22 mart 2019, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - Qarabağ söhbəti: “Mənim faciə zamanı Xocalıda olmadığımı deyənlərə xocalılar şahidlik edər” - MÜSAHİBƏ
Qarabağ söhbəti: “Mənim faciə zamanı Xocalıda olmadığımı deyənlərə xocalılar şahidlik edər” - MÜSAHİBƏ +
26.02.2019, 10:25

Elman Məmmədov: “Viktor Polyaniçko ermənipərəst deyildi”


“Oğlanlarımı universitetdən müharibəyə yolladım”


“Xocalıdan göndərdiyim 3 nəfər gedib Xankəndinin suyunu partlatmışdı”

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki qonağımız Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədovdur. Onunla müsahibəni təqdim edirik.

- Elman müəllim, Xocalının Qarabağ münaqişəsi başlamazdan öncəki mühitini necə xatırlayırsınız?

- Mən əsli-köklü xocalılıyam. Xocalının kökünü üç törəmə təşkil edir. Onlardan biri də məhz bizik. Valideynlərim, babalarım, nənələrim, elə mən özüm də Xocalıda anadan olmuşuq. Orada səkkizillik məktəbi, Xankəndidə tam orta məktəbi, Bakıda isə ali məktəbi bitirmişəm. Ali təhsilimi bitirəndən sonra Xocalıya qayıtdım. 3-4 il müəllim, sonra direktor müavini, məktəb direktoru kimi vəzifələrdə çalışdım.

Tərəvəzçilik-südçülük sovxozu çox böyük məkan idi. Bir ucu Qırxqız yüksəkliyi, Kosalar kəndi, Kərkicahan tərəfə, digər ucu isə Dövlət Torpaq Fondundan başlayırdı. Təxmini 20 min hektar ərazimiz var idi. Mən Xocalıda həmin sovxozun Partiya Komitəsinin sədri, sonradan bir il kənd soveti sədri kimi çalışmışam. 1988-ci ildə Dağlıq Qarabağda ilk hadisələr başlayanda Xocalıda kənd soveti sədri idim. Bundan sonra - 1990-cı il aprelin 4-də Xocalıya şəhər statusu verildi. Mən şəhər sovetinin sədri oldum. Bir il sonra isə Xocalı Ərazi Partiya Komitəsi və Xocalı Ərazi İcraiyyə Komitəsi adlı qurumlar yaradıldı. Bu, Dağlıq Qarabağda böyük bir ərazini əhatə edirdi. Əhalinin təkidi ilə mən həmin qurumlar yaradılanda həm İcraiyyə Komitəsinin sədri, həm də Partiya Komitəsinin birinci katibi seçildim. 1991-ci il oktyabr ayının 29-na qədər həmin qurumlara başçılıq etdim. Artıq bu tarixdən ilk dəfə olaraq, icra başçısı vəzifəsi təsis olundu. O zaman bizdən 10-12 nəfəri Prezident Aparatına dəvət etdilər. Əhməd Əhmədzadə və digər köhnə partiya işçiləri yığıncağa qatılmışdı. Elə orada bizə şəhər icra başçısı vəzifəsi verildi. 1991-ci il noyabrın 26-da isə Xocalıya rayon statusu verildi. 2000-ci ildə - deputat seçilənə qədər - mən rayon icra başçısı vəzifəsini yerinə yetirdim. Artıq 18 ildir ki, Milli Məclisin deputatıyam.


Xocalı çox qədim tarixə malik yaşayış məskənidir. Şəhərin yaşı 3-4 min il əvvələ gedib çıxır. Orada bir neçə dəfə arxeoloji qazıntılar aparılıb. İlk qazıntılar 1894-cü ildə yəhudi mənşəli alman arxeoloqu tərəfindən həyata keçirilib. Bizdə olan məlumata görə, o zaman Xocalıda Tunc dövrünə aid əşyalar tapılıb. Bakıda olan Tarix muzeyində, hətta Sankt-Peterburqdakı Ermitaj muzeyində Xocalıdan aşkar edilən tapıntılar saxlanılır. Xocalının qədim türklər yaşamış ərazilərində dik daş qəbirlər olub. Sıra ilə düzülən bu daşlar hansısa işarəni ifadə edirdi. Çoxsaylı kurqanlar da var idi və onları araşdırdıqda Tunc dövrünə aid əşyalar, materiallar çıxarılırdı. Qarabağda Şuşa və başqa ərazilərin qoşunlarının saxlandığı yer həmişə Xocalı-Əsgəran ərazisi olub. Əsgəranla Xocalını Pənahəli xanın tikdiyi qala ayırırdı.

Dağlıq Qarabağda yeganə hava limanı da Xocalıda idi, Bakıdan gedən magistral yol da Xocalıdan keçirdi. Sonralar 1980-ci illərə yaxın Xankəndinə gedən dəmiryolu xətti də Xocalının içindən çəkildi. Xocalını üç çay əhatə edirdi. Ortadan Xocalı çayı keçir - ermənilər onu Badara çayı adlandırırdı. Qarqar və İris çayları da var idi. İris çox kiçik çay idi. Xocalının torpaqları çox münbit, əhalisi zəhmətkeş idi.


- 1988-ci ilin fevralında Xankəndində ermənilərin mitinqi başlayanda bunun əksi strateji məntəqədə - Xocalıda hansı formada əks olundu?

- 1988-ci ildə hadisələr başlayandan sonra mən Ermənistandan gələn ilk qaçqınları Xocalıda yerləşdirdim. Söhbət həmin ilin may ayından gedir. Bizə 10 ailə yerləşdi. Ermənilərlə konfliktimiz də ilk olaraq, həmin ailələrə görə başladı. Ondan sonra hər yerə olduğu kimi, Xocalıya da Ermənistandan axın oldu. Çünki 1905-1906-cı illər erməni-müsəlman davasında, 1918-1920-ci illər və 1948-1953-ci illər deportasiyası zamanı da Xocalıya Ermənistandan çoxsaylı ailələr gəlmişdi. Həmin illərdə gələn ailələrin qohum-əqrəbaları 1988-ci ildə yenidən Xocalıya qayıtdılar. O ailələrin bizim ərazilərdə məskunlaşması ermənilərlə bərabər, onlara söz verən respublika rəhbərliyini də narahat edirdi. Əbdürrəhman Vəzirovun hakimiyyəti bunu istəmirdi. Ermənilər Dağlıq Qarabağda Ermənistandan qovulmuş azərbaycanlıların yerləşdirilməsini qəbul etmirdilər. Çünki orada azərbaycanlıların sayının artması onlara sərf etmirdi. Vəzirov ermənilərə söz vermişdi ki, azərbaycanlıları oradan çıxaracaq. Amma buna nail ola bilmədi, biz imkan vermədik.


1988-ci il sentyabrın 18-də Xocalıda toy mərasimi var idi. Mənim müavinimin bacısının toyu olacaqdı və biz də bu mərasimə hazırlaşırdıq. O toy yasa çevrildi. Ermənilər həmin gün Xankəndində mitinq keçirirdilər. O mitinqdə qərar verirlər ki, burdan Xocalıya gedirik, oranı yandırıb əhalini oradan çıxarırıq. Bizə axşamtərəfi saat 3-4 radələrində xəbər gəldi ki, ermənilər hücuma hazırlaşır. 10 mindən çox insan birbaşa mitinqdən Xocalıya hücuma keçdi. Xankəndi ilə Xocalının arası təxmini 10 kilometr məsafədir. Kütlənin qarşısında “Kraz” maşınlar gəlirdi, içi iri armaturlar, partlayıcı, yandırıcı maddələrlə dolu idi. Özləri ilə təcili yardım maşınları da gətirirlər. Ermənilər tam hazırlıqlı idilər. Biz öz ev-eşiyimizi, torpağımızı, əhalimizi qorumalı idik. Həmin illərdə Sovet qoşunu Əsgəranda yerləşirdi. Əsgəranla Xocalının arası isə cəmi 5 kilometr idi. Biz telefonla komendatla danışıb, yardım istədik. Onlar dedilər ki, köməyə gəlirlər. Əsgəran milisi qoşunlara bələdçilik edirdi. Xocalıya təxmini bir kilometr qalmış, "86-cı kilometr" adlanan yolayırıcında milis qoşunu səhv istiqamətə yönləndirir. Həmin yolayrıcında yolun bir qolu Xocalının ətrafına fırlanaraq, şəhərə girişi təmin edir. Həmin yolla getdikdə, Xankəndindən fırlanaraq şəhərə daxil ola bilərdilər. Bu isə təxmini 30 kilometr məsafə deməkdir. Deməli, cəmi 10 dəqiqəyə şəhərə daxil olacaq qoşunlar 2 saatdan çox davam edən döyüş bitdikdə Xocalı istiqamətində göründü. Ermənilər bizə məğlub olub geri qayıdanda sovet qoşunları ilə qabaqlaşdılar.

Sovet dövründə əhalidə silah yox idi. Biz cəmi 20 ədəd ov tüfəngi tapa bildik. Hadisələr başlayandan sonra bir neçə yerdən tapıb, yığdığımız silahımız da qalmışdı. Amma ermənilərlə müqayisəyə gəlməyəcək dərəcədə az silahlanmışdıq. Bütün şəhər əlində balta, dəhrə, bıçaq, yaba ermənilərin qabağına çıxdı. Ermənilər sayca da çox idilər və hazırlıqlı gəlmişdilər. O gün 6 evimizi yandırdılar, çəpərlərə, ot tayalarına od qoydular. Həmin günün səhəri bütün mətbuata yaydılar ki, guya xocalılar erməniləri qırıblar, 22 erməni öldürülüb. Sonradan bizim qorxumuzdan bu rəqəmi 19-a endirdilər.

- Ermənilərdən öldürülən olmuşdu?

- İtkilərin olduğu düz idi. Xocalı sakinlərindən ölən olmamışdı, amma yaralılarımız lap çox idi. Bu hadisə ermənilər və azərbaycanlılar arasında ilk müharibə vəziyyətində toqquşma sayılır. Ermənilər hücum edəndə düşünürdülər ki, xocalıların silahı yox, digər vasitələri, təminatı yox - qaçıb canlarını qurtarmağa çalışacaqlar. Hücum anında kütlənin qarşısında gələn "Kraz" maşınları arxa-arxaya hərəkət edirdi. Biz nə atsaq, maşınların kuzovuna dəyirdi. Könüllülərə komanda vermişdim ki, qarşıda gələn erməniləri, canlı qüvvəni vurun. Bizə ötürülən məlumata görə, ermənilər bir il əvvəldən həbsxanada yatanların içərisindən gəncləri seçib, Ballıca kəndində yerləşən pioner düşərgəsində təlim keçirlər. Kütlənin qabağında gələnlər də məhz hazırlanmış həmin adamlar idi. Hamısı narkotikin, içkinin təsiri altında idi, əyinlərinə eyni boz paltar geyindirilmişdi.


O dövrdəki Azərbaycan rəhbərliyi bu məsələlərdə çox səriştəsiz idi. Həmin toqquşmanın səhəri saat 7-də İrəvandan yola çıxmış “Yak-40” təyyarəsi hava limanında eniş etdi. Zori Balayan və bir dəstə həkim, jurnalist, professor Xankəndinə yola düşdülər. Onlar köməyə gedirdilər. Erməni rəhbərliyi bu məsələdə çox diqqət göstərirdi. O vaxtkı Azərbaycan rəhbərliyi isə xocalıların köməyinə yalnız 3 gün sonra gəldi. Sentyabrın 21-də artıq əhalinin vəziyyəti pisləşib, çörək, ərzaq bitmişdi. Yolu da bağlamışdıq. Ermənilərin yarısı İrəvan tərəfdə, yarısı Xankəndidə qalmışdı. Xocalıdan keçən yolda qadınlar, qocalar, uşaqlı-böyüklü bütün xocalılar oturub, erməniləri buraxmırdılar. Tək Xocalıdan olan kişilər deyil, qadınlar da kişi paltarı geyinib keşik çəkirdilər. 3 gündən sonra “Mi-2” vertolyotu Xocalıya endi. 3 nəfər - Həsən Həsənov, general Kamil Məmmədov və Ağdam ağsaqqalı Zeynal Məmmədov Xocalıya gəldilər. İlk istədiyimiz əhali üçün ərzaq, çörək oldu. Bizə bir “BTR” alıb verdilər və bir nəfər Ağdamdan çörək gətirməyə göndərdim. Sonradan un, digər ərzaqlar da gətirə bildik.


- Dediniz ki, Azərbaycan rəhbərliyi qorxaq davranırdı. Bunu sübut edən başqa dəlilləriniz varmı?

- O hadisədən sonra bir nəfər də olsun erməni həbs edilmədi. Halbuki, 9 nəfər Xocalı sakinini həbs etdilər. Biz izah edə bilmirdik ki, ermənilər bizə hücum ediblər. SSRİ hüquq-mühafizə orqanlarından 2 qrup Xocalıya gəldi. Məndən başlayaraq hamını sorğu-suala çəkdilər. 9 nəfər tutulan sakini hər gün incidirdilər ki, hadisəni Elmanın törətdiyini deyin, sizi azad edək. Onlar hər şeyi öz gözləri ilə gördüklərindən belə bir söz demədilər. Bu zaman mən özümlə iki nəfər də götürüb, Vəzirovun qəbuluna gəldim. O ilk gün bizi qəbul etmədi, bizi Ali Sovetin sədri Süleyman Tatlıyevin yanına göndərdilər. Onunla da sözümüz çəpləşdi. Biz kabinetinə daxil olan kimi ilk sözü belə oldu: "Siz neynəmisiniz, erməniləri niyə qırmısınız?". Ona görə dərdimizi demədən kabinetindən çıxdıq. Vəziyyətin gərginləşdiyini görən ƏbdürrəhmanVəzirov səhəri bizi qəbul etməli oldu. O da üzərimizə hücuma keçdi. Vəzirov mənə dedi ki, sən cinayətkarsan, qan tökmüsən, erməniləri qırmısan. Bizim söhbətimiz sırasında onun otağına bir nəfər girdi. Vəzirov dedi ki, bu İlyas İsmayılovdur - respublikanın baş prokuroru. “Sizi həbs etmək üçün çağırmışam” dedi. Biz ona vəziyyəti izah etməyə çalışdıq. O sual verdi ki, deyin görüm bura niyə gəlmisiniz?. Mən dedim ki, bizim 9 nəfər sakinimizi həbs ediblər, onlar azad edilsin. İkinci istəyimiz isə odur ki, Ermənistandan qovulan azərbaycanlıların köçünün istiqaməti Dağlıq Qarabağa yönəldilsin. Onda iki vəziyyət yarana bilər. Ermənilər bu prosesi görüb, əhalinin deportasiyasını dayandıracaq. Bu baş tutmasa, toqquşma baş verəcək və hər iki tərəfdən itkilər olsa da, ermənilər nəhayətdə məğlub olacaqlar.
Vəzirov yenidən bizim üzərimizə hücuma keçdi, istəyimizlə razılaşmadı. 1988-ci ilin noyabrında Moskvanın xüsusi nümayəndəsi Arkadi Volski  Dağlıq Qarabağda xüsusi idarəetmə komissiyası yaratdıqda Vəzirov televiziyada sevinə-sevinə dedi ki, artıq bu işlə Moskva məşğul olacaq. Yəni, məsuliyyət bizim üzərimizdən getdi.

- Soyuqqqanlı İlyas İsmayılov Vəzirovun dediyinə necə reaksiya verdi?
 

- O, Vəzirovun bizi hədələməsinə xəfifcə gülümsədi. Heç nə demədi. İlyas İsmayılovu sözünü, hərəkətini bilən adam kimi tanıdım. O gördü ki, Vəzirov ağlına gələni danışır.


- 1992-ci ildəki müsahibənizdə demisiniz ki, Qarabağ Təşkilat Komitəsinin Xankəndindən getməsi ilə təşəbbüs Azərbaycanın əlindən çıxdı. Üstünlüyümüz nə idi və niyə əldən çıxdı?

- Təşkilat Komitəsi Xankəndində yerləşdi və onun rəhbəri Viktor Polyaniçko idi. O dövrdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi, general idi.

Xankəndində səlahiyyətinə görə ən yüksək binanın üzərində - Vilayət Partiya Komitəsinin binasının üzərində - Azərbaycan bayrağı dalğalanırdı.

Respublikanın bütün səlahiyyətlilərinin iştirakı ilə həftədə bir dəfə Xankəndində yığıncaq keçirilirdi. Ermənilərdən də bəziləri məcbur olub, iştirak edirdilər.

Komitə Dağlıq Qarabağdakı azərbaycanlıların problemləri ilə maraqlanırdı. Yerlərə gedilirdi, məşğul olurdular. Müdafiə xaric bütün sahələrdə güclü işlər görülürdü. Hərbçilər Polyaniçkonu eşidirdi.


Ermənilər yaşayan bir neçə kənd 1991-ci ilin may-iyun aylarında boşaldıldı, ermənilərdən azad olundu. Ermənilər buna görə təşviş içində idilər. Bilirdilər ki, Xankəndində Azərbaycan oturub. Moskvada “QKÇP” deyilən hadisə baş verdikdən sonra Polyaniçko vəzifəsindən azad edildi. Onun yerinə Zülfü Hacıyev təyin olundu. Bakı birdən-birə göstəriş verəndə ki, komitə Ağdama köçsün, mən onda Zülfü Hacıyevin özü ilə əlaqə saxladım. Dedim, siz köçəndə Dağlıq Qarabağda yaşayan azərbaycanlıların taleyi kimə tapşırılır? Ermənilər elə həmin gün Azərbaycan bayrağını binanın üzərindən endirib, itin üzərinə bağladılar və Xankəndinin küçələrinə ötürdülər. Bunu da videolentə çəkib, göstərirdilər. Bu onlar üçün bayram idi.


Polyaniçko Moskva tərəfindən göndərilmişdi və birbaşa ora xidmət etməli idi. Lakin onun Xankəndində olan müddətdə ətrafındakı azərbaycanlılar idi. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da özlərini təhlükəsiz hiss edirdilər. Ermənilər isə hesablaşırdılar ki, Xankəndində Azərbaycan oturub.

Ermənilər Polyaniçkoya ölüm hökmü vermişdilər. İki dəfə ona sui-qəsd təşkil olundu. Təsadüf nəticəsində hər iki hadisədə mən orada olmuşam. Bir dəfə polkovnik Sadir Məmmədov, Əlif Hacıyev və mən Polyaniçkonun yanına getdik. O, bizi Xankəndinə çağırmışdı, Moskvadan və digər yerlərdən bir neçə general da gəlmişdi. Dağlıq Qarabağı və Azərbaycanı təmsiledən hərbi şəxslər də orada idi. Ermənilər “qrantamyot”la Polyaniçkonun kabinetini vurdular. Təsadüf nəticəsində sağ qaldıq.

İkinci sui-qəsd isə gecə saatlarında təşkil edilmişdi. Polyaniçkonun 5 nəfər mühafizəçisi var idi. Yenə Əlif Hacıyevi və məni çağırmışdı. Bu dəfə bizə tapşırıqlar verməli idi. Polyaniçko qorxduğuna görə Xankəndində qalmırdı. Dəmirolu vağzalında xüsusi vaqonu var idi, orada yaşayırdı. Biz onu vaqona apardıq, ötürüb, geri qayıdanda vaqon partladı. Sonra bizə məlum oldu ki, Polyaniçko vaqona girəndə görüb ki, həmişə ona qulluq edən xidmətçi qadın yoxdur, başqa qadın iş görür. Yeni qadın isə tələsirmiş, təşviş içərisində qaçaraq, vaqondan çıxıb. Polyaniçko da elə-belə adam deyildi, general idi. O qadının hərəkətindən şübhələnir, o çıxan kimi özü də arxasınca çıxır və maşını sürüb vaqondan aralanır. Bu anda vaqon göyə sovrulur. Polyaniçko yaşayan yeri bizim yanımızda vurmuşdular.

Əgər Polyaniçko ermənilərə xidmət etsəydi, ona ölüm hökmünü niyə vermişdilər? O, Stavropola işləməyə göndəriləndə ermənilər oradaca öldürdülər.


- Azərbaycanda Polyaniçkoya qarşı birmənalı münasibət yoxdur...

- Təbiidir. Onu düşmən kimi qəbul edənlər də var bizdə. Amma mən bildiyimi, gördüyümü danışıram. Polyaniçko ermənipərəst deyildi.

- Xocalı Əsgəran və Xankəndi arasında xüsusi məntəqə idi. 1988-ci il sentyabrın 18-də olan hücumdan sonra ermənilərin Xocalıda qətliam törədəcəyini düşünürdünüzmü?

- Əlbəttə. Ermənilərin məqsədi Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlıları çıxarmaq idi. Deməli, digər yerlərlə bərabər Xocalı haqqında da bu planları var idi. Bəs biz hansı günün vətən övladıyıq? Təhlükə var deyə, doğma el-obamızı, yurdumuzu qoyub, qaça bilməzdik ki?! Bu namərdlikdir. Müdafiə, vətəni, torpağı qorumaq haqqında düşünürdük. Arxamızda isə Azərbaycan rəhbərliyinin dayandığını sanırdıq.

Xocalı Qarabağda hadisələr başlayandan işğala qədər blokadada idi. 4 il müharibə, vuruşmalar getdi. İndi əsir və girovların dəyişdirilməsindən danışırıq. Bu prosesi həmin vaxt da pozanlar var idi. Biz erməni xislətini bilirdik. Laçının və Şuşanın maşınları Xocalıdan keçirdi. Ərzaq, bir çox vasitələr daşıyırdılar. Hansı azərbaycanlı maşını ermənilər tərəfindən tutulsaydı, vurulsaydı, xocalılar onun əvəzini çıxırdılar. 4 il o yolu xocalılar işlədib. Bunu bacarmaq lazımdır. Xocalıya yüz dəfələrlə ermənilərin hücumu olub. Bütün əhali əsl vətənpərvərliklə vuruşurdu. 1988-ci ildə fevralın 12-də ilk toqquşma Əsgəranda başladı. Biz 6 nəfər idik. Gecə teleqram gəldi və səhər Əsgərana Rayon Partiya Komitəsinə getdik. 500 nəfər erməninin içərisində biz də var idik. Mitinqlər onda başladı. Həmin gündən Xocalıda özünümüdafiə postları yaratdıq. Xocalının bütün perimetri boyu 32 post yaratmışdıq. Camaat özünü qoruyurdu. Ən səhv və nifrət doğuran sual odur ki, təhlükə olduğunu bilə-bilə niyə qaçmırdınız? Əmin-amanlıqda Bakıda yaşayırıqsa, Bakının başının üstünü təhlükə alanda, biz necə qaçıb, canımızı qurtarmağı düşünərik?

- Sualımız Ayaz Mütəllibovla bağlıdır. Sizcə, Ayaz Mütəllibov olanların gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düzgün qiymətləndirə bilmirdi?

- 1991-ci ilin oktyabrın 30-da gecə bizim bir “UAZ” markalı avtomobilimizi vurdular. İçərisində olan bir nəfər öldü, digəri yaralandı. Həmin gündən işğal olunana qədər Xocalı tam mühasirədə qaldı - 4 ay. Bu müddətdə mən müəyyən yollarla, bəzən zorla Ali Sovetə girirdim, çıxış edirdim. Həmin çıxışları əks etdirən steneoqramları özümdə də saxlamışam. Zaldakı mikrofonları güclə, icazəsiz götürürdüm, müraciətlər edirdim. Xocalıda olanda ziyalılar, məktəblilər, sıravi insanlar adından, öz adımdan Bakıya saysız teleqramlar göndərirdik. Fəlakət qarşısında olduğumuzu bildirməyə çalışırdıq. Ancaq ölkədə xaos, hakimiyyət çəkişmələri, başsızlıq hökm sürürdü. Xalqın müdafiəsi üçün addım atılmırdı. Müdafiə Nazirliyi yaradılmışdı - adı var, özü yox. Guya özünümüdafiə batalyonları təşkil edilmişdi, onlar da Bakıda hansı qüvvələrə xidmət edirdi, Allah bilir. Xalqın müdafiəsi üçün vahid komandanlıq yox idi.

Mənim o zaman Ali Sovetdə bir çıxışım var, steneoqramı hələ də saxlanılır. Ali Sovetdə rəhbərliyi ittiham edirdim ki, siz burada hakimiyyət uğrunda mübarizə aparırsınız, orada, Qarabağda bizi qıracaqlar. Ayaz Mütəllibov da iclasda iştirak edirdi. Mən dedim, baxın, prezident burada, müdafiə naziri, millət vəkilləri hamısı burada. Əgər siz doğrudan da millətin, dövlətin, torpağın müdafiəsi ilə məşğulsunuzsa, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan hər hansı məntəqəni seçin, onun müdafiəsinin necə təşkil olunduğu haqqında məlumat verin. Heç kim deyə bilmədi. Birdən zaldan səs gəldi, “bəy, mən bilirəm” deyə bir nəfər qışqırdı. Baxdım ki, Rəhim Qazıyevdir, ayağa qalxıb. Çox əsəbi şəkildə cavab verdim ki, heç sən də bilmirsən, otur aşağı. Bundan ağır ittiham olmazdı. Sübut etdim ki, siz bizim müdafiəmizlə məşğul deyilsiniz. Sadəcə hakimiyyət davası edirsiniz.


- O zaman rayondan gəlib, Ali Sovetdə, rəhbərlik qarşısında hökmlə çıxış etmək çətin deyildi ki?

- Çətin idi. Özü də mən də kənd adamı olmuşam axı... Amma xalq dilində belə bir ifadə var, deyirlər, bu adam artıq qanını ağzına alıb. Bundan başqa yol yox idi. Bilmirdik ki, necə edək, bizim müdafiəmizlə bağlı tədbir görsünlər. 1991-ci ilin payızına qədər proses münaqişə vəziyyətində idi. Amma bundan sonra müharibəyə çevrildi. O zaman da Xocalının özünü müdafiə etməkdən başqa çarəsi yox idi.

- Qarakənd faciəsi haqqında sizdə hansı məlumatlar var?

- Həmin faciə günü - 1991-ci ilin noyabrın 20-də dumanlı, çiskinli gün idi. Gündüz saat 3-4 radələrində mənə Ağdamdan zəng gəldi. O zaman Ağdamın birinci katibi olan Səyyad Verdiyev telefonda soruşdu ki, qonaqlar hələ sizdədirmi? Mən də  “Qonaqlar kimdir? Xocalıya heç kim gəlməyib” dedim. O dedi ki, respublika rəhbərliyi, səlahiyyətli şəxslər Ağdamda idilər. Buradan vertolyotla Xocavəndə, oradan da Xocalıya gəlməlidirlər. Yenə qeyd etdim ki, bizə heç kim gəlməyib. Sən demə, artıq saat 2 radələrində vertolyot vurulub, heç kimin də xəbəri yoxdur. Həmin gün haqqında ancaq bu epizod fikrimdədir.

- Bəzən sizin o zamanlar Heydər Əliyevlə Naxçıvanda təmasa keçməyinizi gündəmə gətirənlər olur...
 

- Bu sualı niyə verdiyinizi başa düşürəm. Dəfələrlə dələduzluq maddəsilə ittiham olunan, vətən xaini, satqın Fəhmin Hacıyev ağlına gələni danışır. Ancaq məsələ başqa cürdür. Mən Naxçıvana 1991-ci il sentyabrın 30-da getmişəm. Tək deyildim, yanımda iki nəfər də var idi. Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası olub həmin vaxt. Mən ora getməzdən əvvəl həmkarlar komitəsində çalışan dostumla əlaqə saxladım ki, biz silah-sursat axtarmağa gəlirik. Əvvəl Gəncəyə gəldik. Gəncənin polis rəisi Eldar Həsənovla görüşdük. O bizə kömək etdi, müavini Ramiz Cahangirova tapşırdı. Çətinliklə gəlib, Naxçıvana çıxa bildik. Həmkarların sədri Heydər Əliyevə həmin vaxt məlumat vermişdi. Heydər Əliyev tapşırıq vermişdi ki, Elman Məmmədovu sessiyaya gətirin. Ulu öndər sessiyanı açıq elan etdikdən sonra mənim Məclisdə olduğumu, Dağlıq Qarabağdakı vəziyyət haqqında məlumat vermək istədiyimi söylədi. Deputatlar hamısı bir səslə mənim çıxış etməyimə razılıq bildirdilər. Onların qarşısında mövcud vəziyyət haqqında ətraflı məlumat verdim. Mənim oradakı danışığım və cavablarım arxivdə də var. O zaman AzTV-nin "Günün ekranı" xəbərlər proqramı yayımlanırdı. Həmin proqramda Naxçıvan Ali Sovetindən 5 dəqiqəlik reportaj hazırlanmışdı. Mənim çıxışım da efirə getdi. Beləliklə, Ayaz Mütəllibov xəbər tutdu və bununla bağlı tapşırıq verdi.



- O dövrdə cəmi bir dəfə Naxçıvana getmisiniz?

- Bəli. Sentyabrın 30-u getmişəm, oktyabrın 2-si qayıtmışam. İkinci dəfə isə 2003-cü ildə Naxçıvanda olmuşam.

- Belə iddialar var ki, Xocalı faicəsi törədilən ərəfədə, fevralın 24-də siz Naxçıvanda olmusunuz. Düzü, Xocalının blokadada olan vaxtında sizin Naxçıvana getməyiniz məntiqlə də düz gəlmir. Bəs bu iddiaları niyə səsləndirirlər?

- Mənimlə bərabər Xocalıda minlərlə insan yaşayırdı. Birlikdə də Xocalıda vuruşub, son anda çıxa biliblər. Mənim faciə zamanı orada olmadığımı iddia edənlərə həmin xocalılar şahidlik edər. Mənimlə bərabər döyüş yolunu keçənlər, meşə döyüşlərində iştirak edənlər yaxşı bilir ki, belə iddialar cəfəngiyatdır.

- Fevralın 25-26-na keçən gecə harada idiniz?

- Xocalıda.

- İş kabinetinizdə, yoxsa evinizdə?

- O zaman mənim kabinetimdə oturmağım qeyri-mümkün idi. Əlimiz hər yerdən üzülmüşdü. Artıq 4 aylıq mühasirədən sonra vəziyyət çox pis idi. Ağdamdakı qərargahla hər gün əlaqə saxlayır, kömək istəyirdim. Yaralılarımızın olduğunu çatdırırdım. Hər gün deyirdilər, möhkəm olun, bu gün, sabah, axşam, səhər gəlirik. Bizə “əlinizi üzün” deyən də yox idi. İstintaq materialları saxlanılır. Mən fevralın 24-ü AzTV-yə zəng etdim. Telefonu diktor Hicran Hüseynov götürdü. Ona özümü təqdim etdikdən sonra dedim ki, istəyirəm telekanalınız vasitəsilə respublika rəhbərliyinə və bütün dünyaya çatdırasınız, biz ölüm, qırğın, fəlakət qarşısındayıq, xocalıları xilas etmək üçün tədbirlər görsünlər. O zaman televiziyanın rəhbəri Elşad Quliyev idi. 1996-cı ildə Xocalı ilə bağlı məhkəmə prosesi keçiriləndə Hicran Hüseynovu məhkəməyə dəvət etdilər. O ifadəsində bildirdi ki, Elman Məmmədov mənimlə danışdı, telefonoqrammanı mənə verdi, mən isə bunu Elşad Quliyevə çatdırdım.
Onun sözlərinə görə, mənim dediklərini yazıb, stolunun üzərinə qoyub, qayıdanda görüb ki, həmin kağız orada yoxdur. Kimin götürdüyünü bilməyib. Ayın 24-də mənim Naxçıvanda olduğumu iddia edənlər bu faktları bilmirlər. Fakt budur, ayın 24-ü mən Xocalıdan AzTVyə zəng etmişəm.


Vəziyyət o zaman elə idi ki, yanımda 4-5 nəfər döyüşçü ilə Xocalının ətrafındakı postları gün ərzində bir neçə dəfə yoxlamasam, döyüşçülər naümid olardılar. Amma onlar bilirdilər ki, Elman Məmmədov gün ərzində mütləq gəlib yoxlayacaq. Üstəlik o ərazilərdə maşınla gəzmək olmazdı, təhlükəli idi və benzinimiz yox idi. Bizimlə ən yaxın erməni postunun arası cəmi 500 metr idi. İris və Qarqar çayları postlarımızı düşmən postları ilə ayırırdı. Çayın o tərəfində ermənilər, bu tərəfində biz idik. İşıq yandırmaq da olmazdı. Qışın o soyuq günündə kürk geyinib postları dolaşırdıq. Postları bir dəfə tam dairədə gəzmək 8-10 kilometr məsafə demək idi. Mən bir sutka ərzində 4-5 dəfə postları dolanırdım. Nə qədər ağır olsa da, bunu etməlisən ki, döyüşçü rəhbərin yanında olduğunu bilsin. Ona görə, komandirlər də çox məsuliyyətli addım atırdılar. Hücum olan gün postları yoxlayıb, axşamtərəfi çayımı içmək üçün evə gəldim.
Yuxarı postdan mənə zəng etdilər ki, bir “BMP” aşağı keçdi - Noragir tərəfdən. 10 dəqiqə keçməmiş Məhsəti türklərinin yaşadığı məhəllədən, Mehdikənd tərəfdən məlumat gəldi ki, ermənilər hərbi avtomobillər və piyada qüvvə ilə bizə tərəf hərəkət edirlər. Artıq o zaman tapşırıq verdim ki, məndən başqa heç kimi telefona qoşmasınlar. Hər tərəfdən məlumatlar gəlirdi ki, ermənilər artıq hücuma keçib. Bütün komandirlərə tapşırdım, ehtiyat qüvvələri, döyüşçüləri, əlimizdə olan bütün vasitələri topladılar. Təxmini axşam 7-8-ə işləmiş hücum başladı. Ermənilər 3 saata yaxın əlləşib mühasirə dairəsi yaratdılar. O zaman biz bilmirdik, sonra istintaq müəyyən etdi ki, Xocalıya hücum planı "meşə tülküsü" ləqəbli general Arkadi Ter-Tadevosyan tərəfindən hazırlanıb. Bu Zaqafqaziya Hərbi Dairəsi ilə razılaşdırılıb, əvvəlcədən bir neçə generala rütbələr verilib. Bakıda və Gəncədə yaşayan rus ailələrini də hərbi hissələrə yığıblar ki, guya, Azərbaycan Xocalıda qırğın olandan sonra həmin ailələrə xəsarət yetirə bilər. Bizdə ağır texnikanı vurmaq üçün silah yox idi. Canlı qüvvə isə öndə ağır texnikanı göndərir, özü sənə yaxın gəlmir. Hərbi texnikalar özünün atəş məsafəsindən mövqeyini tutub dayanmışdı. Hərbin qanununa uyğun eyni saniyədə bütün hərbi texnika atəş açdı. Buna artilleya hazırlığı deyilir. Xocalıdan Ağdama məsafə 16 kilometrdir. Ağdamdan Xocalının qırmızı alovu görünürmüş. Şuşa Xocalıdan yüksəklikdə yerləşir. Oradan baxanda da hər şey olduğu kimi görünüb.


- Xocalının işğalı ilə bağlı indiyə qədər demədikləriniz varmı?

- Əslində yox. Çox danışmışam bu barədə. Xocalının işğalı ilə bağlı 1992-ci ildə həm Ali Sovetdə Deputat İstintaq Komissiyası yaradılmışdı, həm də Respublika Prokurorluğunun Xocalı ilə bağlı istintaq qrupu var idi. Bu iki qurumun ikisində də mənim ən azı 3-4 saatlıq videoyazılarım var. Məni həftələrlə danışdırıb, lentə alıblar. Məndən başqa 2 mindən çox Xocalı sakininin bütün bildikləri haqqında izahatları alınıb. Onların içərisində döyüşçülər, əsirlikdə olanlar, yaralılar və s. var. Məlumatlar kifayət qədər çoxdur. Mən Sarkisyan, Koçaryan kimi cinayətkarlar haqqında bu gün rahatlıqla söz deyə bilərəm. Çünki onlarla üzbəüz 4 il döyüşüb, məğlub olmuşam. Amma bizim əsirlikdən gələnlər təsdiq edirdilər ki, orada həmin şəxslər hərbi geyimdə əsirlərə işgəncələr verilməsini əmr ediblər. Cavan oğlanları öldürəndə onlar təşəbbüs göstərirdi.

- Xocalı faciəsi yaşadığımız ən dəhşətli faciələrdən biri idi. Xocalı işğal tariximizin başlanğıcını qoydu demək mümkündürmü?

- Sizə bir fakt deyim. 1992-ci ildə də, 1996-cı ildə də bunu söyləmişəm. 1992-ci ildə fevralın 9-da vertolyotla Ağdama keçdim. Gecə ilə oradan maşınla Bakıya gəldim. Fevralın 10-da, onda Dadaş Rzayev Müdafiə Nazirliyində qərargah rəisi idi, onun qəbuluna getdim. Biz onunla dost idik, Qarabağa Xalq Yardım Komissiyasından onu tanıyırdım. Getdiyim gün Dadaş Rzayevin yanında Arif Salahov adlı polkovnik də var idi. Onlarla söhbət etdim. Dadaş Rzayevin kabinetində böyük bir əməliyyat xəritəsi var idi, onu açdılar. Mən bir neçə hissədə rəngli karandaşla işarələr qoydum ki, Xocalı ətrafında erməni postları haralarda yerləşir, hansı hissələrdən, necə keçib, Xocalıya gəlmək olar və s. Mən orada dedim ki, Dadaş müəllim, əgər Azərbaycan tərəfi tez tərpənib, Ağdamdakı qüvvələrlə birlikdə Əsgəran zolağını dağıdıb, Xocalıya keçsə, oradan həmin qüvvələr, yuxarı hissədən isə Şuşa bir növ birləşəcək. Xankəndi ortada qaldığına görə, öz-özünə təslim olacaq. Biz ləngisək, başımız Bakıdakı hakimiyyət davasına qarışsa, ermənilər Xankəndidəki qüvvələrlə Xocalını dağıdıb, Əsgərana keçsələr, Qarabağ məsələsi bitəcək. Bu sözləri sonra istintaqa da dedim. 1996-cı ildə Hərbi Tribunalda Xocalının məhkəməsi olanda da səsləndirdim. Yanımdakı hər iki şəxsi və əməliyyat xəritəsini məhkəməyə gətirdilər. Dediklərim təsdiq edildi. Dadaş müəllim də ifadəmi təsdiq etdi. 1996-cı ildə ulu öndər xocalıları qəbul edəndə, onun qarşısında çıxışımda da bu sözləri dedim. Bundan bir həftə sonra məni Prezident Aparatına dəvət etdilər, bir qəzet göstərdilər. Rus dilində idi. Levon Şahnazaryan adlı erməni bütöv bir səhifədə mənim çıxışıma dair məqalə yazmışdı. Xroniki ardıcıllıqla fikirlərimə cavablar verirdi. Yazının başlığı isə belə idi - "Dağlıq Qarabağın xalq azadlıq ordusu Xocalını azad etmək haqqında məsələ qoyub". Guya işğalçı bizik, ermənilər Xocalını bizdən azad edib. Şahnazaryan yazırdı: “Biz vəziyyəti araşdırdıq, məlum oldu ki, Azərbaycan əvvəl tərpənib, Əsgərandan keçib, Xocalıya gəlsə, erməniləri məhv edəcəklər. Ancaq biz arxayın olduq ki, azərbaycanlılar bunu etməyəcəklər. Nə üçün?”. Özü də cavab verir ki,“azərbaycanlıların başı Bakıda hakimiyyət davasına qarışmışdı. “Biz də bu fürsətdən istifadə edərək, Xocalını aldıq”, - deyə qeyd edirdi.
Bu yazıdan görünürdü ki, tək mən deyil, düşmən də düşünürdü ki, kim Xocalıda möhkəmlənə bilsə, qələbə onun tərəfində olacaq. Çünki 4 ay mən yolları bağlamışdım, Xankəndidən Əsgərana qədər olan 15 kilometr yolu ermənilər 40 kilometr dolanaraq gəlirdilər. Həmin müddət ərzində Xocalıya kömək etmək lazım idi. Bunun üçünsə, mütləq birlik olmalı idi, ağıllı, cəsarətli, müdrik rəhbər, vahid komandanlıq lazım idi. Bu isə yox idi.


- Elman müəllim, üç ayrı-ayrı hakimiyyət dövründə icra başçısı olmusunuz. Xocalı işğal olunandan sonra da bu vəzifədə qaldınız. Bu necə olmuşdu?

- Bir epizod deyim. 1991-ci il aprelin 4-də Xocalı Ərazi Partiya Komitəsinə birinci katib seçilməli idi. Xocalı Ərazi İcraiyyə Komitəsinə isə sədr seçiləcəkdi. Polyaniçko bu vəzifələrə məndən xəbərsiz, gizli şəkildə iki nəfər hazırlamışdı. O adamların biri həmin dövrdə Vilayət İcraiyyə Komitəsinin sədr müavini olmuş Fərrux Hüseynov, digəri isə Əsgəran Partiya Komitəsinin ikinci katibi olmuş Ələkbər Mikayılov idi. Fərrux Hüseynov birinci katib, Ələkbər Mikayılov sədr olmalı idi. Təyinat olmadan bir gün əvvəl Polyaniçko məni mühafizə ilə Xankəndinə apartdırdı. Dedi ki, rəhbərlik sənin bu vəzifədə olmağını məsləhət bilmir. Sənə dəyməyəcəyik, şəhər sovetinin sədri kimi qalacaqsan. Mən heç nə demədim.

Səhər keçiriləcək iclasa 50-60 nəfər kommunist, fəallar, vəzifəlilər qatılmalı idi. Amma iclasa 3-4 min nəfər getdi. Uşaqlı, böyüklü bütün xocalılar ora yığışmışdı. Polyaniçkonu ağzını açmağa qoymadılar. Dedilər ki, bizim katibimiz də, sədrimiz də Elmandır, ondan başqasını tanımırıq.
Millətin, xalqın, içərisində yaşadığın insanların sənə etibarı, inamı olmalıdır. Məni vəzifəlilər deyil, xalq saxlayırdı. Təbii ki, mən Naxçıvana gedib-gələndən sonra Ayaz məni vəzifədə saxlamazdı. Amma o, öz başının hayında olduğundan, yadına Elman da düşmürdü. Dediyim kimi, mən xocalıların içərisindən çıxmış adam idim, kəndli ailəsində böyümüşdüm. Xocalılar məni yaxşı tanıyırdı. Belə kritik məqamlarda təyinat boş şeydir. Rəhbərini xalq özü seçir.

- Qarabağ müharibəsi veteranısınız. Bu ad sizə nə zaman verilib, konkret hansı addımınıza görə?

- Bu gün cəmi 1-2 gün komandirovkaya gedənlərin cibində Qarabağ müharibəsi veteranı vəsiqəsi var. Elman Məmmədov erməni ilə 4 il vuruşub. Bu müddət ərzində mübarizəyə, müdafiəyə rəhbərlik etmişəm. Mən ulu öndər tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşam. Bu, elə-belə deyil. Tək mən deyil, iki böyük oğlum da Qarabağ müharibəsi veteranıdır. Xocalı faciəsi baş verəndən sonra 1-2 ay başımız əsirlərə, girovlara, məskunlaşmaya qarışdı. Ondan sonra mən Müdafiə Nazirliyinə getdim, 1992-ci il iyulun 3-də Xocalı batalyonunun yenidən bərpası haqqında nazirliyin əmrini aldım. Həmin gün əmri də götürüb, Azərbaycan televiziyasına yollandım. O zaman Məmməd İsmayıl sədr idi. Ondan efir vaxtı xahiş etdim. Efir vaxtı veriləndən sonra mən televiziyaya çıxıb, bütün Xocalı döyüşçülərinə çağırış etdim, dislokasiya yerimizi dedim, Ağdamda birləşəcəyimizi çatdırdım. Bütün Azərbaycanın vəzifəlilərinə də səsləndim ki, oğlanlarımın ikisini də universitetdən çıxarıb, rəsmi əmrdən keçirərək, batalyona döyüşçü yazdırmışam. Əgər vəzifəlilərin hamısının övladı səngərdə olsa, müharibəni udacağıq. O illərdə məni lağa qoyanlar, istehza edənlər də oldu. Amma həqiqətən də, övladımın birini Texniki Universitetdən, digərini Tibb Universitetindən qaytardım, rəsmi əmrdən keçirərək, cəbhəyə göndərdim. Xocalı batalyonu ulu öndər özünü müdafiə batalyonlarını ləğv edənə qədər döyüşdü. Biz Xocalıdan sonra da vətənin müdafiəsindən qalmadıq. Xocalı polisi də döyüşdü. 18 şəhid verdik. Bununla qürur duyuruq. Bu gün həqiqi hərbi xidmətə çağırılan əsgərlərdən əlavə 300 nəfər Xocalı gənci hərbi hissələrdə ön cəbhədə döyüşdədir.


- Torpaqlarımızın işğaldan azad etməklə bağlı müxtəlif versiyalar var. Torpaqlarımızı işğaldan azad etmək üçün nə etməliyik?

- Tarixin heç bir səhifəsində heç kim rast gəlməyib ki, müharibə yolu ilə alınmış torpaq qərarla, qətnamə ilə, razılıqla geri qaytarılsın. İndidən sonra da bu olmayacaq. Torpaqlar necə işğal edilibsə, eləcə də azad olunacaq. Amma torpağı qoruyub saxlamaq, işğaldan azad etməkdən daha asandır. Çünki bu gün bu problem dünyanı idarə edən böyük güclərin məsələsinə çevrilib. Azərbaycan elə gücə malikdir ki, qısa müddətdə torpaqlarını da azad edə bilər, İrəvanı da geri qaytarar. Daxili sabitlik tam təmin olunub.

Güclü iqtisadiyyat və ordu var. Orduda ruh yüksəkliyi, mübarizlik yüksək səviyyədədir. Amma böyük güclərlə hesablaşmamaq olmur. Bu zaman əzilirsən. Mən demirəm ki, biz oturub gözləməliyik, nə zaman icazə versələr addım atmalıyıq. Belə deyil. İşimizi elə qurmalıyıq ki, böyük güclər işimizə qarışmağı artıq hesab etsinlər. Hər müstəvidə bizimlə razılaşsınlar. Müdafiə etdikləri işğalçıya isə yerini göstərməlidirlər. Bu istiqamətdə iş gedir.

Bu konflikti yaradan da, davam etdirən də Rusiyadır. Münaqişənin həllinin açarı da Rusiyadadır. Rusiya münasibətləri elə qurmalısan ki, məqsədinə nail olasan. Başqa yolu yoxdur. Mən keçən il bir çağırış etmişdim. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bunun 200-300 mini uşaqlı-böyüklü, əliyalın, dinc Qarabağa getsə, nə edəcəklər, hamımızı öldürəcəklər? Xeyr. Mən elə şeylər etmişəm ki, heç kimin ağlına gəlməzdi. Xocalıda oturub, 3 nəfəri çay yuxarı göndərmişəm, gedib Xankəndinin suyunu partladıblar. Biz çox şey etmişdik, arxamızda durmadılar. Xocalıda 50 nəfər milis, 25 nəfər Əlif Hacıyevin aeroportdakı milisi, 21 nəfər Aqilgil, 200 nəfərə qədər də özünmüdafiə batalyonumuz var idi. Onların da silahı yox idi. Amma müharibəni udan əsgərdir.

- Hər bir rayonun mühiti olur. Qarabağ mühiti ilə indi də rastlaşırsınızmı?

- Bu mühit itməyib. Mən tez-tez bölgələrdə oluram. Kimliyini itirənlər də var, amma camaat milli kimliyini qoruyur. Bir qədər təhlükəli olan odur ki, yeni nəsil, uşaqlarda, gənclərdə yadlaşma gedir. Mən sağ olanda Xocalıya qayıda bilsək, məni orada dəfn etsələr, övladlarım ən azından qəbrimin üstünə gələcəklər. Amma burada dəfn etsələr, Xocalı alınandan sonra da uşaqlar tez-tez getməyəcək. Düşmən də status-kvonun qorunmasını buna hesablayıb.

Mən internetdə yerləşdirilmiş xəritə proqramı ilə Xocalını məhlə-məhlə nəvələrimə göstərirəm. Küçələri, vacib obyektləri, evimiz yerləşən ərazini göstərirəm. Uşaqları, gəncləri hansısa qüvvə çəkib ora aparmalıdır.

- Kiminlə görüşəndə ondan Xocalının ətrini alırsınız?

- O vaxtkı döyüş yoldaşlarımdan. Onlar da az qalıb. Şəhid olanlar, bura gələndən sonra rəhmətə gedənlər o qədər oldu ki. Biz bir yerə yığışanda bir-birimizə xatirələr danışırıq.

Axırıncı dəfə bir yerə yığışanda bir hadisəni danışıb, xeyli güldük. Xocalıda Nazilə adında bir xanım var idi. Tut bağları olan Allahverdi bəyin nəvəsi idi. Nazilə hündürboy, cüssəli, pəhləvan kimi qadın idi. 1990 ya da 1991-ci il olardı. Ermənilərlə bizim aramızda atışma olmuşdu, yaralılarımız da var idi. Gərgin vəziyyət idi.

Həmin ərəfədə Xocalıya bir vertolyot endi. O zamanın vəzifəlilərindən biri 10-12 nəfər ziyalını da götürüb ekskursiyaya gəlmişdi. Vertolyotdan düşən kimi, Nazilə  onun qabağına yeriyib, hirslə həmin vəzifəliyə güclü bir sillə vurub. Ona qədər mən maşınla çatdım, Naziləni sakitləşdirib, araladıq. Çox əsəbləşmişdi, deyir, biz burda teatr göstəririkmi ki, bunla ekskursiyaya gəlisinlər. 

Sonra həmin vəzifəli adam mənə dedi ki, sillə dəyəndə gözləri qaralıb.

Bir şeyə təəssüf edirəm ki, o qədər əziyyətlər çəkdik, torpağımızı müdafiə etmək üçün hər şeyi etdik. Axırı da belə oldu... O zamanlar bizə başçılıq edəcək, ağıllı, cəsarətli bir sərkərdə lazım idi... 



Aqşin Kərimov
Aysel Aslan


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Sehran Əliyev
26.02.2019, 12:34

buna sual verin ki ermeni ne kare idi ki onun elinde bele esirdiniz. emeni mehz sizlere istinad ederek deyir ki azeriler qorxaqdir

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

ARXİV