Modern.az

Aşurbəyovlardan bizə çatan miras

Aşurbəyovlardan bizə çatan miras

4 Noyabr 2011, 17:00

İngiltərədə təhsil alan azərbaycanlı tələbə Fəridə Əliyeva ötən əsrin əvvəllərində Azərbaycanda yaşamış mesenatlar barədə silsilsilə yazılar yazır. Modern.az saytı müəllifin yazılarını təqdim edəcək. Bu, həmin yazılardan ilkidir:

Göydə gördüyümuz milyonlarla ulduzdan gələn işıq hər bir axşamımızı qeyri-adi gözəlliyə bürüyür və bizə qaranlıqda yol göstərir. Bəlkə də bəzilərimiz həmin ulduzlarların çoxunun sönmüş ulduz olduğunu bilmirik. O ulduzlar sönmüş olsa da, onlarin əsrarəngiz işığı bizə gəlib çatır. Belə ulduzlardan biri də Bakının məşhur qollu-budaqlı varlı sülaləsi olan Aşurbəyovlar sülaləsinin nümayındəsi Nabat xanım Aşurbəylidir. Öz sərvətini başlıca olaraq Sabunçu və Zabratdakı neft yataqlarından qazanan Aşurbəyovlar əslən sabunçuludurlar. Bu nəslin ən ulu nümayəndələrindən biri Aşurxan Əfşardir. Nadir şah (1736 ildən başlayaraq ozunu şah elan edib) Bakıda özünə arxa yaratmaq məgsədi ilə türk Əfşar tayfalarını mərkəzə sürgün edib. Aşur xan Nadir şahın ən yaxın sərkərdələrindən biri idi, Zabrat ve Sabunçudakı torpaqları isə Aşurbəyovlara Aşur xanın 1739-ci ildə Ağsuda qaldırılan üsyanın yatırılmasında yaxından iştirakına görə verilib.
Bu böyük nəslin nümayəndisi olan Nabat xanım Aşurbəyli ailəsindən qalan gəlirlə Sabunçu xəstəxanasında kasıb insanların müalicəsini öz öhdəsinə götürüb, Şollar su kəmərinin çəkilməsinə öz yardımını əsirgəməyib və hazırki Topçubaşov küçəsindəki (əvvəl Tatar küçəsi kimi tanınırdı) hamamı tikdirib. Məhz həmin hamam həftənin bir gunu yalnız kasıblar üçün ödənişsiz işləyirdi. Lakin Nabat xanımın öz xalqı qarşısında olan ən böyük xidməti Təzə Pir məscidinin tikdirilməsi idi. Hazırda binada Qafqaz Müsəlmanları İdarəsinin yerləşməsi onun əzəmətinin və önəmininin göstəricilərindən biridir. Bu məscidin maraqlı tarixçəsi mesenat xanımımızın heyranedici səxavətini təkrarən nümayiş etdirir.

Bakı Valiliyinin valisi Valerian Pozen 1887-ci ildə şəhərin pravoslav icması üçün kilsə tikdirmək təklifi ilə çıxış edib. Valinin istəyi bu kilsəni Persidskaya küçəsində (indiki Muxtarov küçəsi) köhnə müsəlman qəbristanlığının yerində tikdirmək idi və o bunun üçün Sankt-Peterburqda yerləşən Ali dini qurum olan Sinoda icazə məktubu göndərib. Amma Ali dini qurum başcısı qəbiristanlıqda ölülərin basdirılmasının yalnız 1859-ci ildən etibarən saxlandığına görə, orada basdırılmış insanlarin ailələrindən gələn narazıçılıqdan ehtiyatlanaraq başqa yer axtarmağı tövsiyyə edib. Bakı milyonçularından biri olan Z.Tağıyev həmin kilsənin Teatr meydanında tikilməsi təklifini irəli sürüb, amma bu təklif 1882-ci ildə Bakı qubernatoru olan Y. Gum-Grostalin ürəyincə olmadığından rədd cavabı ilə qarşılanmışdı. Uzun sürən mübahisələrə baxmayaraq 10 iyul 1886-cı ildə kilsənin, köhnə müsəlman qəbristanlığının yerində tikdirilməsi sərancamə verildi və onun tikilməsi memarlıq akademiki  R. Marfeldə tapşırıldı. Kilsənin daşqoyma mərasimi ailesi iə Qafqaza gəzintiyə çixan III Aleksandr tərəfindən 1888-ci ildə keçirilib. Tikinti zamanı yaranan pul qıtlığı Z.Tagıyev tərəfindən verilən 10 min rublla aradan qaldırlıb. On ilə yaxın sürən tikinti 1898-ci ilə iş icraçısı olan İ.Qoslavski tərəfindən sona çatdırılıb.

Şəhərin hər yerindən kilsənin görünməsi və onun işığının bir çox binani kölgədə saxlaması Nabat xanım Aşurbəylinin qüruruna sığışdıra bilməyəcəyi bir şey idi. Bəlkə də həmin dövrün tələbatı olaraq çox adamın qəbul etdiyi hadisə Nabat xanım uçun birmənalı qarşılanmadı və o, vaxt itirməmək üçün dövrünün tanınmış memarı Zivərbəy Əhmədbəyovu oz yanına dəvət edib ona bir qədər pul verib İstanbul və Qahirəyə göndərir, məscidlərin maketini ona gətirməsini tapşırır.  Maketlərin içərisində məscidlərdə gördüyü gözəlliklərin hamısını bir məsciddə birləşdirmək istəyən Nabat xanım məscidin məhz kilsədən daha hündür görünməsi məqsədi ilə indiki M.F.Axundov küçəsində tikdirməyi gərara alır.
Məscidi tikdirmək üçün icazə çox boyuk çətinliklər hesabina başa gəlsə də, tikinti başlanılır. Məscidin tikilməsi üçün bircə şərt qoyulmuşdu, onun minarələri Aleksandr Nevski kilsəsinin hündürlüyünü keçməməli idi.
Nabat xanım məscidin Qafqazın ən gözəl abidələrindən olması üçun heç bir maddi vəsaiti ısirgəmədi. Amma tikinitinin sonunda vəsaiti bitən Nabat xanım çıxılmaz vəziyyətdə qaldı. Bunu eşidən Z.Tağıyev Nabat xanıma tikintini başa çatdırmaq üçün pul ödəyə biləcəyi xəbərini göndərir. Lakin Nabat xanım bu təklifi qəbul edə bilməyəcəyi cavabını verir. Ailəsindən qalmiş daş-qaşları satan Nabat xanım həmin məbləğlə məscidi tikdirib bitirir. Heyf ki, məscidin tikintisi bitən zaman Nabat xanım onu təhvil ala bilməyib və bunu onun yerinə oğlu Hacı Abbasqulu Rzayev edib.  Çünki Nabat xanım 1912-ci ildə vəfat etmişdi, öz vəsiyyətinə uyğun olaraq onu Təzə Pir məscidinin girişində basdırırlar.

Sovetler imperiyasının hakimiyyəti dövründə (daha dəqiq 1936-ci ildə) kilsə partlayıcı maddə vasitəsi ilə məhv edilin. Təzə Pir məscidinin də taleyinə çox ağır günlər düşdü. 1926-cı ildən etibarən məscid kinoteatr kimi istifadə olundu, dini rəmzlər məhv edildi və sonda məscid anbara çevrildi. Zamanın keçdiyinə baxmayaq, məscid öz əzəmətini itirməyib, əksinə 2009-cu ildəki yenidənqurmadan sonra daha da möhtəşəm görkəm aldı.
İnsanların etirazlarına baxmayaraq, köhnə müsəlman qəbiristanlğının üzərində tikilmiş kilsənin isə izi-tozu qalmadı. Ramazan bayramında Təzə Pir məscidindən gələn əzan səsi insanda ilahi hissləri sanki yenidən oyadır. Ruhun şad olsun, Nabat xanım!

Fəridə Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir