Modern.az

“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI

“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI

30 Noyabr 2018, 11:51

Dünən “Qarabağ” klubu UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edib. Oyun “Sportinq”in 1:6 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oyunöncəsi diqqət çəkən məqamlardan biri “Qarabağ”ın futbolçularının meydana şəhid övladları ilə çıxması idi.

Bildirək ki, şəhid uşaqlarının “Qarabağ”ın oyunçuları ilə meydana çıxması təşəbbüsünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi irəli sürüb.

Modern.az saytı şəhid uşaqlarının meydana çıxması və belə bir təşəbbüsün həyata keçirilməsinin əhəmiyyətini öyrənməyə çalışıb.


“Aprel döyüşləri”nin iştirakçısı, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə bildirib ki, ideyanın özü çox yaxşıdır və davamlı olmasına ehtiyac var:



“3 ildir ki, biz də şəhid ailələrindən biriyik. Həmişə bir söz demişəm. Şəhid ailələrinə maddi dəstəkdən çox, mənəvi dəstək lazımdır.  Ona görə də cəmiyyətin hər bir üzvünün onların dəyərini bilməyə haqqı var. Hər bir şəhid ailəsi özünü cəmiyyətdən təcrid olunmuş hiss etməməlidir. 2016-cı ilin ağır günlərini unutmaq olmaz. Bütün insanlar ətrafımızda idi. Şəhidlərimiz xalq üçün canını fəda edib. Ona görə də onların hər birinin cənazəsi xalqın çiyinlərində gedirdi. Biz yad kimi  kənarda qalmışdıq. Şəhidlərimiz bir dəfə yox, hər dəfə yad edilməlidir. Çünki bizim müharibəmiz bitməyib.
Amma əsas məqsədlərimizə çatmamışıq. Şəhidlərimizin qanı hələ ki yerdə qalıb. Məqsədlərimizə çatdıqdan sonra onların hər birini qələbə şəhidi kimi anmaq üçün mütləq o ailələrə böyük dəstək göstərməliyik. Onların cəmiyyətdə üstün mövqe tutduqlarını, başımızın tacı olduqlarını hər an hiss etdirməliyik.
Buna görə də şəhid uşaqlarının futbol meydançasına daxil olmasını alqışlayıram. “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayev şəhid ailələrinə hörmət edib. Onun diqqət və qayğısını hər zaman hiss etmişik. Bu, birinci tədbir deyil. Düşünürəm ki, bu təkcə Rövşən müəllimin yox, bütün təşkilatların üzərinə düşən məsuliyyətdir. Şəhid ailələrimizi hər zaman qorumalıyıq. Çünki şəhidlərimizin arxada bir əmanəti var.  Əslində, şəhid uşaqlarının futbolçularla meydana çıxması böyük bir şey deyil. Ancaq baxın, uşaqlara nə boyda sevinc bəxş etdilər. Öz övladımı misal çəkmək istəyirəm. O qədər sevincli idi ki! Evə gələndən ancaq futbol meydançasındakı təəssüratlarını danışırdı. Bir məqama da toxunum: “Qarabağ” futbol komandasının kollektivi ilk vaxtlardan yanımızda olub. Bunu danmaq olmaz. İnanıram ki, bu cür təşəbbüslər davamlı olacaq”.


Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin deputatı Flora Qasımovanın da nəvəsi həmin uşaqların arasında olub:

““Qarabağ”ın dünənki oyununda futbolçularımızın qarşısında şəhid ailələrinin uşaqları dayanmışdı. O uşaqların arasında mənim və Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi də vardı. 7 yaşlı nəvəm dünən evə gələndən təəssüratlarını danışır. Uşaqlara sevinc bəxş etdiklərinə görə, “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevə təşəkkür edirəm. Çox yaxşı təşəbbüsdür. Balaca uşaqlarımız gələcəkdə çox yaxşı azarkeş olacaqlar. Bu məqam hər zaman xatirələrində qalacaq. Hər halda, maraqlı görüş oldu. Düzdür, bizim komanda uduzdu. Amma nə edək ki?! bu oyundur, udmaq da, uduzmaq da olar. Düşünürəm ki, “Qarabağ” futbol klubunun oyunçuları Ağdam torpağında oynasaydılar, daha böyük uğurlar əldə edərdilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir