22 mart 2019, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Dil xalqı birləşdirən dəyər, dövlətin isə atributudur  
Dil xalqı birləşdirən dəyər, dövlətin isə atributudur  
18.12.2018, 12:11

Xeybər Göyallı


Dil hər bir xalqı  birləşdirən  əvəzsiz  mənəvi  sərvət və  xalqın  qurduğu  dövlətin  ən mühüm atributlarından  biri yox, bəlkə də, ən birincisidir. Ona görə  birincisi deyirik ki, dövlətin digər atributları  bu və ya digər formada dilin  köməyi ilə gerçəkləşir. Dil   bütün sivilizasiyalarda dəyişilməz və əvəzolunmaz  nadir bir atribut kimi özünü qoruyub saxlamışdır. Özü də  əzəli və əbədi olmaqla bərabər,  daim inkişaf edən  dinamik bir atributdur. Dil qədim olduğu qədər  də yeni, köhnə olduğu qədər  də təzədir.

Hər bir dil  xalqın  yaratdığı  dövlətin rəsmi dövlət dili statusunu qazandıqdan sonra  onun atributuna çevrilir.  Azərbaycan  ikinci dəfə müstəqillik əldə etdikdən sonra   azad və suveren  dövlətimiz  dilimizə daim xüsusi diqqət  və  qayğı ilə  yanaşmışdır.Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan  dilinin  təmizliyi və  şəffaflığının qorunması  dövlətimizin  siyasətinin prioritet istiqamətlərindən  birinə  çevrilmişdir.

Bu gün  ölkəmizdə mətbuatın son dərəcə geniş bir şəbəkəsi formalaşmış, qəzet-jurnalların  boy sırası  artmış, radio və televiziyaların sayı  xeyli  çoxalmış, kitab nəşri genişlənmişdir. Zaman –zaman müxtəlif səbəblərdən  rəsmi dövlət statusundan məhrum edilmiş Azərbaycan dilini xalq öz mənəvi-mədəni gücü ilə qoruyub saxlamışdır. Bu gün isə vəziyyət tamam fərqlidir. Ədalət naminə hamımız səmimi etiraf edərik ki,  yaşadığımız  günlərdə toplumdan daha çox,  dövlət  ali  bir qurum kimi dilimizin təəssübünü   çəkir,  onun təmizliyi və şəffaflığının qorunması üçün  cidd – cəhdlə çalışır. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan  ədəbi dili  normalarına  doğru, dürüst əməl edilməsi,   təmizliyi və saflığının qorunması haqqında ardıcıl olaraq  sərəncamlar imzalamışdır. Onu da vurğulayaq ki, bu gün Azərbaycan  Respublikasının xüsusi bir dil siyasəti mövcuddur və bu siyasət fasiləsiz olaraq aparılır. Bu  məqamda onu da diqqətə çatdıraq ki, müstəqillik dönəmində Azərbaycan  Respublikasının dil siyasəti ilə  bağlı qəbul etdiyi qanun və sərəncamların adlarını  yazılı mənbəyə istinad etmədən  birnəfəsə  sadalamaq  mümkün deyil, çünki həmin qanun və sərəncamlar nominal baxımdan  kifayət qədər çoxdur. Ancaq onu da səmimi etiraf edək ki, dildən  bir xammal kimi  istifadə edənlər bu və ya digər səbəblərdən (daha çox subyektiv səbəblərdən) kütləvi informasiya vasitələrində  hər gün səhvlərə yol verirlər.  Gündəlik  ünsiyyət qurduğumuz qəzet-jurnal və  internet portalları  məntiq  və üslub səhvləri ,  orfoqrafik və durğu işarələri ilə bağlı olan nöqsanlarla doludur.

Məntiq və  üslub səhvləri

Üslub ümumi olduğu qədər də fərdidir.Hər bir şəxsin fərdi  üslubu olduğu kimi, hər bir mətbu orqanın da özünəməxsus üslubu  vardır. Bununla yanaşı,  hər  bir mətn üçün  dil materialının istifadəsi də eyni deyildir.Belə ki, bədii üslubla elmi üslub eyni olmadığı kimi,  kütləvi informasiya vasitələrinin aparıcı üslubu sayılan publisistik üslub və onun tərkib hissəsi olan xəbər janrı -üslubu  da bir-birindən tamamilə fərqlənir. Təəssüflər olsun ki, bu  gün mətbuatda  rəsmi-işgüzar üslub  (  kargüzarlıq  üslubunu da daxil edə bilərik ) daha geniş yayılıb. İdarə və müəssisə əməkdaşının  kargüzarlıq üslubunda hazırladığı  xəbər və məqalələr  redaktə olunmamış  mətbuat səhifələrində dərc olunur.   İnternet portallarından gətirəcəyimiz nümunələrlə fikrimizi əsaslandıracağıq.Onu da  xüsusi olaraq diqqətə çatdırırıq ki, məqalədə istifadə  edilmiş nümunələr nisbətən geniş oxucu auditoriyası olan internet mətbuatından götürülmüşdür.Konkret faktlara müraciət edək.


“Azərbaycan Mərkəzi Bankı banklara kredit verilməsi qaydalarını dəyişib

 “Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.

“Report”  xəbər verir ki, dəyişikliyə əsasən  360 günə qədər verilən yenidənmaliyyələşdirmə kreditlərinin təmin olunmalı olduğu aktivlər siyahısına  rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmı. daşınar əmlak da əlavə edilib. 

Həmçinin bundan sonra 20 mln. manatdan çox olan, 360 günə qədər yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərarı AMB-nin İdarə Heyəti qəbul edəcək. Xatırladaq ki, indiyə qədər yalnız  360 gündən çox müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri barədə qərarı qurumun rəhbərliyi qəbul edirdi”. 

Sərlövhəsi ilə birlikdə  cəmi beş cümlədən ibarət olan  bu xəbər səhvlərlə doludur. Birincisi, mətnin ilk  cümləsi cüzi dəyişikliklə sərlövhənin təkrarıdır. İkincisi,  mətndəki dörd cümlənin dördü də eyni sözlə- edib (etmək feili ilə) xəbəri ilə bitib. İkinci cümlədə  daha bir üslub səhvinə (olunmalı olduğu) və bir orfoqrafik səhvə ( alınmış  sözündə “ ş” hərfi yazılmayıb) yol verilib.  Üslubundan  açıq şəkildə görünür ki,  mətn   adıçəkilən  idarədə  hazırlanıb, redaksiyada  isə  onun üzərində  heç bir redaktə işi aparılmayıb.

Yeri gəlmişkən,  mətbuat  səhifələrində kütləvi şəkildə  yol  verilən  bir orfoqrafik səhvlə də bağlı   fikrimizi  bildirmək istəyirəm. Heç bir orfoqrafiya  normasına istinad olunmadan   qayda, qərar, qanun, fərman və sərəncam sözləri böyük hərflə yazılır.Necə ki, yuxarıdakı cümlədə qayda sözü  heç bir orfoqrafik  normativə  əsaslanılmadan  böyük  hərflə  yazılıb. (“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib).

Bu günlərdə  rayonlarımızın birində baş vermiş qandonduran kriminal olayla  bağlı xəbəri kütləvi informasiya vasitələri  cüzi dəyişikliklə  tirajladılar. Həmin hadisənin  dil materialları ilə ifadəsinə nəzər salaq:“ Bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar çubuqları ilə vuraraq, ona ağır bədən xəsarətləri yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə yaşadığı mənzildə dünyasını dəyişdiyi məlum olub”. İlk baxışda  bu cümlə çoxlarına , bəlkə də, qüsursuz görünür, çünki oxucu öz    düşüncə  və təcrübəsi  ilə  məzmunu dərk edir. Əslində  isə nümunə gətirdiyimiz  bu cümlə struktur və üslub baxımından qüsurludur . Cümlənin strukturu  dolaşıqdır. Cümlədə ilə qoşmasının iki dəfə işlədilməsi də ağırlıq yaradır. Hər hansı cümlədə eyni sözün, o cümlədən eyni  qoşmanın işlənilməsi yolverilməzdir.

 Bu  informasiyanın  da kargüzarlıq üslubunda yazıldığı əyani şəkildə görünür. Xəbəri ictimaiyyətə  təqdim edən  internet portalları , bəlkə də, heç yazının nöqtə-vergülünə toxunmadan belə  onu dərc etmişlər.

 

Kütləvi informasiya vasitələrində  dərc olunan  yazılarda  eyni söz  və ifadənin təkrar işlənilməsi hallarına daha çox rast gəlinir:” E.Makronun sözlərinə görə, Avropa  böyük dövlətlərin  əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz  rolunu  oynaya bilməz”. (“Report.az” , 19.11.2028) Bu cümlədə rol və  oyna ( maq) sözləri təkrar  edilir, əslində,  təkrara  yol  verməmək üçün  onlardan birini başqa söz və ifadə ilə əvəz etmək  mümkündür.

  Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdik. Bir çox internet portalları  vacib bildikləri informasiyaları, operativliyi ilə seçilən”Report.az” saytına istinadən verirlər.“ Report.az” internet qəzetinə  istinad olunaraq digər saytlarda işıq üzü görən  informasiyalar, bəlkə də, həmin portalların  əməkdaşları tərəfindən heç  adi qaydada belə oxunmur,  yalnız  surəti çıxarılaraq  dərc edilir. Belə olan təqdirdə  səhvlər  də  təkrarlanır. “Donald Tramp tutduğu vəzifədə öz işini  5+ kimi qiymətləndirib”- bu cümlə bir çox internet portallarında  iri hərflərlə sərlövhəyə çıxarılmışdır. Bu cümlədə kimi qoşması artıq olduğundan məzmuna ciddi xələl gətirir.Həmin fikri belə ifadə etmək olardı: “Donald Tramp tutduğu vəzifədə  öz işini  5+ (müsbət) qiymətləndirib və  yaxud  Donald Tramp tutduğu vəzifədə öz işini  əla qiymətləndirib “. Tərcümə materiallarında  sözün    əsl (həqiqi) qarşılığını  tapmaq  çətin olduqda  uyarlı  bir  sinonimi  ilə onu  əvəz etmək daha yaxşı olar.

 Kütləvi informasiya vasitələrində, demək olar ki, hər gün avtomobil qəzaları haqqında məlumat verilir.  Avtomobil qəzaları ilə əlaqədar olan xəbərlərdə adətən belə  yazılır:” Gürcüstanda nazir müavini qəzaya düşərək yaralanıb”.(Nümunəni mənbədə olduğu kimi verdim). Bu cümləni belə yazmaq  daha doğru olar:  “Gürcüstanda nazir müavini  avtomobil qəzasında  yaralanıb”

Daha bir nümunəyə diqqət yetirək:“Qeyd  olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib”. (“Moderator.az)  Məntiq baxımından  şəxslər (insan) qeyd  oluna  bilməz, şəxslərin adları qeyd  oluna  bilər.  Bu cümləni ən pis halda belə yazmaq olardı:” Yuxarıda adları qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib”. Bu cümlədə daha bir  səhvə yol verilmişdir. Cümlədəki   cəlb edilərək söz  birləşməsi  feili bağlama tərkibi kimi həmcins üzv  yaratdığından özündən sonra vergül qoyulmalıdır.

Nümunə gətirdiyimiz bu  informasiyanın  da kargüzarlıq üslubunda  yazıldığı  uzaqdan görünür. Əminliklə  deyə  bilərik  ki, hüquq- mühafizə orqanlarının  əməkdaşları tərəfindən hazırlanan  bu səpkili  xəbərlər  redaktə olunmadan   saytlarda  dərc  edilir.

 

”Bu duyğunu həyatımda çox az dəfə duymuşam“. Bəlli mənbədən götürülmüş bu cümlədəki səhvi  bəziləri ilk baxışda  texniki  qüsur kimi  qəbul edə bilər, ancaq belə deyildir.

Əslində  isə bu cümlədə dəfə sözünə heç bir  ehtiyac yoxdur

 

Sözün yeri səhv düşəndə...

 
Azərbaycan  dilində   sözsırası ( əslində, inversiya  bütün dillərə məxsus bir dil hadisəsidir)  dəyişilməz  bir  qanun kimi özünü həmişə qorumuşdur. Cümlə üzvlərinin hər birinin  konkret işlənilmə yeri mövcuddur. Bu dil qanunu – cümlədə  sözlərin öz  yerində  dəqiq, dürüst işlənilməsi birbaşa cümlədə fikrin aydınlığına, məzmunun mükəmməlliyinə xidmət edir. Bu dil hadisəsinin mahiyyətini  bilməyənlər  unudurlar ki, təyin təyin olunandan  , zərflik xəbərdən əvvəl  yazılmadıqda cümlədə xaotik  bir vəziyyət  yaranır. Nümunəyə baxaq: “Ankara  illik 400 yük maşınına Trabzon limanından yük  daşımasına icazə verib”. (“Virtualaz.org” 19.11.2018)) Bu cümlədə illik sözü  öz  yerində düzgün  işlədilməyib.İllik  sözü  burada  təyinedici  bir funksiya daşıdığı üçün  bu cümləni  belə yazmaq olardı:“Ankara  400 yük  maşınına Trabzon limanından  yük  daşımasına  illik icazə verib”. Əslində, bu cümlədə illik  yox, birillik sözünün yazılması daha doğru olardı: ” Ankara  400  yük  maşınına Trabzon limanından  yük  daşımasına  birillik icazə verib”. Burada  söhbət,  yəqin ki, 400  yük  maşınına  icazə ( lisenziya) verilməsindən gedir.

Mətbuat səhifələrində bu  cür səhvlərə  addımbaşı rast gəlmək mümkündür.Başqa bir nümunəyə baxaq :“San Juan” sualtı qayığı “Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib”.  Nümunə gətirdiyimiz bu cümlədə  də söz sırası pozulmuşdur.İlk baxışdan belə anlaşılır ki, “San Juan” sualtı qayığı “Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxmışdır. Burada ifadələrin yerini dəyişməklə fikri daha aydın şəkildə oxucuya çatdırmaq olardı:” Ocean Infinity” kompaniyası tərəfindən “San Juan” sualtı qayığı yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib”. Qeyd edək ki, bu nümunə “Moderator.az”  onlayn qəzetinin “AzərTAc”-a istinadən  19 noyabr 2018-ci il tarixində dərc olunan“Argentinada matem elan edildi”(sərlövhədə səhvən matem yazılıb) sərlövhəli xəbərdən götürülmüşdür.

 Kütləvi informasiya vasitələrində dərc olunan tərcümə materiallarında  daha çox dolaşıq  cümlələrə  rast gəlinir.Belə qənaətə gəlmək olar ki, bu qüsurlar bilavasitə materialın  tərcümə variantı ilə bağlıdır. Virtualaz.org”  saytında  26.11.2018-ci tarixində dərc edilmiş “Müllerin hesabatı Tramp  üçün  “məhvedici” olacaq” sərlövhəli məqalədə iki cümlə fikrimizə  bir daha əyani sübutdur:”1.Vaytakerin daha öncə Müllerin istintaqını tənqid  etməsi onun bu vəzifəyə təyinatı narazılıq yaradıb. 2.Trampın vaxtilə özünü Rusiya istintaqından kənarlaşdırmış  Ceff Seşnsi  vəzifədən kənarlaşdıraraq onun yerinə təyin edib”. Nə başa düşülür? Məncə, şərhə ehtiyac yoxdur.

Çox təəssüflər olsun ki, söz  sırası idarə, müəssisə və təşkilat  adlarında  da   pozulur. Aşağıdakı      nümunələr  bu fikrimi təsdiqləyir. Məs.  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı,Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi,Baş İctimai Təhlükəsizlik İdarəsi və s.Birinci mürəkkəb ada diqqət edək. Belə  anlaşılır ki, iki Moskva var, bu institut isə birinci  Moskvaya  məxsusdur. Çox güman ki, buradakı nöqsan da tərcümədən irəli gəlir. Fikrimizcə, burada  qeyd olunan  birinci sözü Moskvaya yox, universitetə aiddir. Yəqin ki, belə doğru olar:  İ.M.Seçenov adına  Moskva  Birinci  Dövlət Tibb Universitetinin Bakı filialı.

Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin tabeçiliyindəki    idarələrin adlarını bildirən mürəkkəb adlarda təyinedici söz (baş ) idarə sözünə  aid olduğundan ondan əvvəl gəlməlidir. Məs. Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə  Baş  İdarəsi,  İctimai Təhlükəsizlik Baş idarəsi.

Bəzi idarə və müəssisə  adlarında     heç bir ehtiyac olmadığı  halda  baş  sözü yazılır.   Məs.Bakı Şəhər Mədəniyyət  Baş  İdarəsi. Burada  baş sözünün yazılmasına  ehtiyac  varmı?

Azərbaycan Respublikasının  Səhiyyə Nazirliyinin tabeçiliyində  olan  rayon   mərkəzi xəstəxanalarının  adlarının yazılışında  isə  iki varianta  rast gəlirik. Məs. Abşeron  Rayon  Mərkəzi Xəstəxanası ,  Bərdə  Mərkəzi  Rayon  Xəstəxanası. Bu  variantların hər ikisi  işlənir. Məntiqi  və qrammatik  cəhətdən  isə  birinci  variant  daha  düzgündür.

 
Söz  səhv yazılanda....

    
Bir çox sözlərin bitişik, yoxsa ayrı yazılması mübahisə doğursa da, elə sözlər var ki, onlar birmənalı olaraq bitişik yazılır.Məsələn, birinci tərəfində  astro sözü olan sözlər həmişə bitişik yazılır:astrodinamika, astrobiologiya.  “Aznews.az” portalında dərc edilmiş  “Qalaktikanın mərkəzində fəvvarə kəşf edildi” məqaləsində  astrofizika sözü ayrı yazılmışdır. Onu da qeyd edək  ki, Aznews.az” portalı bu məqaləni  “Ölkə.az” saytına istinadən vermişdir.

Mətbuat orqanlarında meyil sözü adətən bir saitlə yazılır, “i” saiti yazılmır.Məlumat üçün bildiririk ki, bir çox ikihecalı sözlər kimi  meyil sözü də yalnız saitlə başlanan şəkilçi qəbul etdikdə  “i” saiti düşür: meyil-meylin, meylə.

Töhfə sözü yanlış olaraq  çox vaxt  “v” ilə (töhvə) yazılır.

Qəzet və internet portallarında başverən ( hadisə)  sözü ,nədənsə, ayrı yazılır.“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə , çox doğru olaraq, başvermə, başvurma  sözləri  bitişik yazılıb.İstinad mənbəyi kimi bu nümunələr  kifayətdir ki, bir vurğu ilə deyilən bu tipli sözləri bitişik  yazaq. Bir daha təkrar ( bu barədə əvvəlki yazılarımızda  danışmışıq) edirik ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin   yeni  nəşrində   bu tipli sözlərin hamısını  bu və ya digər səbəbdən  əhatə etmək mümkün deyildir.

Təəccübdolu ( baxışlar) sözü  də  bir  vurğu ilə deyilib,  bir məfhumu ifadə etdiyinə görə  bitişik yazılmalıdır.


Hər yerdə vergül  qoyulmaz


Mətbuat səhifələrində  ən çox rast gəlinən  səhvlərdən  biri də  heç bir qaydaya  istinad  olunmadan  vergülün qoyulmasıdır.Çox təəssüf ki, vergülə  “əşhədü” ehtiyac duyulduğu məqamlarda vergül qoyulmur,  ancaq heç bir zərurət olmayan  hallarda  isə  əsassız yerə vergül qoyulur. Heç bir zərurət olmadığı halda görə qoşmasından sonra  kütləvi şəkildə vergül qoyulur.  Nümunə üçün  aşağıdakı cümlələrə  diqqət edək: “Aznews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, 77 yaşında dünyasını dəyişib”. (“Aznews.az”, 26.11 2018)  

 ” Audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük  məbləğdə vergi ödənilməsindən yayınıb”. Hər iki cümlədə   görə sözü qoşma olduğundan ondan sonra vergül qoyulmalı deyildir. Məlumat üçün bildiririk ki, görə qoşması yönlük halda olan sözlərə qoşulub səbəb, məqsəd və bəzən də isnad bildirdiyindən ondan sonra vergül qoyulmur. Görə  sözü fikrin mənbəyini bildirən modal söz olduqda ondan sonra vergül qoyulması vacibdir.Məsələn, Deyilənə görə,  yer altından  çaylar axır.

Eyni hal əsasən sözündə də müşahidə olunur. Əsasən sözü qoşma kimi işlənildikdə səbəb, əsas və isnad  mənasını ifadə edir.Belə olanda əsasən sözündən sonra vergül qoyulmur.Mətbuatda isə tamam əksinədir, əsasən sözündən sonra  adətən vergül qoyurlar. “Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan .......... öz  xahişi ilə tutduğu vəzifədən azad edilib”. (“Aznews.az”)

Qeyd etdiyimiz kimi, əsasən sözü modal söz  olanda işlənilmə yerindən asılı olaraq ( cümlənin əvvəlində gəldikdə özündən sonra , ortasında gəldikdə hər iki tərəfində vergül qoyulur) vergüllə ayrılır.Məsələn, Professor, əsasən, problemin mahiyyətindən danışdı.

Sözün  yazılışından (orfoqrafiyadan) söz düşmüşkən , mətbuatda yol verilən bir səhv barəsində də  bu məqamda münasibət bildirməyimiz vacibdir.” Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə   hansı mürəkkəb adların və  sözlərin birinci hərfinin  böyük  yazılması, hüquq termini ilə desək,  öz təsbitini tapmışdır. Adını çəkdiyimiz qaydada göstərilir ki, nazirlik və komitə adlarının birinci hərfi böyük yazılır. Həmin qaydalarda  o da  göstərilib ki,  Azərbaycan Respublikasının  Təhsil naziri və s. bu tipli  mürəkkəb adlarda sahə bildirən sözlər böyük , nazir  sözü kiçik yazılır.Mətbuatımızda  buna birtərəfli qaydada əməl olunur. Belə ki, bu kimi mürəkkəb adlar Azərbaycana  aid  olduqda  bu qaydaya az-çox əməl olunur, ancaq xarici dövlətlərin analoji qurumlarına gəldikdə buna əməl olunmur.Məs.Britaniyanın xarici işlər naziri  bu gün İrana  səfər edəcəkdir.(Nümunə konkret mənbədən götürülüb) Bu cümlədə həmin qayda gözlənilməmişdir. Dil  qaydaları “doğmalıq  –ögeylik“ tanımır.Dil  normativləri bütün sözlərə şamil olunur.

 

Son  olaraq...

  
Müşahidə və təhlillərimiz göstərir ki,  mətbuat səhifələrində  hər gün rastlaşdığımız  kobud səhvlər  birbaşa  redaktə və korrektə  institutunun olmaması ilə  bağlıdır. Çox təəssüflər olsun ki, əksər müstəqil mətbuat orqanlarında redaktə və korrektə sənətinin nə olduğu haqqında adi təsəvvür belə yoxdur.Bir çoxları özlərini öz  qəzetlərinin baş redaktoru elan etsələr də, bu istilahın (redaktor) lüğəvi mənasını bilmədikləri kimi, redaktorun hansı missiya  daşıdığından da xəbərsizdirlər. Bu məqamda bir məsələni vurğulamaq  çox ədalətli olardı. Etiraf edək ki, ənənəsi olan, artıq  öz məktəbini yaratmış   mətbuat orqanlarının səhifələrində  bu cür   ciddi  səhvlərə  rast gəlinmir.

Son  olaraq  təklif  edirik ki,  kütləvi informasiya vasitələrində  redaktə və korrektə  institutu  yaradılmalıdır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

ARXİV