Modern.az

Nurəddin Kazımov son mənzilə yola salındı

Nurəddin Kazımov son mənzilə yola salındı

7 Dekabr 2018, 16:40

Dekabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) ötən gün dünyasını dəyişən pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, vida mərasimində ADU-nun rektoru akademik Kamal Abdulla, universitetin professor-müəllim heyəti, görkəmli dövlət xadimləri, mərhumun yaxınları, ailə üzvləri, sənət yoldaşları iştirak ediblər.

Rektor Kamal Abdulla bu gün universitetdə hüznlü gün olduğunu söyləyib: “Azərbaycan elmi, pedaqogikası, mədəniyyəti böyük itki ilə üzləşib. Ölkə rəhbərinin bilavasitə tövsiyəsi ilə Nurəddin Kazımovun cənazəsini universitetdən qaldırırıq. Biz bu gün əziz, sevimli dostumuz, müəllimimiz, universitetdə uzun illərdən bəri kafedra müdiri kimi çalışmış Nurəddin müəllimi son mənzilə yola salırıq”. N.Kazımovun ləyaqət, şərəf, həqiqi pedaqoq etalonu olduğunu deyən rektor deyib ki, onunla çiyin-çiyinə çalışan şəxslər professorun böyük ürək sahibi olduğunu, müdriklik nümayiş etdirdiyini hər zaman qeyd ediblər: “Nurəddin Kazımovu tanıyan hər bir insanın həyatında öz izini qoya bilmiş insandır. müdrik məsləhətləri, elmi yaradıcılıqlarına verdiyi dəstəklə hamının məhəbbət və sədaqətini qazanmışdır”. Rektor K.Abdulla N.Kazımovu universitetdə çalışdığı illərdən tanıdığını deyib: “Nurəddin müəllim son dərəcədə peşəkar insan idi. Təkcə pedaqogika elminin sirrlərinə deyil, eyni zamanda həyat sirrlərinə bələd insan kimi həmişə öz məsləhətləri ilə bizim köməyimizə gələrdi, öz sözləri ilə istənilən məclisi rövnəqləndirərdi. Nurəddin müəllim öz varlığı ilə həm tələbələri, həm həmkarları arasında öz sözünü deyən və öz sözü ilə bu gün də yaşayan, sabah da yaşayacaq alimlərimizdəndir”. N.Kazımovun əməkdar elm xadimi, dövlət mükafatçısı olduğunu deyən rektor onu sevən insanların xatirəsində yaşayacağını, universitetin divarlarının həmişə onu xatırlayacağını sözlərinə əlavə edib. K.Abdulla ata-ananın yaşının olmadığını deyib: “Uzun və şərəfli ömür yaşayan insanın yaşı əbədiyyət qədərdir”. K.Abdulla universitetdə N.Kazımovun obrazının, şəxsiyyətinin əbədiləşdirilməsi üçün mühüm addımlar atılacağını qeyd edib.

Tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, professor Fərahim Sadıqov, respublikanın Əməkdar artisti Ağalar Bayramov N.Kazımovun yaratdığı dəyərlər, yaşadığı şərəfli ömür yolu, elmi fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Mərhumun oğlu Araz Kazımov, öz növbəsində N.Kazımovun oğlu olması ilə fəxr etdiyini söyləyib. Mərasimin təşkilində diqqət göstərən hər kəsə təşəkkürünü bildirib.

Mərasimdən sonra professor Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nurəddin Kazımov 500-dən çox əsərin: monoqrafiyaların, kitab və kitabçaların, dərslik və dərs vəsaitlərinin müəllifi olub. O, 1982-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır