Modern.az

“Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, deyərdim ... ana dilim var"

“Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, deyərdim ... ana dilim var"

4 Noyabr 2011, 13:06

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

Dilimdir, dilimdir, alma dilim-dilimdir.
Məni xoşbəxt eyləyən öz sevimli dilimdir.

Dillər əzbəri olan bu mahnı dilimə yazılan nə ilk, nə də son mahnıdır.  Cəmi iki misradan ibarət olan bu mahnı dilin insan üçün əhəmiyyətini ifadə edir.  Öz ana dilinin olması hər xalq üçün ən vacib faktordur. Boşuna deyil ki, “Əgər bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini və tarixini məhv et” deyiblər. Demək ki, dil xalqın həyatında ən əhəmiyyətli iki şeydən biri dilidir.  Dil  və insan daim  vəhdətdə olur, bir- birinə təsir edir. Dilin  qüdrəti onu yaradan xalqın nə qədər güclü olmasından asılıdır.  Elə dil var ki, yaranır və az sonra yox olur, ölür. Elə dil də var ki, xalqın məhv  olmasının üzərindən min illər keçməsinə baxmayaraq yaşayır. Latın dili kimi... Qədim Roma İmperiyasının dövlət dili olan, tarixi bizim eradan əvvələ dayanan bu dil isə hələ də yaşayır. İstənilən bir elm sahəsində, gündəlik həyatımızda rastlaşırıq. Dilimiz bu dildən bəzi sözlər qəbul edib. Məsələn: referendum, diktatura və s. Buna görə belə qərara gələ bilərik ki, xalqı güclü olan dil qüdrətli, dili güclü olan dil isə uzunömürlüdür.

 Bizim dilimiz Azərbaycan dilidir. İlk dəfə Şah İsmayıl Xətayi tərəfindən, daha sonra  1918-ci il 27 iyunda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən “Dövlət dili haqqında” qanun qəbul edildi və Azərbaycan dili (türk dili) dövlət dili elan olundu. 70 il SSRİ əsarətindən sonra müstəqillik qazandıq və yenidən Azərbaycan dili haqqında qanun qəbul edildi. 30 sentyabr 2002-ci ildə “Dövlət dili haqqında” qanun qəbul olunub. Bundan başqa, Konstusiyanın 21-ci maddəsinin birinci bəndinə görə dövlət dili Azərbaycan dilidir.

Artıq müstəqilliyimizdən 20 il keçib. Ölkəmiz də, dilimiz də getdikcə tanınır. Ana dilimizi qorumaq biz gənclərin vəzifəsidir. Qorumaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürmək... Gələcək nəsillərə olduğu kimi çatdırmaq, onu qorumaq lazım ikən, bəzi gənclərimiz sırf “eleqant” görünmək üçün rus və ingilis dillərində danışırlar.  SSRİ tərkibində olarkən rus dilində danımaq normal sayılırdı, rus dilində danışanlara, hətta rus qadınları ilə ailə quranlara mədəni, eleqant  kimi baxırdılar. Dövrün tələbi o idi. Əsirlikdə olan ölkə o dildə danışmağa məcbur idi. Lakin indi zaman dəyişib. Artıq müstəqilik. Amma bəzi gənclər bu dildə danışmaqla öz dilinə nə qədər mənəvi zərər vurduğunu bilmir, yaxud bilmək istəmir.  Bir fikri öz doğmaca ana dilində, ananın sənə ilk laylay dediyi dildə ifadə etmək mümkündürsə, niyə də başqa dildə ifadə edəsən?!  Əksinə, öz dilində danışmaq lazımdır ki, başqaları dilini sevib öyrənməyə çalışsın. Çox dil bilmək gözəldir və müasir dövrün gənci bilməlidir də. Keçmişdə də ziyalılarımız bir neçə dil biliblər. Rus, fransız, alman, ərəb, fars və s. Lakin diqqət etsək, görərik ki, onlar öz əsərlərini doğmaca ana dilində yaratmağa üstünlük veriblər. Çox dil bilmək müsbət haldır, amma evdə və ya yolda o dildə danışmaq nə dərəcədə doğrudur? Buna ehtiyac varmı? Məncə yox!

İndi qarşımızda bir sual var. Bu dili necə qoruyaq?

Uşaqlar gələcəyimizdir. Gənclərin öz dillərində danışması, onu sevməsi üçün onlara hələ uşaqlıqdan, bağçadan dilimizi sevdirmək ən vacib məsələlərdən biridir. Dilimizin korlanmasının, itməsinin qarşısını almaq üçün hər bir gənc ən azından öz dostlarına bunu anlatmalıdır.  Dilimiz yaşamalıdır. Çünki dilimiz mənəviyyatımızdır. Dil dədə-babalarımızın bizə qoyub getdiyi əmanətdir ki, onu gələcək nəsillərə ötürmək mənəvi borcumuzdur. Bu dildə danışdığım üçün qürur duyuram.

Sonda isə fikrimi  görkəmli şair, nasir, dramaturq  Mirzə Cəlilin fikri ilə bitirmək istəyirəm.   

“Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: bütün  kainatı, yer üzünü təsvir etməyə qadir sözüm, ana dilim var”.                                                                                            

Ülkər Eldarqızı
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir