Modern.az

Qaçaq Səfəralı

Qaçaq Səfəralı

5 Noyabr 2011, 11:44

XIX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda baş qaldıran qaçaq hərəkatı milli-azadlıq hərakatının böyük bir mərhələsini təşkil edirdi. Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da milli azadlıq hərakatına öz töhfəsini vermiş qaçaqlar meydana gəlmişdi. Qaçaq Nəbi, Qaçaq Rəşid, Qaçaq Süleyman, Qaçaq Murtuza kimi xalq qəhrəmanları bu mübarizədə yaxından iştirak etmiş, öz həyatlarını dağda, aranda, şəhərdə, kəndə təhlükəyə ataraq rus istilasına qarşı çıxmışdılar. Onlar bu şücaət və igidlikləri ilə xalqın sevimlisinə çevrilmişdilər.

Qaçaq hərəkatının ən öndə gedən isimlərindən biri də Qarabağda haqq-ədalət uğrunda apardığı mübarizədə şan-şöhrət qazanmış Qaçaq Səfəralı Nəcəfqulu oğlu Qədirli olub. Təəssüflər olsun ki, bu günə qədər xalq qəhrəmanı Qaçaq Səfəralı haqqında mətbuatda heç bir məlumat dərc edilməyib, onun qaçaq hərəkatında oynadığı mühüm rol zaman keçdikcə xalqın yaddaşından silinib. Çar hökumətinə, eləcə də yerli zümrələrə qarşı çıxan qaçaqların bir qismi Sovet hökuməti qurulduqdan sonra onların bu fəaliyyəti bolşeviklər tərəfindən qiymətləndirilib. Onlar haqqında şeirlər, romanlar yazıldı, filmlər çəkildi. Lakin bir qism qaçaq isə vaxt keçdikcə unudulmağa başladı.

Qaçaq Səfəralı da ikincilərin cərgəsində idi. Onun unudulmasının başlıca səbəbi çar hakimiyyətinə deyil, xalqını ikinci dərəcəli millət hesab edən rus istilasına qarşı çıxması idi. Vətənini, xalqını, millətini hər şeydən üstün tutan, ömrünün sonuna qədər ruslara qarşı mübarizə aparan Qaçaq Səfəralının ömür səhifəsinə az da olsa işıq salaq. 

1867-ci il iyul ayında yaylaqda Nəcəfqulu Ağavəli oğlunun ilk uşağı dünyaya gəldi. 1843-cü il təvəllüdlü Nəcəfqulu Ağavəli oğlu Cəbrayıl qəzasının Yağlıvənd kəndindəki Qədirli tayfasından idi. Onun ömür-gün yoldaşı isə Yağlıvəndin sayılıb-seçilən ağsaqqallarından biri, Fərhadlı tayfasından olan Kərim Fərhad oğlunun qızı Hürü xanım olub.

Nəcəfqulu kişinin, eləcə də Hürü xanımın sevincinin həddi-hüdudu yox idi. Körpənin dünyaya gəlməsi xəbəri bir anda bütün obaya yayıldı. Dayıları Həsənalı, İbrahim, Nuralı, Abbasalıdan, əmisi Abbasdan muştuluq istənildi. Hürü xanımın böyük qardaşı Həsənalının Nəcəfqulunun yanında xüsusi hörməti vardı. Ona görə də yeni doğulmuş körpəyə onun ad qoymasını istədilər. Həsənalı öz bacısı oğluna ad qoydu: “Bizim adımız Həsənalı, Abbasalı, Nuralı. Bacımız oğlunun adı qoy dayılarının adına yaraşan olsun, Səfəralı”.

Yağlıvənd sakini Arzuman Sevindikoğlu deyir ki, Qaçaq Səfəralının dayısı Həsənalının qızı Minəvər nənə həmişə danışardı ki, qonur gözlü, sarışın saçlı Səfəralı 15 yaşında olarkən tay-tuşları arasında seçilən oğlan olur. Cavanlar müxtəlif oyunlar oynayan vaxt Səfəralı həmişə bəy rolunda olarmış.
”O, hər zaman kim məndən deyərdi, heç vaxt deməzdi mən kimdən” – Münəvər nənə daışırmış.

Səfəralı hələ uşaqkən atasının Qaladakı (Şuşa şəhəri) dostugildə yaşamış, məktəbə getmiş, az-çox təhsil almışdı. O, 18 yaşında olarkən rusların əhaliyə etdikləri pislikləri görərək xalqa edilən haqsızlığa biganə qalmır, başına dəstə yığaraq onlara qarşı mübarizə aparmağa başlayır. Harada rus görsə, onları cəzalandırır. Səfəralının bu hərəkətindən təngə gələn Çar hökuməti onun başına pul kəsir. Lakin onu ələ keçirmək mümkün olmur. O, 6 il qaçaqlıq edir, həmin müddət ərzində çar hökumətinə qarşı çıxışlar edir, gündən-günə genişlənməkdə olan milli-azadlıq hərəkatının yerli dəstələrinə başçılığı öz üzərinə götürərək mübarizə aparır, çox haqsızlığın qarşısını alır, insanları müdafiə edir, el arasında xalq qəhrəmanına çevrilir.

Nəhayət 1891-ci ildə Şuşada ona pusqu qururlar. Rus qoşunlarının müsəlləh və nizami dəstələri Səfəralının dəstəsi üzərinə hücum çəkir və qanlı döyüşlərdən sonra Səfəralını həbs edirlər və 25 il həbs cəzası kəsərək onu uzaq Sibirə sürgün edirlər. O, 10 ilə yaxın Sibirdə sürgündə qalır və bir gün hökumət tərəfindən onun ailəsinə Səfəralının Sibirdə vəfatı haqda, ölüm tarixini göstərən məktub daxil olur. El-oba öz qəhrəmanına el qaydası ilə yas mərasimi keçirir. Və bir ildən sonra yaz vaxtı Yağlıvəndin Qədirli obasında, Qədirin böyük qoz ağacının kölgəsində Səfəralının vəfatının ildönümünü qeyd edirlər. Uzun müddət elindən, obasından, ailəsindən ayrı düşən Səfəralının qismətinə öz yas mərasimini görmək də nəsib olur. Onun gəlişi ilə yas mərasimi bayrama çevrilir.  Musiqiçilər gətirilir, erkəklər, cöngələr kəsilir, kef məclisi qurulur.

Məclisin şirin yerində qırmızı tumanlı, yaşıl qoftalı, beli qızıl kəmərli bir qız rəqs edir. Səfəralı qızın kimliyi ilə maraqlanır. Deyirlər ki, o, əmin Adıgözəlin qızı Bacıxanımdı. Bir könüldən min könülə vurulan Səfəralı Bacıxanımla evlənmək istədiyini bildirir. Hamının razılığı ilə elə oradaca Bacıxanımı verirlər Səfəralıya.

Hökumət Səfəralının Sibirdən qaçaraq Yağlıvəndə gəldiyini onda eşidir ki, Səfəralı yenə ruslara qarşı çıxışlar edir, xalqı mübarizəyə səsləyir.

Artıq ailəli olan Səfəralı əvvəlki kimi mübarizə aparmaqda çətinlik çəkir. Ona görə də Arazın o tayına - Cənubi Azərbaycana adlamağa qərar verir. Amma xalqı, milləti uğrunda apardığı mübarizəni yarımçıq qoymur. Tez-tez Arazı keçib xalqa divan tutan, varını, sərvətini talan edən ruslarla haqq hesab çəkib yenidən İrana qayıdır.

O, ömrünün sonuna kimi İranda yaşayır, orada da vəfat edir.
 Səfəralını ələ keçirə bilməyən Çar hökuməti çıxış yolununu onun ailəsini repressiyaya məruz etməkdə görür. Kiçik qardaşı Rəşidi, dayısı oğlu Qaranı və xalası (və ya bacısı) oğlu Heydəri həbs edirlər. Qazamatdan qaçan Rəşid fövqəladə qəhrəmanlıqlar göstərir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi