Modern.az

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

11 Dekabr 2018, 13:17

Əli Zülfüqaroğlu



Fransada baş verən olayları sosial məsələlər üzərindən analiz etməyin yanlış olduğunu, proseslərin qlobal xarakterli olmasını və arxasında Vaşinqtonun dayanmasını yazmışdıq. Baş verənlər fonunda müşahidə olunan açıqlamalar dediklərimizi təsdiqləyir. Bir daha qeyd edək, Fransada baş verən olaylar Türkiyədəki “Gəzi hadisələri”nin, eyni zamanda,15 iyul dövlət çevrilişinə cəhdin davamıdır və görünən odur ki, proseslər dünyanın müxtəlif yerlərində hələ uzun müddət davam edəcək.

Diqqət çəkən son məqamlar nədən ibarətdir?

ABŞ prezidenti Donald Tramp Fransadakı aksiyalar barədə Tvitter hesabında yazıb: İnsanlar ətrafı qorumaq üçün üçüncü dünya ölkələrinə böyük məbləğ ödəmək istəmirlər. Fransanın bütün bölgələrini etiraz aksiyaları bürüyüb. “Trampı istəyirik” şüarları səsləndirirlər. Fransanı sevirəm”.

Tramp həmçinin Avropa Ordusu ideyasını da hədəf alıb: “Avropa Ordusu fikri birinci və ikinci dünya müharibələrində bir nəticə vermədi. Amma ABŞ sizə dəstək oldu və hər zaman olacaq. Sizdən istədiyimiz yeganə şey payınıza düşəni NATO-ya ödəmənizdir”.Tramp Almaniyanı da unutmayıb: “Avropanı qorumaq üçün ABŞ daha çox, milli gəlirin yüzdə 4-nü ödəyərkən Almaniya yalnız yüzdə 1-lə kifayətlənir. Bu ədalətli deyil”.

Aksiyada “Trampı istəyirik” ifadəsi ümumiyyətlə varmı?  Səsləndirilən tələblərin Trampla nə əlaqəsi? Bu o deməkdir ki, səsləndirilən tələblər sadəcə, bəhanədir və əsl səbəblər başqadır. Belə olan halda Tramp demək istəyir ki, işimiz Fransa hökuməti ilədir, aksiyaya dəstək veririk və Vaşinqton Avropadan vaz keçməyəcək.

Avropa İttifaqı ordusu ilə bağlı açıqlamaya gəlincə, bu o anlama gəlir ki, bu qurumla bağlı səsləndirilən fikirlər ciddi mərhələdədir, 2018-ci il ərzində Vaşinqton-Avropa İttifaqı arasında aparılan danışıqlar nəticəsiz qalıb və ABŞ son həmlə olaraq iğtişaşlara rəvac verib.

Fransa xüsusi təyinatlılarının Avropa İttifaqının ofislərini daha ciddi şəkildə qoruması da prosesi aydınladan və diqqətçəkən məqamlardandır.

 

Rəsmi Parisdən Trampa sərt təpki: burnunu soxma

 

Fransa hökumətinin cavabı da deyilənləri təsdiqləyir. Fransa hökuməti Trampın Parisdə keçirilən “Sarı jiletlilər” aksiyası ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Rəsmi Paris Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb: “Tramp Fransanın siyasətinə burnunu soxmamalıdır”.

Qeyd edək ki, bir müddət öncə “The Washington Post” qəzeti Tramp-Makron görüşməsi ilə bağlı maraqlı detal açıqlamışdı. Qəzetin iddiasına görə, görüşdə Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqının  tərkibindən çıxmağı təklif edib. Əvəzində isə Avropa İttifaqından çıxacaq 5-ci ölkə olaraq ona gəlirli ticarət müqaviləsi vəd edib.
Avropadakı rəsmi mənbəyə istinad edən qəzetin yazdığına görə, bu il aprelin 24-də Ağ Evdə aparılan özəl söhbət zamanı iki ölkənin prezidentləri ticarət məsələlərini müzakirə ediblər. Həmin vaxt Tramp Fransa prezidentinə belə bir sualla müraciət edib: “Niyə Avropa İttifaqından çıxmırsız?” Ağ Ev rəhbəri bunun qarşılığında Makrona Avropa İttifaqının şərtlərindən daha əlverişli və gəlirli ticarət anlaşması təklif edib.

Onu da əlavə edək ki, 2018-ci ilin mart ayında Tramp Administrasiyası Birləşmiş Ştatlara polad və alüminium göndərən bütün ölkələr üçün bu məhsullara tətbiq edilən idxal vergisini müvafiq olaraq 25 və 10 faiz artırıb. Bunun qarşılığında Avropa İttifaqı ölkələri Amerika mallarına tətbiq etdiyi idxal vergisini 25 faizə qaldırıb. Nəticədə ABŞ-ın idxal məhsullarına tətbiq olunan verginin miqdarı 2,8 milyard avro təşkil edib.
Nəzərdən qaçırmayaq ki, sosial tələblərlə başlayan aksiyalarda artıq “Makron istefa” şüarları ilə davam edir...

Bütün bu faktlar iğtişaşların haradan qaynaqlandığını və əsl səbəbləri ortaya qoyur. Öncəki yazımızda da qeyd etdiyimiz kimi, qarşıdurma qlobal sərmayənin önəmli isimlərindən olan Rotşildlərlə  yevangelist Amerikası arasında dünyanın bölüşdürülməsi uğurunda gedir. Yeni dünya düzəni qurulur. Yeni dünya düzənində heç nə əvvəlki kimi olmayacaq. Dövlətlər uzaq perspektivə hesablanan strateji hədəflər baxımından yer alacaqları mövqeləri müəyyənləşdirməklə öz maraqlarını təmin etməyə çalışırlar...

 

Ərdoğan nə demək istəyir?

 

Digər bir maraqlı məqam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olaylarla bağlı verdiyi açıqlamadır: “Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı səsini çıxarmayan Fransa başda olmaqla Avropa ölkələri indi cəzalarını çəkirlər”.

Xatırladaq ki, o zaman Türkiyə hökuməti 15 iyul çevrilişə cəhdin arxasında Vaşinqtonun dayandığını açıq formada ifadə etmişdi.

Bu açıqlamadan da belə çıxır ki, proseslər eyni mərkəzdən idarə olunur. Hədəflər eyni olduğu halda, hansısa ölkə Vaşinqton tərəfindən qarışdırıldığı zaman digərləri səssiz qalmamalıdır. Bu proses bütün ölkələrin qapısını döyə bilər.

 

Transmilli KİV-dən Avropa İttifaqına dəstək

 

Bütün bunları daha aydın görməyimiz üçün transmilli KİV-in Paris olaylarında məsələyə yanaşma tərzinə nəzər yetirmək lazımdır. CNN və BBC Parisdə baş vürən qarşıdurma və polis zorakılığı ilə bağlı məsələnin üstündən keçir və iğtişaşların pik nöqtəsində belə canlı yayım vermir.

Bu da CNN və BBC-nin sahiblərinin Avropa İttifaqının yanında olduğu anlamına gəlir. Xatırladaq ki, Tramp CNN-in əməkdaşları ilə dəfələrlə mübahisə edib ki, bu təsadüfi deyil və gerçək səbəbləri var. Bu yaxınlarda da belə bir olayın şahidi olmuşduq. Tramp CNN-in əməkdaşının sualını cavablandırmaq əvəzinə onun sözünü kəsərək, sərt formada ona xəbərdarlıq edir və zalı tərk etməsini tələb edir. Bundan sonra isə akkreditasiyasını ləğv etdirir.

Digər tərəfdən, CNN türk Tükiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə dövlətinin yanında yer alır.

 

“Bu problemlər dünəndən qalmayıb, 40 ildir ki, var”

 

Görünən odur ki, Paris olayları bu günə dayanan məsələ deyil. Uzun müddət davam edən proseslərin nəticəsidir. Vaşinqton Avropa İttifaqını Rotşildlərin təsirindən çıxarmaq üçün çalışır və bunun üçün aparılan danışıqlar nəticəsiz qaldığından Fransa başda olmaqla Avropanı qarışdırmaqla cəza metodunu işə salır.

Maraqlıdır, Makron buradan necə çıxacaq, stabilliyi və sürətlə düşən reytinqini bərpa edə biləcəkmi?

Bunun üçün isə optimal variant Türkiyə təcrübəsi idi – yəni pərdəarxası məqamları açıq müstəviyə daşımaqla xalqa gerçəkləri anlatmaq.

Türkiyədə prezident Ərdoğan dövlət çevrilişinə cəhdin arxasında Pentaqonun dayanmasını xalqa çatdıra bilmişdi. Bununla da baş verənləri anlayan xalq dövlətin yanında yer almışdı. Beləliklə də Vaşinqton Türkiyədə biabırçı formada uduzmuşdu.

Təbii ki, Makron Ərdoğan deyil. Xarizma və liderlik keyfiyyətlərinə görə müqayisə olunacaq səviyyəyə gəlməz. Eyni zamanda türk milləti ilə franszılar arasında düşüncə baxımından çox ciddi fərqlər mövcuddur.

Makron isə cəsarətiz siyasət yürütdü və bu gedişlə aksiyanı yatırmağa cəhd etdi. Aksiyaçıların tələblərinin doğru olduğunu deyən Makron eyni zamanda dolayısı ilə bunun məsuliyyətinin ona aid olmadığını da vurğuladı: “Xalqın çarəsizliyini anlayıram. Amma şiddət qəbul edilə bilməz. Bu problemlər dünəndən qalmayıb, 40 ildir ki, var”.

Makron “40 il bundan öncə də eyni vəziyyət var idi” deməklə aksiyanın əsassız olduğunu deməyə çalışır. Aksiyaçılarla görüşündən sonra mediaya yalnız detallardan  - bəhanə xarakterli tələblərdən danışan Makronun bu addımının stabilliyin bərpasına yetərli olacağı inandırıcı deyil. Kütlənin əksəriyyəti prosesin arxasında kimin olmasından xəbərsizdir. Görünən odur ki, Türkiyə təcrübəsinə cəsarət etməyən Makron daha sərt müdaxiləyə ehtiyac duyacaq ki, bu da onun reytinqinə ciddi zərbə vuracaq. Bu isə Makronun arxasındakı gücün seçkilərdə Makronu növbəti namizədlə dəyişməsinə gətirib çıxara bilər.

İstənilən halda qlobal maraqların sahibləri öz mövqelərində qərarlıdırlar, geri çəkilmək müzakirə mövzusu deyil. Bu isə o anlama gəlir ki, qlobal qarşıdurma davamlı olacaq və bu digər ölkələrdə də müxtəlif formada təzahür edəcək...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı