rəhbərlik edir və hərtərəfli dəstək verir.

 

Akademik Ə.T.Əmiraslanovun IV (2010) və V çağırış (2015) Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti də geniş və çoxşaxəli olmaqla daim həm ona səs verən seçicilərin, həm də ümumən Azərbaycan xalqının yüksək maraqlarına xidmət etmişdir.

 

2015-ci ildə Milli Məclisin Səhiyyə Komitəsinin sədri vəzifəsinə seçilməsi onun elmi-təşkilati və ictimai-siyasi fəaliyyətinə verilən qiymətin təzahürü idi. Əhliman Əmiraslanovun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Səhiyyə Komitəsi qısa müddətdə formalaşmış, strukturları yaradılmış və burada ciddi qanunverici fəaliyyətə başlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı