Modern.az

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

17 Noyabr 2018, 16:07

Azərbaycan XİN Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya dəvət edilməsini qətiyyətlə pisləyib. Parisin bu addımları Azərbaycanı Fransa ilə münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edir.

 

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir”, deyə Azərbaycan XİN-in mətbuat xidmətinin bəyanatında bildirilib.

 

Azərbaycan-Fransa münasibətlərinin gələcəyi haqqında Modern.az-a danışan millət vəkili Rasim Musabəyov xatırladıb ki, ölkələrimiz arasında bir sıra iqtisadi layihələr, razılaşmalar mövcuddur:

“Münasibətlərin pozulması fonunda Fransa şirkətləri Bakıya gəldikdə, nazirliklərdə bağlı qapılarla üzləşə bilərlər. Bu dövlətin investorlarının Azərbaycanda pul qazanıb, ermənilərə qapı açmaq niyyəti boşa çıxa bilər. Çox məsələlərdə Fransanın Azərbaycan dəstəyinə ehtiyacı var. Qatı ermənipərəst siyasəti davam etdiyi təqdirdə, rəsmi Paris Azərbaycanın dəstəyindən məhrum ola bilər.

 

Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyi funksiyasını üstləndiyi dövrdə Azərbaycan bunu qəbul etmək istəmirdi. Bizə müəyyən vədlər verilib, rəsmi Paris üzərinə öhdəlik götürərək, obyektiv olacağı ilə bağlı tərəfləri və vasitəçiləri inandırmışdı. İndi müşahidə edirik ki, bu obyektivlik pozulub. Belə olan halda Fransanın həmsədrlikdən çıxarılması müzakirə oluna bilər. Lakin hadisələr Azərbaycanın maraqlarına uyğun olmayan formada davam edərsə, bu məsələni paralel qaldıra bilərik. Bütün işləri kənara qoyub, Fransanın həmsədrlikdən kənarlaşdırılmasının üzərinə düşəsi deyilik. Bu, hətta ermənilərə danışıqlardan yayınmaq üçün şans da yarada bilər”.

 

Politoloq Tofiq Abbasovun fikrincə isə qondarma təşkilatlar, heç bir ölkə tərəfindən tanınmayan “dövlət”lər öz varlığını gündəmə gətirmək üçün başqa ölkələrlə hüquqi əsası olmayan münasibətlər qurur:

 

“Erməni lobbisi Fransada fəaldır və “Qarabağ kartını” yerli-yersiz istifadə edir. Qarabağda yerləşən işğal altındakı şəhərlərlə Fransa şəhərlərinin qardaşlığı kimi məsələlər hüquqi bazaya malik olmadığına görə, Fransanın özündə də, bütün dünyada da ciddi qəbul olunmur.

 

Azərbaycan Fransa münasibətlərinə zərbə dəyərsə, ilk növbədə Fransanın itirəcəyi çox şeylər var. BU dövlətin Azərbaycandakı iqtisadi maraqları, onların strateji əhəmiyyəti böyükdür. Bu il Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliyevi Yenisey sarayına dəvət etdi və burada çoxşaxəli məsləhətləşmələr aparıldı. Fransa Azərbycanın mövqeyini qiymətləndirir, bu coğrafiyada sabitlik olmasını istəyir. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti qarşı tərəfə bir növ mesaj ünvanlayır. Fransa qondarma Dağlıq Qarabağla münasibət qurmağa cəhd edərsə, Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılar. Bu o deməkdir ki, Fransanın maraqlarının Azərbaycanda məhdudlaşdırılmasından, əhəmiyyətinin azalması müzakirə oluna bilər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir