Modern.az

Teleradio məkanımızda tamaşaçının xəyal qırıqlığı…

Teleradio məkanımızda tamaşaçının xəyal qırıqlığı…

5 Noyabr 2011, 14:27

Hər il 6 noyabr tarixi Azərbaycanda teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur. İlk dəfə “Danışır Bakı” ifadəsi ilə qulaqlara yad gələn səs sonradan doğmalaşdı, hər kəsin səbirsizliklə, ayaq saxlayaraq dinlədiyi səsə çevrildi. Bu, Azərbaycanda ilk radionun səsi idi, o radio ki ardınca televiziyanı da gətirdi. 90-cı illərdən sonra ölkəmizin teleradio məkanı xeyli genişləndi, bir çox özəl televiziya və radio qurumları fəaliyyətə başladı. Bu, ilk baxışdan maarifləndirmə və məlumatlandırma xarakterli proqramların ərsəyə gətirilməsi, ən əsası isə ölkədə və regionda əhalinin informasiyaya olan tələbatının ödənilməsi baxımından böyük sıçrayış idi. Ancaq, hazırda ölkəmizdə fəaliyyət göstərən televiziya və radioların bu işin öhdəsindən lazımınca gəldiyini demək, auditoriyaya böyük haqsızlıq olar. Əgər kəmiyyət və keyfiyyət müqayisəsini fəaliyyətin bir çox sahələrində olduğu kimi, teleradio məkanında da aparsaq, mətbuatda yaşanan tendensiyanın (kəmiyyətin keyfiyyəti üstələməsi) elə bu sahədə də hökm sürdüyünü görərik. İstər radiolar, istərsə də televiziyalar əsasən əyləncə xarakterli bayağı verilişlərə üstünlük verirlər və bunu auditoriyanın tələbindən irəli gələn hal kimi qiymətləndirməklə özlərini “təmiz”ə çıxarmış sanırlar.

Azlıq təşkil edən maarifləndirici verilişlərdə isə müzakirəyə çıxarılan mövzu tam açılmır, problemdən çıxış yolu yalnız məsləhət xarakterli fikirlərdən ibarət olur, balans pozulur, bununla da veriliş nəticəsiz və yarımçıq bitir. Bu da istər-istəməz 55 dəqiqə ekran başında sonda nələrin olacağını səbirsizliklə gözləyən tamaşaçıda xəyal qırıqlığı yaradır. Televiziyaların və radioların dilində xeyli qəlizlik və uzunçuluq var. Əslində isə televiziyanın və radionun dili qəzet, jurnal dilindən fərqli olaraq lakonik, çatımlı olmalıdır. Yazılı jurnalistikada məlumatı, xəbəri anlamayan oxucu onu təkrar oxuya bilər. Bu hal, televiziyada və radioda mümkün deyil. Bu səbədən də lakoniklik, aydın üslub televiziya və radionun əməl etməli olduğu başlıca prinsipdir.

Bu gün yayımlanan radio və televiziya verilişlərinin əksəriyyəti xarici televiziya və radiolardan oğurlanaraq “azərbaycansayağılaşdırılmış” proqramlardır. Quruluşundan tutmuş, aparıcının jest və mimikasınadək diqqət yetirsək, verilişin plagiat olduğuna şəkk-şübhə qalmır. Bunun səbəbi televiziya və radiolarımızda yaradıcı insanların barmaqla sayılacaq qədər az olmasıdır. Onlar da öz ideya və layihələrini həyata keçirməkdə müəyyən yasaqlarla və ya maliyyə sıxıntısı ilə üzləşirlər. Bundan əlavə, televiziya və radiolarda yayımlanan verilişlər sms-lərdən asılı vəziyyətə düşüb. Daha doğrusu, verilişləri araya-ərsəyə gətirən sms-lərdən əldə olunan pullardır. Reklam bazarı zəif inkişaf etdiyindən televiziya və radiolar işçilərin məvacibini, eləcə də texniki xərcləri ödəmək üçün keyfiyyəti bir kənara ataraq, “pul qazanmaq” ardınca gedir. Bununla da sms hesabına başa gələn verilişlərin sayı günbəgün artır ki, bu da televiziya və radio verilişlərinin puldan aslılığına gətirib çıxarır.

Gülnarə Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır