Modern.az

Nə özü, nə də özgəsi kimi olan ana dilimə… - məktub

Nə özü, nə də özgəsi kimi olan ana dilimə… - məktub

5 Noyabr 2011, 14:13

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

Salam, Azərbaycan adlı qədim bir məmləkətin tarixi kökləri olan dili - Ana dilim, bu məktubu sənə yazıram. Məktubun üzərində nə qeyd edim deyə çox düşünürəm. Ünvanladığım dəqiq bir ad olmalıdı axı. Amma bizlər sənə bir ad belə tapmamışıq. Çünki nə özün kimisən, nə də özgəsinə bənzəyirsən. Yox, yox.. səni qınamaq deyil məqsədim. Axı səni bu günlərə gətirən də bizlərik. Bir ad belə tapa bilməmişik bu dilə. Doqquz milyonluq bir xalqıq, elə hərə bu dili bir cür adlandırır. Azəricə, azərbaycanca, türkcə, Azərbaycan türkcəsi və s.

Dilimiz adlandığı kimi də dondan dona düşür. Nədir bəs sənin adın? Biz gənc dövlət ola bilərik, amma kökümüz o qədər də yeni deyil ki, hələ dilimizi adlandırmağa tələsməyək. Tarix boyu türkcə, türk dili adlandırılan dilimiz türk dilləri ailəsinin üzvüdür. Dilçilərimiz də tarixçilərimiz də bunu təsdiqləyir. Sonrakı dövrlərdə siyasi proseslər, sovet dönəmində türkləşmənin qarşısını almaq, eyni dilə, dinə, mədəniyyətə mənsub iki dövlət - Türkiyə ilə Azərbaycanın əlaqələrini, kök birliyini sarsıtmaq məqsədilə səni öz kökünə yadlaşdırdılar. Adını tarix dəyişdi. Çar Rusiyasi tatar dedi, Sovet Rusiyası Azərbaycan dili dedi türkün təmiz ana dilinə.

Sonra müstəqil olduq. Tarix təkraralandı, siyasi proseslər özünü göstərdi. 1995-ci ildə yeni Konstitusiya Aktının qəbulu zamanı çox müzakirələrdən sonra adın “Azərbaycan dili” kimi qəbul olundu. Dilimiz Azərbaycan dili, milliyətimiz  azərbaycanlı adlandırıldı. Elə bilmə ki, buna qarşı çıxanlar, sənin gündə bir cür adlandrımağının əleyhinə danışanlar olmadı.

 “Varlıq” dərgisini nəşr etdirən Dr.Cavad Heyət məqalələrində Azərbaycan dili, Azərbaycanca, Azəri terminlərinin 1936-cı ilə qədər işlədilmədiyini və o tarixdən etibarən Stalinin əmrilə uydurulduğunu söyləyir. M.R.Heyət “Şairlərimiz bizi və dilimizi necə adlandırırlar” adlı yazısında 12-ci əsr şairi Nizami Gəncəvidən 20-ci əsr şairi Şəhriyara qədər onlarca şairin əsərlərindən örnəklər gətirərək ana dilinin heç bir zaman Azərbaycan dili olaraq adlandırılmadığı və hər zaman Türk dili və ya Türki termininin işlədildiyini isbatlamağa çalışıb.

“Dilimizin adı Türkcədir, lakin digər Türk ləhcələrilə qarşılaşdırılaraq Azərbaycan türkcəsi də deyilə bilər”.

Təkcə Cavad Heyəti yox bu gün əksər ziyalılarımız, siyasətçilərimiz  millət vəkillərimiz də sənin türkcə adlandırılmağının tərəfdarıdı. Əlbəttə ki, əleyhinə olanlar da var. Sənin adının ətrafında bu qarışıqlıq hələ də hökm sürür.

Dilçilərin belə fikirləri bu mövzuda üst-üstə düşmür. Lakin bir faktı qeyd etmək yerinə düşər ki, tarix boyu düşmən ermənilər belə bizləri türk, dilimizi türk dili adlandırıblar. Düşmənin belə dilimizi öz adıyla çağırmasına baxmayaraq bizlər hələ də sənə bir ad tapa bilmirik. Kimi bir fikri söyləyir, kimi digərini təsdiqləyir. Amma tək problem də ad olaraq qalmır. Ad üzərində düşünürəm ki, başqa bir problem də ağlımdan çıxmır.

Müstəqil bir ölkənin öz məktəb və univeristetlərində xarici dildə bölmələr açması və həmin dildə təhsil verməsi həmin ölkənin ana dilinə hörmətsizlikdir axı. Ana dilim, ölkədə 21 rusdilli, 365 qarışıq - rus və Azərbaycan bölməli - məktəb fəaliyyət göstərir. Statistikaya görə rus dilində təhsil alan şagirdlərin sayı 100 min nəfərdir. 100 min nəfərlik şagirdin heç 20 mini rus millətindən deyil. 220-dən çox uşaq bağçasında uşaqlar rus dilində hazırlıq keçir. Bu sadəcə rus dili ilə bağlı statistikadır, ingilis dilini də nəzərə alsaq, xarici dildə təhsil alanların sayının nə qədər çox olduğunu təsəvvür etmək çətin deyil.

Heç kimə də sirr deyil ki, əksər orta statistik azərbaycanlı ailəsi övladını xarici dilli məktəbdə oxutmağa can atır. Səbəb isə hərədə bir cürdür. Kimi övladını xarici dil bilməsi ilə öyünür, kimi onun bu yolla elit təbəqəyə aid olacağını iddia edir. Ən acınacaqlı səbəb isə dil biliyi olmayanların ölkədə demək olar ki, iş tapmamasıdır. Ana dilində səlis danışan ali təhsilli gənc ölkədə sırf ingilis və rus dillərini bilmədiyi üçün işsiz qalır. Diplomu, ali savadı olan lakin dil biliyi olmayan bəzi gənclər sürücü belə işləyə bilmirlər.

“Mən öz ölkəmdə öz ana dilimi bilə-bilə iş tapmıramsa, nə edə bilərəm?” deyən gənclərin harayına cavab verən tapılmır. Mən də sənə məktub yazmamışdan kiçik bir araşdırma apardım. Şəhər sakinləri və əlaqədar qurumlara müraciət etdim. Onlarsa bunu sadəcə zamanın tələbi adlandırdılar. Bu sözləri sənə yazdıqca ürək ağrısı keçirir və utanc hissi duyuram, amma demə zamanın tələbiymiş ki, hər bir azərbaycanlı öz ölkəsində öz dilindən çox yadellinin dilində danışmalıdır. Utandırıcı faktdır, ancaq günümüzün reallığıdır.

Sənə yazarkən utancverici məqamlar təkcə bunlar deyil ki, dilim mənim. Səni ən çox korlayanlar da elə mətbuatda çalışan həmkarlarımızdır desək, yanılmarıq. Bu gün mətbuatda işlədilən ifadələr, seçilən sözlər ana dilimizə əsl zərbədir. Mətbuat Şurasının bir müddət öncə apardığı monitorinq bu faktı bir daha təsdiqlədi. Artıq efirlərə yol açan jarqonlar, dialekt sözlər və şivələr dilimizin kökünü sarsıdan səbəblərdir. Efirdə özünə obraz yaratmaq üçün bundan istifadə edən Zaur kimi aparıcılardan tutmuş, Telli kimi aşıqlara qədər hərə dilimizə bir balta vurur. Ədəbi dilin inkişafında, dilin zənginləşməsində bu çox ciddi problemdir.

Sənin bir bəlan isə sənə məxsus olmayan sözlərin, qrammatikamızın  qanunauyğunluqlarına müvafiq gəlməyən ifadələrin lüğət tərkibinə daxil edilmə cəhdidir. “Qələbəlik”, “nəfəslik”, “yanacaqdoldurma məntəqəsi” kimi bu sözlər dilin ümumişlək sözləri sırasında heç cür yer ala bilmir. Ana dilim, təkcə daxili səbəblər yox elə kənar təsirlərdən də payını götürürsən. İngilis və rus dillərindən dilimizə keçən bəzi sözlər artıq əməlli-başlı işlək sözlərə çevrilib. Bir-birilə gündəlik söhbətlərində belə gənclər “bye”, “ok”, “like” kimi sözlərdən istifadə edirlər. Doğrudur, elm-texnika inkişaf etdikcə yeni və alınma sözlərin dilə daxil olması normal haldır. Lakin əksər ölkələrdə dilçi alimlər bu işlə ciddi məşğul olur ya həmin sözlərin alternativ qarşılığını tapmağa ya dilin qanunauyğunluqlarına müvafiq sözlər formalaşdırmağa çalışırlar. Elə həmin ölkələrdə bu işlərlə məşğul olan qurumlar yaradılır. Amma, ana dilim, çox axtardım və aradım sənin qayğına qalan belə bir qurumun fəaliyyətinə rast gəlmədim. Halbuki, dilin qorunması ilə bağlı “Dövlət dili haqqında qanun” var ki, sənin inkişafından danışarkən ilk ağlımıza gələn də bu qanunlar olur, kağız üzərində qalanlar da...

Bəzən Bakıda yox, xarici bir şəhərin küçələrində dolaşdığımı zənn edirəm. Zənnim məni yanıldır, amma məni bağışla. Çünki Bakı küçələrində əksər geyim dükanları və digər məişət yerlərinin adları xarici dillərdə yazılır. Sanki Bakıda dolaşan böyük çoxluq elə ingilislərmiş azərbaycanlılar yox. Əsasən ingilis və rus dillərində yazılan bu adlarla kifayətlənmirlər. Dükanlarda satıcılar belə xarici dilli olur və alıcıları “Welcome” ilə qarşılayıb, “sposiba” ilə yola salırlar. Bircə qulağıma dəyməyən ana dilimdi. Sənin sədalarındı ki, bunu eşitmirəm.

Ana dilim, sən mənim və həmvətənlərimin mənəviyyatı, mədəniyyəti, tarixisən. Sən hər bir azərbaycanlının müqəddəs bilib qorumalı olduğu bir məfhumsan. Ana dilim, bu gün sənə göstərilən bu yad münasibət məni və səni sevən hər bir azərbaycanlını narahat edir. Amma mən ümidliyəm, çünki dil bir xalqın var olduqca yaşatmalı olduğu məfhumdur. Səni sevmək və sevərək qorumaq ümidilə.

Aysel Fərziyeva
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı