Modern.az

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...  

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...   

Reportaj

18 Noyabr 2018, 20:12

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq, o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı.

Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının budəfəki fotoşəkli də düz 30 il öncə vüsət götürmüş hadisələrin başlanğıcını əks etdirir.

Zaman - noyabr 1988-ci il. Məkan - Bakı, Azadlıq meydanı...

100 minlərin toplandığı kütləvi mitinq... Azərbaycanda milli-azadlıq hərəkatı başlayıb...

O zaman Azadlıq meydanında indi olmayan, ağıla belə gəlməyən dostluq, qardaşlıq mühiti yaranmışdı. Axı Azadlıq meydanında dayananlar, mitinq edənlər tək milli mənafeyin yox, milli qürurun da qoruyucuları idi!

Mitinqə gəlməyənlər də aksiyada iştirak edənlərə kömək edirdilər.

Belə ki, Azadlıq meydanındakı mitinqlərdə iştirak edənlərə, gecə orada qalanlara bütün Bakıdan ərzaq gətirilir, digər rayonlardan yemək-içmək göndərilirdi. Ərzaq yardımı göndərənlərin bir çoxu mitinqdə şəxsən iştirak etməyə çəkinən imkanlı adamlar idilər. Samovar qaynadılır, çay dəmlənir, hazır yemək gəlirilib mitinqçilərə paylanırdı. Kolbasa-sosiska, hazır kabab, daha sonra düyü, yağ, qoyun əti..

Şəkildəki çadırların arxasında 10 minlərlə insan kütləsi dayanıb, fasiləsiz mitinq gedir...

Bu çadırlar etirazçıların yeməyi və çay içməsi üçün qurulub. Çadırların bəziləri səyyar mətbəx rolunu oynayır. Hər idarənin öz palatkası vardı...



Bu qoyunlar da mitinqçilərə kəsilmək üçün Azadlıq meydanına gətirilib.

Axı o insanların soyuq noyabr günlərində qarnı tox olmalıydı ki, aksiyanı dayanmadan davam etdirə bilsinlər... Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayıb. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 

Şəkili şərh edən jurnalist Çingiz Sultansoy deyir ki, ozamanki hakimiyyət qəzetləri mitinqdə iştirak edənlərin nəqliyyatın hərəkətinə mane olmağından, gözəl və səliqəli Bakı bulvarını çirkləndirməyindən, murdaqlamağından yazırdı:

“Amma onlar bulvarı məndən çoxmu istəyidilər? Mən uşaqlıqdan bulvarda böyümüşəm, 50 ilə yaxın lap yanında yaşamışam. Amma bulvar qurban olsun Qarabağa, bizim milli qürurumuza! Bulvarı təmizləmək olardı, bəs Qarabağı?..

Bir dəfə meydana axşamtərəfi işdən sonra getdiyimi bilən taksi sürücüsü “Aznef”dən ora məni pulsuz apardı, avtobuslar o vaxt çox pis işləyirdi, bəzən saatlarla gözləmək lazım idi. Mən də mitinqçilərə termoslarda bir neçə dəfə isti çay apardım, sonra görəndə ki insanlar bunun vacibliyini anlayıb, yaxın evlərdən gətirirlər, dayandırdım. Adamlar pul da gətirirdilər...”.

Bu hadisələri görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Fotonu köhnə hərəkatçı Bəhruz Əsədbəyli təqdim edib...




A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı