Modern.az

Parlament hərbi xidmətlə bağlı qanuna dəyişiklik etdi - əsgərlikdən azad edilən və çağırılmayanların SİYAHISI

Parlament hərbi xidmətlə bağlı qanuna dəyişiklik etdi - əsgərlikdən azad edilən və çağırılmayanların SİYAHISI

Ölkə

15 Noyabr 2011, 14:49


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna dəyişikliklər müzakirə edilib.

Modern.az saytı xəbər verir ki, müzakirələr zamanı millət vəkili Fazil Mustafa ailənin tək övladı olan oğlanların hərbi xidmətə çağırılmamasını təklif edib.

Deputat Elmira Axundova Fazil Mustafanın təklifinə dəstək verərək əlavə edib ki, tənha anaların övladları da orduya çağırılmasın

Deputat Cavanşir Feyziyev isə magistraturaya daxil olan gənclərin təhsilini başa vurduqdan sonra hərbi xidmətə getməsinin qanunvericilikdə əks olunmasını istəyib.

Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Azərbaycan Prezidenti Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq.

Deputat Qüdrət Həsənquliyev isə ailənin tək oğlanları və tək övladların hərbi xidmətdən azad olunmasını yolverilməz adlandırıb: “Hazırda ailələr elə planlaşdırılır ki, böyük əksəriyyətində iki övlad olur - bir oğlan və bir qız. Əgər tək övlad və oğlanları azad etsək, onda ordunu kimlə kompleksləşdirəcəyik?”.

Müzakirələrdən sonra qanuna dəyişikliklər qəbul edilib.

Qanunun 21-ci maddəsinə edilən dəyişikliklər müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlarla bağlıdır.

Buna əsasən, dinc dövrdə aşağıdakı çağırışçılar sırasından müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alan vətəndaşlar;
səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar;
alternativ xidmət (əmək mükəlləfiyyətli) keçməyə göndərilmiş çağırışçılar;
35 yaşı tamam olana qədər müxtəlif səbəblər üzündən müddətli həqiqi və ya alternativ xidmət keçməyən çağırışçılar;
ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş vətəndaşlar;
Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar; Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman).

Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

İctimai işlər, islah işləri və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar;
əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud, məhkumluğu ödənilməmiş vətəndaşlar;
barəsində cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud, barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!