Modern.az

Əbülfəs Qarayev Nyu-Yorkda...

Əbülfəs Qarayev Nyu-Yorkda...

Aktual

20 Noyabr 2018, 11:07

Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 19-20 noyabr tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edir.

 

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə daxildir.

 

“Dialoqa sadiqlik: Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq” şüarı altında baş tutan forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi və dünyada son illər sürətlə artan ayrı-seçkilik, rasizm, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaqdır.

 

19 noyabr tarixində baş tutan forumun açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, BMT Baş Assambleyasının prezidenti, Türkiyənin xarici işlər naziri, İspaniya və Qətərin xarici işlər üzrə dövlət nazirləri çıxış etdilər.

 

Forumda nazir Əbülfəs Qarayevin Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, cari ildə “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxışı, həmçinin BMT rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

Məlumat üçün qeyd edək ki, dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndənin iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında 7-ci Qlobal Forumu 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir