Modern.az

Milli Məclisdə müəllimlərin və həkimlərin maaş problemi qaldırıldı

Milli Məclisdə müəllimlərin və həkimlərin maaş problemi qaldırıldı

4 Noyabr 2011, 13:55

Deputat Səttar Möhbalıyev: “Açıq danışaq, 120-130 manat maaş alan müəllim 4 nəfərdən ibarət ailəsini necə saxlasın?"

Azərbaycanda müəllimlərin və həkimlərin əməkhaqlarının aşağı olması məsələsi yenidən gündəmə gətirilib. Modern.az saytın xəbər verir ki, noyabrın 4-də Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin 2012-ci ilin büdcə layihəsinin müzakirə olunduğu birgə iclasında millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev problemi səsləndirib. Deputat vurğulayıb ki, Azərbaycanda təhsil və səhiyyə işçilərinin maaşları çox aşağıdır, bu isə korrupsiya və rüşvətxorliğa yol açır.

“Açıq danışaq, 120-130 manat maaş alan müəllim 4 nəfərdən ibarət ailəsini necə saxlasın”deyə S.Möhbalıyev iclasda vurğulayıb.

Deputat bildidb ki, məsələnin ciddiliyi nəzərə alınmalı və müvafiq tədbirlər görülməlidir. O, təhsil və səhiyyə işçilərinin maaşlarının mütləq qaldırılmalı olduğunu qeyd edib.

Modern.az xatırladır ki, Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanmalıdır.

Bu il aprelin 20-də imzalanan sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

"Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir"-deyə sərəncamda qeyd edilib.

Amma həmin sənədin hazırlanıb-hazırlanmadığın barədə ictimaiyyətə məlumat verilmir. Amma Nazirlər Kabinetinin rəsmiləri  bu barədə danışmaqdan yayınırlar.

Gözlənilir ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq.

İndi ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir