Modern.az

Aşıq Əhliman: “Eşitdi cəbhədən gəlmişəm, bir qız məndən qardaşını soruşdu...” - MÜSAHİBƏ

Aşıq Əhliman: “Eşitdi cəbhədən gəlmişəm, bir qız məndən qardaşını soruşdu...” - MÜSAHİBƏ

27 Noyabr 2018, 09:44

Modern.az saytının “ART Time” rubrikasında növbəti müsahibi Aşıq Əhliman Rəhimovdur.

- Sazı sevən insanlar Aşıq Əhlimanı müəyyən qədər, aşıq sənətiylə məşğul olanlar isə onu daha yaxından tanıyırlar. Bəs sizin üçün Aşıq Əhliman kimdir?


- Aşıq sənətini sevən, qoruyan və yaşatmağa çalışan bir sənət adamı. Bu sənətə sıradan yanaşmayan, aşıq sənətinə ötəri bir həvəs kimi deyil, sevərək bütün varlığı, gücü ilə, yanaşan bir el aşığı… Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq Sənəti kafedrasının müdiri və eyni zamanda həmin universitetin müəllimi..


- Əhliman müəllim, ilk dəfə neçə yaşınızda saza toxunmusunuz?


- Uşaq yaşlarımdan məndə saza-sözə böyük həvəs vardı. Mən saz almazdan, taxtaya simlər bərkidib onu dilləndirməyə çalışırdım. Bu mənim daxilimdəki sonsuz həvəsdən irəli gəlirdi.

    
Taxtadan qondarıb çaldığım saza,
Qızların gülüşü yadıma düşdü…

Sonra kənddəki toyları izləməyə başladım. Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşam. Kənddə aşıqlar gələn toyları səbirsizliklə gözləyirdim. Aşıqlar toylarda oxuduqları qoşmaları mən səhər dərsə oxuya-oxuya gedirdim.


- Necə oldu ki sizdə saza həvəs yarandı?

- Mən böyük ustadların məclislərində çox olmuşam: Aşıq Şakirin, aşıq Əhmədin, aşıq Bəylərin, aşıq Fərhadın, aşıq Pənahın və s. Böyük ustadların məclislərində maariflənmişəm. Təbii ki onlar mənə dərs deməyiblər. Mən özüm görüb götürmüşəm. Ədəbiyyatın, şeirin hər zaman vurğunu olmuşam. Səməd Vurğunun poemalarını, Rəsul Rzanı sevərək oxumuşam. Dünya ədəbiyyatından Viktor Hüqonu, Teodor Drayzeri, Şekspiri, ukranyalı şair Taras Şevçenkonu hər zaman incələyərək, düşünərək oxumuşam. Düşünürəm ki, kitabla çox rəftar edən insan heç vaxt uduzmur.

Kim sənətdə olsa naşı,
Büdrəyəcək addımbaşı..



Hər bir sənətkar öz sənətinin bilicisi olmalıdır.

           
Quş qanadla uçar-deyib atalar:            
Quş özü uçmasa, qanad neyləsin?
Bu qoca dünyadan möhnət istərəm,
Ömür puç olarsa, möhnət neyləsin?

 

Atlas pula getmir, bez aləmində,
Hər şeyin yeri var öz aləmində.
Sənət aləmində, söz aləmində ,
Sənətkar zaydırsa, sənət neyləsin?


- Bir zamanlar sizin el məclislərində oxuduğunuz və çox məşhur olan bir mahnınız vardı. Yaşlı nəslin nümayəndələrinin çoxu sizi məhz bu ifanızla tanıyır desəm, heç də yanılmaram. O mahnının yadda qalan belə bir misrası vardı: Eşitdi cəbhədən gəlmişəm, bir qız məndən qardaşını soruşdu…

            Eşitdi cəbhədən gəlmişəm,

            Bir qız məndən, qardaşını soruşdu.

            Nalə çəkdi: Bacın ölsün a qardaş,

            Bu nalədən yandı torpaq,yandı daş.

            Kar olaydım, eşitməzdim bunu kaş,

            Bir qız məndən qardaşını soruşdu…

Bu mahnı bir zamanlar nəinki el şənliklərində, eləcə də maşınların kassetlərində tez-tez ifa olunurdu. Çox maraqlı bir tarixçəsi var. Bu tarixçəni danışmaq mənim üçün çox çətindir. Danışdıqca, o illərin ağrı-acısını sanki yenidən yaşamış oluram. Mənfur qonşularımız ermənilərin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı işğalı ərəfəsində bu mahnı yaranıb. O illərdə mənim bu ağrı-acını vəsf edən, canlandıran bir neçə mahnım yarandı və sevildi. Düşünürəm ki, bunların bu qədər yadda qalan olmasının səbəbi, mənim bu hadisələrdən təsirlənməyim və bu ağrını içimdə, ürəyimdə hiss etməyim oldu. Həmin ərəfədə bir gün belə bir şey eşitdim: Düşmənlərimizin hücumu ərəfəsində Qarabağımızda bir qadın qaçaraq körpəsiylə birlikdə özünü qayadan atıb ki, düşmən əlinə keçməsin. Bu hadisədən çox təsirləndim. Oldu deyib də, üstündən keçə bilmədim. Məhz bu əhvalat, mənim yaradıcılığımda saz havası üzərində yazdığım yeni bir mahnının yaranmasına səbəb oldu.

            Əzizim, elim yaxşı,

            Çəmənim, çölüm yaxşı.

            Yağı əlinə düşməkdən,

            Min dəfə ölüm yaxşı…



Bunu qadının dilindən yazmışdım.

            

          Dağlar o gözələ saxladı yası.

          Çırpıldı dağlara ömrün aynası.

           Qucağında dil açmamış balası

           Nə arzuya yetdi, nə kama çatdı,

           Bir gəlin özünü qayadan atdı.

 

           Güllələr bağrını şan-şan eylədi.

           Dağlar maralını candan eylədi.

           Namusu özünə qalxan eylədi.

           Qanını, şəhidlər qanına qatdı,

           Bir gəlin özünü qayadan atdı.

 

           Baxginan yurdumun faciəsinə,

           Bir ömrün baharı döndü tərsinə.

           Körpə harayına, ana səsinə,

           Qartal da zirvədə qaşını çatdı,

           Bir gəlin özünü qayadan atdı.

          
           
           Bir dostumdan gəldi,mənə bu yazı.

           Aşıq Əhlimanın sızladı sazı.

           Dağların qoynunda, o dağlar qızı,

           Özünə dağ boyda heykəl ucaltdı,

           Bir gəlin özünü qayadan atdı.


Bunu mən həmin dövrdə toylarda çox oxuyurdum. Ağlaşmalar olurdu. Hətta ağlayaraq ürəyi gedənlər də olurdu.



- Yadda qalan və sevilən ifalarınızdan danışdıq. Sizin ən yaddaqalan və bugünə kimi el şənliklərində, efirlərimizdə, aşıqlarımız və eləcə də bir çox sevilən müğənnilərimiz tərəfindən oxunulan mahnınız “Naz eyləyir” mahnısıdır. Mahnı haqqında nə deyə bilərsiz? Necə və nə vaxt yarandı?

Bir var deyişmə, bri də var nəzirə. Yəni bir şeirə cavab olaraq yazırsan.

               Budur gəldi bahar fəsli ,

               Açılıbdır, lala nərgiz.

               Ağız süddü, dodaq qaymaq,

               Dilin batıb bala nərgiz..

              

                Xum yaraşar,nazlı yara,

                Ağ vücuda geysə xara.

                Əsli göyçək olanlara,

                 Al da birdi şal da birdi…


Bir gün Novruz bayramı ərəfəsində fikirləşdim ki, nə yazım? Birdən yadıma məhz söylədiyim bu mahnının mətni düşdü. Xeyli xəyala daldım və sazı əlimə götürən kimi  yeni bir şeir, daha sonra isə yeni bir mahnı yarandı:  

                   Yenə gəldi yaz ayları,

                   Bülbül gülə, naz eyləyir.

                   Sevirəm sözün deməyə,

                    Dodaq dilə, naz eyləyir.

                  
                   
                   Bənövşələr əlindədir,

                   Gümüş kəmər belindədir.

                    Tül libası əynindədir,

                    Bədən tülə naz eyləyir.

 

                    Kərəm tək yanan olmuşam,

                     Ürəyi, al qan olmuşam.

                     Görür yarımcan olmuşam,

                      Bilə-bilə naz eyləyir.

                     

                       Ala gözlər şölə salır,

                       Hərdən xəyallara dalır.

                        Uzaqdan canımı alır,

                        Gələ-gələ, naz eyləyir.

 

                         Aşıq Əhliman çarası,

                        Gözümün ağı-qarası.

                        Qaşqabaqla yox arası,

                         Gülə-gülə naz eyləyir.


Şeirin doğulduğu gün, xoşbəxt bir vaxta təsadüf edir. 2000-ci illər ərəfəsində yazmışam. Düzü o zaman düşünə bilməzdim ki, mahnı Azərbaycan aşıq sənəti tarixinə, eləcə də, musiqi tariximizə düşəcək bir mahnı olacaq və bugünə kimi sevilərək səsləndiriləcək.


- Aşıq sənəti yaradıcı sahədir. Burada müəyyən qədər bədii təfəkkür və musiqi təfəkkürü birləşir. Nəticədə yeni bir yaradıcılıq məhsulu, yeni bir mahnı ortaya qoyulur. Yəni şeiri və musiqini eyni bir insan saz havası üzərində yaradır. Bəs sizin yaradıcı aşıq kimi təfəkkürünüz nəyə köklənib?

- Çox maraqlı bir sual oldu. Mənim yaradıcı təfəkkürüm oxumaq, öyrənmək və hiss etmək üzərində köklənib. Hiss etməsəm, heç vaxt düşünüb nəysə yarada bilmərəm. Mən təkcə Aşıq sənətindən deyil, incəsənətin bütün növlərindən zövq almağı bacarmışam. Mən uşaqlıqdan görkəmli aktyorumuz Nodar Şaşıqoğlunun vurğunu olmuşam. Onun aktyor kimi yaratdığı obrazlar, bu obrazlarda ortaya qoyduğu estetika, aktyor üslubu mənim təfəkkürümdə  dərin iz buraxıb…

- Söylədiniz ki, Ucarda doğulub böyümüsüz. Bəs Bakıyla tanışlığınız nə vaxt olub? Bu tanışlıqın sizin yaradıcılığınıza təsiri oldumu?

- Ucarda doğulmuşam və uşaqlığım çox çətin və məşəqqətli keçib.1961-ci ildə atam dünyasını dəyişdi. Atam dumanlı şəkildə yadıma gəlir. Böyük qardaşım bu zaman 2-ci sinifdə oxuyurdu. Atasız uşaq necə ola bilər ki? 
Gələk Bakıyla tanışlığıma… Qardaşım Tibb Universitetində  oxuyurdu. Kənddən bir yeşik heyva, nar götürüb gəldim Bakıya. 9-cu sinifdə oxuyurdum. Hadisə 1971-ci ilə təsadüf edir. Bu tanışlıq mənim nəinki sənətimdə, həyatımda  da dərin izlər buraxdı.

- Sənət fəaliyyətinizə nə vaxt başladınız?

- 1972-1973-cü illərdən el şənliklərinə getməyə başladım. Orta məktəbdə oxuduğum zaman sənət meydanına atıldım. 1980-1985-ci illərdə isə Mədəniyyət və İncəsənət Universitetində təhsil aldım.


- Uzun illərdir ki bir zamanlar tələbəsi olduğunuz Universitetdə müəllimsiniz. Pedaqoqluq sizə nə verdi?

- 2000-ci ildə Universitetdə Aşıq sənəti ixtisası açıldı və mən müəllim kimi dəvət aldım. İlk dəfə 2 tələbəmiz vardı. Daha sonra isə Universitetimizdə Aşıq sənəti kafedrası yarandı. Hal-hazırda Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Müəllimlik mənə öncə çox böyük bir zövq verir. Tələbələrə bu qədim sənətin incəliklərini öyrədəndə, özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə çalışqan və öyrənməyə həvəsli tələbələrdən böyük zövq alıram. Adətən uşağın 1 yaşından 10 yaşına kimi nazıyla oynamaq lazımdır. 10-20 yaş arasında isə dostluq etmək lazımdır. Mən tələbələrimlə həmçinin dostam. Təəssüf ki, arada naşı və tənbəl tələbələrlə də qarşılaşıram və mən bu zaman mütləq valideynlərlə görüşüb bu barədə onları məlumatlandırıram.

- Tələbələrinizdən kimləri bəyənirsiniz?

- İlk tələbələrimizdən biri olan - aşıq Şərqiyyə xanım Zəngilanlını çox bəyənirəm. Hal-hazırda Şərqiyyə xanım Türkiyə Universitetlərinin birində pedaqoji fəaliyyətlə məşquldur. Tələbələrinə bu sənətin incəliklərini öyrədir.

- Madiyyat naminə, pul hesabına gündəmdə qalmağa çalışan, efirlərə çıxan aşıqlar var ki, sənətdən xəbərsizdirlər. Onlar haqqında nə deyə bilərsiz?


Mən onları katalizator adlandırardım. Necə ki, katalizatorlar kimyəvi reaksiyanı sürətləndirib özləri iştirak etmirlər, onlar da sənətin adından istifadə edib sənətə adiyyatı olmayan insanlardır.. Mən onlara fikir vermirəm...


- Aşıqların əsas gəlir mənbəyi əsasən el şənlikləri, toylar olub. Siz də zamanla bir çox el şənliklərində aşıqlıq etmiziniz. Yeni ailə quran gənclərə öz sazınızla xeyir-dua vermisiz. Bugün necə, el şənliklərində aşıqlıq edirsiz?

- Aşıqlıq mənim həyatımın ayrılmaz hissəsidir. Mən bu sənətin dərinliklərinə ustad aşıqlarımızla birlikdə, məhz el şənliklərində yiyələnmişəm. Aşıqlıq sənətinin bünövrəsi praktika üzərində qurulub. Kütlə qarşısında çalıb oxuduqca, aşıqda utancaqlıq sıxılma kimi hisslər aradan qalxır və aşıq özünü bu sənətdə tapmağa başlayır.

Dövri-qədimdən bugünə kimi aşıqlar el şənliklərində küsülüləri barışdırıb, qan axmasının qarşısını alıblar. Dəyərli aşıq musiqiləri insanları birliyə mehribanlığa səsləyib. Mən məhz el şənliklərində bir aşıq kimi formalaşmağa başlamışam. İlk dəfə el şənliyində gördüyüm aşıq Fərhad olub. Daha sonra aşıq Şakiri gördüm. Bu çox qəribə bir mənzərəydi. Gördüm ki, aşıq Şakir toy qapısına gəldi və onun ayağının altında iki qurban kəsdilər. Toyxanaya (toy üçün qurulmuş çadıra) gələndə isə aşıq Şakir üçün bir qurban da orada kəsdilər. Aşıq Şakirin barmaqları çox incəydi və bu onun saza toxunuşunda fərqli bir akustika yaradırdı..

Mən dəvət aldığım müddətdə əlbəttə ki el şənliklərində oluram. El şənliklərində aşıqlıq etmək heç də asan deyil. Burada hər tip, hər cür xarakterli insanlarla qarşılaşırsan. Bu sənətdən aldığım zövqü düşündükdə isə deyirəm ki, əziyyətimə dəyər. Hər dəfə sazıma toxunub ifa edəndə düşünürəm ki, mən varam...

 


Leyla Əsəsdullayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir