Modern.az

Erməni nankorluğunun acı nəticələri - SES, qəsəbə, otel ...

Erməni nankorluğunun acı nəticələri - SES, qəsəbə, otel ...

28 Noyabr 2018, 15:34

İşğalcı Ermənistan hökuməti, Azərbaycan ərazilərini zəbt etdikdən sonra oranı erməniləşdirmək, eyni zamanda qanunsuz hərəkətlərinə beynəlxalq səviyyədə bəraət qazandırmaq, sonda bu torpaqları Ermənistana birləşdirməyə çox ciddi şəkildə çalışır.


Məhz bu səbəbdən də erməni ideoloqları suni dəlillər düşünüb tapır və bu dəlillər üzərində baş sındıraraq, onun ermənilərə məxsusluğuna dünya ictimaiyyətinin diqqətinə catdırırlar. Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırlaraq, bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə səy göstərməkdədirlər. Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib, uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunur.

İkinci daha təhlükəli vəziyyət isə odur ki, Ermənistan atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdiyi Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Yeri gəlmişkən, işğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir.

2012-ci ildən sonra torpqlarımızda ermənilər ücün yaradılmış şəraitə işıq salmağa, yaranmış durumu analiz etməyə və xarici KİV-ə istinadən Qarabağda separatcı rejimin “quruculuq-abadlıq” işlərini nəzərinizə catdırmağa calışacağıq:

Hazırda təkcə Laçın rayonunun mərkəzində 1800 nəfər erməni yaşayır. Şəhərin qondarma meri Artyom Saribekyan adlı bir nəfərdir. 2015-ci ildə “Berdzor” adlandırdıqları Lacında 12 nəfər ailə qurub, 30 uşaq dünyaya gəlib. Şəhərdə iki əsas orta məkətəb - 1 və 2 saylı məktəblər fəaliyyət göstərir. Regionun ilk məktəbi sayılan “Vahan Tekeyan”ın adı verilmiş 1 saylı orta məktəbdə 180 şagird təhsil alır. Onlara, 28 müəllim olmaqla, 43 nəfər dərs deyir. 2 nömrəli şəhər məktəbində isə 175 şagird var. Məktəbdə 29 müəllim olmaqla, 38 nəfər çalışır. Şəhərdə fəaliyyət göstərən uşaq bağçasında 126 uşaq var. Sovet dönəmindən mövcud olan internat məktəbində isə 28 yetim uşaq təhsil alır. Bunlardan əlavə Laçındakı “uşaq və gənclər idman məktəbi”ndə 195, digər idman məktəbində isə 106 tələbə var. Rayonun mərkəzi kitabxanasını Sona Hoveyan adlı bir qadın idarə edir. Hazırda Laçında 1 yeni bina inşa edilir və qalan binaların yaxın iki il ərzində təmir ediləcəyi nəzərdə tutulur. Şəhərin Kosalar və Zabux kəndi ərazilərində salınmış yeni qəsəbələrdə Suriyadan gəlmiş çoxsaylı erməni ailələri məskunlaşıb. Zabux kəndi ərazisində Aqavno adlı yeni qəsəbə 70 evdən ibarətdir ki, bu da Livan ermənilərinin maliyyəsi hesabına inşa edilib. Evlər günəş enerjisi ilə qızdırılır. Burada yerləşdirilən ailələrə əlavə yardım da verilir. Laçının Cağazur kəndində də qurculuq işlərindən sonra “suriyalı qaçqınlar” evlə təmin olunub. Rayonun ən hündür yerində 1941-1945-ci il müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin adı dəyişdirilərək, Qarabağ müharibəsində öldürülən ermənilərin adı verilib. Laçında “Arçax bank”ın filalı, “Karabax telekom”un ofisi, poçt şöbəsi, kilsə və bir neçə şirkətin nümayəndəlikləri yerləşir.

2016-cı ilə qondarma “Dağlıq Qarabağ Respublikası” Araz çayının sol qolu sayılan Həkəri və Bərgüşad çaylarının qovşağında, Laçın rayonu ərazisində Su Elektrik Stansiyası inşa edib. Separatçı qurumun rəhbəri Bako Saakyan SES-in tikintisinin Laçın rayonu ərazisində məskunlaşdırılan sakinlərin elektrik enerjisinə ehtiyacını tam ödəyəcəyi qənaətindədir.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək "Karvaçar” edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını istismar edirlər. Rayonda ermənilərin yeni saldığı Nor (yeni) Qaraçinar kəndinə Goranboy rayonunun Qaraçinar kəndində yaşamış ermənlər yerləşdirilib. Yeni məntəqədə 44 ailədən 131 sakin yaşayır. Kəndin yanından keçən Vardenis-Ağdərə yolu Gorus-Xankəndi yolundan sonra Qarabağı Ermənistanla birləşdirən alternativ yoldur. 116 kilometr uzunluğundakı Vardenis-Ağdərə yolunun tikintisi 30 milyon dollar dəyərindədir.

Erməni geoloq Akop Mkrtçyan hələ 2016-cı ildə bildirmişdi ki, “İstisu” mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür. Perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

Eyni zamanda 2017-ci ilin avqustundan mineral sular zavodunun inşası başlanılıb. Ermənistanın kecmiş baş naziri Karen Karapetyan hələ zavodun təməlqoyma mərasimində iştirak edərkən söyləyib ki, xarici investorların hesabına inşa olunacaq zavod Kəlbəcər suyunu xarici ölkələrə satmağa imkan verəcək.

Qeyd edək ki, mineral suları ilə məşhur olan bu qəsəbədə ermənilər "Cermacur-1" su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər. Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt eletrik enerjisi istehsal edəcək. Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su eletrik stansiyası inşa etməyi planlaşdırırlar.

Bu ilin oktyabrın 15-də Livanda fəaliyyət göstərən "Artsax Ruts İnvestment" investisiya təşkilatının nümayəndələri separatçı rejimə Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən, adının "Sidney" qoyulması təklif edilib.

Ümumiyyətlə Murovdan Araz çayına qədər ermənilərin məskunlaşdığı yüzlərlə kənd-qəsəbə var. Kəlbəcər və Laçın rayonları faktiki olaraq Qarabağı ərazicə Ermənistana bağlanıb.

Şuşada da durum fərqli deyil. Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. Bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib. O, bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə verirlər. Bu otellərdən biri “Avan Shoushi Plaza” hoteldir. Üçulduz lisenziyası ilə sənədləşdirilən bu otel, keçmiş “Qarabağ” mehmanxanasının binasıdır. Otel 2011-ci ildə istifadəyə verilib. Oteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: “Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir”.

“Shushi Grand Hotel” isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Otel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burda 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.

“Shushi Hotel” şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir. 21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

“Armen and Christina's B&B”: Şuşada otellərdən başqa adi vətəndaşlar da vaxtilə azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gəlib, burada bir neçə boş evi təmir edərək otel biznesi ilə məşğul olurlar. İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gəlib, buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər.

“Şuşi” otelində xidmətçi işləyən Bella adlı bir qadın da məskunlaşdığı evdə hər gün 4 – 5 turist qəbul edə bilir.

Ermənistan hökuməti Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni otellər istifadəyə verirlər. Ermənilər Hadrut qəsəbəsinin mərkəzində "Nazank coaching inn” (Nazank hostel) otelini istifadəyə veriblər.

“Noyan Tapan Hostel”i isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun olaraq ekskursiya xidmətləri mövcuddur.

Ağdərə şəhərinin mərkəzində “Lousastgh” hosteli fəaliyyət göstərir.

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında “Melikatun Hostel” yaradılıb.

Xocavənd rayonunun Tuğ kəndində “Kyank” hosteli istifadəyə verilib. Otelin restoranı və istirahət zonası var.

Ağdərə şəhərinin mərkəzində “Hostel Artsakh” yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

Yeri gəlmişkən, Ermənistan KİV-in məlumatına görə, bu ilin may ayında Xankəndi ilə Şuşa arasında kanat yolunun layihələndirmə işlərinə başlanılıb. Qondarma rejimdən Araik Arutyunyan adlı “nazir” deyib ki, kanatdan nəqliyyat vasitəsi kimi də istifadə ediləcək. Onun sözlərinə görə, hədəf Şuşaya turist cəlb etməkdir.

Azərbaycanın işğal altındakı torpaqlarını talamaqda davam edən Ermənistan hələ 2015-ci ildən keçmiş Ağdərə rayonu ərazisində yerləşən Kaşen mis-molibden yatağını istimar etməyə başlayıb. Yatağı istimsar etmək üçün tikilən zavod Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirak etdiyi tədbirlə açılıb. Ehtimal olunur ki, mədəndə ildə 146 milyon ton metal (qızıl, gümüş, mis, molibden) çıxarılacaq. Bunun üçün Ermənistanda qeydiyyatdan keçən “Valleks qrup” şirkəti bölgəyə 80 milyon dollar yatırım edib. Bundan öncə Ağdərənin Drambon kəndində mis-qızıl yatağını istismar edən ermənilər bir neçə il ərzində həmin yatağı tükətmişdilər.

Talış kəndində yeni hərbi hissə tikilir. Qarabağ separatçılarının “şəhərsalma naziri” Karen Şahramanyan bununla yanaşı, kənddə çoxsaylı əsgər kazarmalarının da salınacağını vurğulayıb.

Qubadlının Xanlıq kəndində bundan öncə istifadəyə verilən 11 fərdi evlə yanaşı, daha 15 ev tikilib. Tikinti işləri “Kaşataq” fondu tərəfindən həyata keçirilib.

Bundan başqa, erməni KİV-in yazdığına görə, Araik Arutunyan Zəngilanın Mincivan qəsəbəsində icma mərkəzi, yeni məktəb binasının və suriyalı ermənilər üçün inşa olunmuş çoxmənzilli binanın tikintisi ilə tanış olub.

Ermənilər Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonu ərazisindəki Vəng kəndində strateji obyekt tikirlər. Yenə də erməni KİV-lərinin məlumatına görə, işğalçılar hazırda qeyd edilən ərazimizdə Suvorov və Mədətyan adına hərbi məktəb inşa edirlər. Təhsil müəssisəsində Azərbaycan dilini bilən erməni kəşfiyyatçıları və digər hərbi mütəxəssislər hazırlamaq da planlaşdırılır.

2012-ci ildə Xankəndi hava limanı istifadəyə verilib. Yervan-Xankəndi uçuşları Ermənistanın 19 yerlik təyyarələri ilə həyata keçirilir. Xankəndi hava limanının tikilməsinə mane ola bilməyən rəsmi Bakı Xocalı hava limanı məsələsi ilə də üzləşib. Təəssüflə deyək ki, ikinci hava yolu da ermənilərin xeyrinə öz həllini tapıb. .

Erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar. Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün. Həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir.

Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işlərini 15 ildən artıqdır ki, davam etdirən ermənilər mağarada aparılan tədqiqatlara dair yeni kitab nəşr ediblər. “Azıx mağarası və Transqafqaz dəhlizi” (Azokh Cave and the Transcaucasian Corridor) adlı kitabı “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap edilib. Kitabda Azıx mağarasında tədqiqat aparan erməni və xarici alimlərin məqalələri yer alıb. Azıx mağarasında aparılan tədqiqatlara rəhbərlik edən Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın sözlərinə görə, Xankəndində təqdimatı keçirilən kitab bir neçə min tirajla çap olunub dünyanın bütün universitetləri tərəfinfən alınacağı planlaşdırılır. Azıx mağarasında aparılan araşdırmalarda Avropanın 20 –dən çox universitetindən alimlər iştirak edir. Nəşr olunan kitabda 40 müəllifin 15 ortaq məqaləsi yer alıb. “Məhz buna görə də kitab dünya səviyyəsində bu sahədə tədqiqat aparan alimlərin işinə çox yarayacaq” deyə bildirilir. Qeyd edək ki, dünyaca məşhur “Springer” nəşriyyat şirkəti elm və texnikanın ən müxtəlif sahələrində (filologiya, tibb, iqtisadiyyat, mühəndislik işi, memarlıq, inşaat, nəqliyyat və s.) son elmi əsərlərin və tədqiqatların işıqlandırıldığı jurnal və kitabların nəşri ilə məşğuldur. Bütün kitablar ingilis dilində nəşr olunur.

Ağdam rayonunun işğal altındakı Şelli kəndində yeni tikilən məktəbə terrorçu Monte Melkonyanın adı verilib. Məktəbin binasına iri hərflərlə dünyanın terrorçu kimi tanıdığı bir məxluqun guya, Qarabağın ermənilərə məxsusluğu haqda ingilis dilinə tərcümə edilmiş saxta sözləri həkk edilib. Dəhlizdə isə əli onlarla Türkiyə və Azərbaycan vətəndaşının qanına batmış çaqqal xislətli qatilin portreti vurulub.

Bu da son 24 il müddətində - atəşkəs dönəmində düşmənlərimizin torpaqlarımızda yaratdığı abadlıq-quruculuq işlərinə ötəri bir nəzər idi. Araşdırmalarımız davam edir.


Əntiqə Rəşid

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi