18 mart 2019, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Heydər Əliyev baş redaktorlara nə demişdi..?
Heydər Əliyev baş redaktorlara nə demişdi..?
12.12.2018, 09:50

Soyuq dekabr günündə keçirilən məşhur görüşdə mərhum prezidentin maraqlı açıqlamaları olub

Azərbaycanın media tarixində bu görüşün xüsusi yeri var. 1993-cü ildən bəri ilk dəfə olaraq Azərbaycanın prezidenti Heydər Əliyev ölkədə fəaliyyət göstərən qəzetlərin baş redaktorları ilə görüşdü. 2001-ci ilin 18 dekabrında...

O zaman fövqaladə hadisə kimi ən çox  müzakirə olunan bu görüş indi də xatırlanır.

Həmin vaxt Heydər Əliyev qəfildən, heç kimin gözləmədiyi halda qəzetlərin baş redaktorlarını qəbul etdi. 3 saata qədər davam edən bu görüş media müstəvisində bir çox məsələlərə aydınlıq gətirdi.

Modern.az həmin tarixi görüşdə mərhum prezident Heydər Əliyevin çıxışının maraqlı hissələrini sizə təqdim edir...

“Yeni Azərbaycan Partiyasının icraçı katibinə, müavinlərinə dedim ki...”

Heydər Əliyev: “Biz jurnalistlərlə vaxtaşırı görüşürük. Doğrudur, bu, o qədər də tez-tez olmur. Ancaq mən imkan dairəsində çalışıram ki, belə görüşləri keçirim. Bu günlərdə də mən belə bir görüşün keçirilməsinə ehtiyac olduğunu hiss etdim və ona görə də sizi bu görüşə dəvət etdim.

Mən bizim İctimai-siyasi şöbəyə müraciət etdim ki, jurnalistlərin, mətbuat nümayəndələrinin bir qismini dəvət etsinlər. Təbiidir ki, indi Azərbaycanda mətbuat da çoxdur, orada çalışan insanlar da çoxdur, jurnalistlər də çoxdur. İndi bu, bütün peşələrdən daha da hörmətli peşə olubdur. Təbiidir ki, hamısı ilə görüşmək mümkün deyildir. Ancaq hesab edirəm ki, siz də elə bütün Azərbaycanın mətbuatını təmsil edirsiniz.

Mən çalışdım, yəni xahiş etdim ki, müstəqil mətbuat, müxalifət mövqeyində olan mətbuat nümayəndələri çox gəlsin. Çünki dövlət orqanlarının mətbuat nümayəndələri ilə bizim aramızda həll olunmayan elə bir məsələ yoxdur. Mənə dedilər ki, bu xahişim yerinə yetirilibdir.

Mənim məqsədim nədən ibarətdir? Birinci növbədə, sizi dinləmək. Çünki mən görürəm ki, son zamanlar müstəqil mətbuat, müxalifət mətbuatı çox narahatlıq keçirir. Onlar öz narahatlıqlarını həm qəzetlərdə, həm də televiziya kanallarında göstərirlər. Belə bir əhval-ruhiyyə yaranır ki, guya Yeni Azərbaycan Partiyasının II qurultayından sonra müstəqil mətbuata qarşı hansısa təzyiqlər başlayıbdır, onları sıxışdırırlar, ya sıxışdırmaq istəyirlər. Şəxsən mən belə fikirdə deyiləm. Ona görə də bu, məni narahat etdi. Bəlkə də doğrudan, haradasa nəsə, bizə məlum olmayan bir şey var. Bunların da hamısını, təbiidir ki, müzakirə zamanı araşdırmaq olar. Nəsə varsa, bunun qarşısını almaq olar. Yoxdursa, demək, bir-biri ilə anlaşmaq olar. Ona görə də mən sizi dəvət etdim.

İlk olaraq onu demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının qurultayında mən də müxalifət mətbuatı haqqında öz fikirlərimi demişəm və bunu heç vaxt gizlətmirəm ki, müxalifət mətbuatında bəzi hallarda ifratçılığa yol verilir, əsası olmayan faktlar şərh olunur, yalan məlumatlar verilir, bəzən də böhtan xarakterli məlumatlar verilir. Mən bunu demişəm və bu gün də öz sözlərimdən çəkinmirəm.

Təbiidir ki, Yeni Azərbaycan Partiyasının qurultayında mən Prezident kimi yox, partiyanın sədri kimi çıxış edirdim. Orada da mən bizim partiyamıza, onun fəallarına təbliğat işinin daha da gücləndirlməsi haqqında öz tövsiyələrimi verdim. Demək, bu qismdə eyni zamanda mən öz fikirlərimi bildirdim ki, bəzi müxalifət mətbuat orqanlarında həm iqtidara qarşı, həm də Yeni Azərbaycan Partiyasına qarşı çox əsassız hücumlar, ardıcıl olaraq təhqiramiz məqalələr dərc olunur. Bizim partiyamız da, onun mətbuat orqanları da buna lazımi cavab verməlidir. Mətbuat mübarizəsi, mətbuat vasitəsilə təbliğat mübarizəsi ki var, bu, ikitərəfli ola bilər, birtərəfli ola bilməz. Mən bu biri tərəfi, yəni bizim Yeni Azərbaycan Partiyası tərəfini, iqtidar partiyası olduğuna görə iqtidar tərəfini bir az da hərəkətə gətirmək istədim.

Mən bunları etmişəm. Ancaq bu, o demək deyil ki, bu, müstəqil mətbuata, yaxud müxalifət mətbuatına hansısa hücumdur, hansısa təzyiqdir. Qətiyyən belə deyildir. Əgər belə bir əhval-ruhiyyə yaranırsa, bunu aradan götürmək olar və bu barədə izahat da vermək olar.

İndi mətbuat orqanlarında yazırlar və həqiqətən belədir ki, Yeni Azərbaycan Partiyasının hansısa sənədində üç qəzetin "Yeni Müsavat", "Azadlıq", "Hürriyyət qəzetlərinin adı çəkilibdir. Bu da narahatçılıq əmələ gətirir. Partiya öz sənədlərində hər bir şey yaza bilər, o cümlədən digər partiyalar da bunu yaza bilər. Heç vaxt bunu qeyri-normal qəbul etmək lazım deyildir. Ancaq mən anlayıram ki, Yeni Azərbaycan Partiyası indi iqtidar partiyası olduğuna görə, bu, müəyyən narahatlıq törədir.

İndi sizə açıq demək istəyirəm ki, mən o vaxt bu sənədləri görməmişdim. Sonra bu məsələ geniş müzakirə obyektinə çevrildiyinə görə, Yeni Azərbaycan Partiyasının bu işlərlə məşğul olan adamlarına bildirdim ki, onlar səhv ediblər, gərək bunu yazmayaydılar. Mən bizim Yeni Azərbaycan Partiyasının icraçı katibini, onun müavinlərini çağırdım, öz fikrimi bildirdim. Dedim, bunu səhv etmisiniz. İndi də sizə deyirəm ki, səhv ediblər, gərək bunlar yazılmayaydı. Ancaq indi bu səhvi şişirtmək lazım deyildir. Harada səhv olmur, çox yerlərdə səhv olur. Keçmişdən qalan bır ifadə var ki, kim deyir, səhv etmir, o, düz etmir. Yaxud da belə bir keçmiş ifadə də var ki, harada iş varsa, orada səhv də var. Bu, doğrudan da belədir. Nöqsansız, səhvsiz heç kəs ola bilməz. Heç kəs deyə bilməz ki, o, idealdır. Doğrudur, bizim bəzi müstəqil jurnalistlər elə hesab edirlər ki, onların dedikləri, yazdıqları əsl həqiqətdir. Amma heç kəs buna iddia edə bilməz. Tarix də göstərdi ki, keçmişdə ən böyük, dahi insanların da dedikləri sözlər, - hansılar ki, əsrlərdən əsrlərə təkrar olunub və onları necə deyərlər, böyük bir kəlam kimi qəbul ediblər, - o qədər də həqiqətə uyğun deyildir. Yaxud da ki, dəyərli fikirlərdir ancaq bu, o demək deyil ki, ondan başqa heç bir şey yoxdur”.

“Əsrin əvvəlində hansısa bir siyasi xadimin sözlərini sitat gətirib deyirlər, bu gün də belədir. Bu, bu gün ola bilməz

Heydər Əliyev: “Ümumiyyətlə, bizim cəmiyyətdə keçmişdə, sovet hakimiyyəti dövründə doqmatizm, ehkamçılıq çox dərin köklər salmışdı. Baxmayaraq ki, sovet cəmiyyətində də, Kommunist Partiyasında da ehkamçılıqla mübarizə aparılırdı, amma bu ideologiyanın kökünün özü ehkamçılıq üzərində qurulmuşdu. Mən indi sizə deyə bilərəm ki, bəlkə də biz bunu indi daha da dərindən dərk edirik, o vaxt bilməmişik. Məsələn, Lenin 1902-ci ildə hansısa sözü deyibdir. Onu götürürdük, deyirdik ki, Lenin 1902-ci ildə "Nə etməli?" kitabında bunu deyibdir, elə bu gün də dəyərli sözdür, filandır. Axı, bunun üstündən 70-80 il keçibdir. Bu, ola bilməz. Hər sözün, hər kəlmənin, hər ifadənin, hər fikrin öz dövrü var. 0, öz dövrünü əks etdirən fikirlərdir. O, öz dövrünə şamil olunur, öz dövründə rolunu oynayır.

Məsələn, mən indi sizə açıq deyirəm. Necə bir partiya işçisi kimi, Kommunist Partiyasının işçisi kimi, hətta Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi mənim arxivlərdən, qəzetlərdən çıxışlarımı, məruzələrimi götürüb oxuya bilərsiniz. Mən bunların heç birindən imtina etmirəm. Hamısı mənimkidir. Ancaq sadəcə, mən indi bunu izah edirəm ki, bəli o vaxt biz hamımız belə tərbiyə olunmuşduq, hamımızın beyni belə yönəldilmişdi. Ona görə də bəli, nitq söyləyəndə mütləq gərək Lenindən bir sitat tapıb gətirəydin. Axı, Lenin 1924-cü ildə ölüb gedibdir. Bəli, əsrin əvvəlində, yaxud 1910-cu 1915-ci ildə Lenin bu sözləri deyib, indi biz gətirib əsrin sonunda deyirdik ki, bəli, Leninin bu sözləri bu gün də aktualdır. Sözlər doğrudan da dərin sözlərdir. Ancaq bu gün aktual ola bilməz. Bu gün hər şey tamamilə dəyişilibdir.

Amma, təəssüf ki, indi bizim siyasi partiyalarda bu xəstəlik vardır. Məsələn, əsrin əvvəlində hansısa bir siyasi xadimin, yaxud da, böyük bir mütəfəkkir adamın sözlərini sitat gətirirlər, deyirlər, bu gün də belədir. Bu, bu gün ola bilməz. Onun o sözləri o vaxt üçün çox dəyərli olubdur və öz rolunu da oynayıbdır. Amma bu gün dünya, cəmiyyət tamamilə dəyişilibdir, insanların məfkurəsi, anlayışı dəyişilibdir, hər şey dəyişilibdir.

On ildən, on beş ildən sonra bugünkü şeylər köhnələcəkdir. İyirmi ildən sonra daha da köhnələcəkdir. Bu o demək deyil ki, keçmişi unutmaq lazımdır. Yox. Keçmişi heç vaxt unutmaq olmaz. Amma keçmişdə hansısa deyilən sözü, lap ən dahi adam tərəfindən deyilən sözü ehkam kimi götürüb bu günə tətbiq etsən bu, düzgün deyildir.

Belə şeylər olur və olubdur. Biz gərək həmişə səhvlərimizi anlamağa qadir olaq, onları etiraf etməyə qadir olaq. Mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının sənədlərində gərək o qəzetlərin adları yazılmayaydı. Ancaq eyni zamanda, bu qəzetlərin adlarının yazılması da böyük bir faciə deyildir. Bunu faciəyə çevirmək lazım deyildir. Yəqin ki, buraxılan o səhv bu tərəfdən də sui-istifadə olunur ki, hə, belə yazmısınız, demək, siz bizə hücum etmək istəyirsiniz. Bu da lazım deyildir. Bunu bu qədər uzatmaq, nə bilim, çeynəmək də lazım deyildir. Oldu, keçdi. Əgər bunun hansısa bir zərəri varsa, gəlin, bu zərəri aradan götürək. Yox, elə bunu hər gün yaz ki, belə deyibdir, Yeni Azərbaycan Partiyasının qurultayı belə etdi, nə bilim, hücum etdi. Heç kim heç kəsə hücum etmir. Yeni Azərbaycan Partiyası sadəcə, öz gələcək fəaliyyətinin istiqamətlərini müəyyən etdi. Hər partiya bunu edir. Amma heç bir partiyanın qəbul etdiyi qərarlar başqa partiya tərəfindən müzakirə olunmur. Yeni Azərbaycan Partiyasınınkı müzakirə olunur. Burada müəyyən qədər əsas var. Çünki yenə də deyirəm, Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır. Amma, hesab edirəm, bunu bu qədər şişirtməyə, buna bu qədər əhəmiyyət verməyə də ehtiyac yoxdur. Ona görə də mən hesab edirəm ki, əgər bütün işlər bunun üzərindədirsə, mən bunun haqqında izahat verdim”.


“Piketə gərək Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməyəydi”


Heydər Əliyev: “İkinci məsələ, bu ayın 12-də Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında piket düzəldiblər. Bu piketə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməmişdi. Ona görə də polis bu işə qarışıbdır və bu da müəyyən xoşagəlməz hala gətirib çıxarıbdır.

Mən özüm ANS telekanalında o hadisəni seyr etdim. Düzü, özüm bundan çox narahat oldum ki, nə üçün belə olubdur, gərək belə olmayaydı. Əgər kökündən başlasanız, mən hər şeydə açığam, heç bir kəsdən öz fikrimi gizlətmirəm, - bu piketin əhəmiyyəti nədir? Ondan ibarətdir ki, gəlib fikrinizi bildirirsiniz. Yaxşı, onsuz da qəzetdə fikrinizi bildirirsiniz, televiziya kanallarında fikrinizi bildirirsiniz, hər yerdə bildirirsiniz. Belə də bildirmək istəyirsiniz, bildirmək olar.

Mən hesab edirəm ki, gərək Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz etməyəydi. Mən belə hesab edirəm. Amma olubdur. İndi nə olsun? Bir də görürsən insan bundan da böyük bir xəta edir. İndi durub bunu, nə təhər deyərlər, böyük bir faciəyə döndərmək də lazım deyildir. Həyatda çox şey ola bilər. Belə olan halda polisi o qədər də günahlandırmaq olmaz.

Mən o gün baxdım, bizim daxili işlər naziri Ramil Usubov, hesab edirəm ki, ANS telekanalında bu barədə çox yaxşı izahat verdi. Çünki polis dövlətin güc strukturudur. O, ictimai asayişi təmin edir, insanların hamısının təhlükəsizliyini təmin edir. Ona görə də əgər o, öz xidməti borcunu yerinə yetirirsə, ona verilən göstərişi yerinə yetirirsə, onun bir günahı yoxdur. Amma əlbəttə, nəticəsi xoşagəlməzdir. Amma kökü ondan ibarətdir ki, gərək Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz etməyəydi. Onda hər şey normal olacaqdı və böyük bir hadisə meydana çıxmayacaqdı. Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz edibdir. Polis sadəcə, öz qanunlarına görə bunun qarşısını almaq istəyibdir. Onlar da gərək, nə təhər deyərlər, bir az səliqəli olaydılar. Amma gəlin açıq danışaq. İndi bizim ölkəmizdə, Bakı şəhərində yaranan ictimai-siyasi sabitliyi, ictimai asayişi qoruyan, saxlayan bizim hüquq-mühafizə orqanları deyilmi, bu polis deyilmi?!

Mən sabah göstəriş verərəm, onlar öz otaqlarına girsinlər, heç yerə çıxmasınlar. Nə küçəyə çıxsınlar, yol nəqliyyat qaydalarını idarə edən DYP var, nə yola çıxsınlar. Kim kimi istəyir, gəlsin döysün. Hansı avtomobil hansı yol ilə gedir getsin. Yaxud kim gedib kimə qarşı mənfi hərəkət edirsə, etsin. Onda nə olacaqdır? 

Üç, dörd, beş gündən sonra xaos olacaqdır, anarxiya olacaqdır. Bunu qiymətləndirmək lazımdır. Bizim hər birimiz siz də, biz də rahat yaşayırıq. Ona görə ki, biz birincisi, ictimai-siyasi sabitliyi təmin etmişik. Əvvəlki illərdə olan vəziyyəti aradan götürmüşük. İkincisi də, indi bizim hüquq-mühafizə orqanlarımız, birinci növbədə polis orqanları gündəlik bunu təmin edirlər. Onları danlamaq da olar, nöqsanları haqqında demək də olar, tənqid etmək də olar. Bəziləri vəzifəsindən sui-istifadə edir, onları da demək olar.”

“Mən o verilişə başdan ayağa qədər baxdım”

Heydər Əliyev: “Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Bu gün də sizə deyirəm, təminatçısıyam. Hesab edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur. Əgər kimsə buna mane olursa, gəlin, bunu aradan qaldıraq.
Məsələn, mən son günlər bir dəfə ANS kanalında, bır dəfə də “Space” kanalında verilişə baxdım. “Space” kanalında deyəsən, mətbuat nümayəndələri çıxış edirdilər. Deyəsən, bazar günü idi. Orada çıxış edənlərdən burada kimsə var?

Etibar Babayev

- Cənab Prezident, bazar günü efirə gedən veriliş “Bu bizik” tok-şou verilişi idi. Cənab prezident, Aqil Abbas orada idi.

Heydər Əliyev: - Mən ona başdan ayağa qədər baxdım. Bütün mətbuat nümayəndələri öz fikirlərini açıq-aydın deyirdilər. Bu fikir düzdür, ya düz deyil, bununla razı olmaq olar, ya razı olmaq olmaz, bu, başqa məsələdir. Heç kəs gərək çalışmasın ki, hər kəsin fikri ilə o birisi də razı olmalıdır. Mənim dediyim bu sözlərlə də burada kimsə razı ola bilməz. Yaxud da ki, indi bunu televiziya ilə verəcəklər, kimsə razı ola bilməz. Bu, mənim üçün heç də təəccüblü bir şey deyildir. Çünki əgər fikir müxtəlifliyi varsa, söz azadlığı varsa, əgər siyasi plüralizm varsa, hamı bir fikirdə, eyni fikirdə ola bilməz. Ona görə də orada hərə öz fikrini deyirdi. Onların bəziləri ilə razı olmaq olar, bəziləri ilə razı olmaq olmaz. Amma mən o verilişi başdan-ayağa seyr etdim hərə öz fikrini açıqca deyirdi və hətta bir-biri ilə mübahisə aparırdı. Bu, mətbuat azadlığı deyilmi?

Bilirsiniz, hesab edirəm ki, Azərbaycanda söz azadlığının, mətbuat azadlığının ən əsas göstəricisi bizim müstəqil televiziya kanallarıdır. Məsələn, qəzetlərdə yazırsınız, bilmirəm, qəzetlərin tirajı nə qədərdir, on mindir, on beş mindir. Ola bilər, bunu on min adam oxusun, yaxud iyirmi min, otuz min adam oxusun. Amma istər-istəməz insan televizoru açır, bır də görürsən, veriliş gedir. Deyir, görüm burada nə var. Heç ona marağı olmasa da baxır, qulaq asır və demək, o, informasiya alır. Təkcə informasiya almır, həmin o fikirlərin ona müəyyən təsiri, ya müsbət, ya mənfi təsiri ola bilir. Bu hamısı söz azadlığıdır, mətbuat azadlığıdır.

Əgər mətbuat azadlığı, söz azadlığı olmasa, təkcə qəzetdə yox, həmin “Space” kanalında mətbuat nümayəndələri öz fikirlərini bütün Azərbaycana - indi deyəsən onlar təkcə Bakıda yox, başqa məntəqələrdə də yayılırlar - deyə bilməzlər.

Yaxud ondan bir gün öncə ANS-də, deyəsən, müharibə ilə əlaqədar bir veriliş verilirdi ki, Dağlıq Qarabağ məsələsini necə həll etmək lazımdır. Sülh yolu ilə, ya müharibə etmək lazımdır. Filan… Oraya çox adam yığılmışdı. Aparıcı da bır gənc oğlan idi, adını da bilmirəm.

- Cənab prezident, İbrahim Məmmədov idi.

- Bəli, o aparırdı. Ondan soruşurdu, bundan soruşurdu, siz necə hesab edirsiniz, müharibə etmək lazımdır, yoxsa sülh yolu ilə lazımdır? Hərə öz fikrini deyirdi. Mən də maraqlandım və axıra qədər də qulaq asdım. Nə üçün? Mənə bu insanların fikrini bilmək lazım idi. Amma eyni zamanda qeyd etmək istəyirəm ki, onların fikri cəmiyyətin fikrini əks etdirmir. Mən bunu açıq demək istəyirəm. Bu, onların şəxsi fikridir və ola bilər, onlarla həmfikir olan adamların fikridir. Amma bu, cəmiyyətin fikrini əks etdirmir. Təəssüflər olsun ki, bizdə bəzi adamlar, ya politoloqdur, ya siyasətçidir, hesab edirlər ki, onlar cəmiyyətin, xalqın sözünü deyirlər. Bu, yanlış bir şeydir. Heç kəs cəmiyyətin fikrini tam əks etdirə bilməz. Hərənin öz fikri var. Ancaq hər halda bu adamların fikridir. Şəxsən mənim üçün bu fikirləri bilmək lazımdır. Mən o fikirlərin çoxu ilə razı deyiləm.

ANS kanalında "Nəzər nöqtəsi" verilişi var. Onu müxtəlif adamlar aparır. Dünən bizim Qənirə xanım aparırdı, siyasətçilərdən biri də çıxış edirdi, öz fikirlərini açıqca deyirdi. Deyirdi ki, bu iqtidarın vaxtı gəlib çatıbdır. Amma mən hesab etmirəm ki, çatıbdır. Bu da məni narahat etmir. Sonra deyir ki, bu iqtidar getməlidir, xalq bundan bezibdir. Doğrudur, Qənirə xanım bəzən çalışır ki. əngəlləri meydana çıxarsın. Amma dedi ki, bəs siz deyirsiniz, xalq bundan bezibdir, ancaq bu bezmək görünmür. O da dedi ki, sizə belə gəlir, amma xalq bundan bezibdir. Yaxşı, kimsə bezib. Bu da təbii şeydir. Hamı bu iqtidardan razı ola bilməz.

İndi bizim müxalifət siyasətçiləri hər dəfə - elə dünənki verilişdə də mən bunu eşitdim, narazılar var, - bu narazılardan istifadə edirlər. Yəni bunlar özlərinin siyasi həmfikirləri deyil, narazılardır. Amma narazı hər yerdə var və bu təbii bir şeydir. Hamı bu iqtidardan razı ola bilməz.

Bu iqtidar getsin, sabah başqa iqtidar gəlsin. Ondan da hamı razı ola bilməyəcək. O birisindən sonra, o birisi gəlsin. Ondan da hamı razı olmayacaqdır. Bu, təbii bir şeydir.

“Narazıları kim istəsə öz tərəfinə çəkə bilər”

Heydər Əliyev: “Amma bu siyasətçilərin narazılar qismindən istifadə etməsi onu göstərir ki, bunlar insanları öz siyasətlərinə cəlb etmək yox, narazılardan istifadə edərək bu hakimiyyətə qarşı mübarizə aparmaq istəyirlər. Amma aparsınlar, bu da bizi narahat etmir. Ancaq eyni zamanda bu, onların, siyasi partiyaların sosial bazasının narazılardan ibarət olduğunu göstərir. Amma narazıları kim istəsə öz tərəfinə çəkə bilər. Çünki o, narazıdır.

Ola bilər, onun məvacibi yoxdur, dolanışığı çətindir, evi yoxdur, elektrik enerjisini vaxtında almadı, nə bilim, yolda onu kimsə itələdi, yaxud polislə rastlaşdı, hansısa məsələni həll edə bilmir, bizim dövlət aparatında hansısa bürokratla rastlaşır. Bizdə bürokratlar da çoxdur. Mən bunu etiraf edirəm. Dövlət orqanlarında, hakimiyyət orqanlarında bürokratlar, insanların məsələsini lazımi qədər həll etmək imkanları olduğu halda onları etməyənlər, süründürənlər - bunlar da çoxdur. Mən bunu da etiraf edirəm. Amma mən bunu ona görə demirəm. Ona görə deyirəm ki, əgər hansısa bir siyasətçi, yaxud siyasi partiyanın rəhbəri gəlib televiziyadan öz fikrini açıq-aydın, hətta iqtidarın əleyhinə deyə bilirsə, demək, bu, söz azadlığıdır.

Bir neçə gün öncə, - deyəsən, yenə ANS kanalında idi - hansı partiyanınsa nümayəndəsi Yeni Azərbaycan Partiyasının nümayəndəsi ilə dialoq aparırdı. Bilirsiniz, Azərbaycan prezidenti haqqında, onun ailəsi haqqında elə çirkin sözlər danışdı ki, vallah, bu, heç insanlığa yaraşmayan şeydir. Mən bunu dinlədim. Amma bu məni heç də narahat etmədi. İndi əgər onun şüur dairəsi, yaxud onun tərbiyə, əxlaq səviyyəsi o dərəcədədirsə, qoy, o dərəcədə danışsın.

Mən bunu yenə də deyirəm, ona görə yox ki, niyə o bunu dedi. Desin, sabah yenə də çıxsın, desin. Mən ona görə deyirəm ki, demək bizdə söz azadlığı var. İnsanlar azaddır, sərbəstdir. İndi haradasa, kimsə nəsə edibdir, gəlin, onun qarşısını alaq, gəlin onu aradan götürək. Amma bunu problem etməyə, şişirtməyə, bunu qaldırmağa ehtiyac yoxdur.

Mən sizi dinləmək istəyirəm. Sizin siyasi dünyagörüşünüzdən, siyasi baxışlarınızdan asılı olmayaraq, Azərbaycan iqtidarına rəğbətiniz, ya nifrətiniz olmasına baxmayaraq, mətbuat Azərbaycanın iqtidarı üçün çox önəmli bir sahədir, çox vacib bir sahədir. Biz demokratiya yolu ilə gedərək, söz azadlığını təmin edərək, mətbuat azadlığını təmin edərək, bu yolda nöqsanları ardıcıl surətdə aradan qaldırmalıyıq və qaldıracağıq, mətbuata, söz azadlığına bütün imkanları yaradacağıq. Mənim sizə deyəcəyim söz bundan ibarətdir.
İndi kimin nə sözü varsa, buyursun…

Prezidentin Yekun nitqi 

“Dövlət mətbuatı yalnız iqtidarı təbliğ etmək yolu ilə getməməlidir

Heydər Əliyev: “Mən çox məmnunam ki, bu gün biz sizinlə sərbəst şəraitdə söhbət edirik. Mən çalışdım ki, sizi çox diqqətlə dinləyim və təşəkkür edirəm ki, siz də məni diqqətlə dinləyirsiniz.

Hesab edirəm ki, bugünkü görüşümüz bizim mətbuatda yaranmış gərginliyi aradan götürməlidir. Güman edirəm gərginliyi yaradanlar həm o tərəfdən, həm də bu tərəfdən - bugünkü görüşdən özləri üçün nəticə çıxarmalı və artıq gərginlik yox, xoş münasibətlər, ünsiyyət və xoş əhval ruhiyyə yaratmalıdırlar. Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Bilin, bu, mənim səmimi sözlərimdir. Sözlər deyil, bu, mənim siyasətimin bir hissəsidir. Buna nə qədər nail olmaq mümkün olur, nə qədər mümkün olmur, bu, başqa məsələdir. Mən deyə bilmərəm ki, bunların hamısına nail ola bilmişik. Yox. Ancaq bir şeyi bilmək lazımdır ki, biz bu yolla gedirik və bunu etmək istəyirik.

Məsələn, Nizami Xudiyevə mən bir neçə ay bundan öncə dedim ki, siz verilişlər verirsiniz, amma həyatın müxtəlif sahələrini az tənqid edirsiniz. Özəl televiziyalar bunları daha çox tənqid edirlər. Amma siz işdə geridə qalırsınız. Niyə bunu edirsiniz, nədən qorxursunuz, çəkinirsiniz? Ondan sonra bunlar bu işdə bir az irəliyə getməyə başladılar. İndi baxıram, gedirlər, şəhərdə hansısa bir bərbad vəziyyəti çəkirlər, göstərirlər. Bununla şəhər icra hakimiyyətinə, hakimiyyət orqanlarına kömək edirlər. Bir neçə vaxtdan sonra da gedirlər, çəkirlər, gətirirlər ki, bəli, biz bu tənqidi etdik, buranı təmizlədilər, buranı düzəltdilər, bu yolu düzəltdilər, nə bilim, bunu etdilər, onu etdilər. Yaxşı, bunu etməkdən niyə çəkinirsiniz, niyə qorxursunuz?"

"Yeni Müsavat" qəzetini açdım, gördüm, səhifənin birində böyük hərflərlə yazıblar…”

Heydər Əliyev: “Mən yenə də sizi, hamınızı ədalətli mövqeyə dəvət edirəm. Ədalətli tənqidə heç kəs heç bir şey deyə bilməz. Amma ədalətdən kənar, uydurma, yalan, başqa şeylər, əlbəttə ki, insanı incidir, insanı narahat edir. Bu da müəyyən qədər əks reaksiya doğurur. İndi məndə buna qarşı immunitet yaranıbdır. Mən sizə açıq deyirəm. Mən heç bir şeyə fikir vermirəm, heç oxumuram da. Kim nə yazır yazsın.

Məsələn, mən bazar günü evdə idim, işə getməmişdim. Qəzetləri götürdüm, baxdım. Bazar günü idi. Gördüm, evdə qəzetlər var, götürüb baxdım. "Yeni Müsavat" qəzetini açdım, gördüm, səhifənin birində böyük hərflərlə yazıblar: “Heydər Əliyevlə bizim bir davamız var”. Rəhmətlik Əbülfəz Elçibəyin qardaşının müsahibəsi idi. Onun da portreti orada. Dedim, Allah, bunların nə davası var. Bunu oxumağa məcbur oldum. Düzdür, oxumağa hövsələm də gəlmirdi. Çünki oxuyuram, davanı tapa bilmirəm, oxuyuram tapa bilmirəm. Dedim, bu dava haradadır axı, tapa bilmirəm. Qayıdıb bəzi yerləri təzədən oxudum ki, bəlkə mən bunu tuta bilmədim. Axıra gələndə, lap axır sətirlərdə müxbir ona sual verir ki, “bəs, o sizə nə dedi?” Cavab verir ki, “özü ilə danışacağıq”. Mötərizədə yazır: “özü - prezident deməkdir”. Heç prezident də demir, “özü” deyir. Sonra da sual verir ki, “onunla davanız var?”. Deyir ki, “hə, bir davamız olacaqdır”.

İndi yaxşı, bu adamdan müsahibə alırsınız - alın. Özü də o müsahibənin məzmunundan gördüm ki, Almurad kişini, yazığı məcbur ediblər. Deyir ki, “üç gündür dalımca gəlir, məndən müsahibə istəyir, mən müsahibə vermək istəmirəm. Bunlar əl çəkmirlər”. Bu da deyir ki, “yaxşı, gəl”. Ona görə də verilən suallara cavablardan görünür ki, o adam bu işə qarışmaq istəmir.

Mən Almurad kişini yaxşı tanıyıram. Mən Naxçıvanda işləyəndə onunla bir neçə dəfə görüşmüşəm. O, siyasətə qarışan adam deyildir. Qardaşı vəfat edəndən sonra bəlkə bəzi işlərlə məşğuldur. Amma o vaxtlar da, Əbülfəz Elçibəyin vaxtında da siyasətə tamamilə qarışan adam deyildi. Amma bunu məcbur edirlər ki, siyasətə qarışsın, məcbur edirlər ki, müsahibə versin. Axı, bu da düz deyildir. Bu insan bunu istəmir. Siz bunu niyə məcbur edirsiniz? Əgər sizə bir material lazımdırsa, gedin, o adamdan alın ki, doğrudan da buna həvəsi olsun. Həvəskarlar da var. Qəzetdə də böyük başlıqla yazırlar ki, “Heydər Əliyevlə bir davamız var”. Məni də məcbur edirlər ki, buna axıra qədər baxım, görüm bu dava haradadır. Gördüm ki, həqiqətən dava da yoxdur. Mən başa düşürəm, belə başlıqlar verməklə qəzetlər istəyirlər ki, oxucunu cəlb etsinlər. Necə ki, mən bunu başdan-ayağa oxumağa məcbur oldum. Orada məna kəsb edən heç bir şey yoxdur. Başqası da deyəcəkdir ki, görəsən, Heydər Əliyevlə Almuradın nə davası var. Bunu oxuyum görüm. Bu, müəyyən jurnalist işidir. Ancaq siz gərək qəzetlərinizi belə şeylərlə məşğul etməyəsiniz. Amma bu da o qədər təhlükəli bir şey deyildir. Ən təhlükəlisi, bilirsiniz, ədalətsiz yazılardır. İndi siz burda şikayətlənirsiniz ki, məhkəmə qurulur, cərimələr kəsilir. Məsələn, mən heç kəsi məhkəməyə verməmişəm. Heç bir qəzeti məhkəməyə verməmişəm. Elədirmi? Amma bu iqtidarda hamıdan çox mənim haqqımda mənfi şeylər yazırlar.

Ancaq mən onu demək istəyirəm ki, bizim adamların bəziləri bu şeylərə dözmürlər. Məsələn, "Millətin səsi" qəzeti haqqında dedilər. Mən bunu sonra eşitdim ki, Ramiz Mehdiyev onları məhkəməyə veribdir. Onu çağırdım, dedim, onları məhkəməyə niyə vermisən, nə üçün vermisən? Deyir, “məni təhqir ediblər”. Mən heç oxumamışam nə yazıblar. Amma o, deyir ki, çox ciddi təhqir ediblər və danışığından da gördüm ki, həqiqətən özünü təhqir olunmuş hiss edir. İndi mən buna deyə bilmərəm ki, sən öz vətəndaşlıq hüququnu yerinə yetirmə. Mən bu barədə özümə cavabdehəm. Sizə söz verirəm ki, indiyə qədər heç kəsi məhkəməyə verməmişəm, heç kəsi də məhkəməyə vermirəm. Amma heç bir məhkəmənin işinə qarışmıram və qarışmayacağam. Mən bunu da sizə deyirəm.

Mənim bir neçə tövsiyələrim var. Birincisi ondan ibarətdir ki, bizim mətbuatda gərək Azərbaycanın milli mənafelərinə zərər gətirən şeylər dərc olunmasın. Yenə də deyirəm, heç kəsi məcbur etmirəm ki, mən düşündüyüm kimi düşünsün, dediyim bu sözləri mən anladığım kimi anlasın. Hərə bu barədə müstəqildir. Hərə öz fikrinin sahibidir. Ancaq bu gün Azərbaycanın reallığı bundan ibarətdir. Mən Azərbaycanın bütün mətbuatını bir daha əməkdaşlığa dəvət edirəm. Sizi əməkdaşlığa dəvət edirəm. Hamını ədalətə dəvət edirəm. Hamını dostluğa, birliyə dəvət edirəm. 

Sağ olun.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bolqarıstanda Novruz bayramı qeyd olunub
18.03.2019, 23:22

Bolqarıstanda Novruz bayramı qeyd olunub

Deputatın  oğluna daha bir vəzifə verildi
18.03.2019, 23:14

Deputatın  oğluna daha bir vəzifə verildi

Qatar qəzasında 24 nəfər öldü
18.03.2019, 22:57

Qatar qəzasında 24 nəfər öldü

Niderlandda atışma: 3 ölü
18.03.2019, 22:36

Niderlandda atışma: 3 ölü

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI
18.03.2019, 22:22

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək
18.03.2019, 22:08

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO
18.03.2019, 21:50

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
18.03.2019, 21:35

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO
18.03.2019, 21:16

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

Hollandiyada terror: Ölən və yaralananlar var
18.03.2019, 15:58

Hollandiyada terror: Ölən və yaralananlar var

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi
18.03.2019, 15:42

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı
18.03.2019, 15:41

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir
18.03.2019, 15:32

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir

ARXİV