Modern.az

ABŞ tarixinin ən uzunömürlü eks-prezidenti - Səddama ilk savaşı açan Ata Buş - FOTOLAR

ABŞ tarixinin ən uzunömürlü eks-prezidenti - Səddama ilk savaşı açan Ata Buş - FOTOLAR

2 Dekabr 2018, 16:51

ABŞ-ın keçmiş prezidenti ata Corc Buş cümə günü Texas ştatında vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 94 yaşında dünyasını dəyişən  Corc Buş Texasda, Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn ediləcək.

Sabiq prezidentin 7 ay əvvəl vəfat etmiş xanımı Barbara Buş və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robi Buş da həmin yerdə torpağa tapşırılıb. Ata Buşun məzarı onların yanında qazılacaq.


Ata Corc Buş 1989-cu ildən 1993-cu ilədək president vəzifəsində xidmət göstərib. Onun oğlu kiçik Corc Buş isə 2000-2008-ci illərdə ABŞ prezidenti seçilib.

 

Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kilsəsində keçiriləcək.

Ağ Ev şənbə günü elan edib ki, ABŞ prezidenti Donald Tramp da dəfn mərasimində iştirak edəcək.

Ağ Evin mətbuat katibi Sara Sanders bəyanatında bildirib k, prezident Tramp 5 dekabr - çərşənbə gününü milli matəm elan edib və Ağ Evdə bayraqlar Buşun xatirəsini anmaq məqsədilə endiriləcək.

Tramp və birinci xanım Vaşiqntonda Milli Kilsədə dəfn mərasimində iştirak edəcək.

ABŞ-da dövlət səviyyəsində dəfn mərasimi bir həftə davam edən bir tədbirdir və üç hissədən ibarətdir. İlk olaraq rəsminin yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər keçirilir, ən sonda isə ölən şəxsin torpağa tapşırılmaq üçün təyin etdiyi ştatda mərasimlər baş tutur.



Ata Buş 18 yaşında ABŞ-ın ən gənc müharibə pilotlarından biri olmuşdu. İkinci Dünya Müharibəsi zamanı idarə etdiyi təyyarə yaponlar tərəfindən vurulub dənizə salınmışdə Həmin vaxt Buş paraşütlə tullanmış və dənizə düşərkən tam yanında su səthinə çıxan bir sualtı gəmi tərəfindən xilas edilmişdi.
O hadisədən sonra Buş öz yubileylərində paraşütlə tullanışları təkrarlayıb. O, 75, 80 və 85 yaşları tamam olanda paraşütlə tullanıb. 

Corc Buş həmçinin ABŞ Mərkəzi Kəşfiyyatının 11-ci direktoru (1976-1977-ci illər) və Birləşmiş Ştatların 43-cü vitse-prezidenti (1981-1989-cu illər) vəzifələrində də çalışıb.

Ata Buşun Barbara Buşla evliliyi 73 il davam etmiş və onların 6 övladı doğulub. Onlardan beşi hazırda həyatdadır.

ABŞ-ın 41-ci prezidenti ata Corc Buş son illər səhhətinin zəifləməsinə baxmayaraq, mütəmadi olaraq ictimaiyyət qarşısına çıxardı.

Corc Buşun 1989-1993-cü illərdəki prezidentliyi dövründə xarici siyasət üstünlük təşkil edib. Onun xarici siyasəti Panamada, Filippində və Fars Körfəzində aparılan hərbi əməliyyatlarla yadda qalıb.

Bu dövrdə Şərqi Avropada kommunizm süquta uğrayıb və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsi baş verib.

Corc Buş İraq qüvvələrini Küveytdən çıxmağa məcbur edən hərbi koalisiyanın yaradılmasında aparıcı rol oynayıb.


Corc Buş Ronald Reyqan administrasiyasında iki dəfə vitse-prezident olandan sonra prezident seçilib və bu vəzifədə cəmi bir dönəm - 4 il qala bilib.

1992-ci ildə iqtisadiyyatın zəifləməsi şəraitində keçirilən seçkilərdə onu Bill Klinton məğlub edib.

1988-ci ildə o, "Yeni vergilər olmayacaq" məşhur vədilə çıxış etsə də, daha sonra onu yerinə yetirə bilməmişdi.


Ata Buşun 4 illik prezidentliyi “Soyuq müharibə”nin başa çatması və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsindən sonra ilk İraq müharibəsi ilə yadda qalıb.

Corc Buş ABŞ tarixində ən uzunömürlü sabiq prezidentdir.

Onun xanımı Barbara Buş da (bu ilin aprel ayında) 92 yaşında vəfat etməklə uzunömürlü eks-birinci ledi kimi yadda qalıb.

Maraqlıdır ki, Corc Buş 2016-cı ildə keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləməmişdi. O zaman bunu siyasətdən tam olaraq uzaqlaşması ilə izah etmişdi.




A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir