Modern.az

“Əfsanə geri dönür”.., az qaldı...

“Əfsanə geri dönür”.., az qaldı...

Mədəni̇yyət

10 Noyabr 2011, 17:33

Dünyada və ölkəmizdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl layihəsi gerçəkləşdirilir.

Dekabrın ortalarında Heydər Əliyev Sarayında premyerası nəzərdə tutulan layihənin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə “İRƏLİ” İctimai Birliyi, Baş Sponsoru isə Bakcell şirkətidir.

“Əfsanə geri dönür” şüarı altında gerçəkləşdirilən müziklin məqsədi qədim Azərbaycan motivləri əsasında yazılmış “Leyli və Məcnun” poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir. Musiqili tamaşa Nizami Gəncəvinin eyniadlı poemasına uyğun olaraq “Leyli və Məcnun” adlanır.

Minlərlə insanın böyük həyəcanla gözlədiyi tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Laurens quruluş vermişdir. Çarlz Laurens tərəfindən müzikl üçün quruluş veriləcək rəqsləri Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcəkdir. Bununla yanaşı muasir janrda təqdim ediləcək musiqilərdə Azərbaycanın milli musiqi alətləri olan tar, kamança, balaban, tütək, nağara və uddan istifadə edilir.

2 aydan çoxdur ki, hazırlaqları davam edən tamaşada Leyli obrazını Natavan Həbibi, Məcnun obrazını Elşad Xose, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəb obrazını isə Oksana Rəsulova canlandırır. Rejissorun əlavəsi olan “Şeytan” obrazını tamaşanın musiqi və aranjemanlarının müəllifi MC Murad, “Günəş adamı” obrazını isə Natiq Şirinov canlandıracaqlar. Layihənin müəllifi və rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev, layihənin əlaqələndiricisi, “İRƏLİ” İctimai Birliyinin üzvü Niyaz Əliyev, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, tamaşanın quruluşçu rəssamı Rəşad Ələkbərovdur.

Bir aya yaxın müddətdə hər birimiz “Əfsanənin geri dönüşü”nün şahidi olacağıq. Tamaşaya olan böyük maraq nəzərə alınaraq təşkilatçılar tərəfindən layihənin facebook və twitter səhifələri də yaradılıb.

Az qaldı...




Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir