Modern.az

Elmira Axundova Milli Məclisdə avtoxuliqanların məsələsini qaldırıb (Çıxış)

Elmira Axundova Milli Məclisdə avtoxuliqanların məsələsini qaldırıb (Çıxış)

Parlament

15 Noyabr 2011, 19:02

Milli Məclisin noyabrın 15-də keçirilən iclasında millət vəkili Elmira Axundova müzakirəyə çıxarılan bir neçə məsələyə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, deputat öncə Cinayət və İnzibati Xətalar Məcəllərinə dini etiqad azadlığı ilə bağlı edilən dəyişikliklər barədə çıxış edib.

E.Axundova deyib:
“Cinayət Məcəlləsinin 167 və 167-1-ci maddələrində dini etiqad azadlığına qanunsuz mane olmağa və dini etiqad etməyə məcbur etməyə görə tətbiq olunan sanksiya sərtləşdirilmiş və cərimə artırılmış, eyni zamanda İnzibati Xətalar Məcəlləsində də dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları göstərilmişdir.

Həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər başa düşüləndir. Bu müddəaları ölkəmizin təhlükəsizliyi üçün qabaqlayıcı və məntiqli addım hesab edirəm. Amma İnzibati Xətalar Məcəlləsinin 300.0.2-ci maddəsini anlamaq çətindi. Çünki burada söhbət xaricdə təhsil alan vətəndaşlardan gedir və onlara islam dininə aid ayin və mərasimləri keçirmək qadağan edilir, buna görə də yüksək cərimələr təyin edilir. Biz bu qadağanı bir il əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna əlavə etmişik. İndi isə buna görə cərimə nəzərədə tuturuq. Halbuki mən o vaxt da, indinin özündə də hesab edirəm ki, əvvala belə maddə müəyyən mənada insan hüquqlarına ziddir, çünki hər kəsin istənilən yerdə təhsil almaq hüququ vardır.

Digər tərəfdən bizim tanınmış dini xadimlərimizin, axundlarımızın, Qafqaz Müsəlmanları İdarəsində çalışanların çoxu dini təhsillərini məhz xarici ölkələrin, məsələn İran, İraq və s. İnstitut və Universitetlərində alıblar. Çünki bizim dini institutlarımız dövlət müstəqilliyi əldə edildikdən sonra yaradılıb. Hətta indinin özündə də bir çox hacı və axundlarımız, dini icmaların rəhbərləri dini biliklərini artırmaq üçün ikinci təhsillərini xaricdə alırlar. Bir qayda olaraq bizim siyasi elitanın, tanınmış ictimai xadimlərimizin yaxınlarının vəfatı ilə bağlı dini mərasimləri məhz bu dini xadimlər aparırlar. İndi isə bu dəyişikliyə əsasən həmin şəxslər cərimə oluna bilərlər.

Bununla bağlı iki sual ortaya çıxır: birincisi, qanun müəllifləri bu dəyişikliklərin icrasını nə cür təsəvvür edirlər: hüquq mühafizə orqanı əməkdaşları dini mərasimin, ehsanatın həyata keçirildiyi mağarlara, evlərə daxil olaraq dini təhsil haqqında diplomumu tələb edəcəklər? 

İkincisi, nə üçün bu əlavələrin müəllifləri daha irəli gedərək ali və ya xüsusi dini təhsili olmayan insanların bu cür dini tədbirlərdə iştirakını qadağan edən dəyişiklikləri də bura daxil etməyiblər? Halbuki bu daha məntiqli olardı və bu cür dəyişikliyi etmək lazımdır, çünki hal-hazırda bir çox qəbiristanlıqlarda, ehsanatda hər hansı dini təhsili olmayan və Yasinlə Quranın bəzi surələrini kor-roranə əzbərləmiş mollalar iştirak edirlər. Hesab edirəm ki, onlar xaricin nüfuzlu dini ali məktəblərində təhsil alan həmkarlarından daha çox islamın imicinə xələl gətirirlər.

Ona görə qadağalar daha konkret olmalı və 300.0.2-ci maddədə dəqiq göstərilməlidir ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xaricdə təhsil alan vətəndaşların dini mərasim aparması qadağandır və cərimə də buna görə tətbiq olunmalıdır.

Hesab edirəm ki, bizim dini icmalarımızda, həmçinin dini mərasimlərin keçirilməsində xeyli sayda problemlər var. Məhz onlarla iş aparmaq lazımdır, lakin yalnız qadağanedici tədbirlər vasitəsilə yox! Bu yolla biz problemi yalnız daxilinə sıxışdıra bilərik.

Mənim digər bir sualım 300.0.4-cü maddə ilə bağlıdır ki, xaricilər və vətəndaşlığı olmayan şəxslər bizdə dini mərasim apara və dini təyinatlı əşyaları, kitabları və s. yayılması ilə məşğul ola bilməzlər.

Bəs Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, lüteran icmalarının vəziyyəti necə olacaq ? Axı bir qayda olaraq həmin icmalarda xidməti və mərasimləri xaricdən öz dini mərkəzlərinin göstərişi ilə gələn xaricilər aparır və həmin mərkəzlərdə də yuxarıda qeyd etdiyim dini əşya və kitabları satılır. İndi biz nə edəcəyik, həmin dini icmaları bağlayacağıq, yoxsa onları cərimə edəcəyik ?
Mən hörmətli cənab Prezidentimizi sidq ürəkdən sevir və ona dərin hörmət bəsləyirəm. Ona görə də istəməzdim ki, onun imzası ilə daxil olan sənədlərdə belə anlaşılmazlıqlar olsun və bu dəyişikliklər gələcəkdə yenidən baxılmasın.
Xahiş edirəm qeyd etdiyim məsələlərə aydınlıq gətirəsiniz”.

Elmira Axundova İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər barədə çıxışını davam etdirərək bildirib:

“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından kənarda dayandırılmasının cəzası sərtləşdirilir, təxminən 20 manat və 1 bal cərimə artırılır. Hesab edirəm ki, bu müddəanın icrasına nəzarət gücləndirilməsə, bu normanın sərtləşdirilməsinin heç bir təsiri olmayacaq. Əgər fikir versək görərik ki, qüvvədə olan norma marşrutların dayanacaqlardan kənarda dayanmasının qarşısını almağa kifayət etməyib. Demək olar ki, marşrutlar əvvəlki qaydada hərəkətlərini davam etdirməkdədirlər. Düşünürəm ki, müvafiq orqanlar tərəfindən, xüsusilə də yol polisi əməkdaşları tərəfindən bu normaların icrasına və nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə ciddi şəkildə nəzarət olmalıdır.

Həmçinin Sizin diqqətinizi gecə qaranlığında avtoxuliqanlıqla məşğul olan şəxslərə qarşı mübarizənin sərtləşdirilməsinin zəruriliyinə cəlb etmək istəyirəm. Hal-hazırda bu sahədə özbaşınalıq hökm sürür. Heydər Əliyev Sarayından aralı olmayan, Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində yaşayanlar məni yaxşı başa düşərlər. Gecə yarısı 2, 3, hətta 4-də mühərrik, əyləc səslərindən yatmaq mümkün deyil. Başa düşmürəm ki, gündüzləri işə-gücə tələsərkən istəməyərək sürət həddini az miqdarda aşan vicdanlı vətəndaşları saxlayıb cərimə edən yol polisi əməkdaşları gecələri harda olurlar və nə üçün onlar gecə avtoxuliqanlarının qarşısını almırlar?  Mən özüm Sirkin yaxınlığında 16-cı mərtəbədə yaşayıram, amma  inanın ki, o cür yüksəklikdə belə şəhərin mərkəzində bir-biri ilə yarışan “avtoşların” maşınlarının şütüməsinin vahiməli, narahatedici səsi ap-aydın eşidilir.

Qadağanedici və sərtləşdirilmiş tədbirlərdən əlavə yaxşı olardı ki, Nəqliyyat Nazirliyi Rusiyada və dünyanın bir sıra digər dövlətlərində olduğu kimi sürətli avtomobil yarışlarının keçirilməsi üçün xüsusi trasslar hazırlasın. Həmin trasslarda sürətli sürməyi sevənlər özlərinin və digərlərinin həyatlarını riskə atmadan yarışa bilsinlər. Bu cür trassları şəhər mərkəzlərindən kənarda təşkil etmək lazımdır və orda yarışlar, nümunəvi avtoralli keçirilə bilər. Bu vəziyyətdən çıxış üçün sivil yol tapılmasa və sürətli sürməyi sevənlər üçün müvafiq şərait yaradılmasa, avtoidman, müxtəlif avtomobil şouları inkişaf etdirilməsə, bizim yerli “Şumaxerlər”imiz vicdanlı vətəndaşlarımızın rahatlığını pozmağa və özlərinin gənc həyatlarını təhlükəyə atmağa davam edəcəklər.

Hələlik isə bunlar olmadığı üçün deputatın DYP rəhbərliyindən xahişi budur ki, Heydər Əliyev Sarayı və ona yaxın küçələrdə  gecə yarısı avtoxuliqanların qanunsuz yarışlarının qarşısı alınsın. Yəqin ki, başqa küçələrdə də buna oxşar mənzərə müşahidə olunur.
Diqqətinizə görə minnətdaram!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!