Modern.az

Dil və ədəbiyyat dərslərinin tədrisi  məsələləri - I YAZI  

Dil və ədəbiyyat dərslərinin tədrisi  məsələləri - I YAZI   

13 Dekabr 2018, 14:31

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Dil və ədəbiyyat dərslərinin tədrisi ilə bağlı mövcud olan problemlər ora gətirib çıxarıbdır ki, bu dərsləri uşaqlarımız yaxşı öyrənə bilmirlər. Burada hələ xarici dillərin və xarici ölkələrin ədəbiyyatlarının tədrisini ayrıca bir mövzu kimi diqqət mərkəzində saxlamırıq. Bu barədə ayrıca bəhs etməyə ehtiyac vardır. Konkret olaraq milli dilin və milli ədəbiyyatın, yəni Azərbaycan dilinin və Azərbaycan ədəbiyyatının tədrisi nəticə etibarilə müxtəlif problemləri üzə çıxarır. Bu problemlərin bir qismi məktəbəqədərki dövrdə, yəni ailə mühitində özünü göstərir. Belə ki, bəzən ailədəki mövcud dil mühiti uşaqların doğma ana dilini öyrənmək işində çətinliklər yaradır. Ailədə valideynlər ­– ata, ana övladla ünsiyyəti düzgün qura bilmir. Övladla ünsiyyətdə olmağa vaxt ayırmırlar. Ailədəki uşaqların dil bilgisini artırmırlar. Övladlarının sorğu-sualına şərait yaratmırlar. Uşaqlara bu istiqamətdə heç bir stimul vermirlər. Nəticədə uşaqlar ya özlərinə qapanır, ya da oyuncaqları ilə oynayır, dil mühitinə qoşula bilmirlər. Nəzərə almırlar ki, indi dili öyrənməyin tələbləri və dili öyrətməyin metodikası dəyişibdir. İndi dil konseptlər (anlayışlar) əsasında öyrənilir və öyrədilir. Yəni istənilən bir mühit dil konsepti ola bilər və oradakı məfhumlar, anlayışlar bir-bir öyrədilir. Məsələn, sevgi, vətən, torpaq, fəsil, sinif, məktəb və s. anlayışlarının hər biri konsept kimi çıxış edir. Orada mövcud olan məfhumların hər biri gözlə görünür və onların adı səslənir, nəticədə qulaqla eşidilir. Söz və qulaq vəhdəti sözü və məfhumu daha yaxşı anlada bilir. Bu zaman istənilən bir dil asan yolla öyrənilir.

 
Son dövrlərdə elmi-texniki tərəqqinin  nailiyyətləri hər birimizin, o cümlədən uşaqların həyatına, məişətinə geniş daxil olubdur. Əlbəttə bunun əleyhinə deyilik, bu belə də olmalıdır. Ancaq uşaqlar əksər vaxt elmi-texniki tərəqqinin imkanlarından düzgün istifadə etmir, düzgün faydalana bilmirlər. Onlar telefonun, planşetin, kompüterin və digər vasitələrin imkanlarından dil bilgisi almaq istiqamətində istifadə etmirlər. Saatlarla telefondan, planşetdən istifadə edən uşaqlar mənasız oyunlarla vaxtlarını itirir, gələcəkdə onların həyatında mühüm rol oynayacaq bilgilərdən uzaq düşürlər. Bunun üçün elektron resurslarını uşaqların yaş səviyyəsinə uyğun olan cizgi filmləri, uşaq filmləri, uşaqların başa düşəcəyi ədəbi-bədii materiallarla yükləməli və doldurmalıyıq. Uşaqların istifadə etdiyi elektron resurslarında belə materialların olmaması, yaxud da çox az olması uşaqların dil, ədəbiyyat bilgisinə mənfi təsir göstərir. Dil, ədəbiyyat bilgisi zəif olan uşaqların dil və ədəbiyyat zövqü də aşağı səviyyədə olur. Dili və ədəbiyyatı öyrənmək üçün həm də zövq sahibi olmaq lazimdır. Zövqə sahiblik isə uşaqlıqdan başlayır və bütün ömrü boyu insanı müşayiət edir. Uşaqların məktəbəqədərki dövrü ilə bağlı görüləcək işlərin proqramı, bu proqramın tələbindən irəli gələn kitabların yazılması, metodik vəsaitlərin hazırlanması və bütün bunların hamısının elektron məkanda yerləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. Bu mənada məktəbəqədərki dövrlə bağlı Türkiyə alimlərinin gördüyü işləri örnək kimi qəbul etmək olar. Məsələn, Ankara Universitetinin əməkdaşı Neriman Aralın, Qazi Universitetinin əməkdaşları Adalet Kandırın və Münevver Can Yaşarın birgə hazırladıqları “Okul öncesi egitim ve ana sınıfı proqramları” kitabının məktəbəqədər təhsil üçün böyük faydası vardır. Bu kitabda məktəbəqədər təhsillə bağlı bir sıra məqamlar diqqət mərkəzində saxlanılır. Məsələn, məktəbəqədərki təhsilin hansı səbəblərlə bağlı önəmli olması, məktəbəqədərki təhsilin qarşısında duran məqsədin nədən ibarət olması, məktəbədər təhsilin yaxşılaşması üçün hansı işlər görülməlidir, məktəbəqədərki təhsil dövründə uşaqların özəllikləri barədə, ailənin məktəbəqədərki təhsilə qatılmasını həyata keçirmək yolları və s. Burada yenə də uşaqlarda şeir, hekayə bacarıqlarının aşılanması yolları diqqət mərkəzinə gətirilir. Deməli, ədəbi zövqün məktəbəqədərki dövrdə formalaşma yolları diqqət mərkəzində saxlanılır. Hətta Türkiyədə bu istiqamətdə olan tədqiqatlar bir az da dərinləşir və öyrətmə prosesində dramın, teatrın, oyunların, əyləncələrin, məsəllərin, baş vermiş hadisələrin və s.-in uşaqların formalaşmasında oynadığı rola xüsusi olaraq yanaşılır. Təbii ki, bunların hamısı ona xidmət edir ki, uşaqlarda ədəbi-bədii zövq formalaşsın, onların dünyagörüşü və mənəvi aləmi zənginləşsin. Bunların hamısı birlikdə (kompleks olaraq) mədəni insanı, mədəni vətəndaşı formalaşdırır. Türklərdə bu istiqamət diqqət mərkəzində saxlanılmaqla, həm də bu sahənin (o cümlədən təhsilin) sözlüyü (lüğəti) hazırlanır. Belə sözlüyün (lüğətin) mövcudluğu bir daha təsdiq edir ki, təhsil (o cümlədən məktəbəqədər təhsil) ən böyük mədəniyyətdir. Eyni zamanda təhsili və bu prosesi qavramaq üçün ona aid olan terminləri öyrənmək, bilgiyə çevirmək lazımdır. Belə olarsa, zövqü olan öyrədici, yəni müəllim həm də zövqlü şagird, tələbə və geniş mənada vətəndaş hazırlaya biləcəkdir.  

         
Uşaqlar valideynlərindən daha çox zəmanəyə bənzəyirlər. Vaxtilə valideynlər – ata, ana və əgər ailədə baba, nənə vardısa, onlar uşaqlara hekayələr, nağıllar danışar, dil və ədəbiyyat zövqünün təməlini qoyardılar. İndi isə uşaqlara nağıl və hekayə danışan valideynlər (ata,ana), o cümlədən baba, nənə ya yoxdur, ya da çox azdır. Belə olan təqdirdə uşaqlarda dil və ədəbiyyat zövqü hardan yarana bilər? Nəzərə alsaq ki, uşaqlar zəmanənin övladları kimi elmi-texniki tərəqqinin həyatımıza, məişətimizə gətirdiyi telefondan, planşetdən istifadə edirlər. Və həmin telefon və planşetlərdə uşaqların dil və ədəbiyyat zövqünü formalaşdıracaq materiallar yoxdur, onda məsələnin nə qədər acınacaqlı olması barədə düşünməliyik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır