Modern.az

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

14 Dekabr 2018, 17:02

Bu günlərdə vətənpərvər bir şəxs Ağsu rayon sakini Məmmədov Emil Nəsimi oğlunun minaya düşərək sağ ayağını itirdiyini eşidib qazimizi ziyarət etməyə getdim. Hospitalda Emilin babasının yaxşı tanıdığım Aslan müəllim və ən yaxın dostum Fikrətin bacısı nəvəsi olduğunu öyrəndim. Bu yazını yazmağa məni vadar edən səbəb isə Aslan müəllimin bir fikiri oldu. "Emil komandirini xilas etmək istərkən yaralanıb. Vətən sağ olsun!".

Bu sözləri qürurla dedi. Hospitaldan qayıtdım və çox düşündüm. Aslan baba özü yaxşı tanıdığım qızıl mağazasında işləyən rəhmətlik Sədyar kişinin oğludur. Bəzən Aslan müəllim təkəbbürlü insan kimi görünür. Onun, nəvəsini nəinki ön cəbhədə, bəlkə də əsgərlikdən saxlamaq imkanı var idi. Lakin, o cəmi bir aydan sonra qayıtmalı olan nəvəsinin yanındaca Vətən yolunda ayağını itirməsi və qazi olması ilə qürurlanırdı. Emil məndən cəmi 2 yaş böyük olan dostum Fikrət Əzizovun bacısı nəvəsidir. O Fikrətin ki, uşaqlıqdan indiyə kimi ona özümü kiçik qardaş saymışam. Hətta Ali Məhkəmənin sədri işləyəndə belə, məclislərə daxil olan zaman bu sadə, adi texnikum bitirmiş və kiçik şirniyyat sexində işləmiş, indi isə kiçik dükan ilə ailəsini dolandıran Fikrətdən heç vaxt önə keçməmiş, onu özümdən artıq şəxsiyyət hesab etmişəm. Mənim bacım oğlu Şahin Seyidli də könüllü olaraq cəbhəyə gedib, şəhid olmuşdur. Lakin, bu az danışan, təvazökar, həyat yoldaşı vəfat edəndən uzun müddət keçməsinə baxmayaraq ailə qurmayan, qəlbi nurla dolu bir insanın məndən yüksəkdə durması bir faktdır. V. İ. Lenin deyərdi ki, «Engels Marksı özündən üstün saymaqda nə qədər haqlı idi”.

Qazinin Fikrətin əzizi olması məni çox duyğulandırdı. Yadıma Fikrət haqqında bir-iki faktı saldı. Ailə qurmağa maddi çətinlik çəkdiyimi Fikrət bilir və əlindən gələni əsirgəmirdi. Bir gün məndən sanki borc istəyirmiş kimi həya ilə illərlə toplamış olduğu xeyli pul verərək rica etdi ki, əlini geri qaytarmayım...

1993-cü ildə mən vəzifəmdən istefa verərək, rayona qayıdanda rayon rəhbərliyini ələ keçirmiş silahlı qruplaşma evimizə hücuma keçib, məni tutmaq məqsədi ilə qardaşım və yaxın qohumlarımı həbs etmişdilər. Məni isə qohum evlərinin birində iki gün zirzəmidə bu qaragüruhun əlindən gizlədərək qorumuşdular. Fikrət bunları eşidəndə gecə səhərədək həyətimizdə oturub qoca anamı və qadınları qorumuşdu. Mən həmişə kiçik bədənində vətəninə, xalqına, el-obasına böyük sevgi gəzdirən və heç vaxt etdiyi yaxşılıqları bir dəfə də olsa dilinə gətirməyən bu insana pərəstiş etmişəm. Lakin mən deputat olmağıma baxmayaraq, bu 3 ildə onun tək oğluna adi bir iş düzəltmək qabiliyətinə belə malik deyiləm. Baxmayaraq ki, Fikrətdən gizlin bir-iki adama bu barədə ağız açdım. İndi isə belə dəyərli əsil-kökə malik, Vətəni və komandiri üçün canını fəda etməkdən çəkinməyən əziz balamız və şərəfli qazimiz Emilə üz tutaraq deyirəm: Emil, vətən təkcə torpaq, sərhəd deyil. Həm də sizlərsiniz, sizlərin qeyrəti, məhəbbəti və əməlidir. Sizə, Aslana, Fikrətə, Səbuhiyə, Vətənə və xalqa layiq ola bilməyən, lakin, Danko tək ürəyini bu yolda məşəl kimi yandırmış bizlərin indiki acizliyini bağışla. Sizin kimi Vətənə layiq ola bilməməyimizi bağışla. Tez sağal, mənim Qazi balam!


Tahir Kərimli,
Milli Məclisin üzvü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...