Modern.az

Doktor Cavad Heyət: “İrandan Azərbaycana keçəndə dedilər ki, İran casusluğunu siz edə bilərsiniz”

Doktor Cavad Heyət: “İrandan Azərbaycana keçəndə dedilər ki, İran casusluğunu siz edə bilərsiniz”

Müsahibə

16 Noyabr 2011, 15:02


"Əbülfəz Elçibəy zamanında mənə göndərilən yardımı qəbul etmədim"

"Heydər Əliyevi hərdən müayinə edirdim"


Azərbaycan Jurnalist Qadınlar  Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər Klubu”nun suallarını bu dəfə cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru Cavad Heyət  cavablandırıb. Modern.az Cavad Heyətlə müsahibəni təqdim edir.

- Cavad bəy, xoş gəlmisiniz. Jurnalist qadınların qonağı olmağa və suallarımızı cavablandıracağınıza görə sizə öncədən dərin  təşəkkür edirik. Bu yaxınlarda bizim və bir neçə qurumun təşkilatçılığı ilə “Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası  və ortaq türk ədəbi dili” mövzusunda konfrans keçirildi. Çox maraqlı təkliflər səsləndi. Bir dilçi kimi sizin də ortaq türk dili əlifbasının yaradılmasına münasibətinizi bilmək istərdik? Sizcə, bu hansı formada təzahür etməlidir?

- Məncə də bu çox vacib məsələdir. Ona doğru getmək lazımdır. Bunun  üçün isə iki yol var. Ya bütün dünya türkləri bir türkcəni qəbul etməlidir ,  məsələn Türkiyə türkcəsini,  ya da dillərini yavaş- yavaş elə şəklə salmalıdırlar ki,  anlaşıqlı olsun. Mən osmanlı türkcəsini öz türkcəmizdən daha yaxşı bilirəm. Bu bir az Türkiyədə təhsil almağımla, bir az da  xanımımın türk olması ilə  bağlıdır.  Evdə həmişə Türkiyə türkcəsində danışmışıq. Məncə, bütün türklər kommunikasiya dili kimi Türkiyə türkcəsini qəbul etsə, yaxşı olar. Amma bir həqiqət də var ki, Türkiyə özü -öz dilindən uzaqlaşır. Fikir verin, türklərin 70 il əvvəlki dilləri daha çox anlaşılırdı. İndi yeni uydurma sözlər əlavə ediblər ki, heç  türklər özləri də  başa düşmürlər .  “Varlıq” dərgisini oxusanız açıq –aydın  görəcəksiniz ki, orda ortaq türkcəyə meyl var. Sizin türkcəyə rus sözləri, bizdəkinə isə fars sözləri qarışmış , amma mənim dərgidə  işlətdiyim türkcə nisbətən təmiz türkcədi. Sizin yazı dilinizdən yazıram amma rus sözlərini ordan çıxardıram.

- “Varlıq” dərgisinin hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz?

- “Varlıq” dərgisi 33 ildir müntəzəm şəkildə çap olunur. Bu dərgi İranda İslam inqilabı ilə yaşıddır. Çünki ondan əvvəl şah zamanında bizim ana dilimizdə Azərbaycan türkcəsində jurnal çıxartmağa icazə verilmirdi. İslam inqilabından sonra bizə nisbi dil azadlığı verildi ki,  biz ondan faydalandıq və mən bir neçə azərbaycanlı dostumla bərabər jurnal çıxarmağa qərar verdik. Amma bu jurnalın siyasi tərəfi olmayacaqdı çünki siyasi tərəfi olsa ya hökumətin sözçüsü kimi nəşr olunmalıdır,  ya da bağlanmalıdır. Halbuki, bizim məqsədimiz xalqımıza dilini, ədəbiyyatını, tarixini öyrətməkdən ibarətdir. Xüsusilə İranda ana dilində məktəb olmadığı üçün “Varlıq” o vəzifəni də öhdəsinə götürür. Biz ilk başda iş bölümü yaptıq, mən ədəbiyyat tariximizi , dilimizin tarixini silsilə məqalələrlə yazmağa başladım. Bu minvalla biz hər ayda bir, sonra iki sonra isə  üç ayda bir dərgini çıxartdıq. Amma dərginin nəşr olunma araları artdıqca həcmləri da artdı. Daha sonra mənim müəllifi olduğum silsilə məqalələri bir yerə toplayıb  kitab şəklində çap elədik. Eyni zamanda dərgidə Türk dünyasına , Şimalı Azərbaycan, Türkiyə, Türkistan haqqında da məqalələr də  yazılır.  Bu yazılar bir növ müdafiə vəzifəsini yerinə yetirir. Çünki İranda şovinist zümrə buranın Azərbaycan olduğunu qəbul etmirlər və deyirlər Azərbaycan Ələtə qədərmiş. Biz bunlarla mücadilə aparırıq və yazdığımız məqalələrlə onlara cavab veririk. Azərbaycan Dərbəndə qədərdir. Hətta mən bir məqaləmdə qeyd etmişəm ki, Şimalı Azərbaycanda yaşayan azərbaycanlılar bizdən daha çox azərbaycanlıdırlar,  çünki bizim üç hüüviyyətimiz var;(yəni,mənsubiyyətimiz) biri iranlı, ikincisi türk, üçünçüsü isə azərbaycanlı olmağımızdır.  Şimali azərbaycanlıların isə bir hüviyyəti var , o da azərbaycanlı olmalarıdır. Ona görə də kimsənin haqqı yoxdur, bu hüviyyəti  onlardan almağa. Hər millət özü- öz adını təyin edər, başqası ona ad qoya bilməz. İranda belə polemik məqalələri şovinistlərin oxuya bilməsi üçün farsca yazırdım. Hətta sonra “Varlıq”da çıxan məqalələrdən 60 –ını  seçib kitab şəklində nəşr etdik.Bir hissəsi  farsca idişonu da çevirdik. Oxumağınızı tövsiyyə edirəm. 60 məqalə mənim 33 il də yazdığım məqalələrin bir hissəsidir. Beləcə də  “Varlıq” indi də davam edir, dilimizi, ədəbiyyatımızı, kimliyimizi  tanıtdırır, müdafiə edir.

- “Varlıq” da hazırda redaktor kimdir?

- Özüm.

- Yalnız Tehrandamı çap olunur?

- Bəli, Tehranda nəşr olunur.

- İranda başqa bu cür dərgilər varmı?

- Yox, ana dilində bir çox dərgilər çıxdı , amma qapandı. Ya siyasətə girdilər,  ya da maddi baxımdan çətinliklərə tuş gəldilər. “Varlıq” dərgisini çətinliklə çıxardıram. Fədakarlıq şəklində. Bir gün Əbülfəz Elçibəy zamanında Dilbər xanım (Tehranda Azərbaycan Səfirliyində çalışırdı) mənə üç yüz tümən pul gətirdi. Dedi ki, bunu Azərbaycan səfiri  (Nəsib Nəsibzadə) “Varlıq”a yardım üçün verdi, amma mən qəbul etmədim. Sonra burda Yazıçılar İttifaqında yığıncaq keçiriləndə  Əbülfəz Elçibəy də orda imiş,  Səbri  Təbrizi çıxışında deyib ki, siz sözdə yardım edirsiniz . Bu vaxt Əbülfəz bəy yardım etmək istədiklərini amma mənim onu qəbul etmədiyini anladıb. Biz heç bir yerdən kömək almamışıq və almayacağıq da. Pulumuz çatmazsa dərgini  bağlayacayıq. Məncə, “Varlıq” indiyə kimi öz işini görüb.

- “Varlıq”a görə təqiblərə məruz qalmısınızmı?

- Xeyir. Dərgi  hökumətin sözçüsü deyil. Hökumət İslami hökümətdir. Amma bizdə şah zamanından qalma çox paniranistrlər, panşovinistlər, panfarsistlər var. Onlar bizi türk qəbul etmir, Bu cəfəngiyyatdır,  biz xalis türkük, yalnız oğuz türkləri deyilik, uyğur da, qıpçaq da bizə qarışıb. Oğuzlar Xəzərin cənubundan, qıpçaqlar isə şimalından gəliblər.

- Bəs yerli türklər hansılardır?

- Yerli türklər də bunlarla qarışıb . Bizim Azərbaycanda çox əskidən türklər vardı, amma əksəriyyət şimaldan , Orta asiyadan gəlib. Onların bir hissəsi ruslarla, macarlarla birləşib xiristian olub, bir hissəsi Gürcüstana gedib, bir hissəsi isə Azərbaycana gəlib. Ona görə nə qədər şimala gedirsən qıpçaq faizi çoxalır, nə qədər cənuba gedirsən qıpçaq faizi azalır.

- Cərrah kimi çox böyük işlər görmüsünüz. Amma sonra türkçülüyə meyllənmisiniz ki, dərgi də bu işlərimizdən biridir. Azərbaycanda daha çox da bu işlərinizə görə tanındınız. Bu nədən irəli gəlirdi?

- Mən liseyi  bitirdikdən sonra tibb fakültəsinə qəbul oldum. Və üçüncü sinifə qədər orda oxudum. Sonra mən İrandan Türkiyəyə oxumağa gedən 100 nəfərin içərisində İstanbula getdim. O zaman Fransaya getmək şansım da  var idi. Bu fikrimi atama deyəndə mənə bu sözləri dedi “Oğlum, mən səni Bakıya göndərmək istəyirdim, amma aramızda dəmir pərdə var. Mən səni İstanbula göndərirəm ki, tibb elmiylə yanaşı, dilimizi, ədəbiyyatımızı, tariximizi də öyrənəsən”. Yanılmadı, mən bütün bunları Türkiyədə öyrəndim. İrana gələndən sonra türk dilini, tarixini oxumağa davam etdim. Mənim həm həkimliyə,  həm də dilimizə eşqim vardı. Dilimizə sarıldıqca eşqim daha da artdı. Gördüm ki, biz nə qədər də alim olsaq da Türk dünyasına qarşı cahilik. Çünki bizim tarixdə xüsusilə pəhləvilərin  zamanındakı tarixdə türklər yarıvəhşi xalq kimi qələmə verilirdi.

- Azərbaycana ilk gəlişinizi necə xatırlayırsınız?

- 1971 –ci il idi. Moskvada  Beynəlmilər Cərrah  Qurultayı keçirilirdi, məni də İran nümayəndəsi kimi dəvət etmişdilər. Sovetlər Birliyinin İrandakı  səfirliyinə getdim və onlara bildirdim ki, mən Bakı yolu gedirəm, amma onlar icazə vermədilər. Mən də Əmniyyat Müdirliyinin baş cərrahı idim, onlara söylədim, onlar dərhal mənə viza aldılar. Qorxumdan anestizimi də yanıma aldım.

- Bəs niyə qorxdunuz?

- Çünki bizim üçün Sovet dünyası qorxulu idi. Bu təhlükəni göz önünə alaraq bura gəldik. Sizləri bizə elə tanıtmışdılar ki, guya siz ruslaşmışsınız. Fikir verin, şahla Stalin türk düşmənliyində bərabər idi. Təbrizdən Culfaya qatarla gəldim. İki Culfa vardı biri çayın o tayında biri bu tayında. Dünyada belə şey yoxdur. Culfada körpüyü keçdik və bizi beş saat saxladılar. Amma yanımızdakı farsları rahatlıqla buraxdılar. Yaxınlaşıb bunun səbəbini soruşanda, dedilər ki, “bizə belə tapşırıblar, çünki İran casusluğunu siz edə bilərsiniz. Çünki onlar dili bilmirlər”. Bakıya gəldim, burda elə mehribanlıq gördüm ki, gözlərim doldu. Elə nisgilli sözlər eşitdim ki...Bakıda üç gün qaldım. Burda tibb elmləri doktoru Nurəddin Rzayevlə tanış oldum.

- İkinci dəvətdə də o sizi çağırdı?

- Bəli, amma deyim ki, ikinci dəvətdə artıq Nəbi Xəzri də var idi. Mənə göndərdiyi məktubuna cavab olaraq yazmışdım ki, mən cərraham və yalnız cərrahın dəvəti ilə Bakıya gələ bilərəm. Ondan sonra ayağımız açıldı və müstəqillikdən sonra isə daha tez- tez gəldik. Prezident mənə ev verdi və məni bakılı elədi.

- Sizin Heydər Əliyevlə tanışlığınız 1971 - ci ildə başladı?

- Onu partiya zamanından tanıyırdım. Çıxışlarını çox bəyənirdim, mən belə anlamışdım ki, kommunist olsa da, ürəyi azərbaycanlıdır. Sonra 20 yanvar qırğını oldu və o öz etirazını bildirdi. O zaman mənim ona sevgim çox artdı. Anladım ki, bu adam Azərbaycanın həqiqi lideri ola bilər. O Naxçıvana getdi , Əbülfəz Elçibəy onu bura – Bakıya dəvət etdi. O sırada Qarabağ məsələsi ortaya çıxdı, ermənilər rusların yardımı ilə torpaqları işğal etdilər. Mən burdan gedəndə Kəlbəcər da işğal olundu. Mən bunu Tehranda eşitdim və çox narahat oldum, Türkiyə səfirliyinə zəng elədim. Səfirlə görüşdüm, ağladım, sonra da küfr etdim. Dedim ki, ruslar ermənilərə yardım edir, bəs bizimkilərə kim  yardım etsin? Yadımdadır, çox acı sözlər dedim. Mənə təklif etdi, Süleyman Dəmirələ məktub yazım. Gecə evə getdim, xanımım yatandan sonra ağlaya- ağlaya o məktubu yazdım. O, məktub çox tarixi məktub idi. Mətni təxmini belə idi : “Acaba, Nuri paşa , Əli İhsan paşa, Ənvər paşaların nəsli kurumuşmu? Sizin politik əlaqələriniz var, ordakı millətçilər neynir, ölmüşmü onlar? Mən bu anda Allahdan onlara qurtuluş və ya özümə ölüm istəyirəm”. Ertəsi gün məktubu səfirə göstərdim, o da Ankaraya Süleyman Dəmirələ göndərdi. Məktubu oxuyub Süleyman bəy demişdi ki, doktor bəyə söyləyin ki,  biz əlimizindən gələni elədik, yenə də edəcəyik, amma dünya bizim qarşımızdadır. Bu məktubu Heydər Əliyev Bakıdan Nyu -Yorka gedərkən Bəxtiyar Vahabzadə təyyaradə ona oxumuşdu. Heydər Əliyev çox təsirlənmişdi. Mən Bakıya gələndə məni görüşə dəvət etdi. O vaxtdan dostlaşdıq, bura gələndə mütləq görüşərdik, məni dostu kimi təqdim edərdi. Çox müstəsna, dahi bir şəxsiyyət idi. Türk dünyasının son yetirməsi idi. Prezident İlham Əliyevlə də çox yaxşı münasibətlərimiz var.

- O vaxt deyirdilər ki, şəxsi həkimi kimi Heydər Əliyevi tez -tez müayinə edirsiniz?

- Tez -tez yox,  amma arada müayinə edirdim.

- Cavad bəy, İranın ermənipərəst mövqeyinin olması artıq heç kimə sirr deyil. Bu mövqeyə iran xalqının münasibəti necədir?

- İran xalqı elə sizlər kimi düşünür. Onlar ermənipərəst deyillər. Bizim Təbrizdə Ermənistan adlı ermənilərin yaşadığı məhəllə var. Yağış yağanda onlar eşiyə çıxmazdılar, çünki xalq onları murdar bilərdilər. Hökumətin siyasəti başqa, xalqın hissləri başqadır. Siyasət anasız - babasız bir şeydir.

- Bəs Urmuya gölünün qurudulması məsələsini necə qarşıladınız?

- Əlbəttə, mən də bir azərbaycanlı kimi çox narahatam və bundan  əzab duyuram. Amma eşitdim ki, hökumət gölü köhnə halına qaytarmaq üçün büdcə ayırıb, amma bilmirəm bu büdcə bəs edəcəkmi?

- Sizcə, Dünya Azərbaycanlıları Konqresində mövcud olan qarşıdurma hara aparacaq? Siz hansı tərəfi haqlı hesab edirsiniz?

- Mən siyasətə qarışmadığım üçün bunlardan xəbərim yoxdur. Bilirəm ki, siyasətə girişsəm, gərək “Varlıq”ı bağlayım və İrana getməyim.

- Çıxışlarınızdan birində söyləmisiniz ki, “Dünya Azərbaycanlıları Konqresini milli birliyə dəvət edirəm”.

- Mən belə söz deməmişəm. Mənim atam İranda siyasətin öndə olan adamlarından olub. Ona görə də mən uşaqlıqdan siyasətin içində olmuşam. Şərqdə siyasətə girmək üçün ya siyasətin orqanı olasan, ya da həbsə, edama, sürgünə hazır olasan. Bu vaxta qədər siyasətə girməmişəm, girmərəm də, çünki bizim camaat küfə xalqına bənzər-  adamla gələrlər, tam həssas yerdə adamı buraxıb, qaçarlar.

- Bayaq dediniz ki, Türk dilini yaxşı öyrənmisiniz . Uşaqların məlumatlanması üçün sizcə, Türk dünyasının hansı şəxsiyyəti  haqqında hekayə, nağıl yazılması məqsədəuyğun olar?

- Türkiyədə türk ocaqlarının başqanı olan Abdullah Sübhi Ömər.... onunla dost idim və sizə deyim ki, ondan daha ağıllı şəxsiyyət görməmişəm. Atatürk kimi adam belə ona dözə bilmədi, türk ocaqlarını bağla dedi, özünü də Rumıniyada səfir göndərdi. Çünki Atatürk özündən başqa rəhbər görmək istəmirdi.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər