Modern.az

Sorğu: Əhalinin 90 faizi plastik məhsullardan imtina etməyə razıdır

Sorğu: Əhalinin 90 faizi plastik məhsullardan imtina etməyə razıdır

30 Noyabr 2018, 17:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən bir neçə aydır ki, ətraf mühitə plastik tullantıların mənfi təsirini azaltmaq məqsədilə həm maarifləndirici-təbliğat işləri, həm də bu məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür.

 

Modern.az-ın məlumatına görə, bunu ETSN-nin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

 

Şöbə müdirinin sözlərinə görə, plastik tullantıların mənfi təsirləri haqqında əhali kifayət qədər məlumatlıdır: "Qəbul olunan qərarlarda biz çalışırıq ki, əhalinin fikri, maraqları nəzərə alınsın. Bu məqsədlə bu yaxınlarda Day.az, Milli.az və digər saytlarda sorğular yerləşdirilib. “Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” sualına cavab verən respondentlərin 80-90,6 %-i, buna razı olduqlarını bildiriblər. Plastik qablaşdırmanın məhdudlaşdırılmasına razı olmayanlar isə buna səbəb kimi plastikdən istifadəyə vərdiş etdiklərini əsas gətiriblər. Sevindirici haldır ki, əhali tərəfindən problemin həll olunması dəstəklənir".

 

U.Tağıyeva qeyd edib ki,plastik tullantılar tez alışdıqları üçün yanma zamanı atmosferə zərərli maddələr atılır, bu da insanların sağlamlığı üçün əlavə risklər yaradır: "Ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında “pinqvin” adlanan polietilen torbalardır. Bu torbalar həddindən çox istifadə olunur və əsasən də qadınlar, xanımlar bilməlidirlər ki, məişətdə istifadəsi rahat olsa da, onların ziyanı böyükdür. Buna vərdiş etsək də, bu vərdişimizi dəyişmək də öz əlimizdədir, alternativ olaraq, şüşə, üzəri emalla örtülmüş qablar istifadə oluna bilər. Marketlərdə isə istər parça, istər kağız torbalardan istifadəyə üstünlük verilməlidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu