Modern.az

Marneulinin gürcü deputatı: “Heç bir azərbaycanlı iqtidara səs verməyə məcbur edilməyib” - MÜSAHİBƏ  

Marneulinin gürcü deputatı: “Heç bir azərbaycanlı iqtidara səs verməyə məcbur edilməyib” - MÜSAHİBƏ   

3 Dekabr 2018, 16:44

Tamaz Naveriani: “İndi gürcü məktəblərində şagirdlərin çoxunu azərbaycanlılar təşkil edir”

 

Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu” partiyasının üzvü Tamaz Naveriani Modern.az saytının Marneulidə olan əməkdaşına müsahibə verib.  Onunla söhbəti təqdim edirik:

 

- Soyadınız Kvemo-Kartli bölgəsinə deyil, daha çox şimalda yerləşən Svanetiya regionuna xasdır. Necə oldu Kvemo-Kartliyə köç etdiniz?

 

- Sualınıza cavab olaraq deməliyəm ki, 1987-ci ildə Svanetiyada təbii fəlakət baş verdi. Ailəmiz Kvemo-Kartliyə, Marneuli rayonuna köçməli oldu. Həmin vaxt mən Bakıda - Salyan kazarmasında hərbi xidmət keçirdim. Əsgərlikdən sonra birbaşa Bakıya köç etdim. O zaman da mən sevinirdim ki, azərbaycanlılar və gürcülər dost yaşayırlar. Əsrlərdir ki, Qafqazda yaşayan bu iki xalqın dostluğu qəlbimi isidir.

 

- Marneuli rayonunun 85%-i azərbaycanlılardan ibarətdir. Necə oldu ki, bu rayondan deputat seçildiniz?

 

- Əlavə etməliyik ki, ailəmiz idmançı ailəsidir. Bura köçəndən sonra da idmanı inkişaf etdirmək üçün çox işlər görmüşük. Sovet İttifaqı zamanı bölgədə fabrik-zavod çox idi. Və insanlar bir yerdə işləyirdilər. SSRİ dağılandan sonra situasiya dəyişdi. Qurulmuş sistem 90-cı illərdə dağıldı. İdmanla bağlı həmin illərdə inkişaf sıfır səviyyəsində idi. Amma qardaşımla bu sahədə inkişafa nail olduq. 1989-cu ildə qardaşımla birlikdə ilk dəfə Marneulidə cüdo qrupu yaratdıq. Sonra Qızılkörpülü, Qızılhacılı, Sadaxlı kəndlərində futbol, akrobatika, boks və s. idman bölmələri yaratdıq. Yerli bələdiyyədən idmana dəstək verməsinə nail olduq. Gördüyümüz işlər 30 ildir ki, davam edir və buna görə də yerli sakinlər mənə etimad göstərərək,  Marneulidən deputat seçdilər. Demokratik dövlət qururuq. Rayonumuz çoxmillətlidir. Burada azərbaycanlılar çoxluq təşkil edir, amma gürcü və digər xalqlar da yaşayır. Rayonda hamı bərabərhüquqludur və işlər ümumi maraqlar naminə görülür. Majoritar deputatların seçiciləri qəbul etmək üçün bürosu olur. Mənim büromun rəhbəri azərbaycanlı gənc Aqil Əmircanovdur. Bu milli dostluğumuzun ən böyük göstəricisidir. O, mənim bütün sənəd işlərimi, görüşlərimin planı hazırlayır. İnkişafa meyli olan hər kəsə milliyətindən asılı olmayaraq dəstək verir.

 

- Azərbaycanlılar həmişə iqtidara dəstək rolunu oynayıblar. Amma son seçkilərdə müxalifət namizədinə verilən səslər çox olub. Bu azərbaycanlıların mövcud iqtidardan narazılığı ilə əlaqəlidir,  yoxsa müxalifətin təşviqatı effektiv olub?

 

- İlk növbədə bu, ölkəmizin demokratik olmasının göstəricisidir. Biz keçmiş hakimiyyət kimi xalqı zorla özümüzə səs verməyə vadar etmirik. Heç bir azərbaycanlı iqtidara səs verməyə məcbur edilməyib. Bu ölkədə hər kəs müstəqil olaraq kimə səs verəcəyini özü seçir. Ola bilsin ki, biz gördüyümüz işi xalqa yaxşı göstərə bilmədik. Saakaşvili isə bir obyektin lentini 5 dəfə kəsərdi. Gördükləri kiçik işi uzun müddət reklam edərdilər. Biz əhaliyə düzgün məlumat verməyə çalışırıq. Keçmiş hakimiyyət xalqa 400 lariyə 400 lari verməyi planlaşdırırdı. Halbuki, indiki büdcə ilə bu, mümkün deyil. Xalqın keçmiş hakimiyyətin zorakılığı yadından çıxıb. Saakaşvili faktoru əhalinin kasıb təbəqələrini ümidləndirmişdi. Amma reallıq bundadır ki, müxalifətin dediyi quru sözdən başqa bir şey deyildi. Mən o fikirdən uzağam ki, azərbaycanlılar iqtidara səs verməyib. Çoxlu azərbaycanlı ilə görüşmüşəm və onların hər hansı siyasi məsələyə görə bizə səs vermədiyinə inanmıram, bunu qəbul etmirəm. Kutaisi, Kaxetiyada da seçkiləri uduzmuşuq. Halbuki, orada azərbaycanlılar çox azdır. Bu baxımdan azərbaycanlanlıların iqtidarı dəstəkləməməsi fikri doğru deyil. 

 


- 600 min Gürcüstan vətəndaşının borcu silindi. Müxalifət bunu “Gürcü arzusu”nun seçkini udmaq üçün atdığı qərar saydı. Sizcə seçki ərəfəsində bu addım nə qədər doğru idi?

- Əksinə, hazırki baş nazirimiz Georgi Baxtadze hələ mayda hökumətə bu planı təqdim etmişdi. Çətin vəziyyətdə olan vətəndaşların borcunun silinməsi üçün layihə hazırlanmışdı. Sadəcə, təsadüfdən layihənin bitməsi seçkilərlə üst-üstə düşdü. Amma qərar hələ yazda verilmişdi. Müxalifət də bunu o vaxtdan bilirdi. Əllərindən gələn yalanları danışdılar, milli söhbət də etmək istədilər, amma təxribatları baş tutmadı. Mənim üçün sevindirici haldır ki, cəmiyyətimiz tam demokratikləşib və seçkilər ədalətli şəkildə keçirilir. Amma müxalifətçi deputat Azər Süleymanov təxribatçı fəaliyyətlə məşğul olur.

 

- Salome Zurabişvili Gürcüstanın yeni prezidentidir. Onun Gürcüstan azərbaycanlıları ilə bağlı hansı planları var?

- Salome xanım prezident seçilməzdən öncə parlamentin deputatı olub. O, parlamentdə etnik azlıqların hüquqlarının qorunması, həyat səviyyəsinin artırılması üçün yeni qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Prezident azlıqların qorunması üçün yeni təşəbbüslərlə çıxış edəcək. Amma mili azlıq sözündən narazıyam, hamımız bu ölkənin nümayəndələriyik. Azərbaycanlılardan xahişim odur ki, gürcü dilini öyrənsinlər. Salome xanımın bir təşəbbüsü də Gürcüstandakı vətəndaşlıqla bağlı qanunu dəyişməsi oldu. Əvvəlki qanuna görə, başqa ölkənin vətəndaşlığını alan şəxs avtomatik olaraq Gürcüstan pasportunu itirirdi. Məhz Salome xanım buna qarşı çıxdı və Konstitusiyada dəyişikliyə nail olaraq, bu bəndi aradan götürdü. Həmin qanun bir çox gürcüstanlıya, o cümlədən Azərbaycan və Rusiya vətəndaşlığı alan şəxslərə də üstünlük verdi. Elzar Kvitsiani adlı müxalifətçi parlamentdə etnik gürcü anlayışının Konstitusiyaya daxil edilməsini istəmişdi. Bu qanun kimlərəsə gələcəkdə üstünlük verə bilərdi. Salome xanım bu təklifi darmadağın etdi və 2017-ci ildə bu kimi təklif verməyin demokratiyaya zidd olduğunu bəyan etdi. Salome xanımın babası Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparıb. O, vətənpərvər insanların ailəsində dünyaya gəlib. Fransada doğulmasına baxmayaraq, Salome xanımın ailəsində gürcü dilində danışırdılar.

 

- Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir. Amma Cavaxetiya regionu ilə müqayisə etsək, Kvemo-Kartlidə azərbaycanlıların siyasətdə təmsilçiliyi aşağı səviyyədədir. Bu nə ilə bağlıdır?

- Marneulidən 20 kilometr getsək, artıq Tbilisi başlayır. Burada gürcülər çox olur. Ətrafda gürcü yaşayış məskənləri var. Amma Cavaxetiya qapalı yerdi, nə gürcü var, nə də azərbaycanlı. Kvemo-Kartli isə inkişafda olan regiondur, azərbaycanlılar və gürcülər buranı inkişaf etdirir. Cavaxetiyaya getsəniz, orada heç nə görməzsiniz. Orada ancaq kartof var. Svanetiyanın özü də Cavaxetiyadan qat-qat yaxşıdır. Burada güclü inteqrasiya gedir, azərbaycanlılar və gürcülər yaxındır, xeyirdə-şərdə bir yerdədirlər. Amma Cavaxetiyada inteqrasiya yox səviyyəsindədir. İndi azərbaycanlı uşaqlar gürcü dilini öyrənirlər. 10 ildən sonra azərbaycanlıların gürcü siyasətində, yerli və ölkə rəhbərliyində təmsilçiliyi ilə bağlı heç bir problem olmayacaq. Azərbaycanlıların öz dəyərli Azərbaycan dillərini də unutdurmaq istəmirik.   

 

- Gürcüstan azərbaycanlılarının gürcü dilini öyrənməsi ilə yanaşı, Azərbaycan məktəblərində şagirdlərin sayı azalıb...

- Dil problemi Sovet İttifaqından qalan problemdir. Gürcülərin özləri də öz aralarında gürcücə zəif bilirdilər. Marneulidə Azərbaycan kəndlərində Azərbaycan, gürcü kəndlərində isə gürcü məktəbləri var. Marneulidə bir böyük gürcü məktəbi var ki, onun da şagirdlərinin böyük hissəsini azərbaycanlılar təşkil edir. Amma burada azərbaycanlı şagirdlər üçün heç bir təhlükə görmürəm. Mən onun tərəfdarıyam ki, azərbaycanlıllar həm öz dilini, həm də gürcü dilini bilsinlər. Bunun sayəsində onları işlə təmin edə bilərik.
 

- Bəzi məlumatlara görə, Azərbaycan Təhsil Nazirliyinin Gürcüstana göndərdiyi dil-ədəbiyyat kitabları pulsuz paylanmır, bazarlarda pulla satılır. Bu barədə nə deyə bilərsiniz?

- Biz kitab satışı hallarına imkan vermərik. Şəxsən özüm buna imkan vermərəm. Kitablar gəlir və dərhal nazirlik tərəfindən məktəblərə paylanır. Başqa cür ola da bilməz. Bu yaxınlarda Marneulidə yeni kitabxana istifadəyə verildi. Azərbaycan tərəfindən xahiş etdik ki, ora kitablar göndərsinlər. Deputat Əflatun Amaşovun da iştirak etdiyi tədbirdə həmin kitablar yeni kitabxanaya yerləşdirildi. İstəyimiz azərbaycanlıların həmin kitabları oxuması idi. Özüm-öz əllərimlə kitabları həmin kitabxanaya yerləşdirmişəm. Bu hadisə 1,5-2 il əvvəl olub. Və media nümayəndələrinin iştirakı ilə baş tutub.

 

- Növbəti sualım azərbaycanlı kənd adlarının dəyişdirilməsi ilə bağlıdır. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Bolnisinin bir sıra kəndlərinin adı gürcüləşdirildi. Məsələn, Faxralı Talaveri adlanır. Onlara tarixi adlarının geri qaytarılması mümkündürmü? Bu barədə müzakirələr gedib?

- Əslində bu məsələni qaldırmaq lazım deyil. Gürcüstanın heç bir yerində belə hallar olmayıb. Marneulidə bircə belə fakt yoxdur. Faxralının Talaveri adlanması isə faciə deyil. Qoy qalsın adı. Heç nəyi dəyişmək lazım deyil. Muğanlı həmişə mənim üçün Muğanlıdır, Qızılhacılı həmişə Qızılhacılıdır və s. Amma açığı, Faxralının Talaveri adlandığını bilmirdim. Biz həmişə ora Faxralı deyirik. Qoyun bu məsələ belə də qalsın. Çünki biz qardaşıq. Haradasa, bir kəndin adını dəyişiblər deyə, mövzu açmaq lazım deyil.

 


- Gürcüstan əhalisi 2002 və 2014-cü il arasında 15% azalıb. Həm gürcülər, həm də azərbaycanlılar, ermənilər, yunanlar azalıb.

- Gürcüstan çoxmillətli ölkədir. Yunanların Yunanıstanda, azərbaycanlıların Azərbaycanda, Türkiyədə qohumları var. Gürcülər Rusiyaya, Avropaya köçür. Bu inkişaf göstəricisidir. Kimə harada yaxşıdırsa, ora da köçür. Kimsə təhsil almağa gedir, kimsə işləməyə. Mən də istərdim ki, bir az Bakıda, bir az da Parisdə yaşayım. Gürcüstan Qafqazın ortasındadır, çıxışlar çoxdur, ona görə də burada miqrasiya prosesləri çox hiss olunur. Hər şey əladır.

 

- 20 ildən sonra Gürcüstanın gələcəyini necə görürsünüz?

- Gürcüstanın gözəl gələcəyi var. Ölkəmiz tranzit ölkədir və Qafqazın tam ortasında qərarlaşıb. Gürcüstanın da, Azərbaycanın da gələcəyi işıqlı olacaq. II İraklinin hələ XVIII ərdə ən etibarlı silahdaşı Xudu Borçalı olub. Onun qəhrəmanlığı, sadiqliyi Gürcüstan-Azərbaycan dostluğunu gücləndirib. Arzum var ki, rayonumuzda Xudu Borçalı ilə II İraklinin heykəlini qoyaq. Bu, xalqlarımız arasında dostluğun simvolu olacaq.    

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir