Modern.az

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

18 Dekabr 2018, 21:29
Bakıda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (ŞAMA) Vərəm proqramı (TB REP) çərçivəsində Azərbaycanda həyata keçirilən Vərəmlə Mübarizə layihəsinin nəticələrinə həsr olunmuş yekun konfrans keçirilib. 
 
“Sağlamlığa Xidmət” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səhiyyə və ədliyyə nazirliklərinin, vərəmin profilaktikası və müalicəsi üzrə Azərbaycan QHT-lər Koalisiyasının nümayəndələri, vərəmlə mübarizə milli proqramının idarə heyətinin üzvləri, vərəm dispanserlərinin baş həkimləri, xarici ölkələrdən dəvət olunmuş ekspertlər, QHT-lərin təmsilçiləri iştirak ediblər.
 
Koalisiya üzvü, “Həyat” Humanitar Dəstək İB-nin proqram koordinatoru Zəminə Səfərova qonaqları salamlayaraq vərəmlə mübarizədə son illər görülən işlərdən danışıb.
 
“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirdə çıxış edərək “TB REP” proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən vərəmlə mübarizə layihələri barədə məlumat verib. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, vərəmin səmərəli profilaktikası və müalicəsi məqsədilə səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəlmiş “TB REP” regional layihəsi 2016-cı ildə başlayaraq üç il müddətinə nəzərdə tutulub. Bildirilib ki, ötən dövr ərzində Azərbaycanın Şəmkir, Masallı, Xaçmaz, Tovuz rayonlarında, eləcə də Sumqayıtda, Bakıda  vərəm haqqında biliklərin səviyyəsini artırmaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib. Bundan əlavə, vərəmin əlamətləri, ona yoluxma yolları barədə məlumat, habelə tibbi məsləhətlər və müvafiq müalicə alınmasına dair tövsiyələr toplanmış kitabçalar paylanıb.
Elçin Muxtarlı həmçinin rəhbərlik etdiyi təşkilatın Ədliyyə Nazirliyi ilə birgə icra etdiyi azadlığa buraxılmış məhkumların mülki sektorda izlənilməsi proqramının uğurlarından da bəhs edib. Məlumat verilib ki, bu günə qədər bu proqramdan 737 nəfər bəhrələnib, həmin insanların bir hisəsisi tam sağalaraq həyatlarına davam ediblər. Proqram respublikanın bölgələrini əhatə edir, tibb işçilərinin səyi və birgə əməyi sayəsində vərəmlə mübarizə işi bu gün də davam etdirilir. 
 
Daha sonra təşkilatın və QHT koalisiyasnın  vərəmlə mübarizə üzrə həyata keçirdiyi maarifləndirmə kampaniyalarını əks etdirən video-çarx nümayiş etdirilib. 
 
Çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə işi şöbəsinin müdiri Füzuli Hüseynov “Sağlamlığa Xidmət” İB ilə əməkdaşlığın nəticələrindən, əldə olunan uğurlardan danışıb.
 
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnsitutunun direktor müavini  İradə Axundova  son illər aparılan müayinə və müalicə üsulları barədə qonaqlara məlumat verib, vərəmlə mübarizə Koalisiyasının vətəndaş cəmiyyəti olaraq nəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Konfrasda iştirak edən və Türkiyədən dəvət olunmuş İstanbul tibb fakültəsi Ağciyər Xəstəlikləri və Tüberkulyoz üzrə kafedra müdiri, uzman həkim, professor, Türkiye Ulusal Verem Savaş Dernekleri Federasyonu Genel Başkanı Zəki Kılıcaslan Türkiyədə vərəmlə mübarizə təcrübəsindən danışıb. Maraqlı təqdimatla çıxış edən mütəxəsis məlumat verib ki, ötən əsrin əllinci illərinə qədər Türkiyədə də vərəmlə bağlı böyük problem olub. Amma 50-ci illərdən sonra ölkədə vərəmlə mübarizə yönündə ciddi təşkilatlanma yaranıb. Həm dövlət, həm də vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə kampaniyalarını genişləndirib. Professorun sözlərinə görə, vərəmin yayılması bütün dünyada eyni səbəbdən baş verir:xəstəliyə gec müdaxilə və yarımçıq müalicə. Hazırda Türkiyənin vərəmlə mübarizə ilə bağlı ciddi və sistemli səhiyyə proqramları var ki, bu da xəstəliyin profilaktikasını üstün tutur. Natiq həm də rəhbəri olduğu Türkiyə Ulusal Vərəm Savaşı Dərnəkləri Federasiyasının işi barədə qonaqlara məlumat verib. Türkiyədə hazırda xəstəliyin daha çox qaçqınlar arasında hökm sürdüyünü vurğulayan Zəki Kılıcaslan vərəmlə mübarizədə Azərbaycana da dəstək verəcəklərini, təcrübə mübadiləsi üçün imkan yaradılacağını deyib.
 
Daha sonra çıxış edən QHT koalisiyası, səhiyyə işçiləri vərəmlə mübarizədə birgə işin vacibliyini qeyd ediblər.
Konfransın yekununda türkiyəli professora QHT Koalisiyası adından milli geyim dəstimiz və diplom təqdim olunub.
Tədbir vərəm stiqmasının aradan qaldırılmasına həsr olumuş “Qışın isti nəfəsi” adlı qısa bədii filmin nümayişi ilə sona çatıb.  
Məlumat üçün qeyd edək ki, TB REP layihəsi  İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi və vərəm əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə həyata keçirilir. Regional layihənin məqsədi Şərqi Avropa və Mərkəzi Asiyada yerləşən 13 ölkədə həyata keçirilən tədbirləri dəstəkləməklə səhiyyə sistemində islahatların genişləndirilməsi və mövcud maneələrin aradan qaldırılması yolu ilə vərəmin profilaktikası və müalicəsi prosesini sürətləndirməkdir.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır