Modern.az

Salyanda dezinfeksiya işləri aparılıb

Salyanda dezinfeksiya işləri aparılıb

Aktual

12 Dekabr 2018, 11:18

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatı heyvanlarının saxlanıldığı və bəsləndiyi obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Salyan Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayonun diri heyvan satışı bazarında, eləcə də Babaşov Rizvana məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatında 1600 m2 və Əliyev Təbrizə məxsus itibuynuzlu heyvandarlıq təsərrüfatında 1400 m2 sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb. Obyektlərdə təsərrüfat sahibləri tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya və dezinseksiya işləri icra olunub. Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş taarifə uyğun aparılır.

Dezinfeksiya və dezinseksiya tədbirləri aparan zaman almerdehid, dezinfektant-“X”, kaustik soda, ektosan və kreolin kimi dərman maddələrindən istifadə edilib.

Dezinfeksiya və dezinseksiyaedici dərmanlar təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla əraziyə tətbiq olunub.

Cari ilin müvafiq dövrü ərzində Salyan rayonunda 57550 m2 sahədə dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb. Eləcə də 2018-ci il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun olaraq Salyan rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri həyata keçirilib. Belə ki, müvafiq dövr ərzində Salyan Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər aparıblar. Eləcə də xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostik müayinələri yerinə yetiriblər. 2018-ci ilin müvafiq dövrü ərzində 62102 baş iribuynuzlu, 188949 baş xırdabuynuzlu, 900 baş təkdırnaqlı heyvanda qarayara, 62157 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 187969 baş xırdabuynuzlu heyvanda çiçək, 118320 baş iribuynuzlu heyvan, 101516 baş xırdabuynuzlu heyvanda dabaq, 5578 baş iribuynuzlu, 3011 baş xırdabuynuzlu heyvanda leptospiroz, 9697 baş iribuynuzlu, 63892 baş xırdabuynuzlu heyvanda bruselyoz, 5000 baş it  quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı  979396 baş quşda “H” vaksini, 898288 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.

Salyan Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirirlər.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar