Modern.az

Azərbaycan dili, yoxsa Azərbaycan türkcəsi...

Azərbaycan dili, yoxsa Azərbaycan türkcəsi...

5 Noyabr 2011, 16:28

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

Dil, xalqı, milləti fərqləndirən, onu digərlərindən seçən amildir. Bu baxımdan dili həm qorumaq, həm də ona hörmətlə yanaşmaq vacibdir. Bəs Azərbvaycan dili nə qədər qorunur? Azərbaycan dili layiq olduğu hörməti görürmü? Təəssüf ki, tam olaraq, yox. Dil pafoslu şeirlər, boğazdan yuxarı sözlər və çıxışlarla qorunursa, bu, heç hörmətin də əlaməti deyil. Önəmli olan odur ki, dilə olan hörməti əməldə göstərəsən.

Biz isə ilk növbədə isə dilimizin adını dərk etməliyik. Başa düşməliyik ki, bu, Azərbaycan dilidir, yoxsa Azərbaycan türkcəsi? Konstitusiyada dövlət dili Azərbaycan dili yazılsa da, dilimiz türk dilləri ailəsinə daxildir, həmçinin millət olaraq da biz türkük. Bu baxımdan biz Azərbaycan türkcəsində danışırıq.

Hər birimiz isə dilimizi ilk olaraq evdə, valideynlərimizdən öyrənirik. Lakin, təəssüf ki, hazırda Azrbaycan ailələrinin bir qismi evdə uşaqlarıyla xarici dildə danışır və onların təhsilinin də xarici dildə olmasına üstünlük verir. Bu da nəticədə ona gətirib çıxarır ki, o uşaqlar ana dilləri olmasına baxmayaraq, Azərbaycan dilini bilmir. Az hallarda Azərbaycanca danışanda isə vurğuları səhv deyir, şəkilçiləri düz seçmir, “h”ları “x” kimi səsləndirir və s. bu kimi səhvlərə yol verir. Ən bəlalısı isə odur ki, xarici dilli bu uşaqlar bir vaxt gəılir ki, Azərbyacan dilində danışanlara yuxarıdan aşağı baxır, onları təhqir edir. Təbii ki, xarici dil müasir gənc üçün üstünlükdür və lazımdır. Amma, bu, öz dilinə hörmətsizliyə, ona qarşı təhqiramis münasibətə əsas vermir.

Dillə bağlı tək problem bu deyil. Dilimizə yeni daxil olmuş sözlər var ki, bununla bağlı da bir sıra problemlər var. Bunları aradan qaldırmaq üçün Türkiyə təcrübəsində olduğu kimi Dil qurumu yaradılarsa onda onları yoluna qoymaq olar. Məsələn, belə bir qurum olarsa, o, dilə yeni daxil olan əcnəbi sözlərin necə tələffüz edilməsini, onların bəzilərinin Azərbaycanca qarşılığının necə olmasını və s. bu kimi məsələləri aydınlaşdırar.
 
Qeyd etdiyim kimi dilə həmişə yeni sözlər daxil olur, amma baxır necə? Bu yeni söz tələbatdanmı daxil olur, yoxsa kimlərsə dili korlamaq hesabına o sözləri dilə yamayır? Məsələn, Türkiyə türkcəsində danışmağa meyl edən istər jurnalistlər, istərsə də sadə insanlar “zatən”, “rəğmən”, “qələbəlik” və s. bu kimi sözləri öz leksikonuna daxil edir. Üstəgəl, bu meyl təkcə Türkiyə türkcəsinə deyil, bura ingilis və rus dili də daxildir. İngiliscədən “weekend”, “thanks”, “bye”, “ok” və başqa sözlər, ruscadan isə “uje”, “poçti”, “koroçi”, “vsyo” və s. bu kimi sözlər dilimizdə özünə yer tapıb. İlki baxışda bu, ciddi problem kimi görünmür. Bu sözlərdən istifadə edən bir gənc düşünə bilər ki, “mən tanışımla danışanda “thanks”, yaxud da “poçti” kimi sözlər işlətməklə nə ola bilər?” bu sözlərin öz dilimizdə “minnətdaram”, “təxminən” kimi qarşılıqları olduğu halda niyə yad dilə üz tuturuq? Niyə tədriclə öz sözlərimizi sıradan çıxarmağa çalışırıq?

Düşünürəm ki, istər Türkiyə türkcəsinə, istərsə də tamam yad dillərə meyl etməyin səbəbi öz dilimizi sevməməkdir. Halbuki, dilimizdə heç bir qüsur yoxdur. Diqqət etsək görərik ki, zorla dilimizə daxil etdiyimiz o sözlərin hamısının Azərbaycanca qarşılığı var.

Öz dilini təhqir edən, onu bilərəkdən korlayan nümayəndələri olan xalq inkişafdan danışa bilməz. Çünki, bunlar xalqı inkişafa yox, uçuruma, dili məhvə aparır. Dili olmayan xalq isə ruhsuz bədəndən fərqsizdir.

Fatimə Kərimli
Tələbə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar