Modern.az

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Aktual

18 Dekabr 2018, 21:04

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

  

Məgər belə olan halda onlardan Laçını, Kəlbəcəri və ən başlıcası Dağlıq Qarabağı geri almaq olarmı?

 

Alıb-aldatma dünyasında yaşamağımız hər kəsə məlum olsa da, amma nədənsə çoxları sadəlövhlük edərək bunun fərqinə bir o qədərdə varmır.

 

Belarus prezidenti Aleksandr Qriqoriyeviç Lukoşenkonun gündəmi zəbt edən Dağlıq Qarabağətrafı 5 rayonla bağlı "ağartdığı" söhbət ilk baxışda hər bir azərbaycanlıda ona qarşı böyük rəğbət yaratsa da, amma bu "sevdalaşma" baş tutmuş olsaydı Lukoşenkoya olan rəğbətin qısa müddətdə nifrətə çevriləcəyini anlamaq heç də çətin olmaz.

 

Baxın, Lukoşenko İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində Sarkisyana 5 rayonun qaytarılmasını təklif edərkən deyir: "Ona dedim ki, Serj, 5 rayonu Azərbaycana geri qaytar. Onlar boşdurlar, qaytarmamaq üçün bir səbəb yoxdur. Sarkisyansa dedi ki, qaytarsam, onlar yolu kəsəcək və Qarabağı işğal edəcəklər. Rusiya prezidenti Vladimir Putinlə mən ona belə hal baş verərsə, qoşunlarımızı yeridəcəyimizi bildirdik. O isə yox biz buna getmirik, biz bunu istəmirik deyərək, qəti şəkildə etiraz etdi".

 

Maraqlıdır, Lukoşenkonun - "Rusiya prezidenti Vladimir Putinlə mən ona belə hal baş verərsə, qoşunlarımızı yeridəcəyimizi bildirdik" deməsi hansı beynəlxalq hüquqa söykənir? Burada artıq konkret sual yaranır: cənablar, siz hansı əsasla qoşunlarınızı Azərbaycan ərazisinə yeridəcəksiniz? Rusiyanın açıq dəstəyi ilə Ermənistan tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon məgər Ermənistan ərazisidirmi ki, siz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüququndan istifadə edəsiniz?

Əlbəttə, əsasən Rusiyanın istəyi və ya qara niyyəti ilə 5 rayon boşaldıqdan sonra Dağlıq Qarabağa məramı öz xeyirlərinə olan "sülhsevərlərin" yerləşdirilməsi sözsüz ki, rəsmi Bakının bu məsələdə əl-qolunu birdəfəlik qarabağla bağlanmasına hesablanmış addım olardı. Çünki bu "alicənabların" niyyəti gün kimi aydındır. Yəni burada əvvəlcə 5 rayonu Azərbaycana qaytarmaq, öz sülhməramlı adlandırdıqları cəlladları Azərbaycan ərazisinə yerləşdirmək və sonra haçansa Azərbaycan güc yolu ilə öz ərazisini tamamilə bərpa etmək istəyəndə bunu sülhməramlılara hücum kimi dəyərləndirərək Azərbaycanı Gürcüstana, Dağlıq Qarabağı isə Abxaziya və ya Cənubi Ostiyaya çevirmək niyyəti dayanır.

 

Bu baxımdan bütün dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü nəyə görə Putin və Lukoşenkonun birmənalı olmayan təkliflərinin qurbanı olmalıdır?

 

Bundan əlavə, məsələnin Azərbaycan üçün digər bir xoşagəlməz tərəfidə ondan ibarətdir ki, əgər təklif olunan plan həyata keçsəydi, Lukoşenkonun qeyd etdiyinə görə həm Azərbaycan, həm də Ermənistan KTMT və Avrasiya İttifaqında bir yerdə olardılar. 

 

İndi gəlin baxaq, təsəvvür edin ki, təklif olunan plan üzrə 5 rayon Azərbaycana geri qaytarılır, bunun əvəzində Azərbaycan "Putin natosuna" və Avrasiya İttifaqına üzv olur, Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir, Ermənistanla bir sıra kommunikasiya xətləri bərpa olunur, Ermənistanla Türkiyə arasında sərhəd açılır, ermənilər Dağlıq Qarabağda saldıqları ərik, xurma, nar bağlarını arxayınlıqla birə-beş artırır, ermənilərin Bakıya axışı ərəbləri kölgədə qoyur, "bordağa" bağlanmış erməni əsirləri geri qaytarılır, ermənilər və azərbaycanlılar Rusiyanın SSRİ dövründəki siyasəti üzrə "qaynadılıb qarışdırılır", bir sözlə ümumilikdə yaranmış vəziyyətdən Qarabağ erməniləri, həmçinin bütün Ermənistan "ciyərdolusu nəfəs" alır. Məgər belə olan halda onlardan Laçını, Kəlbəcəri və ən başlıcası Dağlıq Qarabağı geri almaq olarmı?

 

Burada bir məqamıda nəzərə almaq lazımdır ki, Azərbaycan KTMT və Avrasiya İttifaqına qəbul olduqdan sonra onun Ermənistana istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan təsiretmə imkanı sıfıra bərabər olacaq. Digər tərəfdən baxanda isə ümumiyyətlə Azərbaycanın Avrasiya İttifaqına daxil olmaqla qaz və neftini daxili qiymətə satması onun iqtisadi maraqlarına heç də uyğun gəlmir.

 

Bu arada 2016-cı ildə aprel döyüşləri zamanı Rusiyanın baş naziri Dmitri Medvedyevin dediklərini də unutmaq lazım deyil. Rəsmi Moskvanın dili ilə o, Rusiyanın  mövqeyini ortaya qoyaraq - "Bölgədə heç nəyi dəyişmək lazım deyil. Qoy iki, üç, daha yaxşı olar ki, dörd nəsil dəyişsin sonra baxarıq" deməklə, Rusiyanın Qarabağla bağlı hansı fikirdə olduğunu açıq şəkildə bəyan etmiş oldu. Yəni 1 saylı rus nazir qoy vaxt keçsin, 3-4 nəsildən sonra azərbaycanlılar necə ki İrəvanı, Zəngəzuru, Borçalını unutduqları kimi Qarabağı da unudacaqlar və bununla da hər şey bitəcək demiş olur.

 

Bu üzdən də Belarus prezidenti Lukoşenkonun söylədiyi sözlər ilk baxışda Azərbaycan üçün nə qədər xoş səslənsə də, amma əslində yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib. Əks təqdirdə Azərbaycan Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaqlarını güc yolu ilə azad etmək imkanını əldən vermiş olacaqdı.

 

Sözsüz ki, güc yolu bu, müharibədir, müharibə isə qandır, unutmaq olmaz ki, qan yuxuyozmalarda həm də qovuşmaq mənasını verir. Amma aşkarda itirilmişlərə qovuşmaq üçün 30 ilə yaxın bir vaxtda yataraq yuxuda qan görmək kifayət etmədiyindən, zərurətdir ki, gərək yuxudan oyanıb ayıq başla da qan görməyi qəbul edəsən və ondan qorxmayasan.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi