Modern.az

ABŞ-da insanların 15 faizi, Azərbaycanda isə 4 faizi əlildir

ABŞ-da insanların 15 faizi, Azərbaycanda isə 4 faizi əlildir

4 Noyabr 2011, 16:02

Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb. Modern.az saytının məlumatına görə, büdcə zərfi parlamentin Sosial siyasət və İqtisadi siyasət komitələrində müzakirə olunub.
2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan sənədlər - “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Müzakirələr zamanı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, əlilliklə bağlı rəqəm Azərbaycanda çox aşağıdır. O statistikaya müraciət edərək bildirib ki, Amerika kimi dövlətdə əhalinin 15 faizinin əlillik dərəcəsi var, Türkiyədə isə  bu, 12 faizdi. Ümumdunya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünya əhalisinin 15 faizinin əlillik dərəcəsi var.

Millət vəkil Yaqub Mahmudov bildirib ki, Azərbaycanda əlillik dərəcəsi olanlar 4,4 faiz təşkil edir: “Hesab edirəm ki, bu çox aşağı göstəricir. Vətəndaşlara əlillik dərəcəsi almaq üçün hansısa əngəllər yaradılır ki, göstərici bu şəkildədir”.

Yaqub Mahmudov digər bir məsələyə toxunaraq bildirib ki, bu gün sahibsiz uşaqlara sahib çıxılmaması ciddi problemə çevrilib.
“Dövlət bu uşaqları 17-18 yaşına kimi internat evlərində böyüdüb boya-başa çatdırır. Ancaq onlar, xüsusilə də qız uşağları 17-18 yaşından sonra öz talelərinin ümidinə buraxılır. Təbii ki, qızlar talenin ümidinə buraxılanda onların hansı yollara düşəcəkləri. Nə edəcəkləri məlum deyil. Düşünürəm ki, bu, millətimizi başını uca edən bir addım deyil. Bu cür məsələlərə diqqət vermək lazımdır”.

Əlilliklə bağlı məsələyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov münasibət bildirib. Nazir müavini bildirib ki, hər bir ölkənin əlilliyi həmin ölkənin daxili meyarlarına uyğun təyin olunur.
İ.Rəhimov deyib ki, Amerika kimi bir ölkədə əhalinin 15 faizinin əlil olması çox böyük bir rəqəmdi. Amma bu məsələyə yanaşma metodologiyası fərqli olduğu üçün ölkələrdə fərqli şəkildə həll olunur.

İlqar Rəhimov məsələdə incə məqamların olduğunu da bildirib. O deyib ki, əlilliklə bağlı nazirliyə müraciət edənlər çoxdu.
“Bu məsələnin incəliyi ondan ibarətdir ki, əlillik dərəcəsi almağa cəhd insanların ələbaxımlılığına yol açan bir məqamdır”.
Nazir müavinin sözlərinə görə, bəzən fiziki qüsuru olmayan insanlar da əlillik dərəcəsi almaq istəyirlər.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir