Modern.az

“İmzasına hörmət edən jurnalist…” - Mirşahinlə Ehsan Zahidovun qrup yoldaşı DANIŞDI - FOTOLAR

“İmzasına hörmət edən jurnalist…” - Mirşahinlə Ehsan Zahidovun qrup yoldaşı DANIŞDI - FOTOLAR

Media

17 Dekabr 2018, 08:51

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı Modern.az-a Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsində oxuduğu illərdən, qrup yoldaşlarından və fakültə müəllimlərindən danışıb.  Xatirələrini bölüşərək, 1980-ci illərin Jurnalistika fakültəsinin mənzərəsini gözümüzdə canlandıran tanınmış araşdırmaçı jurnalistin söhbətini təqdim edirik.

“VIII sinifdən qəzetdə jurnalist fəaliyyətimə başladım”

- 1984-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşam. Ürəkdən jurnalist olmaq istəyi ilə bu sahəyə gəldim. Həmin illərdə biz jurnalistikaya qəbul olunmaq üçün qabiliyyət imtahanı da verirdik. Üstəlik, abituriyentlərdən dövri mətbuatda çap olunan yazılarını istəyirdilər. Mənim ilk yazılarım 1974-cü ildə “Azərbaycan pioneri” qəzetində və “Pioner” jurnalında çap olunmuşdu. İndiki kimi xatirimdədir, IV sinifdə oxuyurdum. Yazılarımın dərc edildiyi qəzet və jurnalı məktəbimizə gətirdilər, direktorumuz məni çağırıb, təriflədi, təşəkkür etdi. Artıq 8-ci sinifdən mən Qəbələdə rayon qəzetinin ştatdankənar müxbiriydim. Bütün tədbirlərə qatılır, yazılar yazırdım. O vaxtkı Qutqaşen – indiki Qəbələ rayonunun ətraf kəndlərində, qonşu rayonlarda tədbirlər keçiriləndə də məni dəvət edirdilər. Elə məktəb illərindən sevərək jurnalistika ilə məşğul olurdum.

Tələbəlik illərində BDU-nun Jurnalistika fakültəsində “Jurnalist” qəzeti çap olunurdu. Bura qəbul olunan kimi qəzetimizlə əməkdaşlıq etməyə başladım. Həmin dövrdə “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Müxbir” jurnalı, “Kommunist” qəzeti fəaliyyət göstərirdi. Tələbəlik illərində “Kommunist” qəzetində kiçik informasiyalarım çap olunur, digərlərində isə irihəcmli məqalələrim çıxırdı.

“Ölkənin çox çətin vaxtında diplomlu jurnalist kimi özümüzə iş axtarırdıq”

- 80-ci illərdə jurnalistikaya yalnız 25 nəfər seçilib, qəbul olunurdu. Amma əvvəlki illərdə qəbul olunan bəzi tələbələr müəyyən səbəblərdən təhsilini dondurub, sonradan bizim qrupumuza daxil oldular. İndi çoxlarnın tanıdığı Mirşahin Ağayev, Ehsan Zahidov və Aqşin adlı qrup yoldaşlarımız III-IV kurslardan bizimlə oxumağa başladılar. Qrup yoldaşlarımın çoxu hazırda müxtəlif mətbuat orqanlarında, televiziyalarda və bir qismi isə digər sahələrdə çalışır. Məsələn, Zərnişan Azayeva uzun illərdir AZTV-də çalışır, əvvəllər maraqlı reportajları da yayımlanırdı. Qrup yoldaşımız, yazıçı, jurnalist Natəvan Dəmirçioğlu isə Jurnalistika fakültəsinin müəllimidir.

Sumqayıt Dövlət Universitetinin müəllimi olan qrup yoldaşım Faiq Şirinov isə uzun müddət Bakı Dövlət Universitetində də çalışıb. REAL TV-nin rəhbəri Mirşahin Ağayev və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov kimi jurnalistləri isə demək olar, hər kəs tanıyır.

Bizim buraxılışın universiteti bitirib, işə başladığı illər çox çətin dövr idi. Mən 1989-cu ildə Bakı Dövlət Universitetini bitirdim. 1988-ci ildə Qarabağdan ilk şəhidlərimiz gəlmişdi. Meydan hadisələri, qaçqın və məcburi köçkünlərin Azərbaycanın digər bölgələrinə, Bakıya axın etməsi, xalqın Qarabağ uğrunda, sonradan öz milli azadlığı uğrunda mübarizəyə qalxdığı ilk illərdə biz jurnalistikaya qədəm qoyduq. Ölkənin çox çətin vaxtında diplomlu jurnalist kimi özümüzə iş axtarırdıq.


“Dövri mətbuatdan kənar qala bilmədim”

- Qeyd etməliyəm ki, bizim qrupumuzda təhsil alan jurnalistlərin əksəriyyəti elmə istiqamətləndirildi. Elə mən özüm də dissertasiya işi müdafiə edərək, fəlsəfə doktoru adını aldım. Ələs Qasımov filologiya üzrə müdafiə etdi, Faiq Şirinov isə hazırda müdafiə ərəfəsindədir.

Universiteti bitirəndən sonra ilk olaraq, “Ədalət” qəzetində çalışdım. Bir müddət cəbhə müxbiri vəzifəsini yerinə yetirdim. Dediyim kimi, biz anlayırdıq ki, jurnalist olmağı qarşımıza məqsəd qoymuşuqsa, hər çətinliyə dözməliyik. Təbii ki, ailəmizə də vaxt ayırmalı, övladlarımızı tərbiyə etməliydik. İşimiz ailəmizdən önə keçə bilməzdi. Qətiyyən ailə arxa plana atıla bilməz. Hər zaman deyirlər ki, jurnalistika çətin sahədir, qadınlar üçün əlverişli deyil. Amma mənim fikrimcə, biz qadınlar, qeybətə, seriala zaman ayırmasaq, hər şeyə vaxtımız qalar.

Övladım bir qədər böyüdükdə mən çalışmaq üçün Bakı Dövlət Universitetinə qayıtdım. 2004-cü ildə Azərbaycan Xalq Cümhuriyyətində dövri mətbuatla bağlı namizədlik dissertasiyası müdafiə etdim. 2005-ci ildə həmin dövrü əks etdirən monoqrafiyam dərc edildi. Bir müddətdən sonra isə dövri mətbuata yenidən qayıtdım. Bu qayıdışımda mənə şərait yaradan, dəstək olan “Kaspi” qəzetinə borcluyam. İçimdə dövri mətbuata istək olduğuna görə, bu yola davam etdim. Fakültəmizin müəllimi, professor Alxan Bayramoğlu bir dəfə mənə dedi ki, 1881-ci ildə çap olunan “Kaspi” qəzeti ilə bağlı müasir “Kaspi”də müsabiqə elan edilib, ora yaza bilərsən. Sözün düzü, obyektiv dəyərləndiriləcəyinə inanmırdım. Amma gözəl bir məqalə yazdım, nəticəsi də yaxşı oldu. Bir məqalənin uğuru məni “Kaspi”yə bağladı. Artıq 7-8 ildir, “Kaspi”də çalışıram.

“Tələbələrim hərdən deyirlər ki, jurnalistikanı sevmədən oxuyurlar”

- Biz həmin illərdə jurnalistikaya istəyərək gəlirdik. Uzun müddətdir, ali məktəbdə dərs deyirəm. Bəzi tələbələrim hərdən deyirlər ki, “jurnalistikanı istəmədən, sevmədən oxuyuruq. Qismətdən gəlib bura düşmüşük”. Həqiqətən də əksəriyyət indi diplom xatirinə jurnalistikanı oxuyur. Biz isə 25 nəfərlik məhdud qrupa düşə bilmək üçün çox çalışırdıq. Jurnalistika elə sahədir ki, sən onun çətinliklərinə dözməlisən, heyran olmalısan, ən əsası sevməlisən. Məni mətbuat tarixi ilə bağlı arxivlərə yönləndirənlər tanınmış yazıçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qılman İlkin və  Əmakdar jurnalist Qulam Məmmədli olublar. Onlara böyük hörmətim var. Qulam Məmmədli həmişə deyirdi ki, saatlarla yazı masasının arxasında həvəslə otura biləcəksənsə, yaxşı jurnalist ola bilərsən. O illərdə jurnalistika peşəsinə sevgi güclü olduğuna görə tələbələrimizin əksəriyyəti IV kursda artıq işləyirdi, hətta qələmini tanıdanlar da var idi. Biz düşünürdük, - “görəsən kim yaxşı qonorar verəcək, o qəzetə, o jurnala gedək”. III-IV kursdan bizə iş təklifləri gəlirdi. Mən tələbəlik illərimdə aldığım qonorar talonlarını hələ də saxlayıram. Çünki ilk qazancım olduğundan onlar mənə əzizdir.


“Həftədə bir dəfə məqalə ilə çıxış etməsəm, içimdə boşluq hiss edirəm”

- Son kurslarda artıq dərk etmişdik ki, jurnalistika nədir. Müəllimlərimiz isə bizi günü-gündən bu sənətə həvəsləndirir, yeniliklər yaratmağımıza səbəb olurdular. Mən indi ən azı həftədə bir dəfə dövri mətbuatda məqalə ilə çıxış etməsəm, içimdə boşluq hiss edirəm.

Ali məktəbə qəbul olunanda rayondakı fəaliyyətimdən fərqli olaraq, daha geniş məkana, dövri mətbuata imkanım yarandı. Tələbəlik illərində “Ədalət” qəzeti, “İşıq” və “Füyuzat” jurnalları ilə mütəmadi əməkdaşlıq edirdim. Hər dəfə bu mətbu orqanlarda yayımlanan yazılarımı alıb oxuyanda nə hisslər keçirmişəmsə, idi də bu qürur hissini yaşayıram. Bəzən yazılarımı hissə qapılıb ürəklə yazmağım özümə də qəribə gəlir. İndi də yazılarıma eyni həvəslə, məsuliyyətlə yanaşıram. Dünyaya yenidən gəlsəydim, dönə-dönə jurnalistikanı seçərdim.

“Bizim buraxılışda əsl jurnalist ənənələrinə sadiq qalmayan məzun olmadı”

- Jurnalistika elə sahədir ki, dünyanın hər yerində gül-çiçəklə qarşılanır. Mediaya boş yerə IV hakimiyyət adı verilməyib ki?! Yerinə, həyata keçirdiyi taleyüklü işlərə görə, bizim sahəmiz belə adlandırılıb. Amma  jurnalistikada da ağla qaranı seçmək lazımdır. Jurnalistika təhsili olmayan, savadsız, jurnalist etikasını keçmədən bu sahəyə gələn dırnaqarası media nümayəndələrini samballı jurnalistlərdən seçməliyik. Hər bir sənət sahibi yaza bilər, yaradıcılıqla məşğul olar. Amma Cəlil Məmmədquluzadə demişkən, yazanda ən azından vicdanımızın səsinə qulaq asıb, yazmalıyıq. Hər zaman düşünməlik ki, mənim yazdığım dövlətimə, dövlətçiliyimə, millətimə, xalqıma aşağılıq gətirə bilərmi? Mənim qrup yoldaşlarımın içərisində müxalif mətbu orqanlarında da, iqtidar qəzetlərində də işləyənlər oldu. Amma harada oluruqsa olaq, hamımız vicdanlı jurnalist idik. Bizim buraxılışdan əsl jurnalist ənənələrinə sadiq qalmayan məzun çıxmadı. Çünki həqiqi jurnalist təhsili gördük, kifayət qədər mədəni, savadlı insanlardan dərs aldıq. Qulu Xəlilov, Nəsir İmanquluyev, Nurəddin Babayev kimi insanların şinelindən keçdik, yetişdik. Müəllimlərimizin hamısının bizə təlqin etdiyi bir fikir var idi - düzgün yazmaq. Çünki düzə heç vaxt zaval yoxdur. Jurnalistin içində azərbaycançılıq, vətənpərvərlik hissi olmalıdır, illərlə Üzeyir bəy Hacıbəylini, Həsən bəy Zərdabini, Cəlil Məmmədquluzadəni oxumalıyıq. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirəndə redaktoru da, korrektoru da, baş redaktoru da, müxbiri də özü idi. Qəzetin yayılmasına köməklik edirdi. Bütün bunların öhdəsindən gəlmək sözsüz ki,  çətin idi. Amma bu qədər çətinliyə dözə bilməyi üçün onun daxilində vətənsevərlik, millətinə olan məhəbbət, cəmiyyətin maariflənməsi arzusu var idi.

“Qrup olaraq, birlikdə keçirdiyimiz xoş günlər…”

- Yadımdadır ki, 1987-88-ci ildə tələbə yataqxanasında bir yerə yığışıb, Novruz bayramını qeyd etmişdik. Hətta komendantın bizə acığı tutmuşdu, yataqxananın həyətində tonqal qalamağımıza etiraz edirdi. Bəhanə edirdi ki, guya yanğın çıxa bilər, bir qığılcımdan yataqxana alışar. Halbuki, o vaxt Novruzun qeyd olunmasına yaxşı baxmırdılar. Sovet dövrü idi, səlahiyyətli şəxslər xoş qarşılamırdı. Ona görə, bayram keçirməyimizi əngəlləmək istəyirdilər. Amma biz bu qadağalardan qorxmadıq.  Tonqaldan atlandıq, yumurta döyüşdürdük, səməni əlimizdə rəqs etdik. Birlik göstərib, ürəyimizdən, içimizdən gələn şəkildə bayramımızı qeyd etdik.

Qrup yoldaşlarımla birlikdə keçirdiyimiz illərdən ancaq xoş xatirələrimiz yaddaşımdadır. Bizim universiteti bitirməyimizə yaxın “Meydan hərəkatı” davam edirdi. Onda belə birliyimizi saxlamışdıq. Bir dəfə dərsdən qaçıb Meydana getmişdik. Onda vəziyyət çox çətin idi. Meydana gedən tələbələrin və müəllimlərin universitetdən qovulması müzakirə olunurdu. Biz isə qovulmaq ehtimalımıza əhəmiyyət vermədən, qorxmazca meydana getdik. Mən qrupumuzun birliyini növbəti dəfə onda gördüm. Heç kim qorxmadı, heç kim qrup yoldaşlarını qabağa verib, özü kənara çəkilmədi. Hətta yolda tələbə təqaüdlərimizdən yığıb meydandakılara bulka, su aldıq. Tanıdığımız, tanımadığımız bütün hərəkatçılara aldıqlarımızdan payladıq. O illər həqiqətən də uşaqlı-böyüklü, qocalı-cavanlı bütün Azərbaycan xalqının birliyi nümayiş edildi.

Qrup arasında münasibətlərimiz çox yaxşı idi. Bir-biri ilə narazılığı olan, problem yaşayan yoldaşlarımız yox idi. Bütün tələbə yoldaşlarım mənim üçün eyni idi. Məsələn, bu gün Daxili İşlər Nazirliyində Mətbuat xidmətinin rəhbəri olsa da, o, mənim üçün qrup yoldaşım Ehsandır.


“Nəsir İmanquliyev qrupumuzdan 10-dan çox tələbəyə qonorar ayırırdı”

- Əvvəl də dediyim kimi, bizə çox anlayışlı, mədəni insanlar dərs keçib. O müəllimlərdən çox şey öyrəndik. Yuxarı kurslarda “Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev müəllimimiz oldu. O elə yaxşı insan idi ki, bizim qrup tələblərinin imzasının tanınmasına, qələminin önə çıxmasına çox dəstək olurdu. Ən azı 10 nəfərə qonorar verir, yazılarını qəzetdə dərc etdirirdi. Əslində biz çox da güclü yazmırdıq, məqalələrimiz adi tələbənin yazdığı səviyyədə idi. Nəsir müəllim isə bizə həm təcrübə, bilik verirdi, yazılarımızın redaktəsini öz üzərinə götürürdü, həm də maddi yardım edirdi. Mənim adımı isə heç zaman bilmədi, “qrupun ən sakit qızı” deyə səsləndirirdi.

Dərs aldığımız müəllimlərdən tək Nəsir İmanquliyev deyil, digərləri – Abbas Zamanov, Qulam Məmmədli və s. həmişə tələbələrə qarşı isti münasibətdə olub. Ümumilikdə bir məqamı diqqətə çatdırım ki, o zamanlar Jurnalistikanın müəllimləri qayğıkeş, tələbəni düşünən idilər. İndi də elədir. Qocaman insanlar III-IV kurs tələbəsinə artıq öz həmkarları kimi baxırdılar.

“Tələbə təqaüdü ilə keçinə bilməyənlər qarovulçu işləyirdilər”

- 1980-ci illər ölkədə maddi baxımdan da yaxşı dövr deyildi. SSRİ-də yaranan problemlər Azərbaycana da sirayət edirdi. Təbii ki, bundan ən çox təsirlənənlər elə tələbələr olurdu. Bizim tələbə təqaüdümüz bəzən dolanmağımız üçün kifayət etmirdi. Çətinliklərimiz olurdu. O zamanlar da təqaüdü ilə keçinə bilməyən bəzi oğlanlar məcbur qalıb, qarovulçu işləyirdilər. Amma onlar heç vaxt dərsdə belə bir çətin işdə işlədiklərini deməzdilər. Bununla özlərinə hörmət qazanmağa, müəllimlərin güzəştindən yararlanmağa çalışmazdılar. Dərslərdə yatmırdılar. Hətta onların gecələr mühafizəçilik etdiyini biz təsadüfən öyrənmişdik.

Düzü, o zamanlar işləməyən, jurnalistikaya marağı az olan, artıq son kurslarda yalnız diplom almaq xatirinə oxuyan tələbələ yoldaşlarımız da var idi. Onların dərsə laqeydliyi əvvəllər deyil, II-III kursdan aşkar görünürdü. Qızlarımızın bəziləri Jurnalistika fakültəsini cehiz olaraq qırmızı diplom aparmaq üçün oxuyurdu. Amma jurnalistikaya istəmədən qəbul olunan, sonralar bu sənətə bağlananlar da oldu.


“Rektor məni universitetdən qovmaq əvəzinə təqdir etdi”

- 1987-ci ildə bizi rayon qəzetlərinə, zavod və fabriklərin media orqanlarına təcrübəyə göndərirdilər. Məni elə öz rayonumuza - Qəbələyə göndərmişdilər. Təcrübədən qayıdandan sonra bir felyeton yazdım – “Kəlbətin əminin Bum səfəri”. Bu felyetonda Qutqaşenin (indiki Qəbələ) o zamanlardakı yol problemi, dolayısı ilə rayon Partiya Komitəsinin bölgəyə qarşı laqeydliyi əks olunmuşdu. Yazım böyük səs –küy yaratdı. Mənə dedilər ki, o zamankı rektorumuz Faiq Bağırzadə səni yanına çağırır. Düşünürdüm ki, artıq qovulma əmrim veriləcək və universitetdən xaric edəcəklər. Çünki rektorun qəbuluna girənə qədər onun müavinləri, fakültəmizin dekanı, müəllimlərimiz məni qorxudub, qətiyyətlə qovulacağımı deyirdilər. Amma gözlədiyimin əksinə, Faiq müəllim mənə baxdı və “halal olsun, yaman yazmısan. Görünür, Mirzə Cəlilin felyetonlarını çox oxuyursan qız” deyə dilləndi. Davam etdi ki, əgər gələcəkdə də belə yaxşı yazılar yazıb, yaxşı jornalist olmasan, Qulu Xəlilovun dedikləri haramın olsun. Bununla da mənim səs-küyə səbəb olan yazım ziyanıma deyil, xeyrimə çevrildi.

“Tələbə yoldaşlarımdan danışım…”

- Qrupumuzun yaxşı mənada ən çox “qaynayan”, aktiv olan tələbələrindən biri Kəmalə idi. O, hazırda jurnalistikadan uzaqlaşıb və Sankt-Peterburqda yaşayır. Bir müddət qrup nümayəndəmiz də olmuşdu tələbəlik illərində. Kəmalədən sonra bir neçə il Nazim nümayəndə seçildi. Biz ona “dədə” deyirdik. Çünki Nazim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə orta məktəbi bitirəndən 11 il sonra daxil ola bilmişdi. Jurnalistikaya sevgisi o qədər böyük idi ki, ailəsi, övladları ola-ola ali təhsil alırdı. Hər çətinliyə rəğmən onun oxumaq eşqi sönmürdü. O bir növ ağayanalığı ilə qrupumuzu idarə edirdi. Böyük sevgi ilə jurnalistikaya gəlməyinə baxmayaraq, Nazim bir müddət mətbuatda çalışdıqdan sonra uzaqlaşdı. Onun soyadı Əlixanlıdır və qeyd edim ki, tanınmış jurnalist Şəfəq Əlixanlının qaynıdır.


Qrupumuzda ailəli, övladları olan tələbə tək Nazim deyildi. Zərnişan Azayevanın da iki övladı var idi tələbəlik illərində. Mən həqiqətən təəccüb edirdim, iki oğul anası olan Zərnişan hər dərsə hazırlıqlı gəlirdi, müəllimlərin bütün suallarına cavab verirdi.

Demək olar, bütün qrup yoldaşlarım tələbə təqaüdü alırdı. Ona görə, imtahanlarda aramızda həmişə rəqabət olurdu. Elə biz oxuduğumuz 1984-1989-cu illərdən bu yana Jurnalistikada şəffaf mühit olub. Kim yaxşı oxuyurdusa, yaxşı qiymət alırdı. İndi də belədir.


Qrupumuzun hazırda ən tanınan nümayəndələrindən biri Mirşahin Ağayevdir. O sonradan bizim qrupumuza daxil oldu və bizimlə  az müddətdə oxudu. O həmişə arxa partada oturardı, dərs vaxtı şeirlər yazardı. Bir az öz dünyası var idi. Hərdən şeirlərini qrupda da oxuyardı.  

Qrup yoldaşımız Ehsan Zahidov isə intizamlı, yaxşı oxuyan tələbə idi. İndi o Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. O, həddindən artıq ciddi insan idi. İndi televiziyada onun adını eşidəndə DİN-lə bağlı məlumatları mediaya çatdırdığını görəndə düşünürəm ki, Ehsan elə öz xarakterinə uyğun, ciddi işdə özünü təsdiqləyə bildi.

Natəvan Dəmirçioğlu da qrupumuzun sayılıb-seçilən üzvlərindən idi. Elə tələbəlik illərindən bədii əsərlər yazır, məqalələr, kitablar dərc etdirirdi. O elə tələbəlik illərindən indiyə kimi radioda çalışır.

İstər jurnalistika fakültəsinin tələbəsi ol, istərsə də tanınmış və ya tanınmayan jurnalist ol, insan ilk növbədə imzasına hörmət etməlidir. Bir dəfə qələm dostlarımızdan biri xahiş etdi ki, tanınmış bir nəfər haqqında məqalə yazım. Mən dedim, yazsam da, imzamı qoymaq istəmirəm. Yaxşı alim olmaq olar, yüksək vəzifədə oturmaq da olar, amma yaxşı insan olmaq çox çətindir. Hər kəs ilk növbədə bunu bacarmalıdır. İmzasına hörmət edən jurnalistlər özləri də həmişə hörmət qazanırlar.

“Biz dərsdən də qaçırdıq…”

- Biz tələbəlik illərində dərsdən də qaçmışıq, dərsə hazırlıqsız da gəlmişik. Tələbəliyimiz maraqlı, acılı-şirinli keçib. Elə müəllimlərimiz var idi ki, dərsdən qaçanda az qala bütün universiteti ayağa qaldırırdı, bizə ərizə yazdırırdı. Elə müəllimlərimiz də var idi ki, üstünü vurmurdu. Göstərdiyi hörmətlə, səmimiyyətlə, qayğı ilə bizi utandıran müəllimlərin dərsinə sonralar hamımız bir nəfər kimi yığılırdıq.


“Elmi kommunizm” fənni keçilirdi. Müəllimimiz isə uzun müddət rayonlardan birində birinci katib işləmişdi. O zamanın katibləri isə bölgələrdə özlərini “Allah” adlandırırdılar. Yəni o qədər əzazil idilər. Onun rəhbərliyi illərində iclaslarda hamı  qarşısında müti vəziyyətdə oturduğuna görə, müəllimimiz də biz tələbələrə elə baxırdı. Düşünmürdü ki, Jurnalistika fakültəsindədir, yarandığı gündən demokratik mühiti olan bu fakültənin tələbələri də sözünü deyənlərdir. Çox qocaldığına, yaddaşını itirdiyinə görə dərsini də keçə bilmirdi. Həmin müəllimin dərsinə heç vaxt girmək istəmirdik, imkan tapan kimi qaçırdıq.


Jurnalistikanın tələbələri keçmişdə də, indi də üsyankar olublar. Bir dəfə müəllimlərimizdən biri dərsdə Aqşin adlı qrup yoldaşımızı geyiminə görə danlamağa başladı. Sovet dövrü olduğundan həmin illərdə qalstuk hər kəs üçün vacib sayılırdı. Aqşin isə qalstuk bağlamadan, normal geyimdə dərsə gəlmişdi. Müəllim onu danlayanda, Aqşin bircə kəlmə dedi ki, “müəllim, siz mənim seminarda necə cavab verməyimə qiymət verin, geyimimə yox”. Bütün qrup yoldaşlarımız da onun arxasında durdu, müdafiə etdilər.

Qrupumuzun şairi də var idi. Qismət adlı qrup yoldaşımız - rəhmətə gedib - yaxşı şeirlər, qəzəllər yazırdı. Bir dəfə ədəbiyyat imtahanında bir yerə düşdük. O məndən əvvəl cavab verməli idi. Qismət bilet çəkdi və üz ifadəsindən hiss etdim ki, biletdəki sualı yaxşı bilmir. Amma demək olar, mənim də taleyim onun əlində idi. Çünki müəlliməmiz çətin insan idi. Fikrimdən keçdi ki, Qismət onu əsəbləşdirsə, mən “batdım”.  Elə oturan kimi müəlliməyə dedi ki, “bu gün çox gözəl görünürsünüz, olarmı suala keçmədən bir şeir deyim?”. İcazə alıb, öz qəzəlini səsləndirməyə başladı. Müəllimə isə bunu tanınmış Azərbaycan şairlərində birinin qəzəli hesab edib, Qismətə yaxşı qiymət yazdı. Halbuki, bir gün əvvəl Qismət həmin qəzəlini qrupda bizə də oxumuşdu. Dəqiq bilirdik ki, bu onun özünün yazdığı misralardır.

Yaxın illərdə eşitdim ki, Qismət dünyasını dəyişib, Allah ona rəhmət eləsin.


Qızlarımızdan da danışım. Sevil adlı qrup yoldaşımız var idi. Əsli Lənkərandan idi. İndi elə Lənkəranda müəllimə işləyir. Onunla yaxın idik. Qrupumuzda Lalə adında iki qız da var idi. Onlarla da ünsiyyətdə olurduq, mehriban idik. Kəmalə və Zərnişanla da dost idik. Yadımdadır ki, Əntiqə adında sözünü deyən, üsyankar bir qrup yoldaşımız da var idi. Səhv etmirəmsə Tovuzlu idi. Bir dəfə müəllimlərimizdən biri dərsə gecikmişdi. Amma özündən beş dəqiqə sonra gələn tələbəyə çox sərt şəkildə “dərsə niyə gecikirsən?” deyə irad bildirdi. Əntiqə isə dözməyib, “müəllim, bəs özünüz niyə gecikmisiniz?” deyə onu üstələməyə çalışdı. Sözünü deyən qız idi. 


İki qrup yoldaşımız Arifə və Faiq ali məktəbi bitirəndən sonra ailə qurdular. Hər ikisi yerini bilən, mədəni, alicənab insanlardır. Elə universitet illərindən onların sevgisi başlamışdı. Övladları da var. Lakin tale elə gətirdi ki, Arifə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Faiq isə Sumqayıt Dövlət Universitetində müəllim işləyir və Arifənin ölümündən sonra ona olan sevgisinə hələ də sadiqdir, ailə qurmadı. Onların böyük, sınaqdan çıxmış sevgisi olub.


Tələbəlik illəridə bizdən yuxarı və aşağı kurslarda oxuyan tələbələrlə də əlaqələrimiz var idi. Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli, “Space TV”nin əməkdaşı Təyyar Nəsirli və digər jurnalist dostlarla ünsiyyətdə olurduq. Çox mehriban, səmimi insanlardılar. Ümumiyyətlə, qeyd edim ki, həmin illərdə Jurnalistika fakültəsində oxuyan az olduğuna görə, birinci kursdan beşinci kursa qədər demək olar, bütün tələbələr arasında səmimi ünsiyyət olardı.

Elə tələbə yoldaşlarım var idi ki, BDU-nu bitirdikdən sonra rayon qəzetlərinə çalışmağa getdilər. Qiymət adlı yoldaşım Qazağa getdi, uzun müddət orada işlədi. Aybəniz Quba qəzetinə işləyirdi. 1985-90-cı illərdə jurnalistikadan uzaqlaşan qrup yoldaşlarımız da oldu. Amma mən onları qətiyyən qınamıram, çünki həmin dövr o qədər çətin illər idi ki, yazmaq da, maddiyyat da problemlər yaradırdı. Yuxarıda da dediyim kimi, mən 1990-96-cı illərdə “Ədalət” qəzetində işlədim. Sonra ailə həyatımla bağlı olaraq, bir müddət dövri mətbuatdan uzaq qalmalı oldum. Yenidən jurnalistikaya qayıdanda isə bir daha anladım ki, bu sənəti sevirsənsə, hər çətinliyinə dözməlisən.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir