Modern.az

Azərbaycanda canavar TƏHLÜKƏSİ – Onları öldürən cəzalanmayacaq

Azərbaycanda canavar TƏHLÜKƏSİ – Onları öldürən cəzalanmayacaq

30 Noyabr 2018, 13:47

Xəbər verdiyimiz kimi, ötən gün Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

Gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

Canavarların insanlara hücum etməsi bəzi sualları gündəmə gətirir.

Öz yaşayış areallarını qoyub kəndə hücum edən yırtıcıların sayı çoxala bilərmi?

Digər tərəfdən  bəzi ucqar ərazilərdə insanların yaşayış məskənlərinin meşələrə yaxın yerlərdə salınması təhlükə riskini artıra bilərmi?

Həmçinin, yırtıcı heyvanların hücumundan müdafiə zamanı onların öldürülməsinə görə hər hansı cəza növü verilə bilərmi?

Bu və ya digər suallarla bağlı Modern.az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə cavablandırıb.

 

Ac, ya da quduz canavar

 

Direktor müavini  bildirib ki, canavarın hücumu bir neçə səbəbdən baş verə bilər.

 

“Sonuncu baş verən hadisə bir qədər başqadır. Ümumi qəbul olunmuş hal belədir ki, yırtıcı heyvan belə insanlara dayanan yerdə hücum etmir. Hətta yırtıcı heyvan meşədə özünə təhlükə hiss edəndə hücum yolunu tutur. Bu da özünü qoruma instinktindən irəli gəlir. Dünənki hadisədən sonra tanış olduq ki, canavar insanlara hücum edib. Burada söhbət iki məsələdən baş verə bilər. Ya canavar quduzdur, ya da uzun müddətdir ki, acdır”.

 

“Canavarların sayı artmayıb”

 

Hikmət Əlizadə canavarların sayının artıb-azalmasına da toxunub.

 

“Canavarların nə say artımından, nə də  azalmasından söhbət gedə bilər. Çünki son illərdə artıb-azalma müşahidə olunmur. Bu cür məsələdə təbiət öz-özünü tənzimləyir. Onu da əlavə edim ki, dünən hadisə baş verdiyi barədə məlumat alan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi  öz qüvvələrini ərazilərə səfərbər edib. Hələ ki, həmin əraziyə neçə yırtıcı heyvanın hücum etdiyini  bilmirik. Quduzluq ehtimalı da var. Hazırda həmin ərazidə nümayəndələrimiz keşik çəkirlər. Əməkdaşlarımıza yerli əhalidən də cəlb etmişik. Əgər vətəndaşlar üçün real təhlükə olarsa, həmin ərazilərdə  müdafiə tədbirləri həyata keçiriləcək”

 

Meşələrə yaxın yerlərdə tikilən evlər

 

Qurum rəsmisi insanların meşələrə yaxın yerlərdə məskən salmasına da aydınlıq gətirib.

 

“Ucqar ərazilərimizdə, xüsusilə  regionların bir sıra yerlərində yaşayış məntəqələri get-gedə böyüyür. Məsələn, canavar hücumuna məruz qalma  prosesi baş verən Astara, əhalisinin payına ən az torpaq düşən ərazilərdəndir. Çünki orada əhali çox sıx yaşayır. Ona görə də artıq həmin ərazi sürətlə böyüyür. 30 ya da 40 il əvvəlki xəritələrə baxsaq, meşə ilə kəndin arasındakı məsafənin xeyli uzun olduğunu görərik. Bu gün isə fərqlidir. Get-gedə kəndlər böyüyür. Hətta elə kəndlərimiz var ki, meşə ilə birləşib. Bu zaman insanlar mal-qarasını otarmaq üçün heyvanları meşəyə yaxın əraziyə aparırlar. Bəzən heyvanlar özləri gedib axşam da qayıdırlar. Yırtıcı heyvanlar isə onları görəndə elə bilirlər ki, yemdir. Bu cür hallarda yırtıcı heyvanların kəndlərə hücum etməsi realdır”

 

“Cəza olmayacaq”

 

Hikmət Əlizadənin özünümüdafiə məqsədilə canavarın öldürülməsinə görə kiməsə cəza verilməyəcəyini bildirib.

 

“Canavarın öldürülməsinə görə kiməsə cəza verilməyəcək. Azərbaycan qanunvericiliyində özünümüdafiə halının olması hamımıza məlumdur. Əgər insan- insana hücum edən zaman həm özünə, həm də ailəsinə təhlükə olduğu halda  qarşı tərəfi öldürsə belə məsuliyyətdən azaddır. Burada da eyni haldır. Çünki vətəndaş canavarı ovlamaq məqsədi ilə vurmayıb. Ona görə də bu,  özünümüdafiə məqsədi daşıdığından hansısa cəza növündən söhbət gedə bilməz”.

 

Qeyd edək ki, xəsarət alanların hər biri Astara Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. 

 

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

 

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı