Modern.az

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

19 Noyabr 2018, 20:18

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir. Bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu ilin mayında, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanından 226 namizəd müvəffəqiyyət qazanaraq ikinci mərhələyə buraxılıb. Qanunvericiliyin tələblərinə cavab verən namizədlərlə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb. Azərbaycan ədliyyəsinin 100 illiyinin qeyd olunduğu günlərdə ikinci mərhələ yekunlaşıb. Müsabiqənin yekun nəticələrinə görə uğur qazanacaq namizədlər peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.

 

Eyni zamanda, notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir. Yubiley ərəfəsində vətəndaş məmnunluğunun təmini, xidmətlərə əlçatanlığın artırılması və xüsusi notariat institutunun möhkəmləndirilməsi məqsədilə “Notariat haqqında” Qanunda mütərəqqi dəyişikliklər edilərək xidmətlərin məsafədən, video əlaqə vasitəsilə həyata keçirilməsi imkanı təsbit olunub. Habelə fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən Notariat Palatasının yaradılması nəzərdə tutulub. İnsanların təxirəsalınmaz ədliyyə xidmətlərindən yararlanmaq məqsədilə ədliyyə köşklərinin, xüsusilə sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılmasına, bu köşklər vasitəsilə video əlaqə yaradaraq notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və lazımi sənədlərin əldə edilməsinə şərait yaradılacaq.

 

Bu tədbirlər çərçivəsində notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq, hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda, o cümlədən yaradılması nəzərdə tutulmuş yeni “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq notariat kontorlarında vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqədə iştirak edən namizədlərlə bu günlərdə test imtahanı keçirilib. Yekun nəticələrə görə, imtahanda 24 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

 

Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

 

Dövlətimizin başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamı ilə penitensiar xidmətin peşəkar kadr korpusunun formalaşdırılması barədə verilən tapşırıqlara əsasən, ötən dövrdə 240-dan çox gənc bu xidmət sahəsinə orta rəis heyətinə qulluğa qəbul olunub.

 

Bu sahədə aidiyyəti təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində nazirliyin müvafiq olaraq penitensiar və tibb sahələri üçün ixtisaslı kadrlar hazırlanır. Ümumilikdə isə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş əksəriyyəti gənclər olan 1200-dən çox mütəxəssis penitensiar xidmətdə orta rəis heyətinə, 440 mütəxəssis isə tibb xidmətinə qulluğa qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?