Modern.az

Deputat beynəlxalq tədbirə Azərbaycanın dəvət olunmamasına etiraz etdi

Deputat beynəlxalq tədbirə Azərbaycanın dəvət olunmamasına etiraz etdi

22 Noyabr 2018, 12:43

10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Bu barədə Forumun saytı məlumat yayıb.

Ancaq Tiflisdə "Şərq Tərəfdaşlığı" himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib. 

 

Brüsseldəki diplomatik mənbələr virtualaz.org-a bildiriblər ki, Avropa İttifaqı Azərbaycan hökumətinə dəvət göndərməyib. Qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın.  Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.

Avronest Parlament Assambleyasının(PA) həmsədri Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında məsələyə kəskin etirazını bildirib.

 

“Mətbuatdan oxudum ki, Tiflisdə Avropa İttifaqının(Aİ) Şərq Tərəfdaşlığı ölkələrində Vətəndaş Cəmiyyətinin  vəziyyəti ilə bağlı böyük konfrans keçirir. Konfransda Şərq Tərəfdaşlığına üzv olan ölkələr, Ukraynanın yüksək səviyyəli rəsmiləri, Moldovanın və digər dövlətlərin rəsmi şəxsləri dəvət olunub. Təəssüfedicidir ki, Azərbaycan hökumətini bu konfransda təmsil edəcək yüksək rəsmi şəxs yoxdur. Ümumiyyətlə, Azərbaycan dəvət olunmayıb. Ancaq Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycanı təmsil etmək üçün dəvət olunub. Bu da ancaq səfirliyimizin  müşahidəçi qismində iştirakı kimi nəzərdə tutulub. Bu, həqiqətən də ədalətsiz, ikili standartlara dayanmış qərəzli yanaşmadır”.

 

Məlahət İbrahimqızı  Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanın ən çox töhfə verən ölkələrdən biri olduğunu vurğulayıb.

 

“Azərbaycanın Avropa İttifaqı ilə ən yüksək səviyyədə əməkdaşlığı var. Bu yaxınlarda möhtərəm prezidentimiz Brüsseldə olarkən görüşlər keçirib. Azərbaycan Avropa məkanında ən önəmli dövlətlərdən, enerji təhlükəsizliyində aparıcı ölkələrdən biridir. Bu baxımdan Azərbaycan 10-dan çox ölkənin strateji müttəfiqidir. Qeyd etdiyim kimi Şərq Tərəfdaşlığı çərçivəsində də Azərbaycan önəmli ölkələrdən biridir. Hesab edirəm ki, Azərbaycana bu formada yanaşma  tam qərəzlidir. Görünür, burada da ermənipərəst qüvvələr daha çox fəallıq göstəriblər. Həmsədr kimi bu cür yanaşmanı qınayaraq etirazımı bildirirəm”

Assambleyanın xanım həmsədri Azərbaycana qarşı bu cür yanaşmaya inana bilmədiyini də istisna etməyib.

 

“Konfrans  dekabrın 10-12-dədir. Bəlkə də dəvət olacaq. Ancaq adətən belə tədbirlərdə rəsmi dəvətnamələr  xeyli öncədən göndərilir. Hələ də inana bilmirəm ki, belə yanaşma ola bilər. Bu yanaşma Azərbaycanın Avropa İttifaqına  olan münasibətlərinə xoş mahiyyət gətirməyəcək. Əksinə, bu sübut edir ki, Avropa İttifaqında, Brüsseldə Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Hər vəchlə süni problem yaratmağa çalışırlar. Mətbuatda yazılana görə, Tiflisdə keçirilən konfransda Azərbaycanın Gürcüstandakı səfirliyi müşahidəçi kimi dəvət olunub. Müşahidəçi qismində hansısa tədbir iştirakçısı ölkəsinin mövqeyini necə təqdim edə bilər?!

 

Bunu anlaya bilmirəm. Gürcüstandakı səfirliyimizi dəvət etməklə o demək deyil ki, Azərbaycan hökuməti bu səlahiyyəti səfirliyə  verəcək. Bu çox məqsədli və şüurlu olaraq Azərbaycanın əleyhinə qoyulmuş yanaşmadır. Əminəm ki, qısa zamanda  Avropa İttifaqı ilə bu tədbiri təşkil edən təşkilatlar tərəfindən bu məsələyə aydınlıq gətiriləcək. Əks halda Azərbaycan bu məsələyə etirazını bildirəcək”

 

Xatırladaq, Şərq Tərəfdaşlığı Aİ-nin altı postsovet ölkəsi-Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstanla Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış xüsusi layihəsidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi