Modern.az

Mənim kəndim - Şuşalı müəllimə: “Şagirdlərimin verdiyi açıqcaları indi də saxlayıram” - LAYİHƏ  

Mənim kəndim - Şuşalı müəllimə: “Şagirdlərimin verdiyi açıqcaları indi də saxlayıram” - LAYİHƏ    

Mədəni̇yyət

3 Dekabr 2018, 08:37

Solmaz Quliyeva: “Ömrümün geri qalanını Şuşada keçirmək, orada haqq dünyasına qovuşmaq istəyirəm”

Modern.az
saytında“Mənim kəndim” layihəsinin budəfəki qonağı şuşalıdır. Məcburi köçkün həyatı yaşayan, Şuşanın nəcib, gözəl, ziyalı xanımlarından biri, ömrünün müdriklik çağı olan, 70 yaşlı   Solmaz Quliyeva ilə müsahibəni təqdim edirik.

Qeyd edək ki, layihəmizin adındakı “kənd” sözü təkcə inzibati ərazi vahidini əks etdirmir, o həm də insanın mənəvi dünyasının vətəni rolunu oynayan bir termindir. Yəni, bu vətən ucqar dağ kəndi də ola bilər, dağların qoynunda yerləşən səfalı şəhərin geniş məhəllələri də...

Solmaz müəllimə 45 illik pedaqoji fəaliyyətinin 22 ilini ilk dünyəvi məktəb olan Şuşa 1 nömrəli orta məktəbində ibtidai sinif müəlliməsi kimi çalışıb. 1969-1992-ci illərdə bu şəhərdə pedaqoji fəaliyyətlə məşğul olan Solmaz müəllimənin ailəsi  Şuşanın işğalı ilə bağlı oradan məcburi köçkün düşüb.

Hazırda ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşan Solmaz müəllimədə əsl Qarabağ xanımlarına xas olan bir gözəllik, nəciblik, yüksək mədəniyyət və kübarlıq var. Solmaz xanım müsahibəsində bildirdi ki, o, xeyirxahlığı ilə zamanında iz qoymuş Süleyman bəyin nəslindəndir. Böyük Vətən müharibəsi veteranı olan, bir çox məsul vəzifələrdə çalışmış  atası Cəlal Quliyev də müdrik bir el ağsaqqalı kimi  insanlar arasında böyük nüfüz sahibi olmuşdur. Şuşasız keçən günlərini ömründən hesab etməyən bu xanımın Şuşayla bağlı xatirələri çoxdur..

 

- Şuşa İttifaq əhəmiyyətli kurort şəhəri idi. Onun gözəlliyi dillərdə gəzirdi. Şuşaya həmişə xarici ölkələrdən qonaqlar gəlirdi. O zamanlar Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri idi. SSRİ-nin müttəfiq respublikalarından bura nümayəndələr gəlir, müxtəlif konfranslar keçirirdilər. Onları istirahət, Azərbaycanın səfalı guşələrini göstərmək üçün Şuşaya gətirərdilər. Şuşanın mədəniyyət mərkəzinə çevrilməyində, gündən günə inkişaf etməyində bu, mühüm əhəmiyyət kəsb edirdi.

Şuşa elə o zamanlar da şəhər idi. Orada elm və təhsilin inkişafına, uşaqların yaxşı oxumasına xüsusi diqqət yetirilirdi. Burada əsl ziyalı mühit formalaşmışdı. Mən Şuşadakı 1 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi idim. Elə rəhbərlik etdiyim siniflərdə yaxşı oxuyan uşaqları da, öz övladlarımı da məktəbə ilk başladıqları illərdən xüsusi tədbirlərə cəlb edirdim. Şagirdim olan qızım Vəsilə hələ 7 yaşında idi, xarici qonaqların da iştirak etdiyi mötəbər tədbirlərdə çıxış edir, şeir söyləyirdi.

O zamanlar 7 noyabrda və 1 mayda nümayişə çıxırdılar. Onda bizim ən gözəl zamanlarımız idi. Uşaqları yığar, həmin tədbirlərə aparardıq. Uşaqlarda  şən əhval-ruhiyyə, müəllimlərdə isə məsuliyyət formalaşırdı. Məktəblilərimiz dərsdən sonrakı boş vaxtlarını səmərəli keçirirdi. İstedadlı uşaqları o zamanlar “Pionerlər evi” adlanan yerdə dərnəklərə cəlb edərdik. Onların gələcəkdə yaxşı bir musiqiçi, rəssam, şair, bədii qiraətçi kimi yetişməyində bu dərnəklərin müstəsna rolu olub.

“Biz Şuşanın dağlarında həm də əsl səmimiyyət  görmüşük”

- Mən belə düşünürəm ki,  biz əsl səmimiyyəti də o dağlarda  görmüşük. İndi hətta kəndlər də şəhərləşib, hərə öz evinə çəkilib. Biz o vaxtlar qohum-qonşularla isti münasibətdə idik, bir-birimizin evinə gedib-gəlirdik, pay aparırdıq. İndi kəndlərdə bayramlar qeyd olunarkən çox az insan qonaq gedir, qonaq qəbul edir, bir-birinə pay aparır.  O səmimiyyət azdır.

Müəllimənin məktəb xatirələri


- Əvvəldə də qeyd etdiyim kimi mən Azərbaycanın ən qocaman,adlı-sanlı təhsil ocaqlarından biri olan Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 nömrəli orta məktəbdə çalışmışam. Bu məktəbdə şəhərimizin digər məktəblərindəki kimi yüksək hazırlıqlı müəllim kontengenti fəaliyyət göstərirdi. Kollektivimiz çox gözəl insanlardan ibarət idi. Müəllimlərimiz, elə mən özüm də uşaqlara öz övladlarımız kimi baxırdıq. İnternatda işlədiyim illərdə də çox gözəl insanlıq nümunələri görmüşəm. Tərbiyəçilər azyaşlı uşaqları hər səhər siniflərə gətirib, ötürürdülər. Oradakı uşaqların əksəriyyəti kəndlərdən, ucqar bölgələrdən gələnlər idi. Bir dəfə sinifdə cərgələrin arasında gəzişərkən fikir verdim ki, uşaqlardan biri ayaqqabını corabsız geyinib. Qış ayları olduğuna görə, hiss etdim ki, o uşağa çox soyuqdur. Dözmədim. Evdən uşaqlara aldığım təzə corabları da, qış ayaqqabısını da  götürüb həmin uşağa apardım. Tənəffüs olanda, hər kəs bayıra çıxanda uşağın səndəllərini çıxarıb, isti corabı da, ayaqqabını da ona geyindirdim. İnanın, həmin an onun üzündəki, sevinc qarışıq təəccüblü baxışları unuda bilmirəm. Adı Lalə idi. Tapşırdım ki, hamıya deyərsən, bunu mənə atam alıb, səndəlini də saxla yaz gələndə geyinərsən.

Elə yadımdadır... Bir dəfə də oğlan şagirdlərimizdən biri dərsə gecikmişdi. Onun atası şəhərdəki müəssisələrin birində bağban işləyirdi. Qış ayları idi, qar yağırdı. Dərsin bitməsinə 15-20 dəqiqə qalmış qapı döyüldü. Bir də gördüm ki, İlqar ağappaq qara bürünmüş, bir əlində portfeli, digər üşümüş, əlcəksiz əlində tutduğu bir dəstə qönçə qızılgüllə içəri girdi. Dedi müəllimə, atamın yanına getmişdim, ondan xahiş etdim ki, gülləri mənə versin, sizin üçün gətirim. Əlindəki yenicə açmağa başlayan qönçələrin üstü qarlı idi. O anda anladım ki, bir müəllimə üçün dünyanın ən dəyərli hədiyyəsi elə şagirdlərinin bu cür diqqətidir.

 Bayramlarda, doğum günlərində, “8 mart”da  şagirdlər bizə ürək sözlərini yazdıqları açıqçalar verər, müəllimlərini  belə təbrik edərdilər. Şagirdlərimin mənə hazırladığı açıqcaları indi də saxlayıram. Neçə uşağın orada mənə olan arzuları var və mənim üçün hər şeydən qiymətlidir.   


Şuşalıların məşğuliyyəti

- Şuşa kurort tipli, ziyalı şəhər olsa da, orada bir çox sənaye müəssisələri, istehsal obyektləri də fəaliyyət göstərirdi. Artıq 1980-ci illərdən şəhərimiz daha da inkişaf edirdi. Təhsil sahəsinə xüsusi önəm verildiyinə görə, müxtəlif orta ixtisas təhsili müəssisələri – Tibb texnikumu, Kənd təsərrüfatı texnikumu, Musiqi texnikumu, Pedaqoji texnikum yaradılmışdı. Ətraf bölgələrdən olan gənclər də bu təhsil ocaqlarından yararlanırdılar. Oranı bitirən məzunların sorağı ən mötəbər yerlərdən gəlirdi. Azərbaycan Pedaqoji İnstitutunun fililalı da o zamanlar Şuşada idi. Şəhərimiz günü-gündən böyüyür, genişlənirdi. İnsanların əksəriyyətinin məşğuliyyəti, iş yerləri var idi. Şuşadakı müəssisələrdə minlərlə insan çalışırdı. Şuşanın inkişafı insanların məşğulluğunun təmin olunmasında xüsusi rol oynayırdı.

Şuşada 3 internat məktəbi var idi. Mən 1 il Şuşadakı internatda çalışmışam. Oranın şəraiti çox yüksək səviyyədə idi. Uşaqların geyimləri, qidalanması, asudə vaxtının dəyərləndirilməsi, yüksək səviyyədə təhsil alması xüsusi diqqət edilən məqamlar idi.

Tez-tez xəyalən Şuşaya gedirəm, ömrümün 44  ilinin keçdiyi küçələri, məhəllələri gəzirəm, xatirələrimi yadıma salıram. Dağların qoynunda yerləşən Şuşa bir dünya idi, bizim dünyamız. İnsan yaşa dolduqca öz doğulub, boya-başa çatdığı məmləkəti daha çox arzulayır. Hər dəqiqə düşünürsən ki, nəyi isə itirmisən, yarı hissən yoxdur.

“Şuşada tutduğum köhnə telefon kitabçasını tapdım”

- Keçən dəfə evimizdən köhnə əşyaların içərisindən telefon kitabçası tapdım. Şuşada tutduğum kitabça idi. Onu əlimə alan kimi necə həyəcan keçirdim, bir Allah bilir. Vərəqləri saralıb, kitabça xeyli köhnəlib. Di gəl ki, açanda bütün qohum-əqrəbanın, qonşuların, şagirdlərimin telefon nömrələri qeyd olunub. İlk olaraq, atamgilin ev telefonunu axtardım. Sonra öz telefon nömrəmiz gözümə sataşanda qəhər məni necə boğdusa... Bir anlıq fikrimdən keçdi ki, kaş bir möcüzə baş verəydi. O nömrələri yığanda, yenə də doğmalarım cavab verəydi...

Yay vaxtı Azərbaycanın bir sıra bölgələrinə gəzməyə gedirik. Haranı gəzsəm də, gözüm Şuşanı axtarır. Bizim şəhərimizin füsunkar təbiətinin, səfalı havasının yerini heç nə vermir. Şəhər yay aylarında daha çox toy-büsatlı olardı. Cıdır düzündəki möhtəşəm şənliklər, Natəvan bulağının yanı ilə üz tutan izdiham, yaşıllığa bürümüş yollar insanın yadından necə çıxar ki?!

Qeyd etdiyim kimi, Şuşada gəzməli-görməli yerlər çox idi. Orada yaşadığımız illərdə tez-tez uşaqları Cıdır düzünə, Çanaqqalaya, Natəvan bağına, saymaqla bitməyən digər səfalı yerlərə  gəzməyə aparardım. Yadımdadır, uşaqlara müxtəlif şirniyyatlar bişirirdim, termosla dolu çay hazırlayırdım. Şuşanın ən yüksək yerlərindən olan “Ərim gəldi” qayasına çıxardıq. Həmin qaya elə yerdədir ki, onun zirvəsindən baxanda Şuşaya, Xankəndinə və ətraf ərazilərə gedən yollar aydın görünür. O zamanlar uzaq səfərlərə, döyüşlərə gedən ərlərini gəlinlər həmin qayaya çıxıb, gözləyərmiş. El dilində ona görə adı “Ərim gəldi” qayası qalıb. İnanın, o dağlarda gül-çiçəyin ətri, havanın səfası elə  idi ki, sanki cənnətdəsən. Bizim əlimizdən cənnətimizi aldılar.

Hər gün arzulayıram ki, inşallah Şuşa qaytarılsın, heç olmasa ömrümün geri qalanını Şuşada keçirim, orada haqq dünyasına qovuşum.

Şuşanın küçələri...

- Hərdən öz-özümə düşünürəm ki, Şuşaya bir daha qayıtsam, ilk hara gedərəm? Elə bunu düşünə-düşünə ilk ağlıma gələn də “ata yolum” olur. Evimizdən çıxıb, atamgilin yaşadığı küçə ilə keçib, məktəbə gedirdim. Hərdən dərsdən qayıdanda uşaqları da özümlə evə gətirirdim. Ata evinə çatanda anam həmişə səsləyərdi ki, keçib getməyin, bəri gəlin. Anam bizim dərsdən çıxma vaxtımızı bilirdi, ən gözəl xörəkləri hazırlayırdı. Böyük aynəbəndimiz, mer-meyvə ağacları ilə, növbənöv çiçəklərlə dolu həyətimiz var idi. Atam təbiət vurğunu idi. Həyətimizdə əsl cənnət yaratmışdı. Oturub, orada yeyib-içərdik, söhbət edərdik.

İndi düşünürəm, ki, bir gün qayıtsam, o küçələrlə gedib, evimizin darvazasını açsam, nə görərəm? Bəlkə heç evimiz də yerində qalmayıb. Tamam yad bir yerə getmiş kimi, dəli olaram. Ancaq onunla təsəlli tapıram ki, doğmalarımı itirsəm də, vətənimə, torpağıma, od-ocağıma qovuşaram.

Yaz-qış uşaqları da yanıma alıb, məktəbə piyada gedirdim. Evimizlə məktəbin arasında xeyli piyada yol var idi. Amma o yolu getmək bizim üçün o qədər gözəl, maraqlı olurdu ki, məsafənin uzaqlığı gözümüzə görünmürdü. Hətta qışda – hər yer ağa bürünəndə də biz qarın üstndə piyada gedib-gəlirdik. Şuşa ağa bürünəndə nağıllara, yaşıllığa bürünəndə cənnətə bənzəyirdi. Şəhərimizin dumanı, çiskini də gözəl idi.

Hərdən şəhər həyatından usananda insan təmiz hava almaq, yaşıllığa, ağac dibinə, təbiətə getmək istəyir. Şuşa şəhərlə kəndi özündə birləşdirən bir sivilizasiya idi. Yaşıllığı, gözəlliyi, dağları-dərələri kəndi xatırladırdı, inkişafı, iri müəssisələri, insanların ziyalılığı, yaşayışı isə şəhər həyatını özündə əks etdirirdi.


Şuşanın bayramları

- Şuşada ən çox qeyd olunan bayram Novruz idi. El adətlərinə uyğun hər kəs kimi biz də Novruzda yumurta boyayır, tonqal qalayıb, üzərindən hoppanırdıq. İndi yazın gəlişi ilə bağlı informasiya insanlara çatdırılır. Televiziyada da səsləndirilir ki, filan gün, filan saatda Azərbaycana yaz fəsli daxil olur. Həmin illərdə isə biz yazın gəlişini xalq inanclarına, yaşlı insanların gözəyarı “hesablama”larına görə müəyyən edirdik. Uşaqlara çox maraqlı gəlirdi ki, yaz girəndə hava, təbiət, ətraf necə dəyişir. Bir il axır çərşənbədən sonra həyat yoldaşım bizi İsa bulağına apardı. Dedi ki, mən sizi aparacağam, yazı meşədə qarşılayasınız. Səhər saat 6 ərəfəsi idi, deyilənə görə yazın girməyinə təxmini 10 dəqiqə qalmışdı. Birdən-birə həqiqətən də təbiət göz önündə dəyişdi, hər şey necə canlandı, sanki suyun səsi də, yarpaqların rəngi də dəyişdi.  O gözəlliyi heç bir rəssam belə yarada bilməz.

Novruz bayramında qonşulara, yaxınlara xonçalar düzəldərdik. Uşaqlar sıraya düzülər, bayram xonçalarını aparardılar. Məhəllələrdə musiqi səsi, çal-çağır, deyib-gülmək, oynamaq bir-birinə qarışardı. Səhərə qədər şənliklərimiz davam edirdi. Uşaqlar da bayram günlərində səhərə qədər küçədə çalıb-oynayırdılar, onları evə gətirə bilmirdik.  Mart ayında hava soyuq olsa belə, onları qorxutmurdu. Küçədə hamının evinin qarşısında stol qoyular, üzərinə müxtəlif şirniyyatlar düzülərdi. Küçələrdən keçən hər kəs, Şuşanın qonaqları bu şirniyyatlardan dadardı.

Şuşada ənənəvi bayramlar, mahnı bayramı, “Vaqif” poeziya günləri keçirilirdi. Cıdır düzündə ən gözəl tədbirlər təşkil olunardı. Digər Türk ölkələrindən, SSRİ-nin müttəfiq respublikalarından qonaqlar yığılırdı. Biz də yığılırdıq, Cıdır düzünə, maraqla bu tədbirləri izləyirdik.
 

Uşaqların təhsili, asudə vaxtı

- 1 nömrəli orta məktəb Sovet dövründə Azərbaycanda ən çox sayılıb-seçilən məktəblərdən idi. Məktəbin şagirdləri çox fəal idilər. Şagirdlər müxtəlif tədbirlər keçirir, əhəmiyyətli ictimai fəaliyyətlə məşğul olurdular. Sovet dövründə “KVN” - “Şən hazırcavablar klubu” anlayışı populyar idi. Şuşa məktəbliləri isə hələ 9-10-cu siniflərdən məktəblərarası “şən hazırcavablar klubu” təşkil edirdilər. Tək şəhər daxilində deyil, vilayət və respublika səviyyəsində də o zamanlar “KVN” yarışları keçirilirdi.
 

Qarabağ mətbəxinin dadlı yeməkləri

- Şuşanın mətbəxi bir başqadır. Qarabağ mətbəxinin daxilində bizim özünəməxsus yeməklərimizin də adları çəkilir. Şuşanın bir növ brendi olan qırxbuğum aşı, şüyüdlü plovu çox gözəldir. Mən yayda marketlərin birində qırxbuğum bitkisini soruşdum. Hamı təəccüblə üzümə baxdı ki, elə bitki varmı? Qırxbuğum çox faydalı bir bitkidir, həm ondan dəmlənən çay, həm də müxtəlif yeməklərdə ədviyyat kimi istifadə olunması çox xeyirlidir. Şuşanın şüyüdlü aşının özəlliyi odur ki, içərisinə yumurta vururuq.

Başqa regionlarda yaşayan Qarabağ ailələri indi də bu mətbəxi yaşadırlar. Şuşada yarpaq dolmasının çox sayda növü var. Biz dolmanı moruq, heyva, qarağat, cökə, fındıq, əvəlik, ispanaq kimi bitkilərin yarpaqlarına da bükürdük.

Mənim rəhmətlik anam həmişə təndir çörəyi hazırlayırdı. Atam mağazalarda satılan çörəkdən heç vaxt yeməzdi. Bizim həyətimizdə yapılan təndir çörəyindən qonşulara da paylanardı. Anam həmişə deyərdi ki, bu təndirin iyi qonşulara gedir, onlar baxa-baxa biz evdə rahat çörəyimizi yeyə bilmərik. Özü əlində bir-bir qonşulara gedir, onlara təndir çörəyi verirdi.



“Şuşada hər kəs ziyalı idi”

- Şuşa qeyd etdiyim kimi, poeziya, mədəniyyət ocağıdır. Oradan neçə-neçə ziyalımız, alimlərimiz, incəsənət xadimlərimiz, tanınmış insanlar pərvazlanıblar. Hər ailədən ən azı bir nəfər görkəmli sənət adamı, musiqiçi, aktyor, ziyalı, həkim var. Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Validə Tutayuk, Süleyman Ələsgərov, Flora Kərimova, siyahısı bitib-tükənməyən neçə belə tanınmış insanlar şuşalıdır.

Şuşanın insanları çox mədəni, ziyalı idi. Sadə insanlar belə bir yerə yığışıb söhbət edəndə elmdən, təhsildən, gündəlik məşğuliyyətlərindən, qadınlar yemək reseptlərindən danışırdılar. Heç kim qeybət eləməzdi, kiminsə haqqında danışmırdılar, heç kim bir-birinin işinə qarışmırdı.

Övladlarımın da əsl ziyalı, vətənpərvər böyüməsinə çalışmışam. Üç övladım var. Böyük qızım Həmidə Əliyeva elm sahəsini seçib, alimdir. Kiçik qızım Vəsilə Xəlilova və oğlum Anar Xəlilov müxtəlif sahələrdə məsul işlərdə çalışırlar. Ən əsası isə xalqını, vətənini sevən, dövlətinə sadiq insanlardır.

Mən Bakıda müəllimə işlədiyim illərdə də Şuşa məktəbinin ab-havasını burada yaşadırdım. Şagirdlərimlə birlikdə poeziya günləri, müxtəlif tədbirlər, tamaşalar hazırlayırdıq.
 

“Hər kəs sanki muğam üstündə köklənmişdi”

- Şuşanın toyları maraqlı keçirdi. Şəhərimizdə “Səadət evi”, “Mərasim evi” fəaliyyət göstərirdi. Buna baxmayaraq, həyətində çadır qurub, toy edənlər, bunu xüsusi arzulayanlar da olurdu. Hətta Şuşanın 3-4 gün davam edən toyları olurdu. Hər kəs öz imkanına uyğun addım atırdı.

Şəhərimiz muğam beşiyi olduğu üçün toylarımızda da bütün musiqilərlə yanaşı, bir muğam dəstgahı da olurdu. Şuşada hər kəs sanki muğam üstündə köklənmişdi. Ümumiyyətlə, Qarabağ zonası musiqinin beşiyi olduğuna görə, buradan hər zaman çal-çağır, şənlik əskik olmurdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi