Modern.az

"Bakılıların riayət etmədiyi təmizlik paytaxtımız haqda “Eurovision”a gələnlərdə yanlış fikir oyada bilər" (MÜSAHİBƏ)

"Bakılıların riayət etmədiyi təmizlik paytaxtımız haqda “Eurovision”a gələnlərdə yanlış fikir oyada bilər" (MÜSAHİBƏ)

Qarabağ

15 Noyabr 2011, 13:17

“Hər bir vətəndaş məsuliyyətini dərk etməlidir”

Ülkər Rəşidqızı: “Məncə, son illərin ən möhtəşəm “Eurovision”u məhz Azərbaycanın ev sahibliyinin adı ilə bağlı olacaq”

Paytaxtımız Bakı böyük musiqi müsabiqəsinə hazırlaşır. Bəs paytaxtın ictimai mühiti necə bu nüfuzlu yarışmaya hazırdırmı? İndiyədək “Eurovision”a ev sahibliyi etmiş şəhərlərin hazırlıq səviyyəsi necə olub? Bu yöndə suallarımızı bir neçə “Eurovision” yarışmasını canlı olaraq izləmiş jurnalist, APA-nın əməkdaşı Ülkər Rəşidqızı cavablandırır:  

- Ülkər, indiyədək neçə “Eurovision” paytaxtında olmusan? Hansı tarixlərdə?

- Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki 4 illik təmsilçiliyi dövründə yalnız 2008-ci ildə Belqradda keçirilən yarışmada iştirak edə bilməmişəm. Digər illərdə - 2009, 2010 və 2011-ci illərdə bu müsabiqəni jurnalist olaraq canlı izləmək və işıqlandırmaq imkanı qazanmışam. Moskva - təşkilatçılığı, Oslo - soyuqluğu, Düsseldorf isə qələbəmizlə yaddaşıma həkk olunub.

- Həmin şəhərləri necə xarakterizə edərdin, ayrı-ayrılıqda? 

- Moskvada “Eurovision” yarışmasından əvvəldə olmuşdum. Amma bu ərəfədə Moskvanı özümlüyümdə kəşf etdim. Digər səfərlərdə istər şəhərin özü, istərsə də yerli əhali mənə nə qədər soyuq təsir bağışlamışdısa, müsabiqəylə bağlı səfərimdə bu düşüncələrimin tam əksini gördüm. Rusiyanın paytaxtı böyük Moskva həqiqətən də artıq 57 illik tarixə malik olan “Eurovision” yarışmasında ən yaxşı ev sahibi adını qazanmağı bacardı. Təəssüflənirəm ki, bu düşüncələrimi Norveçin paytaxtı Oslo şəhəri məhv etdi. İlk əvvəl Avropanın seçilən bir ölkəsinin bu müsabiqədə qalibiyyətinə sevindim, amma o şəhərin müsabiqə ilə bağlı təşkilatçılığının şahidi olduqda çox da sevinə bilmədim. Moskvada rastlaşdığım möhtəşəmlikdən burada əsər-əlamət yox idi desəm fikrimcə yanılmaram. Media mənsubları üçün arenanın kənarında qurulmuş çadırı gördükdə isə ümumiyyətlə kefim pozulmuşdu. Çünki bu müsabiqənin hər önəmli anını işıqlandırmalı olan bizlər demək olar ki, iki həftənin hər gününü (bəzən gecə saat 3-4-ə kimi) bu məkanda keçirməli oluruq. Və o an düşündüm - “həqiqətən də Norveç hökumətinə bu müsabiqə lazım deyilmiş və ya onların artıq Avropaya özlərini sübut etməyə, sahib olduqlarını göstərməyə ehtiyacları yoxdur”... Əgər Moskvada yolla gedərkən beş nəfərdən dördü “Eurovision”la maraqlanırdısa, burada sadə camaatın heç yarışma maraqlarında belə deyildi. Hətta Oslonun Asker istiqamətində tutduğumuz evin sahibi təmsilçiləri belə tanımırdı. Müsabiqəyə hazırlıq mərhələsini nəzərə almasaq, Norveç yaşamaq üçün həqiqətən də gözəl bir ölkədir. Xüsusi ilə paytaxtı Oslo – bütün Avropa ölkələrində olduğu kimi burada da eyni tendensiya hökm sürür. İnsanların daimi gülər üzü, qayğısız baxışları, sözün həqiqi mənasında mənən azad və müstəqil yaşayışları...  Və nəhayət 2011 – Qələbə qazandığımız Düsseldorf şəhəri haqqında. Bu şəhəri ilk andan sevdim, çünki almanlar olduqca istiqanlı və sevimli xalqdır. Əslində deyilənlərin tam əksi, qaraqabaqlıqdan əsər-əlamət belə yox idi. Bəlkə də artıq Azərbaycanın bu şəhərdə qalib olacaqlarını özlüklərində hiss edirdilər deyə, bizlərə yaxşı davranırdılar. Almaniyanın “Eurovision” müsabiqəsini keçirmək üçün dörd şəhər arasından seçdiyi Düsseldorf ərazi baxımdan nisbətən kiçikdir. Alman xalqı hər bir beynəlxalq tədbirə hazırdır. Ümumiyyətlə, Avropa ölkələrinin heç birində sadə əhaliyə müsabiqə ərəfəsində özünü aparmaq qaydaları tətbiq olunmur. Almanlarda təqdir etdiyim bir neçə xüsusiyyət oldu. İlk əvvəl məşhur deyimdə deyildiyi kimi “alman dəqiqliyi”, bu insanların öz dillərinə olan hörmət və sevgisi. Almanları öz dilində salamlamaq hər birini məmnun edir və ardınca ingiliscə sual eşitdikdə, üz-gözlərini turşutmurlar. Əks təqdirdə cavab eşitməyə də bilərsiniz. Alman xalqı onların dilinə hörmət edənlərə hər hansısa yardım göstərməkdən çəkinmirlər.  Digər ölkələrdə olduğu kimi, elə Düsseldorfda da bir neçə həmkarımızla xüsusi ev kirayə tutduğumuzdan daha çox metrodan istifadə edirdik. Əslində lazım olan ünvana metro ilə getməyimiz şəhəri daha çox görmək imkanı yaradırdı. Almaniyada bütün avtobusların yalnız bir sürətlə getməsi sözün əsl mənasında məni heyrətə saldı. Burada sürücülər daha çox sərnişin yığmaq üçün şəhər mərkəzində bir-biri ilə ötüşmürlər. Müsahibələrə və çatacağım ünvana gecikdiyim halda bəzi hallarda taksidən istifadə etmək məcburiyyətində qalırdım. Bu şəhərdə taksidən istifadə çox baha başa gəlir. İki kilometr məsafəni taksi ilə qət etmək üçün nə az, nə çox düz 20 avro xərcləmək lazımdır. Düsseldorfda təmizliyə son dərəcə riayət olunur, bu şəhəri həm də bəzi cəhətlərdən Bakıya bənzətmək olar. Məsələn, şəhərin hər bir nöqtəsindən görünən Düsseldorf teleqülləsi... Bu teleqüllə görünüşü ilə, orada yerləşən qüllə restoranı ilə milli qülləmizi xatırladırdı mənə. 
Küçələrdə avtomobillər az olsa da, bu şəhərdə hər kəs yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edir və ölkəyə gələn digər ölkə vətəndaşlarını da bu qaydalara riayət etməyə məcbur edirlər. Ümumiyyətlə, Almaniya vətəndaşlarının öz ölkəsinin qayda-qanununu təbliğ etməsini olduqca yüksək qiymətləndirdim. Turistlərin çoxluğuna baxmayaraq, bu ölkə öz mentalitetinə sadiqdir. Həm özləri, həm də qeyri-millətlər bu ölkənin qanunlarına hörmətlə yanaşır...

- Bakı şəhərinin ictimai mühiti – istər şəhərin təmizliyi, istərsə sakinlərin davranış qaydaları qonaqlarda hansı təəssüratı yaradacaq? Jurnalistlər geri dönərkən nə yazacaqlar?

- Bakı şəhərinin təmizliyi, sakinlərin davranış qaydaları bir az problemli məsələdir. Təmizlik məsələsinə son zamanlar daha ciddi riayət olunur. Bu riayət isə sakinlər tərəfindən deyil, bu işə cəlb olunan xüsusi insanlar və ya təmizləyici qurğular həyata keçirir. Məhz təəssüflə qeyd edirəm çoxsaylı sakinlərin riayət etmədiyi təmizlik şəhər haqda yanlış fikir oyada bilər. Avropa ölkələrində bu məsələyə ciddi nəzarət olunur, hətta bir sıra ölkələrdə bunu üçün müvafiq cərimələr də tətbiq olunub.  Biz də isə müstəqillik və azadlığı deyib əllərindəki zibilləri paytaxt küçələrinə atmaqla göstərməyə çalışırlar. Dediyim kimi bu fikri bütün paytaxt əhlinə aid etmirəm, bir qisim var ki, onlar da çoxluq təşkil edir. Avropa mediasının Bakıdan nə yazıb-yazmayacaqlarını öncədən bilmək mümkünsüz bir şeydir. Eyni zamanda bu fərdi xarakter daşıyır. Amma istərdim yalnız və yalnız gözəl əhval-ruhiyyəli, xoş sözlərlə bol reportajlar hazırlasınlar. Öz adımdan deyə bilərəm ki, illərdir bu müsabiqə çərçivəsində tanıdığım və dostluq əlaqələri qurduğum həmkarlarımı paytaxtın ən gözəl məkanları ilə tanış edəcəyəm. Bunu tək mən yox, əslində hər bir azərbaycanlı etməlidir. Həmin ərəfədə hər şeydə diqqətli olmalıyıq. Çünki bu şans bəlkə də illərlə bir daha ələ düşməyəcək. Hər halda müsabiqə tarixi bunu göstərir. Çox az hallarda eyni ölkə bir neçə ildən sonra yenidən qalib olub. Hər kəs öz adından çalışmalıdır. Avropadır da deyib birmənalı yanaşmaq, ötəri keçmək, görməməzliyə vurmaq və s. Bu kimi hallar yolverilməzdir.  Hər halda bu şans Allahın Azərbaycanda bir lütfüdür. Məhz bədnam qonşularımızdan əvvəl bu yarışma tarixinə Azərbaycanın qalib olaraq yazılması möhtəşəm bir hadisədir. Arzu edərdim ki, bunu hər bir Azərbaycan vətəndaşı anlasın. Əhaliyə treninq, onları pis vərdişlərdən yayındırmaq mümkün deyil. Sadəcə hər insan və vətəndaş bu məsuliyyəti hiss etməlidir.

- Bakı şəhərində “Eurovision 2012”-nin layiqincə həyata keçirilməsi üçün səncə, hansı işlər görülməlidir?

- Ümid edirəm ki, son illərin ən möhtəşəm “Eurovision”u məhz Azərbaycanın ev sahibliyinin adı ilə bağlı olacaq. Əslində ideyalar və təkliflər  saysız-hesabsızdır. Nəqliyyat sisteminin yüksək səviyyədə fəaliyyət göstərməsi lazımdır. Avtobus dayanacaqlarında quraşdırılmaqda olan texnologiyanın istifadə verilməsi, metro istifadəsinin vaxtının uzadılması lazımdır. Avropa ölkələrində ən çox istifadə olunan nəqliyyat vasitəsi məhz velosipeddir. Həmin ərəfədə velisopedlərin də kirayə verilməsi maraqlı olardı. Başqa ölkələrdə bu müsabiqə ərəfəsində rastlaşdığımız bahalaşmaya da Azərbaycanda rast gəlmək istəməzdim. Bunda da seçilməliyik... Bu özümüzü onlara sevdirmək məqsədi yox, tanıtmaq və qəbul etdirmək istəyindən doğmalıdır.   




G.Habilqızı

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Eurovision” paytaxtının sakini” devizi altında maarifləndirmə layihəsi çərçivəsində dərc olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər