Modern.az

Baş Prokurorluq Əvəz Zeynallı barədə yeni açıqlama yayıb

Baş Prokurorluq Əvəz Zeynallı barədə yeni açıqlama yayıb

5 Noyabr 2011, 20:13

Xəbər verildiyi kimi "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidməti noyabrın 5-də bildirib ki, həmin cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynallı tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilib.

Baş Prokororluğun məlumatında qeyd edilib ki, istintaq dövründə vətəndaş Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu ərizə ilə prokurorluğa müraciət edərək Əvəz Zeynallının onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər.

"Qeyd olunan müraciət üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Əvəz Zeynalov baş redaktoru olduğu qəzetin səhifələrində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi "Kurort" ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuzuna xələl gətirən silsilə məqalələr dərc edərək, materialların dərcinin dayandırılması xahişi ilə müraciət etmiş Akif Məmmədov və onun dostu Xanoğlan Muxtarovdan qəzetin bir neçə ay müddətə çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını, əks halda məqalələrin dərcinin davam edəcəyini və materialların hüquq mühafizə orqanlarına göndəriləcəyini bildirməklə hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində 2008-ci ilin əvvəllərində Xanoğlan Muxtarovdan 4.000 ABŞ dollarını rüşvət kimi almışdır"-deyə Baş Prokurorluq bildirib.

Qey edilir ki, Xanoğlan Muxtarovla təqsirləndirilən şəxs Əvəz Zeynallı arasında keçirilmiş üzləşdirmə zamanı Xanoğlan Muxtarov baş redaktorun ondan hədə-qorxu ilə rüşvət alması faktını bir daha təsdiqləyib.

Bundan başqa vətəndaş Tarverdiyev Sabir Rəhim oğlu ərizə ilə prokurorluğa müraciət edərək "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının ondan hədə-qorxu ilə rüşvət alması barədə məlumat verin.

"Həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunmuşdur ki, Əvəz Zeynallı Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində "Xural" qəzetinin səhifələrində həqiqətə uyğun olmayan, qərəzli məqalələrin dərcinin dayandırılmasını xahiş edən iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində, 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2.000 manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəmişdir.
Öz cinayət əməllərini davam etdirən Əvəz Zeynallı 2011-ci ilin iyul-avqust aylarında Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.000 manat pulu təkrarən rüşvət kimi istəmişdir"-deyə məlumatda bildirilib.

Toplanmış sübütlar əsasında Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilib.

 Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Ə.Zeynallı hələlik 3 aylığa həbs edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir