Modern.az

İki vəkilin fəaliyyəti dayandırıldı

İki vəkilin fəaliyyəti dayandırıldı

14 Dekabr 2018, 10:44

Dekabrın 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

 

Bu barədə Kollegiyadan Modern.az-a verilən məlumatda bildirilib.

 

Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşmüş, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

İclasda Vəkillər Kollegiyasının “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilmiş, təşkil olunacaq Komitəyə Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb. 

Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt Regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul olunmuş, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.

İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.

Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir