Modern.az

Bu il dünyasını dəyişən TANINMIŞLAR - Məmurlar, sənətçilər, jurnalistlər və...  

Bu il dünyasını dəyişən TANINMIŞLAR - Məmurlar, sənətçilər, jurnalistlər və...   

Mədəni̇yyət

31 Dekabr 2018, 10:50

Yola salmaqda olduğumuz 2018-ci il ölkəmizdə xeyli tanınmış şəxsin, sənət adamının dünyasını dəyişməsilə də yadda qalır.


Modern.az
saytı 2018-ci ildə dünyasını dəyişən tanınmışların siyahısını hazırlayıb:


Qəflətən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalovun ölümü səs-küy yaratdı. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən nazir bu il iyunun 23-də haqq dünyasına qovuşub. O, 18 mart 2006 - cı il tarixli sərəncamla müdafiə sənayesi naziri təyin edilmişdi. Yavər Camalovun 44 yaşlı oğlu Rövşən Camalov isə ötən ilin sentyabrında Türkiyədəki özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.


Milli Məclisin üzvü Astan Şahverdiyev də yola saldığımız ildə vəfat edib. Aprel ayının 14-də Qusar rayonunda dünyasını dəyişən 71 yaşlı deputatın ölüm səbəbi ürək tutması olub. O, Bakıda – “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Bu il dünyasını dəyişən digər tanınmış şəxs isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov oldu. O, fevralın 18-də  81 yaşında vəfat edib. Abbas Ələsgərov 4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışırdı.


Bu il aprelin 8-də səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da 71 yaşında vəfat etdi. Onun qəfildən dünyasını dəyişdiyi bildirilirdi. A.Vəlibəyov 1999-cu ildən səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da 2018-də dünyasını dəyişənlər sırasına daxil olub. Son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilən Aslan Aslanov avqustun 23-də vəfat edib. O, 1993-2005-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 2013-cü ilin oktyabrınadək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən sonra heç bir rəsmi vəzifəyə təyin olunmamışdı, işsiz idi.


Azərbaycan Təhsil Şurasının fəxri sədri, tanınmış təhsil eksperti Əjdər Ağayev bu il 81 yaşında dünyasını dəyişdi. Ürəktutmasından vəfat edən Ə. Ağayev Mehdiabad qəbiristanlığında torpağa tapşırıldı.

"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov da bu il dünyasını dəyişib. Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Həmin hadisədən sona mətbuatın məşhurlaşdığı Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı. Oğluna isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmiş, 3 ildən sonra azadlığa buraxılmışdı.


2018-ci ildə Milli Məclisin bir neçə sabiq üzvü də haqq dünyasına qovuşdu. Bunlardan biri keçmiş deputat İbrahim Qafarov idi. O, 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Parlamentin digər sabiq üzvü Məryəm Həsənova isə 80 yaşında yaşadığı Siyəzən rayonunda dünyasını dəyişib. O, "İstiqlalçı deputatlar"dan biri olub. 

Bu il "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov da qəfildən vəfat etdi. Marlen Əsgərov 2005-ci ilin oktyabr ayından "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti idi.


Xərçəng xəstəliyindən əziyyət çəkən Tovuz rayon Polis İdarəsinin sabiq rəisi Novruz Həsənov isə sentyabrın 20-də dünyadan köçdü. N. Həsənov AXC hakimiyyəti dövründə - 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. 1994-cü ildə Türkiyəyə mühacirət edib, 2007-ci ildən vətənə qayıdıb.


Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev də bu il vəfat etdi. Azər Tağıyev 1995-2017-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənədək MSK üzvü olub.


Dünyasını dəyişən tanınmışlardan biri də Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov oldu. Oktyabrın 14-də haqq dünyasına qovuşan Vidadi Salahovun cənazəsi Azərbaycana gətirildi və o, Bərdə şəhərində dəfn oldu.


Bu il ölümü ilə səs-küy yaradan həmvətənlərimizdən biri isə iş adamı Etimad İsmayılov oldu. İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalan E. İsmayılovu digər azərbaycanlı – sabiq polis zabiti Gözəl Dəmirov güllələmişdi.  
Mərhum Etimad İsmayılov Azərbaycanın sabiq Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

2018-ci ildə tanınmış jurnalistlərdən də dünyasını dəyişənlər oldu. Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədri, 78 yaşlı Yusif Kərimov oktyabrın 15-də torpağa tapşırılıb.

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski isə mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi qəfil ürəktutması göstərildi. R.Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.


Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə bu il 72 yaşında dünyasını dəyişdi. Q.Tağızadə AzTV-də diktor, bədii rəhbər, baş redaktor vəzifələrində çalışıb.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən jurnalist və hüquq müdafiəçisi, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun isə meyiti yaşadığı evdən tapıldı. Baş redaktorun dəm qazından boğulmuşdu.

Vaxilə “Millət” qəzetində jurnalist və baş redaktor vəzifələrində işləmiş, Azərbaycan Milli İstiqlal partiyasınıın (AMİP) keçmiş mətbuat katibi Asəf Orucoğlu da bu il vəfat edib. Onun infarktan öldüyü bildirilib.

Tanınan idman jurnalisti 81 yaşlı Abbas Əzimov da bu il dünyasını dəyişdi.  Onu  futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırdılar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində… Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov son vaxtlar AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktoru idi.

Bu il dünyasını dəyişən bir tanınmış jurnalist də Məmməd Kazım oldu. Jurnalistika ilə bərabər şair, publisist kimi də tanından Məmməd Kazım 83 yaşında haqq dünyasına qovuşdu. O, "Hünər” və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. Mərhum Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub. 

Qarabağla, Ağdamla bağlı bir neçə kitabın, çoxsaylı publisistik yazıların müəllifi, tanınmış jurnalist Surxay Əlibəyli də bu il noyabrın 5-də 69 yaşında vəfat edib. 


Azərbaycanın məşhur fotojurnalisti, idman reportajları üzrə mahir fotoqraf Yaşar Xəlilov da 2018-də vəfat etdi. “Azərbaycan Gəncləri” qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayan fotoqraf daha “Bakı” qəzetində, 1959-cu ildə isə “Azərtac” Dövlət İnformasiya Agentliyində çalışıb. 

Yenə bir tanınmış şəxs - hərbi teleoperator, Xocalı soyqırımını ilk lentə almış şəxs, Qarabağ müharibəsi əlili  Seyidağa Mövsümlü bu il aramızdan getdi. O iyunun 26-sı Mərdəkanda dəfn edildi. S.Mövsümlü uzun illər idi ki, Qarabağ döyüşündə aldığı yaradan əziyyət çəkirdi. 


Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən həmkarımız tanınmış jurnalist Nigar İsmayılqızı isə gənc yaşında dünyadan köçdü. Sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən Nigar İsmayılqızının müalicəsi üçün ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, dəstək kampaniyası başlatmışdılar.


Tanınmış jurnalist Nicat Məlikov da bu il gənc yaşında dünyasını dəyişdi. Qəfil ürək tutması keçirən N.Məlikov 39 yaşında haqq dünyasına qovuşdu.  O, “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında işləyirdi. Bundan öncə isə uzun müddət “Zerkalo” qəzetində çalışıb.


Təəssüf ki, bu il bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənc həmkarlarımız da oldu. Jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq, öldürüb. Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.


“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov da yola saldığımız il  vəfat etdi. Ağ ciyər xərçəngindən əziyyət çəkən qazi 1992-ci ildə erməni işğalına qarşı döyüşlərdə ağır yaralanaraq, bir ayağını itirmişdi. O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi.


Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Qara Mustafayev isə 86 yaşında dünyadan köçdü. O, Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi. 


2018-ci il sənət dünyası üçün də düşərli olmadı. Bu il bir neçə xalq artistimizin, tanınmış sənət adamlarının fəfatı ilə yadda qaldı.
Xalq artisti Fuad Poladov da bu il vəfat etmiş sənətkarlarımızdandır. Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaratmış tanınmış aktyor mayın 5-i haqq dünyasına qovuşdu.


Noyabr ayında isə xalq artisti Amaliya Pənahovanın dünyasını dəyişməsinə üzüldük. 73 yaşlı tanınmış sənətkar 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub.


Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə isə uzun sürən xəstəlikdən sonra iyul ayında vəfat edib. 83 yaşlı xalq artisti 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.


Hamımızın yaxşı tanıdığı, Azərbaycanın xalq artisti, məşhur aktrisa Zərnigar Ağakişiyeva isə 72 yaşında  vəfat etdi. Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanmışdı.


Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev isə 69 yaşında dünyasını dəyişib. Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.


Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də bu il dünyasını dəyişdi. Beyin insultundan əziyyət çəkən 72 yaşlı bəstəkar Yasamal qəbiristanlığında dəfn olundu.


Bu il noyabrın 19-u gecə saatlarında isə tanınmış aktyor və müğənni Novruz Novruzlu dünyasını dəyişib. Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. O. Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu “Savalan” qrupunu yaradıb və onun bədii rəhbəri idi.


2018-ci ildə dünyasını dəyişənlər sırasında əməkdar artist Rafiq Hüseynov da var. 77 yaşında vəfat edən aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib. 1991-ci ildə "əməkdar artist" adına layiq görülüb.


Azərbaycanın xalq rəssamı, heykəltəraş Tokay Məmmədov da bu il dünyasını dəyişdi. 91 yaşlı heykəltəraş müalicə aldığı xəstəxanada vəfat edib. Onun anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub.


Bu il aşıq sənətinə də ağır itkilər üz verdi. Tanınmış aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişdi. Ölümündən 2 gün öncə infakt keçirən görkəmli aşıq yanvarın 10-u haqq dünyasına qovuşub.  Aşıq V.Mahmudoğlu jurnalist Anar Niftəliyevin qardaşıdır.

Azərbaycanın aşıq sənəti növbəti itkisini mayın 12-si yaşayıb. Belə ki, qaraciyər çatışmazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu 12 may 2018-ci ildə xəstəxanada vəfat edib. 


Tanınmış reper Anar Nağılbaz da bu il vəfat edib. Avqustun 4-ü tanınmış reper həyatla vidalaşıb. Anar 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. O, eks-deputat Rizvan Cəbiyevin oğludur.

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov avqust ayında dünyasını dəyişib. 67 yaşlı sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.


“Neftçi”nin və AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev də 2018-ci ildə rəhmətə gedən tanınmış simalar sırasına daxil oldu. Böyükağa Hacıyev ilk dəfə “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla ölkə futbolunun tarixinə düşüb.  


"Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu ilin aprelində vəfat edib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır