22 mart 2019, Cümə
Ana Səhifə - REPORTAJ - Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - LAYİHƏ + FOTOLAR  
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - LAYİHƏ + FOTOLAR   +
12.12.2018, 08:30

Özü bizimlə söhbətində dönə-dönə qeyd etdi ki,  yeniyetməlik dövrü ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəlinə təsadüf edib. O imperiyanın (SSRİ) qürubunda böyümüş, əsrdən əsrə hazırlıqsız adlamış, Qarabağ savaşının atəşkəsi imzalananda orta məktəbə əlvida demiş, Naxçıvanda blokada şəraitində yaşamış, kənd gecəsinin qaranlığından İranda yanan işıqlara, Araza həsrətlə baxan,  haradasa zamanda, tarixin dolaylarında itirilmiş nəslin nümayəndəsidir.

Modern.az-da “Mənim kəndim” layihəsinin budəfəki qonağı jurnalist, “Konstitusiya”  Araşdırmalar Fondunun icraçı direktoru Zaur İbrahimlidir. O doğulub, boya-başa çatdığı Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun, Qarabağlar kəndindən danışıb. Gəlin, 35-40 il əvvəllə - Zaur İbrahimlinin uşaqlıq illərinə birlikdə yollanaq.


- Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndi qədim tarixə malik olan yaşayış məntəqəsidir. Bizim kənddə ərazisi 40 hektar olan Qalacıq adlı qədim yaşayış məskəni var. Bu, e.ə. tunc və dəmir dövrünə aid olan böyük arxeoloji sahədir. Tarixçilərimizin araşdırmasına görə, bu, Cənubi Qafqazda ən böyük arxoloji sahəyə malik qədim yaşayış ərazisidir. 1934-cü ildən orada arxeoloqlar işləyib, çoxlu arxeoloji materiallar tapıblar.

Biz uşaqlıqdan həmin Qalacıqda çox oynamışıq. Saxsı qablar, qədim əşyaların qalıqlarını, hətta bəxti gətirənlər gümüş pullar tapırdılar. Hər kəndin tarixçəsində “keçmişdə filankəs bir küpə qızıl tapıb” ifadəsi olur. Bizim kənddə də deyilənə görə, keçmişdə Qalacıqdan tək-tək qızıl, gümüş pullar tapanlar oub. Orada istənilən yeri qazsan, tarixi divarların qalıqlarına, saxsı qablara, əşyalara rast gəlmək olar. 

“... təəccüblə sual verirlər: “Kərbalayının kəndindənsən?””

- Kəndimiz orta əsrlərdə Azərbaycanın böyük şəhərlərindən biri olub. Bunu bizim tarixçilərimizlə bərabər məşhur türk səyyahı Övliya Çələbi də təsdiqləyib. O, Azərbaycan ərazisinə ilk səfərində bizim kənddən keçib və “Səyahətnamə” əsərindı təsvir edib. Səyyahın yazdığına görə, iri şəhərlərdən biri olan Qarabağların 50 min əhalisi olub. Şəhərdə 40 məscid var imiş. Onun qeydlərində Qarabağlarla bağlı ən maraqlı hissə bağbanın hədiyyəsidir. Övliya Çələbi ürəkdolusu söhbət açır: “Allaha həmd olsun, bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub, atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək, yerinə düşər. Elçi ilə bir bağı gəzərkən Yəzdan Qulu adlı bir bağban iyirmi altı cür şirəli armud gətirdi... Armudlar elə dadlı və şirəlidir ki, suyu yeyənin üzərinə, əlbəttə, nabat şərbəti kimi tökülər... Böyük bazarlarında pak və pakizə işçilərinin bişirdiyi cürbəcür Rəvan düyüsündən plovlar və hərisəsi, sanki sifr kimi ləziz və xoş ətirlidir. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”.

Kəndimizin adı da maraqlıdır. Azərbaycan araşdırmaçılarının fikrincə, “qara” – böyük, əzəmətli, “bağ” isə insan məskəni mənasını verir. Eyni zamanda Qarabağlar Kəngərli tayfasının Qarabağ tirəsinin məskunlaşdığı yerdir. Güman ki, kəndimizin adı buradan da qaynaqlanır.  Budaq Budaqov və Qeybulla Qeybullayevin yazdıqlarına görə, hələ 1590-cı ildə Rəvan əyalətinin Vedi və Ağcaqala nahiyələrində Aşağı Qarabağlar, Yuxarı Qarabağlar, 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində Qarabağ, 1828-1832-ci illərdə İrəvan xanlığı və Vedi rayonunda Qarabağlar, eləcə də XIX əsrdə Cənubi Qafqazda 5 Qarabağlar adlı kənd var imiş. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan Naxçıvandan Kəngərlilərin Qarabağlar tirəsindən bir sıra ailələri Qarabağa köçürmüş, orada Pirhəsənli, Qızıllı və Xoruzlu qollarına ayrılan bu tayfanın tirələri Quba, Dəvəçi, Göyçay və başqa ərazilərə də yayılmışdır. Mən həmişə Qarabağlardan olduğumu deyəndə təəccüblə sual verirlər: “Kərbalayının kəndindənsən?”. Hər dəfə deyirəm ki,  “yox, o başqa Qarabağlardır, Qərbi Azərbaycanda yerləşir”.

Kəndimizi bütün dünyda tanıdan isə Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından Qarabağlar Türbə Komplkesidir. Qarabağlar Türbə Kompleksinin xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyini, dünya əhəmiyyətli abidə olmasını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq kompleks təmir olunub. Türbə Kompleksi göstərir ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olub. Türbə Kompleksində hər bir abidənin özünəməxsus yeri, mövqeyi və tarixi əhəmiyyəti var. Qarabağlar Türbə Kompleksi təkcə Azərbaycanın deyil, Ön Asiyanın memarlıq incilərindəndir. Qarabağlar türbəsi Elxanilər sülaləsindən olan yeddinci vəliəhd Sultan Əhmədin ölümündən sonra onun anası Cahan Quti xatının əmri ilə tikilib. Həmin dövrdə dövlətə rəhbərlik edən Quti xatın ölümündən sonra bu məqbərədə dəfn olunub. Mənbələrdə adı Quti, Qudi, Qutuy xatın şəklində anılan Quti xatın tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə “Çox ağıllı və bacarıqlı olub, sarayda yüksək mövqe tuturdu”. Quti xatın qısa müddətdə olsa da, oğlu Sultan Əhmədin hakimiyyəti illərində, 1382-1384-cü illər arasında dövləti özü idarə etmişdi. O, böyük hörmət və nüfuzunu sonralar da saxlamışdı. Görünür, Abaqa xanın Quti xatın üçün ayırdığı yerlər içərisində Qarabağlar şəhəri də olub. 

“Qarabağlar əhalisi indi də tarixi qədimliyini, inanclarını saxlayır”


11-ci B sinfi

- Kəndimizdə Asnı piri, Asnı bulağı deyilən bulaq var. Bulağın mənbəyində, üst hissəsində isə həmərsun – itburnu kolları var. Kəndin inanclarına görə, niyyət edib, o kollara parça, lent bağlayanlar dilədiyinə çatarmış. Hələ də qızlar, gəlinlər niyyət edib, kol budaqlarına rəngli parçalar bağlayırlar. Rəngbərəng, günün, yağışın altında solmuş kiçik lentlər kol budaqlarından sallandıqca xoş bir mənzərə yaranır.


Əfsаnələrin birində dеyilir ki, Asnı dağındakı bulağın suyu Göyçə gölünün suları ilə əlaqədardır. Keçmiş vaxtlarda uzaq Göyçə mahalından gəlmiş bir tacir karvan ilə daşduz aparmaq üçün Qalaçıq şəhərindəki (indiki Qarabağlar kəndi) bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əlağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş bir hadisəni xatırlayır. Bir zamanlar Göyçə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilir və tacir sudan çətinliklə üzüb çıxır. O, hadisədən sonra suda batan mallarından çox, qaraağacdan yonulmuş naxışlı əlağacının suda batmasına heyifsilənir. Tacir əlağacını özününkü olduğunu sübut edib qalaçıqlı şəxsdən almaq üçün yivli baş hissəsini burub açır və içərisində gizlətdiyi qızıl sikkə­ləri yerə tökür. Camaat təəccüblənərək tacirin əlağacı ilə qızıllarını özünə qaytarır. Tacir isə halallıq kimi qızılların yarısını itmiş əlağacı­nı tapan şəxsə verərək onu haradan tapdığını soruşur. Ağacı tapan şəxs Allaha şükür edərək, əlağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Həmin əhvalatı eşidən qalaçıqlılar (qarabağlarlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib, oranı ziyarətgaha çevirirlər. Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan verir.

Asnı bulağından əlavə Asnı piri deyilən ərazi də var. Kənd camaatı, müxtəlif bölgələrdən gələnlər  orada yığılıb, qurban kəsir, niyyət edirlər. Əhalinin inandığı müxtəlif qədim inanclar var. Məsələn, həmin piri ziyarət edərkən daşı bir-birinə yapışdırmağa çalışırlar, əgər tutarsa, deməli niyyətin qəbul olacaq.

“Ocaq yeri”ndən danışmaq istəyirəm.  “Ocaq dibi”, yaxud “Ocaq yeri”  adlı qəbiristanlıqda üç sərdabə tipli “imamzada” kompleksi var. Kəndimizdə yerləşən bu ərazidə insanlar hər il Novruz bayramında yığışırlar. Orada şam yandırırdılar, niyyət edib, dualar oxuyurdular. Əhali ürəyində olan niyyətini hər il yaz bayramında orada dilinə gətirir.  Burada da qədim türk və islam inanclarının sintezini müşahidə edirik.


Qarabağlar Naxçıvanda dördüncü böyük kənddir. Kəndimizin məişəti, evlərin inşası qaydaları şəhər mədəniyyətinə uyğunlaşıb. Ümumiyyətlə, kənd son illər xeyli müasirləşib və hətta müəyyən qədər şəhərləşib. Texnologiyanın inkişafı, internetin hətta ucqar, dağaətəyi ərazilərdə belə əlçatan olması isə məkan anlayışını tamamilə dəyişib. Yəni şəhərdə olduğu kimi, kənddə də istədiyimiz şəkildə texnologiyadan istifadə edə, informasiya ala bilirik. Ona görə, kənd, şəhər anlayışları bir-birindən o qədər də fərqlənməməyə başlayıb. 

“Kəndə gedəndə, hələ də anam məni birinci yaşlıların yanına aparır”

- Qarabağlarda yaşayan zaman evdən çıxıb, yol gedəndə qarşımıza çıxan hər kəsə salam veririk. Bu sanki bir qayda-qanundur. Hətta indinin özündə belə, mən kəndə gedəndə anam məni yaşlı sakinlərin, sonra isə qonşuların yanına hal-əhval tutmağa aparır. Bakıda yaşayan, kəndlə əlaqəsini kəsməyən şəxslərə çox yaxşı münasibət var. Uzaq qohumlar eşidəndə ki, mən kənddəyəm, gəlib baş çəkirlər, hal-əhval tuturlar. Məncə, bütün kəndlərdə belədir. O dəyərlər hələ də qalır. Qonaqpərvərlik, insanların bir-biri ilə xoş münasibəti, qayğıkeşliyi kənd camaatının gündəlik həyat tərzidir.

Bizim yeniyetməliyik dövrümiz ötən sərin 80-ci illərin sonu-90-cı illərin əvvəllərinə təsadüf edib. O zamanlar kənddən baxanda, Bakı, Naxçıvan, Gəncə kimi iri şəhərlər bizim üçün çox əlçatmaz görünürdü. İndiki dövrdə isə kənddə yaşayanların çoxu rahatlıqla bu şəhərlərə gedə bilərlər. Biz uşaqlıqda Naxçıvana ən çoxu ildə iki dəfə gedirdik. Hətta o zaman düşünürdük ki, biz uşağıq şəhərdə nə işimiz var?


“Uşaqlığım sakit, qaydasında keçib”


13 yaşlı mən

- Ailədə iki qardaş, bir bacıyıq. Adətən, kənddə böyüyən uşaqlar nadinc, davakar, hər şeylə maraqlanan olurlar. Mən daha çox oxumaqla vaxt keçirirdim, dava-dalaş mənlik deyildi. Bunun da səbəbi odur ki, mənim özümdən böyük əmim oğlanları var idi. Onlar cavanlıqda kəndin ən davakar oğlanları sayılırdı. Biz isə nadinclikdə, dalaşqanlıqda, ərköyünlükdə həmişə onların kölgəsində qalmışıq.

Atam, İbrahim kişi veterinar-həkim olub. Müxtəlif vəzifələrdə çalışıb. Ən çox yaddaşımda qalan vaxtlar isə onun Naxçıvandakı ancaq ermənilərin yaşadığı bir kəndin kolxoz direktoru olduğudur. Naxçıvanda ermənilərin kompakt yaşadığı iki kənd var idi. İndiki Çalxanqalada - keçmiş adı Əznəbird idi - atam işləyirdi. O zaman ermənilərlə ünsiyyət, onlarla birlikdə yaylağa qalxmaq bizə fərqli gəlirdi. Uşaq idik, ermənilərin fitnələrindən xəbərsiz idik. Halbuki, nənəm Şəhrəbanu ermənilərə nifrət edirdi. Atamın həmin kənddə işlədiyi illərdə erməni sürücüsü vardı. O atamla birlikdə bizə gəlirdi. Nənəm isə onun qapıdan evimizə keçməsinə imkan vermirdi. Deyirdi ki, həmin erməni evimizi murdarlayar.


Şəhrəbanu nənəmin ermənilərə nifrətinin səbəbi XX əsrin əvvəlində düşmənin azərbaycanlılara qarşı törətdiyi qırğınları görməsi idi. O, həmişə bizə danışırdı ki, 1905-06-cı illərdə ermənilər soyqırımı törədəndə canını qurtarmaq istəyən əhali min əzabla Araz çayını üzüb, İran ərazisinə keçib. O, atın quyruğundan tutub, üzərək çayı necə keçdiyini yadına salırdı. Ona görə, Şəhrəbanu nənəm ölənə qədər ermənilərin xalqımıza qarşı qırğınlarını unutmamışdı. 

Kəndimizdə məhələ, tayfalar bölgüsü də var. Əsas qədim məhəllələr Bəydilli, Ağasənni (Ağasənli), Cığallı (Çığaloğulları), Daş məhəllə, Süleymanlı, Əlməhətdi (Almədədli) adlandırılır. Qalanları sonradan adlandırılmış tayfa, nəsil adlarıdır: Hacı Baxşəlilər, Tağıllar (Tağılılar), Gülüşdülər, Tatdar (Tatlar), Turapxannılar (Turabxanlılar), Halıxverdilər (Haqverdilər) və s. Biz İbrahimovlar, Hüseynquliyevlər, Əlməhətdi (Almədədli) tayfasına məxsusuq. Nəsə bir səhv hərəkətimiz olanda, zaraftla deyirlər ki,  “Əlməhətdidi də...”.
Kəndimizin ziyalılarından Fazil müəllim “Feysbuk” sosial şəbəkəsində “Qarabağlar” qrupu yaradıb.  Bu çox marağa səbəb olub, insanlar köhnə şəkilləri, xatirələri, yeni məlumatları bölüşürlər.  Müzakirələrdən görünür ki,  insanlar, xüsusən gənclər soykökü, şəcərə ilə bağlı məlumatları maraqla öyrənirlər. 

“Kəndimizin kitabxanasında çox kitab oxumuşam”

- Mənim əmim oğlanlarından biri, Vahid müəllim uzun müddət kəndimizdə yerləşən Mədəniyyət evinin rəhbəri idi. Ona görə, Mədəniyyət evinə, oranın kitabxanasına tez-tez gedib-gəlirdim. 5-6-cı sinifdən kitabxananın ən fəal üzvü idim və demək olar, oradakı kitabların çoxunu tələbə olana qədər oxumuşdum. Mütaliədən zövq alırdım, öyrənməyə  çox həvəsim var idi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənə “gəl, dərsini oxu” deyən olmazdı. Özüm maraqla dərslərimi, tapşırıqlarımı həll edirdim. 

Təhsilin çox üstün olduğu bir mühitdə böyüsək də, mənim qardaşım və bacım ali təhsil almadılar. Qardaşım orta ixtisas təhsili ilə kifayətləndi. Bacım isə sadəcə tam orta təhsili bitirdi. Səbəb isə onların yuxarı siniflər, ali məktəbə qəbul dövrünün SSRİ-nin dağıldığı vaxta düşməsi idi. 

“Qarabağlarda varlı, kasıb - hər kəs təhsilə yüksək qiymət verirdi”


Sağdan 1-ci atam, soldan 2-ci dayım


- Kəndimizdə iki böyük orta məktəb var idi. Əvvəllər məktəbimizin biri üçmərtəbəli, digəri isə ikimərtəbəli idi. İndi hər iki məktəb yenilənib, ərazisi, binaları böyüdülüb. O zamanlar kənddə də oxumaq öncəlik, üstünlük sayılırdı. Bu, bir növ ənənə formasını almışdı. Bu yaxınlarda köhnə əşyaların arasında 3-cü sinifdə ictimai işlərə görən aldığım “qramota”nı tapdım. Elə o zamanlardan həqiqətən fəal idim. Həmişə sinifdə ilk partada əyləşirdim. Dayım İbrahim müəllim, xalamın yoldaşı Həsən müəllim, xalamın qızı Mehparə xanım məktəbdə müəllim idilər. Daha sonra Həsən müəllim məktəbimizin direktoru, Naxçıvan MR Ali Məclsinin deputatı, dayım isə 23 il kəndimizdə  icra nümayəndəsi işlədi və 10 il Kəngərli rayon Təhsil şöbəsində rəhbər oldu.  Yəni orta məktəbdə və kəndə də  tərbiyəli olmağa obrazlı iafdə etsək, məhkum idik.  Amma bütün sovet kənd məktəblərinə, şagirdlərə xas olan xüsusiyyətlər bizə də aid idi. 
Dərsdən qaçdığımız hallar da olub. Ən sevdiyimiz məşğuliyyət isə “müharibə oyunu” idi. Dərsdən qaçanda “müharibə”, aşıq-aşıq, futbol oynayardıq, kəndimizin çöllüklərində gəzirdik. Yuxarı siniflərdə artıq bəzi yoldaşlarımız gizlicə siqaret çəkirdilər. Mənim adaşım olan Zaur adlı bir sinif yoldaşım da vardı. Bizi ayırmaq üçün ona “kiçik Zaur” deyirdilər, çünki boyca məndən balacaydı.

Məktəb illərində mənə ən çox təsir edən və kədərlə xatıladığım, yəqin ki, daha heç bir məktəbdə rast gəlməyəcəyiniz hadisə şagirdlərlə birləşib, etiraz aksiyası keçirməyimiz idi. O zamanlar orta məktəblərdə təhsil 10 illik idi. Biz 8-ci sinifdə oxuyanda (1992-ci il)  dedilər ki, təhsil 11 illik sistemə keçilir və hər sinifdən, iki sinif var idi, “A” və “B” sinifləri, hərəsindın 8 şagird götürüb, yeni “C” sinfi yaradılır. Sinif yoldaşlarımızdan ayrılmağa razılaşa bilmirdik və etirazımızı bildirmək üçün məktəb stadionunda etiraz, tətil elan etdik. Dərsləri boykot etmişdik, heç kim dərsə getmirdi. İstədiyimizi ala bilməyəndə, hətta məktəbin qarşısında qızlı-oğlanlı yığılıb, mitinqə oxşar aksiya da keçirdik. Amma yenə də, bütün gənc inqliabçılar kimi məğlub olduq. Görünür zamanənin narahat ruhu bizlərin də qəlbində məskən salmışdı və  istəmədən dövrümüzə oxşamağa başlamışdıq. Zamanda itirilən bütün nəsillər kimi bizim düşüncəmizdə zamanın ruhu cəmiyyətin və ailənin tərbiyəsini belə üstələyəcək qədər güclüydü. Yəqin ki, oxuduğum 2 saylı Qarabağlar kənd məktəbi Azərbaycanda ilk kütləvi etiraz aksiyası keçirilən orta təhsil müəssisiydi...


...Biz oğlanlar rəhbərlik tərəfindən yaxşıca döyüldük, qulaqburması aldıq. Sinifkomumuz Elxanı isə uşaq leksikonunda desək, yaxşıca çırpdılar. Yəqin ki, bunları oxuyanda gözləri yaşaracaq. Amma bu, bizim 8-11 A sinifinin şanlı tarixidir...  Biz bunu lap sonra zarafata salırdıq və deyirdik ki, Elxan hər  dəfə iki dəfə döyülür, bir özünə görə, birdə sinifə görə. Amma yəqin ki, belə kollektivçiliyi sevən, özünü fəda edən ikinci bir fədəkar sinifkom tapılmaz. Elə indi də biz ona sinifkom kimi baxırıq.

Bu əslində normal tənbeh tədbiri sayılırdı. Ona görə, heç ailələrimiz də bizim döyülməyimizdən xəbər tutmadılar.


Kədərləndiyim və çox-çox təəssüfldiyim və keçmişə qayıda bilsəydim, müdaxilə etmək istəyidim məsələlərdən biri  kifayət qədər yüskək ağıla, düşüncəyə malik, çalışqan sinif yoldaşlarımdan bir çoxunun ali təhsil ala bilməməsi, ali təhsil alanların isə, xüsusən xanımlardan özünü təsdiqləmək üçün imkanlara sahib olmamasıdı. Bu da zamanın çətinlikləri ilə bağlıydı. Tam əminəm ki,  başqa zamanda onlar heyrət ediləcək qədər zirvələr fəth edərdilər. 

“Müəllimlərimizdən çox qorxurduq”


Kənddəki evimiz


- Sovet dövründə uşaq məktəbdə müəllimin səlahiyyətində idi. Bizədərsi yaxşı oxumayanda döyürdülər də. Rus dili müəllimimiz var idi. Onun dərsini öyrənməyəndə könüllü şəkildə əlimizi partanın üstünə qoyurduq, kiçik çubuğu ilə vururdu. Fikir verin, hətta cəza almağa belə intizamlı yanaşırdıq.

Müəllimlərimizdən qorxurduq. O zamanlar kişi müəllimlərimiz kifayət qədər çox idi. Bəlkə də, bütün müəllimlərin zəhmindən, ciddiliyindən qorxmağımızın səbəbi də budur. O vaxtkı məktəblər kişi tərbiyəsi verirdi. Müəllim ali şəxsiyyət kimi qəbul olunurdu, dövlət də onun bu statusunu dəstəkləyirdi. Müəllimlərimizə o vaxtkı mühit üçün yaxşı əməkhaqqı, sosial güzəştlər təqdim edilirdi. Sadə insanlar da müəllimə böyük hörmət edirdilər. Məsələn, biz kənd toylarında bir küncdə-bucaqda özümüzə yer edib, müəllimlərimizin toyda ürək sözü dediyi məqamı gözləyirdik. Onlara söz veriləndə tamadanın səsinin tonunda belə müəllimə hörmət hiss edilirdi. Əgər cəmiyyət, insanlar müəllimə bu cür hörmət edirdisə, biz uşaqlar necə etməyək? Müəllimlərimiz də şəxsiyyət idi, hörməti özləri qazanırdı. Çoxu da indiki təriflərdən desək, Hollivud aktyorlarına bənzəyirdi.

Elə məktəb əhvalatları da, digərlərindən fərqlənmirdi. 1990-cı ildə başqa kənddən fransız dili müəlliməsi gəlmişdi. Başqa kənddən gəlmişdi, çox gözəl qadın idi. Demək olar, məktəbin yarısı onu sevirdi. Hətta bəzi sinif yoldaşlarım etiraf edirlər ki, qiyabi olsa da, indi də sevirlər və tez-tez xatırlayırlar. Siz təsəvvür edin ki, biz 5-ci sinifdə oxuyurduq o zaman...

Ümumi olaraq, biz “Pioner”i keçmiş, ona sadiq qalmayan, “Komsomol” olmağa imkan tapmamış, qeyri-məchulluğa atılmış uşaqlar idik. İmperiyanın qürubunda gəncliyini yaşayan insanlar idik.  

“Uşaqlığımızın bütün “ixtiraları” evimizin yaxınlığında yerləşən göllə bağlı idi” 

- Kəndimiz yerdən qaynayan bulaqları ilə məhşurdur. Demək olar, hər 100-150 metrdən bir bulaq çıxır. Bizim evimizin yaxınlığında da bulaq və o bulaqların töküldüyü göl var idi. Uşaqlığımız o gölün ətrafında oynamaqla keçib. Oyunlarımızı, “ixtiralarımızı”, kağızdan gəmiləri, məftil və banka qapağından düzəltdiyimiz maşınları gölün başında sınaqdan keçirmişik.

Naxçıvanda qış çox sərt, qarlı, şaxtalı keçir. Amma biz bu havalara öyrəşmişdik. Uşaqlıqda səhərdən axşama kimi küçədə qartopu oynayırdıq, xizək sürürdük, qar adam düzəldirdik. Amma bədənimiz o havada möhkəmləndiyinə görə, nadir hallarda xəstələnərdik.

Yaz-yay aylarında ən sevdiyimiz məşğuliyyət “raqatka” ilə quş vurmaq idi. Sərçələri beləcə ovlayıb, kabablayardıq. 

Toy adətləri


Qarabağlar türbəsi


- Qarabağlar kəndində keçmişdə 3 gün toy olurdu. Biz uşaqlar üçün toylar sözün əsl mənasında bayram idi. Qohum evində toy çalınması isə ikiqat bayram olardı. Düzdür, yeniyetmə vaxtlarımızda bizi çox işə buyururdular. Toy çadırının qurulması, stol-stul, odun daşımaq və s. bizim boynumuzda idi. Amma nə qədər işləsək də, yorulmurduq, əksinə, xoş təəssüratlarımız yaranırdı. Qohum toyunda özümüzü bir növ ev sahibi kimi hiss edirdik. Bu isə, bizə mənəvi-psixoloji rahatlıq verirdi.

Yeniyetmə yaşlarımızda toylarda daha çox böyük insanların spirtli içki içməsi bizə maraqlı gəlirdi. Güman edirdik ki, bizə də təklif ediləcək, ya da gizlincə içə biləcəyik. Hərdən böyüklərdən çəkinərək, az miqdarda içirdik də. Bu bizim üçün şənlik abu-havası idi.

Toylarımızda özünəməxsus adətlər də var. Məsələn, bəy gəlinin başına alma vurar. İnsaflı bəylər almanı dilimlətdirir, zərbə anında çox ziyan verməməsinə çalışırdılar. Alma atanda adətən, gəlinin başına yumşaq, kiçik yastıq qoyardılar. Elə bəylər də var idi ki, həmin yastığı götürməyi tələb edir, almanı dilimlənməmiş formada gəlinin başına vururdular.

Toyda gəlin evə daxil olanda onun başından aşağı şirniyyat, konfetlər atardılar. Həmin şirniyyatlardan tutmaq xoş əlamət hesab olunurdu. Biz uşaqlar da gəlinin ətrafında dövrəyə düzülüb, şirniyyat səpələnməsini gözləyərdik. Yaşlılar, cavanlar, qadınlar, uşaqlar – hamı o şirniyyatları tutmaq arzusunda idi.

Bizim əvvəllər toylarda maraqla gözlədiyimiz məqamlar, adətlər son illər sıradan çıxır. Halbuki, əvvəllər toylarımız daha səmimi, şən, maraqlı keçirdi. Demək olar, hər toyda dava düşür. Dava olmayan toyda ev sahibi az qala kəndin cavanlarından inciyirdi ki, dava salıb, toyumuzu şənləndirmədiniz. Təbii ki, bu davalar kiçik, şən və maraqlı mübahisələrdən o tərəfə keçmirdi.

O zamanlar xatırlayıram ki, savadlı uşaqları, yaxşı oxuyanları toylarda qonaqların siyahısını yazan qoyurdular. Mən özüm də bir neçə toyda siyahı yazmışam. Bir dəfə qohumların birinin toyunda iki nəfər orta yaşlı kənd sakini toya pul salmaq üçün mənə yaxınlaşdı. Mən birinin soyadını soruşdum. Kişi elə əsəbləşdi ki, sən mənim soyadımı necə bilmirsən? Əslində düz deyirdi, böyük kənd olsa da, mən sakinləri ad-soyadla tanımalı idim. Ondan sonra hər dəfə toylarda siyahı yazarkən hamını bir-bir yadda saxlamağa çalışırdım.


“Kənddə varlı-kasıb bölgüsü heç vaxt olmayıb”


Mən oxuduğum məktəb

- O zamanlar, elə indi də kənddə kasıb-varlı bölgüsü olmur. Sosial status anlayışı yoxdur. Tutaq ki, kiminsə imkanı bir qədər yüksəkdir. Ola bilər, amma o da kənddə digər sakinlərdən ciddi fərqlənmirdi. Dediyim kimi, mənim əmilərim Kamil, Adil,  atam da müxtəlif vəzifələrdə çalışıb, sovet dövründə sayılıb-seçilən adam olub. Amma biz Qarabağlardakı digər ailələrdən fərqlənməmişik. Eyni məktəbə getmişik, birlikdə oyunlar oynamışıq, dost olmuşuq. Bir yerdə böyümüşük. Biz uşaqlar bir-birimizlə elə mehriban idik ki, kimsə hansısa yoldaşının qarşısında özümüzü öyməyi, ailəmizin imkanından danışmağı ayıb bilirdik.

Mən isə ərköyün böyümüşəm. Atam gec evləndiyinə görə, mən anadan olanda nənəm 7 il qurban kəsib. Adımı isə xalq artisti Zaur Rzayevin şərəfinə, kəndimizin, elimizin nüfuzlu kişilərindən, böyüklərindən sayılan Kamil əmim Zaur qoyub. 

Üç ölkə ilə həmsərhəd Naxçıvanın özəllikləri

Sovetlərin dağıldığı illərdə biz çox çətinliklə dolanırdıq. Hətta kənddə bir neçə il çay içmək üçün şəkər belə tapılmırdı. Meyvə qurusu istifadə edirdik. İşıq, qaz əlçatmaz idi, un norma ilə verilirdi. Qarabağlardan Arazın o tayı,  İran ərazisi çox aydın görünürdü. Biz axşamlar İran ərazilərinə tamaşa edərdik. Orada bərq vuran işıqlar, kəndə tərəf düşən şüalar bizim üçün o qədər cəzbedici idi ki... Kənddə bizim evimizdən çıxsanız, yarım saata İranda, 40 dəqiqəyə Türkiyədə, təxminən 35 dəqiqəyə də Ermənistan sərhəddini keçərsiniz.

İran və Türkiyə ilə sərhədlər açıldıqda bunu ilk hiss edən gənclik biz idik. O illərdə müxtəlif şirniyyatlar İrandan Naxçıvana gətirilirdi. Hamımızın o zamanlar yaxşı bildiyi “Bakuş” şirniyyatını bəlkə ilk biz dadmışıq. İranla bərabər, Türkiyədən gələn ticarətçilər də kənddə bizim yaşadığımız küçədə alver edirdilər.

O zamanlar Naxçıvanda “Kanal D” və “Show TV” kanalları peyk antenasız yayılırdı. Hətta Azərbaycan Dövlət Televiziyasının (AzTV) yayımında belə problemlər yaranırdı. Amma həmin türk kanalları mütəmadi televizorlarımızda idi. O telekanallara baxdıqca, Türkiyə bizim üçün çox möhtəşəm, əlçatmaz görünürdü. Xəyallarımızın ünvanı, məbədgahı Türkiyə, İstanbul idi... 


“Kəndimizin yetirmələri bütün Azərbaycanda tanınır”

Qarabağlar Naxçıvan və Azərbaycanda öz sözünü demiş, nüfuz  qazanan, elminə, idmanına, incəsənətinə, siyasətinə töhfə verən yetirmələri ilə tanınır. İnsanlar təhsilə yüksək önəm verdiyinə görə, keçmişdə də, indi də ali məktəbdə oxuyan gənclərin sayı çoxdur. Keçmişdə də indi də, istər iş dünyasında, istərsə də intellektual sahədə, idarəçilikdə bizim üçün nümunə olan həmkəndlilərimiz var. Tanınmışlardan Kamran Rəhimov 1975-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləyib. 1983-88-ci illərdə Azərbaycan Respublikasının xalq maarifi naziri vəzifəsini tutub. Kəndimizin yetirmələri kimi Azərbaycan Milli Elmlər Akademiyasında iki müxbir üzvü, 1-i qadın olmaqla 12 professor,  1 səfir,  2 general, 2 Sosialist Əməyi Qəhrəmanını,  5 Lenin Ordeni lauretını qeyd edə bilərəm. Bu günə qədər kəndimizin yetirmələrindən 4 nəfər icra başçısı təyin olunub. Azərbaycanın ən gənc icra başçılarından biri elə kəndimizin yetirməsidir. “Qarabağ” futbol komandasının tanınmış oyunçusu Mahir Mədətov da əslən Qarabağlardandır. 


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

ARXİV