Modern.az

Azərbaycanda Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib

Azərbaycanda Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib

12 Dekabr 2018, 09:48

Dekabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən “UK Global Alumni Awards” mükafatlarının təqdimetmə mərasimi olub.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah, ali məktəb rektorları iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövləti tərəfindən təhsilin və insan kapitalının inkişafına xüsusi önəm verilir. Ölkədə təhsil sahəsində çoxsaylı  layihələrin həyata keçirildiyini deyən nazir beynəlxalq əlaqələrə böyük diqqətin ayrıldığını vurğulayıb. 

Britaniya Şurasının Azərbaycandakı fəaliyyətinin 25 ilinin tamam olduğunu nəzərə çatdıran Ceyhun Bayramov bu müddət ərzində ”British Council” ilə ümumi, peşə və ali təhsil sahələri üzrə səmərəli əməkdaşlığın qurulduğunu, bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün Böyük Britaniya ən çox arzu edilən ölkələr sırasındadır."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təqaüdlərin təxminən üçdə biri tələbələrə Böyük Britaniyanın universitetlərində təhsillərini davam etdirmək üçün verilib.

Ceyhun Bayramov Böyük Britaniyada təhsil alan məzunların ictimai və özəl sektorda fəal iştirakından məmnun olduğunu bildirib. Nazir Böyük Britaniya məzunlarının Azərbaycanla Birləşmiş Krallıq arasındakı əlaqələri daha da gücləndirəcəklərinə, onların uğur hekayələrinin digər gənclər üçün nümunə olacağına əminliyini qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Səfir bildirib ki, Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunların öz ölkələrinə, peşələrinə müsbət töhfələr verməsi olduqca qürurvericidir. Karol Krofts Böyük Britaniyada təhsil alan bütün məzunlara gələcək həyatlarında uğur arzulayıb.

Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah isə qeyd edib ki, bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Bu il beynəlxalq mükafatı əldə etmək üçün 123 ölkədən olan və Birləşmiş Krallığın 140-dan artıq ali təhsil müəssisəsini təmsil edən 1700-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub. Samer Şah diqqətə çatdırıb ki, Azərbaycan üzrə seçilən 8 finalçıdan 3-ü bu mükafata layiq görüləcək. Azərbaycan bu il mükafatlandırma mərasiminə ev sahibliyi edəcək ikinci ölkədir və  dünyanın on bir ölkəsində də bu cür mükafatlandırma mərasimləri keçiriləcək.

Daha sonra “UK Global Alumni Awards” mükafatlarının “Sosial təsir”, “Sahibkarlıq” və “Peşəkar nailiyyət” nominasiyaları üzə finalçıları və qalibləri elan olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir