Modern.az

Bir şəklin tarixçəsi - Allahşükür Paşazadə Qarabağda əsgərlər arasında

Bir şəklin tarixçəsi - Allahşükür Paşazadə Qarabağda əsgərlər arasında

2 Dekabr 2018, 17:21

“Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik”
 

Bugünkü dünyada dini etiqadı qanlı qarşıdurmaların, siyasi-ideoloji terrorçuluğun əsas səbəbinə çevirməyə çalışanların siyasəti göz önündədir: Yüz minlərlə insan dini baxışlarına görə öz yurdlarından, evlərindən didərgin düşərək, dünyanın dörd bir yanına səpələniblər.


Onların bu niyyətlərinə qarşı olanlar isə müxtəlif konfessiyaların - xristian, islam, yəhudi və digər dinlərin tanınmış xadimləridir. Dini liderlər bu davanı salanları lənətləyir və dünyanı sülhə və əmin-amanlığa çağırırlar.

Barışı tərənnüm edən din xadimlərinin idbar terrorun təşkilatçılarına, idarəedicilərinə vahid etiraz nümayişi bu dairələrin qara niyyətlərini həyata keçirməyə mane olan ciddi amildir.


Dini liderlərin təhlükədə olan dövlətinin, münaqişələrdən əzab çəkən xalqının,  doğma vətəni uğrunda düşmənlə döyüşən əsgərinin yanında durması da vacibdir.  

Qarabağ münaqişəsi başlandığı 1988-ci ildən bu yana problemi dini zəmində olan davaya çevirmək üçün çox səylər göstərilib.

“Müsəlman-xristian davası” yarlığı problemi daha da dərinləşdirmək və xarici güclərin regional münaqişələrdəki korportiv maraqları üçün əla imkan sayılırdı.

Qarabağ müharibəsinin ilk illərində ateist ölkə olan SSRİ-nin “şinelindən” çıxmış gənclik döyüşürdü. Onlar öz qəlblərində ata-babalarının sovet təqibindən qorxmayaraq, balalarına ötürdüyü inanc və etiqadı da daşıyırdılar.

O ağır illərdə hamı müqəddəs vətənin müdafiəsinin əsas iş olduğunu anlayır və lazım olduğu yerdə köməyini əsirgəmirdi.


Modern.az
saytının “Bir şəklin tarixçəsi” rubrikasında oxuculara təqdim elədiyi bu şəkillərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə müharibənin ən ağır illərində, 1992-ci ildə cəbhə xəttində Azərbaycan ordusunun əsgərləri ilə əks olunub.

“Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”,-deyə Allahşükür Paşazadə bəyanatlarının birində qeyd edib.

Qarabağ davası torpağı işğal olunmuş Azərbaycan xalqının ədalətli davasıdır. Bu savaşda ölkənin bütün kəsimi - dindarından tutmuş ateistinə qədər bir yerdə olmalıdır. Dini lider isə öz doğru mesajları ilə bu mübarizədə xalqı daha səfərbər edir.

“Qarabağ müharibəsi işğal olunmuş 7 rayonda, Azərbaycan ərazisində gedir. Bura Azərbaycan ərazisidir” - bu sözləri də QMİ sədri 2017-ci ildə Moskvada erməni katalikosu Qaragenlə görüşü zamanı ona demişdi.

Bütün dinlər insanlar arasında sülhü və barışı təbliğ edir, amma vətəni qorumağı və düşmənin xain hucumuna müqaviməti də vacib sayır.





Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər