Modern.az

Umud Rəhimoğlu Abramovu Tərtərə aparıb (FOTOLAR)

Umud Rəhimoğlu Abramovu Tərtərə aparıb (FOTOLAR)

Təhsil

14 Noyabr 2011, 18:00

Xəbər verildiyi kimi, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərə gəlib. Qonağın görüşləri davam edir. O, BAMF sədri Umud Rəhimoğlunun və fondun departament rəhbəri Nik Nvolisanın müşayiəti ilə noyabrın 12-13-də Tərtər rayonunda olub. Səfərin əsas məqsədi rayonun sosial-iqtisadi vəziyyəti ilə, ECOSOC-un üzvü olan BAMF regiondakı humanitar fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından tanış olmaqdan  ibarət idi.

BAMF sədri U.Rəhimoğlunun verdiyi məlumata görə, A.Abramov ilk öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşüb. C.Cəfərov cəbhə bölgəsində yerləşməsinə baxmayaraq Tərtərdə həyatın öz axarı ilə davam etməsi,  rayonda aparılan tikinti-abadlıq və quruculuq işləri,  həyata keçirilən iqtisadi islahatlar,  sahibkarlığın inkişafı, kəndli-fermer təsərrüfatlarına  yönəlik işlər, gənclərin fəal həyat mövqeyinin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verib. A.Abramov  Tərtər rayonunun onda böyük təəssürat yaratdığını, xüsusilə tikinti-abadlıq və quruculuq işlərinə böyük diqqət yetirilməsindən məmnun qaldığını vurğulayıb.

Sonra qonaq qaçqınların və məcburi köçkünlərin həyat şəraiti və problemləri ilə tanış olmaq üçün onların məskunlaşdıqları yaşayış yerlərinə baş çəkib.

Həmin gün Andrey Abramov BAMF-ın Tərtər rayonundakı regional ofisində gəlib, burada görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olub. “BAMF-ın regionda gördüyü işlər, xüsusilə mina qurbanlarının, müharibədən zərər çəkən insanların, aztəminatlı ailələrin problemlərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi layihələr Andrey Abramovda böyük maraq doğurdu və bütün bunların təşkilatın uğurlu missiyasının məntiqi nəticəsi olduğunu vurğuladı”-deyə  BAMF-ın sədri Umud Rəhimoğlu bildirib.

Qonaq BAMF-ın təsisçiliyi ilə yaradılan və əsasən mina qurbanlarının, aztəminatlı ailələrin, müharibədən zərər çəkən insanların sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verən “Avrasiya-Kredit” məhdud məsuliyyətli cəmiyyətinin regiondakı fəaliyyəti ilə də maraqlanıb. Sonra o, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə tikilib istifadəyə verilmiş və 2010-cu ildən fəaliyyət göstərənTərtər Regional Peşə və Təlim Mərkəzində (PTM) olub, indiyədək burada mina qurbanlarına və müharibədən zərər çəkən insanlara keçilən təlimlər və öyrədilən peşələr barədə ona məlumat verilib. Daha sonra qonaq PTM-in Koperativ Təsərrüfatına baş çəkib, tingçilik,  yemçilik və digər sahələrdə əldə olunan uğurlarla tanış olub.

Noyabrın 14-də isə A.Abramovla U.Rəhimoğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşüblər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub