Modern.az

Azərbaycanın fransız gəlini İvonna nənə niyə evsiz qalıb?

Azərbaycanın fransız gəlini İvonna nənə niyə evsiz qalıb?

Təhsil

5 Noyabr 2011, 14:58

64 il ayrılıqdan sonra vətəni Fransaya gedib boya- başa çatdığı yerləri, doğmalarını, tanışlarını və valideynlərinin qəbrini ziyarət edən Imişlinin fransız gəlini İvonna Şirməmmədova bir müddət öncə Azərbaycana dönüb. Hazırda öz kəndində - ailəsi ilə bir yerdə olan fransız nənəni son günlər ziyarət edənlər çoxdur. Amma onu ziyarətə gəlmək istəyənləri ev sahibi küçədə, daha doğrusu həyətdə qəbul etməli olur. Belə ki, bu ilin oktyabr ayında Fövqaladə Hallar Nazirliyi tərəfindən İvonna Şirməmmədovaya ev tikintisi başlanılıb. Yeni ev tikmək üçün həyətdə darısqallıq olduğundan ona məxsus köhnə evin əsas hissəsini söküblər. Yeni evin tikintisi isə 2 həftədən artıqdır ki, dayandrılıb. Bu barədə İvonna Şirməmmədova özü “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına zəng edərək bildirib. Tikintinin dayandırılma səbəbi barədə ev sahibinə heç bir məlumat verilməyib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri İmişli rayonunun Murquzallı kəndinə səfər edərək İvonna nənə, onun ailə üzvləri ilə görüşüblər, uçulmuş və eyni zamanda yeni tikilən evinə baş çəkiblər. Görüşdə Fransaya səfəri barədə məlumat verən İvonna nənə bu səfərin onun həyatında ən böyük arzularından biri olduğunu bildirərək bunun üçün özünü çox xoşbəxt hesab etdiyini bildirib. Lakin hazırda evinin tikintisinin naməlum səbəbdən dayandırılması, köhnə evinin isə uçulmasının ona xeyli problem yaratdığını bildirib. O qeyd edib ki, son günlər yağan yağışlar da əlavə narahatlıqlar yaradıb. İvonna nənə “Kür” Qərargahından onun probleminin həllinə yardımçı olmasını xahiş edib.

Fransız əsilli Azərbaycan vətəndaşı İvonna Şirməmmədovanın evinin tikintisinin yarımçıq saxlanılması səbəbini aydınlaşdırmaq üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tikintini həyata keçirən podratçı təşkilatla və FHN- nin məsul şəxsləri ilə əlaqə saxlayıb. Hər iki qurumdan bildiriblər ki, tikintinin gecikməsi hava şəraiti və texniki problemlərlə bağlıdır. Yanvar ayına kimi ev istifadəyə veriləcək. FHN-dən o da bildirilib ki, İvonna nənənin evinin tikintisi nazirliyin diqqət mərkəzindədir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir daha aidiyyatı qurumları həm İvonna Şirməmmədovanın, həm də Kur-Araz daşqınları ilə bağlı digər bölgələrdə tikintisi yarımçıq qalmış evlərin tikintisini sürətləndirməyə çağırıb. Qərargah hesab edir ki, qarşıdakı aylarda yağışların artması və havaların soyuması evləri qəzalı olan və ya evsiz qalan insanlara böyük problemlər yarada bilər.


Modern.a

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür