Modern.az

“Əlli beş”ə ürək sözüm

“Əlli beş”ə ürək sözüm

17 Dekabr 2018, 09:13

Vüqar Tofiqli

Soyuq qış günündə dünyaya gələn birisi kimi ilin bu fəslinə elə ürəkaçıqlığı ilə yanaşmıram. Səbəbini izah edə bilməsəm də, artıq 55-ci dəfədir ki, bu qış gününü yola verməyə hazırlaşıram.

Yola verdiyim əlli beş ilə nəzər salmaq istəyi ilə həyat yoluma, qısa şəkildə olsa da, oxucularımla birgə addımlamağı  özümə borc bildim.


Oxuduğum Quzanlı kənd səkkizlillik məktəbində keçirdiyim hər gün dəqiqəsiylə yaddaşıma hopub. İbtidai sinif müəllimim Əli İbrahiminin işgüzar olması, hər dəqiqə şagirdləriylə çalışması, sözün həqiqi mənasında bu gün hər müəllim üçün həsəd aparılası bir təcrübədir.

Uşaqlara qarşı çox tələbkar olması valdeynlərin sevimlisinə çevirmişdi Əli müəllimi. Öz uşaqlarına qarşı daha ciddi olmasıyla seçilən Əli müəllim  qızı Xananı dərsi bilməmədiyinə görə sərt şapalaqla vurması isə heç vaxt yadımnan çıxmır. Əli müəllim tərəfindən “Turpun nağılı”nı  səhnələşdirərkən ən sonuncu yerdə dayanmağım,  turpu çəkərkən yıxılan zaman gözümə qarğının batması heç unudulası məqam deyildi.

Bu günlərdə  kənddə olarkən yas məclisində qarşılaşdığım sinif yoldaşlarımla o günləri xatırlamaqla sanki yenidən 70-ci illərə qayıtdım və açığı iki gün o əhval-ruhiyydə oldum. 

Sözsüz ki, 70-80-illərin əvəzsiz məktəb və tələbəlik illərini yaşamağım mənim üçün bəlkə də ən böyük xöşbəxtlik hesab edilə bilər.

Hələ oxuduğum məktəbdə ilk dəfə dərs keçməyim ayrı bir aləm idi.

Bu gün də yada düşəndə dərindən nəfəs alıb, o illərə həsrətlə baxıram. İlk əməkhaqqımı almağım, 1987-ci ildə yeni, müasir, o illərdə  “tipavoy” adlandırılan məktəbdə fəaliyyətimi davam etdirməyim, necə təşəbbüslə, həvəslə çalışmağım bu gün də - üstündən 30 il keçəndən sonra da unudulası məqamlar deyil.

Ukrayna və Rusiya məktəbləriylə əlaqələrin qurulması,  muzey yaratmaq cəhdi, yerli mətbuatla əməkdaşlıq əlaqəsi - o illərdə gördüyüm və indi layihə adlandırdığım işlərdən  sayıla bilər.

1988-ci ildən ermənilərin mənfur siyasəti sanki mənim bütün arzularımın, qurduğum xəyalların üstündən bir qara xətt çəkmiş oldu. Və tək mənim yox, indi yaşı əlli beş ətrafında olan hər kəsin...

***

Mən bu gün ötən əsrdən başlanan həyatımın əlli beşinci qışını yaşayıram. Çətin, gərgin, həssas anlarla dolu günləri bir-birinə çalamaqla ayları, illəri  yol veririk.

Sözsüz ki, hər kəs kimi, bu  illər ərzində sevinc dolu anlarımızı  bir-birinə cəm etsək, bəlkə də 24 saatı keçməz. Amma buna da şükür edirik.


Sədaqətli dostlarımızın sayəsində çətin anlarımızı da adlayıb keçmişik, az da olsa, şəxsi  uğurlamız var. Bu na da sevinirik. Və sevinməliyik...

Bu  gün şükürlər olsun ki, sabitliyin hökm sürdüyü bir müstəqil ölkənin vətəndaşı olaraq dövlətimizlə fəxr edirik. Və etməliyik...

***

Ötən illərimizin bəzi məqamlarını xatırladıq.  Fikirləşirəm ki, bu gündə özümə nəyi arzulayım?

Uca Allahın sayəsində  ürəyimdən keçənlərin bir qismi yerinə yetib. Arzular da açığı, bitmir. Heç bitəsi də deyil.

Ancaq Çömçəli bulağın, Səkili bulağın, İsa bulağının, Koladay Turş suyundan yenidən içmək  deyərdim ən böyük arzumdur. 

Beləliklə, əlli beşə ürək sözümü dedim.  Qalır Uca Allahın izniylə  65-ə, 75-ə və bərk dayansam,  85-ə ürək sözlərim.

Allah hər-birimizi şər-böhtandan uzaq etməklə arzularımızı çin etsin. Amin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu